Xəzər, bizdən uzaqlaşma!
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bu nadir hövzənin səviyyəsinin enməsi yeni ildə regional əməkdaşlığı qaçılmaz edir
Xəzər dənizi 5 sahilyanı dövlətin ortaq sərvəti olmaqla yanaşı, Avrasiya məkanının ekoloji, iqtisadi və geosiyasi tarazlığında həlledici rol oynayan nadir su hövzələrindən biridir. Tarix boyu Avropa ilə Asiyanı birləşdirən əsas ticarət yollarının kəsişmə nöqtəsində yerləşən bu dəniz yalnız coğrafi anlayış deyil, həm də mədəniyyətlərin, iqtisadi münasibətlərin və siyasi maraqların qovuşduğu strateji məkandır.
Qədim İpək Yolu və onun qolları Xəzər hövzəsini qlobal mübadilənin mühüm həlqəsinə çevirib, regionu müxtəlif sivilizasiyalar üçün cazibə mərkəzinə döndərib. Bu xüsusiyyətlər Xəzərin tarixən regional güc mərkəzləri üçün daşıdığı əhəmiyyəti formalaşdırıb və dənizi sahilyanı ölkələr arasında qarşılıqlı əlaqələrin əsas vasitəçilərindən birinə çevirib.
Müasir dövrdə Xəzər dənizinin rolu artıb. Bu gün Xəzər üzərində yerləşən limanlar Avropa–Asiya ticarət əlaqələrinin strateji qovşağı kimi çıxış edir. Onun üzərində yerləşən limanlar Avropa–Asiya ticarət əlaqələrinin strateji qovşağına çevrilib və bu marşrutlar vasitəsilə hər il, təxminən, 50 milyon tona yaxın yük daşınır. Bu yük dövriyyəsi yalnız iqtisadi əhəmiyyət kəsb etmir, həm də region ölkələrinin qlobal ticarət zəncirində mövqeyini müəyyən edir. Xüsusilə Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsindən sonra bu ölkənin ərazisindən keçən Şimal Nəqliyyat Dəhlizinə alternativ yolların axtarışı Xəzər istiqamətinin əhəmiyyətini daha da artırıb. Alternativ marşrutların mövcudluğu həm regional iqtisadi təhlükəsizliyi gücləndirir, həm də qlobal yük daşımalarının dayanıqlılığını təmin edir. Bu mənada, Xəzər artıq yalnız regional deyil, beynəlxalq logistika sisteminin də mühüm elementinə çevrilib.
Lakin bu strateji əhəmiyyətli dəniz hazırda ciddi təhlükə ilə üz-üzədir. Onun səviyyəsinin sürətlə azalması artıq ekoloji çərçivəni aşaraq iqtisadi, sosial və siyasi risklər yaradan çoxşaxəli problemə çevrilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu təhlükəni dəfələrlə beynəlxalq gündəliyə çıxararaq, Xəzərin dayazlaşmasının region ölkələrinin iqtisadi təhlükəsizliyinə birbaşa təhdid olduğunu vurğulayıb. Onun fikrincə, bu proses limanların fəaliyyətini məhdudlaşdırır, gəmiçiliyi çətinləşdirir, balıqçılıq sektorunu zəiflədir və sahilyanı ərazilərin sosial-iqtisadi inkişafını ləngidir. Ən təhlükəlisi isə odur ki, bu tendensiya davam edərsə, Xəzər hövzəsində baş verən dəyişikliklər geri dönməz xarakter alacaq.
Statistik göstəricilər də vəziyyətin ciddiliyini daha aydın nümayiş etdirir. Son 30 ildə Xəzər dənizinin səviyyəsi, təxminən, 2,5 metr aşağı düşüb, təkcə son beş ildə isə bu azalma 0,93 metr təşkil edib. Bəzi illərdə enmə tempi 20–30 santimetrə çatıb ki, bu da sahilyanı iqtisadi fəaliyyət üçün ciddi problemlər yaradır. “Azərkosmos”un Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Bəxişovun məlumatına görə, bu proses artıq lokal deyil, bütün Xəzər hövzəsini əhatə edən sistemli dəyişiklikdir.
Tokayevin də vurğuladığı kimi, bu proses təkcə iqlim dəyişikliklərinin nəticəsi deyil. Çay sularının həddindən artıq tənzimlənməsi, sənaye və kənd təsərrüfatı ehtiyacları üçün böyük həcmdə su götürülməsi, su anbarlarının səmərəsiz idarə olunması kimi antropogen amillər də Xəzərin qidalanmasını əhəmiyyətli dərəcədə azaldır.
Dənizin geri çəkilməsinin ilk və ən nəzərəçarpan təsiri nəqliyyat və logistika sahəsində özünü göstərir. Bir vaxtlar dərin sularda fəaliyyət göstərən limanlar bu gün mütəmadi olaraq dərinləşdirmə və təmizləmə işlərinə ehtiyac duyur. Bu isə həm dövlət büdcələri, həm də özəl sektor üçün əlavə maliyyə yükü yaradır. Proqnozlara görə, su səviyyəsi 10 metr aşağı düşərsə, Rusiya ərazisində yerləşən Lagan limanı sahildən 115 kilometr aralıda qalaraq, faktiki olaraq, fəaliyyətini itirə bilər. Türkmənbaşı limanı sahildən, təxminən, 16 kilometr uzaqlaşacaq, Aktau limanı isə yük dövriyyəsinin 30 faizə qədər azalması riski ilə üz-üzə qalacaq. Qazaxıstan üçün bu, xüsusilə, həssas məsələdir, çünki dünya okeanına birbaşa çıxışı olmayan ölkə üçün Xəzər beynəlxalq ticarətə açılan əsas qapıdır.
Volqa–Xəzər kanalı Xəzərin dünya okeanı ilə yeganə birbaşa əlaqə arteriyasıdır. Hazırda kanalın dərinliyi, təxminən, 4,5 metrdir və su səviyyəsinin daha da azalması iritonnajlı gəmilərin keçidini mümkünsüz edir. Bu, yalnız Qazaxıstanın deyil, Azərbaycan da daxil olmaqla bütün region ölkələrinin Avropa və Asiya bazarlarına çıxış imkanlarını məhdudlaşdıracaq, alternativ marşrutlara yönəlməyi zəruri edəcək və logistika xərclərini artıracaq.
Belə bir ssenari regional iqtisadi əməkdaşlığın dayanıqlılığını ciddi şəkildə zəiflədir. Liman fəaliyyətinə olan təsirlər də narahatlıq doğurur. Bir vaxtlar dərin sularda fəaliyyət göstərən limanlar indi mütəmadi dərinləşdirmə və təmizləmə işləri tələb edir ki, bu da böyük maliyyə yükünə çevrilir. Nəticədə, yükdaşıma səmərəliliyi azalır, tranzit marşrutların rəqabət qabiliyyəti zəifləyir. Bu, xüsusilə Qazaxıstan üçün kritikdir, çünki ölkənin dünya okeanına birbaşa çıxışı yoxdur və Xəzər onun beynəlxalq ticarət və nəqliyyat strategiyasının əsas sütunudur.
Xəzərin dayazlaşması sosial sahədə də ağır nəticələr yaradır. Dəniz boyunca 15 milyondan çox insan yaşayır və onların əksəriyyəti üçün Xəzər əsas dolanışıq və qida mənbəyidir. Xüsusilə şimal bölgələrində iqlim sərt, kənd təsərrüfatı isə zəif inkişaf edib. Bu şəraitdə balıqçılıq sektorunun zəifləməsi yerli əhali üçün alternativ məşğulluq imkanlarını, faktiki olaraq, aradan qaldırır. Son onillikdə Xəzər kilkəsinin ovunun 60 faiz azalması, balıqçılıqdan əldə olunan gəlirlərin isə orta hesabla 40 faiz düşməsi sosial gərginliyi artırıb, işsizliyi dərinləşdirib və miqrasiya risklərini gücləndirib. Tokayevin də qeyd etdiyi kimi, Xəzər problemi statistik rəqəmlərlə deyil, milyonlarla insanın taleyi ilə ölçülməlidir
Ekoloji nəticələr isə daha təhlükəlidir. Dənizin səviyyəsinin azalması sahilyanı ərazilərdə yeni quru sahələrinin üzə çıxmasına səbəb olur. Lakin bu torpaqların böyük hissəsi nə kənd təsərrüfatı, nə də yaşayış üçün yararlıdır. Əksinə, dənizin dibində illərlə toplanmış duz, qum, neft məhsulları, ağır metallar və pestisidlər açıq səthə çıxaraq torpaqların münbitliyini azaldır, flora və faunanı məhv edir. Güclü küləklər bu zərərli hissəcikləri yüzlərlə kilometr məsafəyə daşıyaraq kənd təsərrüfatına ciddi zərbə vurur, səhralaşmanı artırır.
Ekoloji təsirlər yalnız bitki və heyvan aləmini əhatə etmir. Su ehtiyatlarının azalması içməli suya çıxışı çətinləşdirir, suyun keyfiyyətinin pisləşməsi xəstəlik riskini artırır. Toz dumanı tənəffüs yollarına, allergiyaya və dəri xəstəliklərinə səbəb olur, xüsusilə uşaq və yaşlı əhali üçün riskləri daha da artırır. Bir sözlə, sahilyanı yaşayış məntəqələrində həyat şəraitinin pisləşməsi sosial gərginliyi artırır və ictimai sağlamlıq problemlərini dərinləşdirir.
Onu da qeyd edək ki, Xəzər uzun illər ətraf region üçün iqlim tənzimləyicisi rolunu oynayıb. Onun səthinin kiçilməsi havanın qurulaşmasına, yağıntıların azalmasına, yayda temperaturun yüksəlməsinə, qışda isə kəskin temperatur fərqlərinin artmasına səbəb olur. Bu dəyişikliklər səhralaşma prosesini sürətləndirir, torpaqların məhsuldarlığını azaldır və su ehtiyatlarının bərpasını çətinləşdirir. Azərbaycan üçün Abşeron yarımadası, Kür-Araz ovalığı və Qızılağac biosfer ehtiyatı xüsusi risk zonasındadır. Bakı buxtasında yeni adalar və bataqlıq sahələr formalaşıb, Pirallahı və Qum adalarının yarımadaya çevrilməsi artıq real ssenari kimi qiymətləndirilir.
Oxşar proseslər digər sahilyanı ölkələrdə də müşahidə olunur. Rusiyanın Həştərxan bölgəsində Volqa deltası dəyişib, yeni adalar yaranıb, Kalmıkiyada bir sıra adalar yarımadalara çevrilib, Dağıstanda isə sahil xətti bir neçə kilometr geri çəkilib. İran sektorunda lagun ekosistemləri ya tamamilə səhralaşıb, ya da duzluluq balansı pozulmuş bataqlıq zonalarına çevrilib. Qazaxıstanda isə Xəzərin şimal-şərq hissəsinin səth sahəsi 40 faizdən çox azalıb, sahil xətti isə 37–40 kilometr geri çəkilib. Su səviyyəsinin bu əsrin sonuna qədər daha 5–10 metr enməsi mümkündür ki, bu da Xəzərin səthinin 20 faizinin qurumasına və ekoloji-iqtisadi zəncirvari fəsadların dərinləşməsinə səbəb olacaq. Şimal-şərq sektorundakı sahil xətti ilə sahil yaşayış məntəqələri arasındakı məsafə 89 kilometrə çatacaq.
Bu faktlar problemin miqyasının nə qədər geniş olduğunu açıq şəkildə göstərir.
Dənizin geri çəkilməsi enerji sektoruna da ciddi təsir göstərir. İqtisadiyyat İnstitunun şöbə müdiri Mahir Zeynalovun sözlərinə görə, Xəzər hövzəsində təxminən 48 milyard barel neft ehtiyatı mövcuddur və bu region qlobal enerji bazarı üçün mühüm əhəmiyyət daşıyır. Su səviyyəsinin azalması isə platformaların yarımsahilyanı vəziyyətə düşməsinə, boru kəmərlərində əlavə gərginlik yaranmasına və hasilatın maya dəyərinin 30–40 faiz artmasına səbəb olur. Qazaxıstanın “Kaşağan” və Rusiyanın “Filanovsk” kimi iri yataqlarında artıq texniki və iqtisadi çətinliklər müşahidə olunur. Bu isə enerji təhlükəsizliyi üçün yeni risklər yaradır.
Türkmənistan sahillərində isə platformaların istismarı əlavə xərclər tələb edir, bəzi obyektlərin fəaliyyət zonalarının dəyişdirilməsi qaçılmazdır. Bu, təkcə hasilatın maya dəyərini artırmır, eyni zamanda, enerji təhlükəsizliyi üçün yeni risklər yaradır.
Bundan başqa, Xəzərdə fəal neft hasilatı aparılarkən yataqlardan çıxarılan faydalı qazıntılar nəticəsində yaranan boşluqlar dəniz suyu ilə dolur. Bu da təsirsiz ötüşmür. Əgər mövcud tendensiya davam edərsə, bu proses geridönməz nəticələrə gətirib çıxara bilər.
Beləliklə, Xəzər dənizinin qorunması artıq yalnız ekoloji problem kimi deyil, strateji, iqtisadi və sosial təhlükəsizlik məsələsi kimi dəyərləndirilməlidir. Bu unikal su hövzəsinin taleyi birbaşa olaraq sahilyanı ölkələrin inkişaf perspektivləri, milyonlarla insanın rifahı və bütövlükdə Avrasiya regionunun sabitliyi ilə bağlıdır. Məhz buna görə də ayrı-ayrı ölkələrin pərakəndə şəkildə atdığı addımlar Xəzərin üzləşdiyi böhranı aradan qaldırmaq üçün yetərli deyil. Problemin miqyası və mürəkkəbliyi vahid, əlaqələndirilmiş və uzunmüddətli yanaşma tələb edir.
Şübhəsiz ki, risklər fonunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin irəli sürdüyü dövlətlərarası proqram təşəbbüsü xüsusi əhəmiyyət daşıyır. Onun çağırışının mahiyyəti Xəzərə münasibətdə məsuliyyətin kollektiv xarakter daşıdığını açıq şəkildə ortaya qoyur. Belə bir proqramın həyata keçirilməsi Xəzərin su balansının qorunması, ekosistemin bərpası, səviyyə dəyişmələrinin davamlı monitorinqi və risklərin vaxtında qiymətləndirilməsi üçün vahid strategiyanın formalaşdırılmasına imkan verir. Xəzər sammitləri və regional iqtisadi forumlar isə bu strategiyanın siyasi əsaslarını möhkəmləndirməklə yanaşı, maliyyə və texniki resursların cəlb edilməsi baxımından da mühüm platforma rolunu oynayır.
Şübhəsiz ki, Xəzəri xilas etmək mümkündür, lakin bu, indiyədək görünməmiş səylər, güclü siyasi iradə və beynəlxalq koordinasiya tələb edir. Xəzərin əsas qidalanma mənbələri olan Volqa, Ural, Kür və Terek çaylarının su ehtiyatlarının qorunması bu prosesdə həlledici əhəmiyyət daşıyır. Çay hövzələrində suyun həddindən artıq tənzimlənməsi, kənd təsərrüfatında və sənayedə israfçılıq, eləcə də səmərəsiz suvarma sistemləri Xəzərin su balansını pozan əsas amillər sırasındadır. Bu baxımdan, suvarmada müasir, qənaətcil texnologiyalara keçid, sənaye və kənd təsərrüfatında suya nəzarətin gücləndirilməsi, neft-qaz sektorunda ciddi ekoloji tələblərin tətbiqi zəruri sayılır.
Eyni zamanda, biomüxtəlifliyin bərpası Xəzərin gələcəyi üçün əsas şərtlərdən biri kimi qiymətləndirilir. Balıq ehtiyatlarının, xüsusilə nərə cinslərinin qorunması, qeyri-qanuni balıqçılığın qarşısının alınması, elmi əsaslı kvotaların tətbiqi və süni balıqartırma proqramlarının genişləndirilməsi dənizin bioloji tarazlığının saxlanmasına xidmət edə bilər. Elmi tədqiqatların və monitorinq sistemlərinin gücləndirilməsi isə qəbul edilən qərarların təsadüfi deyil, elmi əsaslara söykənməsinə imkan verər.
Artıq Xəzər dənizinin qorunması istiqamətində müəyyən ilkin addımlar atılıb. 2024-cü ildə BMT-nin iştirakı ilə Xəzər üzrə xüsusi ekoloji proqramın yaradılması, su səviyyəsinin dəyişmələrinin izlənməsi üçün vahid monitorinq standartlarının hazırlanması və sərhədləri aşan təbiət qoruqlarının formalaşdırılması planları bu sahədə beynəlxalq diqqətin artdığını göstərir. Bu təşəbbüslər Xəzərin artıq yalnız sahilyanı ölkələrin deyil, qlobal ekoloji gündəliyin də mühüm mövzularından birinə çevrildiyini təsdiqləyir.
Lakin mövcud tədbirlər də miqyas və təsir baxımından hələlik kifayət etmir. Hazırkı proqramlar daha çox müşahidə və tövsiyə xarakteri daşıyır, halbuki Xəzərin üzləşdiyi risklər daha sərt, hüquqi baxımdan məcburi və maliyyə ilə təmin olunmuş mexanizmlər tələb edir. Bu baxımdan illik büdcəsi azı 500 milyon dollar olan Beynəlxalq Xəzər Xilasetmə Fondunun yaradılması zəruri hesab olunur. Belə bir fond elmi tədqiqatların maliyyələşdirilməsi ilə yanaşı, sahilyanı ərazilərdə ekosistemin bərpası, çirklənmənin qarşısının alınması, balıq ehtiyatlarının artırılması və iqlim dəyişikliklərinə uyğunlaşma layihələrinin həyata keçirilməsi üçün real imkanlar yarada bilər.
Ekspertlərin digər mühüm tələbi sahilyanı ölkələr üçün vahid su istifadəsi standartlarının tətbiqidir. Hazırda Xəzərə tökülən çayların müxtəlif ölkələrin ərazisindən keçməsi su ehtiyatlarının idarə olunmasında parçalanmış yanaşma yaradır və bu da ümumi su balansının pozulmasına səbəb olur. Vahid standartlar çay sularının həddindən artıq istifadəsinin qarşısını almağa, israfçılığı azaltmağa və Xəzərin qidalanma mənbələrini qorumağa xidmət edə bilər. Bundan əlavə, alimlər Xəzərə tökülən çaylarda yeni su anbarlarının tikintisinə qadağa qoyulmasını vacib sayırlar. Onların fikrincə, hər yeni su anbarı qısamüddətli iqtisadi fayda versə də, uzunmüddətli perspektivdə Xəzərin bərpa imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Bundan başqa, Qazaxıstanın irəli sürdüyü təşəbbüslər də diqqət mərkəzindədir. Rəsmi Astana Rusiyaya Volqa çayının axınının artırılması və ya Volqa sularının bir hissəsinin ərazisindən Xəzər dənizinə yönəldilməsi ilə bağlı təkliflər irəli sürür. Qazaxıstan rəsmilərinin bildirdiyinə görə, Volqa sərhəd çayı olmadığı üçün bu məsələ xüsusi siyasi və institusional mexanizmlər tələb edir və bunun üçün birgə işçi qrupunun yaradılması planlaşdırılır.
Qazaxıstanın Volqa su resurslarına marağı qədimdir, lakin yalnız Volqa ilə məhdudlaşmır. Rusiya ilə sərhəd çaylarından İşim və Tobolun Qazaxıstan sektoruna yönəldilməsi layihələri də hazırlanır. Bu təşəbbüslər Xəzərin su balansı uğrunda mübarizənin artıq regional diplomatiyanın əsas mövzularından birinə çevrildiyini göstərir.
Azərbaycan tərəfi də problemin qlobal xarakter daşıdığını açıq şəkildə vurğulayır. Qazaxıstanın Volqa çayı ilə bağlı təşəbbüsünü dəstəkləyir. Maraqlıdır ki, Xəzərin xilas edilməsi ilə bağlı Qara dənizin suyundan istifadə edilməsi də təklif olunur.
Deməli, bu böhran yalnız ekoloji sahə ilə məhdudlaşmır, bioçeşidliyə, iqtisadi fəaliyyətə və sosial sabitliyə birbaşa təsir göstərir. Bütün bu proseslər ondan xəbər verir ki, Xəzər dənizinin geri çəkilməsi artıq regional problem çərçivəsindən çıxaraq qlobal əhəmiyyətli çağırışa çevrilib.
Beləliklə, Xəzər dənizinin taleyi yalnız bugünkü nəsillərin deyil, gələcək nəsillərin də məsuliyyətidir. Əgər sahilyanı ölkələr vahid və koordinasiyalı strategiya qəbul etməsələr, bu unikal su hövzəsinin geri çəkilməsi və ekosistemlərin dağılması təkcə Xəzər hövzəsi üçün deyil, bütün Avrasiya regionu üçün geridönməz nəticələr doğuracaq. Çünki Xəzərin geri çəkilməsi yalnız regional deyil, qlobal əhəmiyyət daşıyan bir məsələdir. Bu səbəbdən Xəzərin qorunması yalnız ekoloji məsələ deyil, həm də strateji, iqtisadi və ictimai sağlamlıq məsələsidir.
Pünhan ƏFƏNDİYEV
XQ
Baxış sayı:42
Bu xəbər 10 Yanvar 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















