Xanımı Şirməmməd Hüseynovun köhnə məktubunu TAPIB
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Bu gün Azərbaycan elmi və ictimai fikir tarixində xüsusi yeri olan, ömrünü milli yaddaşın qorunmasına həsr etmiş görkəmli alim, publisist və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun doğum günüdür. Şirməmməd Ağaməmməd oğlu Hüseynov 1924-cü ildə Şəkidə dünyaya göz açıb. Onun adı uzun illərdir ki, Azərbaycan mətbuatının, siyasi düşüncəsinin, eləcə də milli özünüdərkinin formalaşmasında prinsipial mövqeyi ilə xatırlanır.
Şirməmməd Hüseynov elmi fəaliyyəti ilə yanaşı, cəmiyyət üçün məsuliyyət daşıyan ziyalı nümunəsi idi. O, unudulmuş, təhrif olunmuş və kölgədə saxlanılmış tarixi faktların üzə çıxarılmasını özünə borc bilirdi. XX əsrin əvvəllərində Azərbaycan milli azadlıq hərəkatının və Xalq Cümhuriyyəti dövrünün ideoloji irsinin yenidən cəmiyyətə qaytarılmasında da onun xidmətləri danılmazdır.
Modern.az saytı görkəmli alimin doğum günündə ömür-gün yoldaşı Ülkər Hüseynova ilə həmsöhbət olub.
Ülkər xanım bildirib ki, Şirməmməd müəllim ailədə çox təmkinli, ciddi və tələbkar insan olub:
“Xüsusilə uşaqların tərbiyəsi məsələsində heç vaxt güzəştə getməzdi. Biz övladlarımızı zəhmətkeş ruhda böyütmüşük. İki qızımız var və hər ikisi də Azərbaycana lazım olan ziyalı, savadlı insanlar kimi yetişib. Onların alim, ziyalı kimi formalaşmasında əsas zəhmət demək olar ki, həyat yoldaşım Şirməmməd Hüseynovun üzərinə düşüb. Məhz onun təmkini və tələbkarlığı nəticəsində belə övladlar böyüdə bilmişik. Mən isə bir ana, bir qadın olaraq ailədə üzərimə düşən vəzifələri yerinə yetirmişəm. Çalışmışam ki, evdə hər şey qaydasında, öz yerində və vaxtında olsun. Həm həyat yoldaşım, həm də mən ailəmiz üçün birgə zəhmət çəkmişik”.
Ülkər Hüseynova övladlarının dünyaya gəlməsi ərəfəsində həyat yoldaşı ilə bağlı maraqlı bir təəssüratını da bölüşüb:
“Birinci qızımız dünyaya gələndə Şirməmməd müəllim mənə doğum evində balaca bir məktub yazmışdı. Məktubda belə deyirdi: “Ülkər, bu uşağın bütün əziyyətini sən çəkmisən, onu dünyaya sən gətirmisən. İstəsən, adını da sən seç”. O məktubu mən bu yaxınlarda köhnə yazıları oxuyarkən tapdım. Tamamilə yadımdan çıxmışdı. Sonradan qərara gəldik ki, qızımızın adını Fərəh qoyaq.
İkinci qızımız olanda isə Şirməmməd müəllim yenə maraqlı bir ad təklif etdi. Dedi ki, qızımızın adını İstək qoyaq. O vaxtlar biz rusdilli mühitdə yaşayırdıq və mən dedim ki, bu ad rus dilində çətin səslənəcək. Sonra isə qərara gəldik ki, qızımızın adını Lalə qoyaq”.
Müsahibimiz mərhum həyat yoldaşının övladlarına qarşı son dərəcə məhəbbətli və qayğıkeş bir ata olduğunu da dilə gətirib:
“Qızlarımıza çox yaxşı təhsil verdik, musiqi təhsili almalarına xüsusi önəm göstərdik. Mən bir ana kimi istəyirdim ki, uşaqlardan biri həkim, digəri isə hüquqşünas olsun. Amma həyat yoldaşım buna etiraz etdi. Dedi ki, hüquqşünaslıq mənfi işlərlə doludur, həkim isə ömrü boyu xəstəxana və xəstələrin dərdi ilə yaşayır. O fikirləşirdi ki, musiqi sahəsi daha sakit və rahat bir yoldur. Mən də düşündüm ki, haqlıdır. Musiqi ilə məşğul olan insanlar daha rahat həyat sürürlər. Şükürlər olsun ki, qızlarımız bizim bu arzumuzu gerçəkləşdirdilər”.
Həmsöhbətimiz söyləyib ki, sonradan qızlarının hər ikisi ailə qurub, hazırda da yaxşı və möhkəm ailələri var:
“Çox gözəl nəvələrimiz var. Nəvələrimizdən ikisi elm sahəsində çalışır. Onlardan biri stomatoloqdur, tibb elmləri namizədidir. Digəri isə Amerikada əczaçıdır, əczaçılıq elmləri doktorudur. Magistraturanı Yaponiyada bitirib, sonra Amerikaya gedib və hazırda orada şirkətlərin birində elmi işçi kimi fəaliyyət göstərir.
Həyatımız çox sadə, amma çox gözəl keçib. Biz 60 il birgə xoşbəxt yaşamışıq. Bu, hər kəsə nəsib olan bir ömür deyil. Arzum budur ki, hamının həyatı bizimki kimi həm sadə, həm də mənəvi cəhətdən zəngin olsun”,- deyə Ü.Hüseynova bildirib.
Qeyd edək ki, Şirməmməd Hüseynov 24 iyun 2019-cu ildə Bakıda vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.
Doğum günü münasibətilə biz də böyük alimi dərin ehtiramla anırıq!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 17 Dekabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















