Icma.az
close
up
RU
Xəcalətdən fəxarətə... Ölməz ustad Bəxtiyar Vahabzadəyə məktub

Xəcalətdən fəxarətə... Ölməz ustad Bəxtiyar Vahabzadəyə məktub

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hüseynbala MİRƏLƏMOV
yazıçı-publisist

Hörmətli Bəxtiyar müəllim!

Bu il xalqımız Sizin 100 illiyinizi böyük sevgi və ehtiramla qeyd edir. Lakin bu yubiley təkcə bir ömrün qızıl zirvəsinin qeyd olunması deyil - bu, bütöv bir millətin öz yaddaşını yeniləməsi, keçdiyi tarixi yola dönüb baxması, mənəvi dirçəlişin və milli oyanışın bayramıdır. Çünki biz çox yaxşı bilirik: Siz bu xalq üçün sadəcə bir şair deyildiniz. Siz bu millətin içində qopan fırtınaların səsinə, onun özünüdərk və özünüanlama qüdrətinin, milli əzminin və mənəvi mübarizliyinin rəmzinə çevrilmişdiniz.

Siz poeziyanı sənət növü kimi deyil, həyat tərzi, vətəndaşlıq məsuliyyəti, vicdan borcu kimi yaşamısınız. Bilənlər bilir: Siz sözü qələmlə deyil, ürəyinizlə, canınızla, qanınızla yazırdınız. Hər misranızda millətin ağrısı, hər sözünüzdə Vətənin səsi, nəfəsi, dərdi və yanğısı duyulurdu. Elə bil, yüzillərin o üzündən Füzuli babamızın sözün qədrini ucaldan hikməti Sizə ünvanlanmışdı və Siz də o hikməti eyni cəsarət, eyni vicdan və eyni yanğı ilə bu xalqın oğlu kimi bizə və bizdən sonrakı nəsillərə ötürməyi bacardınız:

Artıran söz qədrini sidq ilə qədrin artırar,

Kim nə miqdar olsa, əhlin eylər ol miqdarı söz!

(M.Füzuli)

Ustad! Bu gün Azərbaycan daha qüdrətli, xalqımız daha əmin, məğrur və qürurludur. Çünki biz artıq bir neçə ildir ki, əsrlərə sığmayan möhtəşəm bir Qələbənin - Böyük Zəfərin sevincini və fəxarətini yaşayırıq. Elə bir Qələbə ki, onun tərənnümünə sözün, şeirin də gücü çatmaz. Belə bir zamanda Sizin sözünüzə, poeziyanıza, səsinizə olan ehtiyacımız daha da artır. Çünki sözün qüdrəti zamanla azalmaz, əksinə, zaman onun böyüklüyünü, təsirini və əzəmətini daha da ucaldar:

Demə, daş yayınıb qardaşa dəydi,

Mən elə bildim ki, daş daşa dəydi.

Yurdun o başında yıxılan kəsin

Ağrısı qəlbində gərək göynəsin!..

Bəxtiyar müəllim!

Bu misraları hər dəfə oxuyanda illər öncə "Xəcalət" povestimin mütaliəsindən sonra mənə yazdığınız məktub yadıma düşür. O məktubda mənə ünvanladığınız sözlər əslində, təkcə mənə deyil, bir millətin özünə söylədiyi acı həqiqət, ağrılı etirafı idi:

"Hörmətli Hüseynbala Mirələmov, "Xəcalət" povestinizi yalnız yarıya qədər oxuya bildim. Qəhər məni boğdu, göz yaşlarımı saxlaya bilmədim, bacarmadım. Bu boyda dərdlə qol-qola, baş-başa yaşaya bildiyimə xəcalət çəkdim. Bəli, biz hamımız babalarımızın bizə əmanət verib getdiyi cənnətməkan Qarabağı düşmənə təslim edəndən sonra yenə də yaşaya bildiyimizə görə, o müqəddəs torpaqda yetişən dahilərimizin ruhundan utanmalıyıq (Mənim bu barədə "Utanıram" adlı şeirim var). Əsərinizlə məni bir daha utandırdığınıza görə, Sizə təşəkkürlərimi bildirir, axıra qədər oxuya bilmədiyimə görə Sizdən üzr istəyirəm, əfv edin, təsvir etdiyiniz o dəhşətli səhnələri yaşamaq qəlbi və vicdanı olan hər kəs üçün çox ağırdır..."

Ustad! O məktubu bu gün yenidən oxuyanda gözümün önündən adını çəkdiyini o ölməz "Utanıram" şeirinizin misraları keçir. Biz bu gün böyük Qələbəmizə sevinə-sevinə, artıq tarixə çevrilmiş o acı, bəlalı illəri də unutmuruq. İndi bu sevincin içində o vaxtkı mənəvi ağrını hiss edirəm, o zamankı itkilərimizə və məğlubiyyətimizə görə utanıram və xəcalət çəkirəm:

Şəhidlərin, qaçqınların

Üstümüzdə min ahı var.

Çatdığımız bu nöqtədə

Hamımızın günahı var.

Düşmənimiz arxalandı

Silahına, öz gücünə.

Zora təslim olan torpaq

Qaytarılmaz söz gücünə.

Əldən getdi yurd-yuvamız,

Necə dözdük bu dərdə biz?

Qaytarmaqçın haqqımızı

Əl açmayaq namərdə biz.

Düzü budur: bu dünyada

Gücün varsa, sözün haqdır,

Gücün yoxsa, son əlacın

Xəcalətdir, utanmaqdır.

Siz bu misraları 1995-ci ilin martında yazanda mən də "Xəcalət" povesti, "Yanan qar", "Dağlarda atılan güllə" romanları, "Vicdanın hökmü", "Güllələnmiş heykəllərin fəryadı" pyesləri üzərində işləyirdim. Mənim yazdıqlarım, əslində, Sizin yazdıqlarınızın nəsrə çevrilmiş forması idi.

Bu gün, o "itirilmiş namus"un, o yaralı torpağın zəfərini qeyd edərkən Sizin sözlərinizin yenə ucalardan səslənməsinə ehtiyacımız var. Siz demişdiniz:

"Bəli, bu millətin övladları olan bizlər Qarabağ torpağının yetirib bütün türk dünyasına bəxş etdiyi Üzeyirbəylərin, Niyazilərin, Bülbüllərin ruhu qarşısında günahkarıq. Sizin dediyiniz kimi, biz bizdən sonra gələn nəsillərin qarşısında gözükölgəli, başıaşağı, günahkarlarıq. Günahkarıq bir də ona görə ki, biz yalnız torpaq deyil, torpaqla bərabər, namusumuzu, şərəfimizi vermişik, geri almaqda isə, deyəsən, gələcək nəsillərə ümid edirik".

Bəxtiyar müəllim!

Qarabağda möhtəşəm Zəfər qazanılanda, millətimiz fərəhdən ayağa qalxanda, sevinc göz yaşlarımız sel kimi axanda ürəyimdə bir arzum vardı: "Kaş bu qələbə müjdəsini Sizə deyə bilərdim..." Həmin gün telefonumdan ilk zəng Sizə olmalıydı... Ürəyimdə Sizə bunları demək arzum vardı: "Bəxtiyar müəllim, biz Qarabağı işğaldan azad etdik! İndi torpaqlarımız azaddır! Xəcalətdən əyilən başımızı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun sayəsində indi fəxarətlə  dik tutub gəzə bilirik. Azərbaycanın Ali Baş Komandanı son 200 ildə ölkəmizin tarixində misli-bərabəri olmayan qələbələrə və nailiyyətlərə imza atdı, indi soydaşlarımız doğma yurd-yuvalarına geri qayıdırlar, yenidən doğma Qarabağ çiçəklənir..."

Bu Zəfərlə biz təkcə Qarabağı deyil, həm də öz vicdanımızı, öz azadlığımızı qaytardıq. Xəcalət yükündən, acizlik sindromundan xilas olduq.

Əminəm, Ustad, ruhunuz bu müjdəni eşidib. İnanıram ki, ruhunuz Şuşada əsən mehdə, Cıdır düzündə dalğalanan bayraqda, azad torpağımızın qoxusunda, İsa bulağının suyunda yaşayır.

Siz bir zaman demişdiniz: "Vətən getdi, vətəndaşlıq zirvəsinə yüksəlmədik, utanıram..."

Ustad! Bu gün Sizə demək istəyirəm: "Artıq utanmaq deyil, fəxr etmək vaxtıdır!"

Sizin vaxtilə o məktubunuzda mənə yazdıqlarınız bu gün gerçəyə çevrilib: "Allah o günü bizə göstərsin ki, mən kitabınızı keçmiş bir tarix kimi axıra qədər oxuyam, oxuduqca da ürəyimdə Allaha şükür edəm ki, artıq Qarabağ geri alınıb, qaçqınlarımız öz yurd-yuvasına qayıdıb, bu müqəddəs ocaq erməninin nəinki ayağından, havasından belə təmizlənib..."

Onda bunu deyə bilməsəm də, amma bu gün tam əminliklə, qürurla  deyirəm: "Bəli, Ustad! Qarabağımız azaddır, namusumuz təmizlənib! Siz bizi utandırmaqla "diriltdiniz". Sizin sözünüz millətə yol göstərdi, poeziyanız isə xalqımıza güc verdi..."

Ustad!

Bu gün biz o illərin xəcalətindən  fəxarət zirvəsinə yüksəlmişik. Sizin poeziyanızda, sözünüzdə illər boyu millətin vicdanına hopmuş o "xəcalət" indi öz yerini milli qürur, mənəvi ucalıq və tarixi ədalətin bərpası hissinə verib. Artıq biz o ağır yükü çiynimizdən yerə qoymuşuq.

Azad Qarabağın adı bu gün millət olaraq bizim qəlbimizdə qürur, dirçəliş nəğməsi kimi səslənir. Çünki başda müzəffər sərkərdə İlham Əliyev olmaqla, xalqımız sözün, vicdanın, inamın və mübarizənin gücü ilə öz tarixi ləyaqətini bərpa edib. Biz artıq xəcalətdən keçib fəxarətə çatmış, məğlubiyyətin kölgəsindən çıxıb qələbə zirvəsində qərar tutmuşuq. Bu, həm də Sizin ruhunuzun, sözünüzün, vətəndaşlıq dərsinin ən böyük bəhrəsidir.

Əmin olun, Sizin hər ad gününüz, hər yubileyiniz Azərbaycan poeziyasının, düşüncəsinin, ruhunun yenidən doğuluş günüdür.

Millət durduqca, Sizin adınız, sözünüz, poeziyanız da yaşayacaq. Ruhunuz şad olsun, USTAD!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Dekabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri