Xalq rəssamının yubiley hesabatı
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Fərhad Xəlilov – 80
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunan “Mənim Abşeronum. Üstə gəl” adlı sərgi sənətkarın çoxşaxəli yaradıcılıq irsinin, milli mədəniyyətimizin inkişafına verdiyi töhfələrin və sənət yolunun mühüm mərhələlərinin təqdimatı baxımından əlamətdar mədəni hadisədir.
Fərhad Xəlilovun yaradıcılığı Azərbaycan təsviri sənətinin inkişaf tarixində özünəməxsus yer tutur. Fərdi bədii təfəkkürü, kompozisiya həlləri və rəng duyumu ilə seçilən rəssam uzun illər ərzində zəngin yaradıcılıq yolu keçərək özünəməxsus sənət dili formalaşdırıb. Sənətkarın yaradıcılığı ölkə hüdudlarından kənarda da geniş tanınıb. Əsərləri ABŞ, Fransa, Rusiya, İtaliya, Almaniya, Polşa, Yaponiya və digər ölkələrdə nümayiş etdirilib, nüfuzlu muzeylərin və şəxsi kolleksiyaların fondlarına daxil edilib.
Sənətkarın yaradıcılığında Vətənə bağlılıq və milli kimlik mühüm yer tutduğu kimi, yubiley sərgisində səsləndirdiyi fikirlər də onun Azərbaycan sevgisini və bu torpağa bağlılığını əks etdirdi.
– İlk sərgini mənə Abşeron torpağını sevdirən həyat yoldaşıma, digər sərgini isə mənə Azərbaycanın bütün bölgələrini tanıdan atama həsr etmişəm. Məndən haralı olduğumu soruşanda fəxrlə "mən azərbaycanlıyam",– deyirəm.
Sənətkarın öz daxili aləminə çəkildiyi, yaradıcılıq aləminə bütün varlığı ilə qapıldığı anları anlamaq hər kəsə nəsib olan səadət deyil. Buna görə, həyat yoldaşıma sonsuz təşəkkürüm var. Eyni zamanda, sevinci mənimlə bölüşən, sərgimizin qonağı olan hər bir kəsə ürəkdən minnətdaram.
Bu yaxınlarda dövlət başçısı ilə görüşümüz oldu. Həqiqətən də, həmin an özümü daxilən yenidən doğulmuş kimi hiss etdim. Birinci-vitse prezident Mehriban xanımın xeyirxahlığı, xoş münasibəti və göstərdiyi diqqət də qəlbimdə dərin izlər buraxdı.
Etiraf etməliyəm ki, mən Xalq rəssamı adını heç vaxt özüm üçün xüsusi olaraq tələb etməmişdim. İllər öncə Roma Papasının Bakıya səfəri zamanı ulu öndər Heydər Əliyev məni bir neçə ziyalının sırasında səhnədə Roma Papasına təqdim edəcəkdi. Heydər Əliyev siyahıda mənim adımı görəndə soruşub ki, Fərhadın fəxri adı yoxdur?
Bir müddət sonra mənə zəng edib dedilər ki, təcili sənədlərimi hazırlayım. Mən bu adın məhz Ümummilli liderin birbaşa təşəbbüsü ilə verilməsi ilə qürur duyuram. Həmin vaxt Rəssamlar İttifaqının Rəyasət Heyətində artıq təsdiqlənmiş rəssamların siyahısı məndə idi. Mən bir an belə düşünmədən bildirdim: "Əvvəlcə həmin rəssamların sənədlərini təqdim edin, mənimki sonra da olar".
Mən bu adı məhz belə, vicdanla aldım. İnsan fəxri adları yalnız sənətə qoyduğu ömürlə, qələminə sadiqliyi ilə qazanmalıdır. Bu mərtəbə hər şeydən əvvəl sənətə verilən ədalətli qiymətin, çəkilən ağır zəhmətin və yaradıcılığın təntənəsi olmalıdır.
Cənab Prezident İlham Əliyevə möhkəm cansağlığı, yorulmaz fəaliyyət arzulayıram. Bir daha dərin ehtiramımı bildirirəm.
Mədəniyyət naziri Adil Kərimli Fərhad Xəlilovun Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərindən, uzunillik yaradıcılıq fəaliyyətindən və sənət mühitindəki mövqeyindən danışdı. Nazir bildirdi ki, Fərhad Xəlilovun sənət yolu və Azərbaycan Rəssamlar İttifaqına rəhbərlik etdiyi dövrdəki fəaliyyəti onun milli təsviri sənətin inkişafına verdiyi töhfələrin mühüm göstəricisidir.
Adil Kərimli qeyd etdi ki, ölkədə incəsənətə və incəsənət xadimlərinə göstərilən diqqət və qayğı Fərhad Xəlilovun yaradıcılığının tanıdılmasında da mühüm rol oynayıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sənətkarın yaradıcılığına, şəxsiyyətinə və fəaliyyətinə daim diqqətlə yanaşdığını bildirən nazir onun sərgilərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində göstərilən dəstəyin əhəmiyyətini vurğuladı.
Çıxışında sənətkara ictimai rəğbətin miqyasına da toxunan Adil Kərimli söylədi ki, sərgidə iştirak edənlərin sayı Fərhad Xəlilova bəslənən böyük hörmət və məhəbbətin yalnız bir hissəsini əks etdirir.
Gürcüstanın görkəmli teatr rejissoru Robert Sturua Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunan sərgini səbirsizliklə gözlədiyini, köhnə dostunun tədbir haqqında ona əvvəlcədən çox gözəl təəssüratlar yaratdığını diqqətə çatdırdı.
Robert Sturuanın Fərhad Xəlilova hədiyyə etdiyi kitabın ön səhifəsində yazdığı sözlər isə iki sənət adamı arasındakı dostluğun və mənəvi yaxınlığın ifadəsi kimi xüsusi məna daşıyırdı. Rejissor qeyddə Fərhad Xəlilovun özünəməxsus yaradıcılıq aləminə ehtiramını bu sözlərlə ifadə etdi: “Hər bir rəssamın öz dünyası var. Sənin də öz dünyan var. Mənim ən çox xoşuma gələn də məhz sənin dünyandır”.
Məşhur rejissor söylədi ki, bu sətirlərdə dostluq münasibətindən daha artıq məna var. Çünki bir sənət adamının digər sənətkarın fərdi dünyasına, yaradıcılıq üslubuna və bədii təfəkkürünə verdiyi dəyər ifadəsini tapır. Robert Sturua üçün Fərhad Xəlilovun sənəti yalnız rəng və obrazların vəhdəti deyil, özünəməxsus düşüncə tərzi, dünyaya fərdi baxışı və heç kimə bənzəməyən yaradıcılıq aləmidir.
Qeyd edək ki, Fərhad Xəlilovun sənət və mədəniyyət sahəsindəki xidmətləri müxtəlif illərdə dövlət təltifləri və beynəlxalq mükafatlarla qiymətləndirilib. O, 2006-cı ildə “Şöhrət”, 2016-cı ildə “Şərəf”, 2021-ci ildə isə birinci dərəcəli “Əmək” ordenləri ilə təltif olunub. 2012-ci ildə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına, 2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin “Birliyin ulduzu” mükafatına layiq görülüb. 2024-cü ildə isə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 23-də Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Fərhad Xəlilovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Fidan ƏLİYEVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 27 Oktyabr 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















