Icma.az
close
up
RU
Yalanmış azadlıqdan dəm vurmağım... İlham Qəhrəmanın şeirləri

Yalanmış azadlıqdan dəm vurmağım... İlham Qəhrəmanın şeirləri

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün şair İlham Qəhrəmanın doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və onun şeirlərini təqdim edir.

SƏNDƏN DOLAYI

Hər şey səndən dolayı –
qapımı qəm tanıdı,
Nə cür ki, yazanda
dəftəri qələm tanıdı
səndən dolayı.

Pəncərədən aya baxmağım,
Hava almaq adına
kəndin dikinə çıxmağım
səndən dolayı.

Yadıma gəlir
qayada iki hərf oymuşdum,
arasına üstəgəl qoymuşdum
səndən dolayı.

Mən də eşqdən “bay” oldum,
hər ağzıgöyçək bir ad verdi,
Şirinləşmiş meyvə kimi
ürək sevgidən çat verdi
səndən dolayı.

Nazlı göyərçinləri dənlətməyim,
Adını çəkib içimi sənlətməyim,
səndən dolayı.

Hər addım – bir daş altdan,
bir daş üstdən – sirr yükü əyir içimi,
Dilim gödək oldu –
fələk kəsdi əlacımı
səndən dolayı.

Dilimə yalan çıxardanda
gözümün üzə durmağı,
“Gedək yarı görək” – deyib
ürəyin gözə yalvarmağı
səndən dolayı.

Bazarın gözəli– qırmızı alması...
Dəyir bir-birinə səs-səsə verir
dolabın qab-qacağı, qablaması
səndən dolayı.

Budaqların ucuna sağılır
yazda alçalar çiçək açır,
Durduğum yerdə məni ələ verir, –
arada nagahan bığım qaçır,
səndən dolayı.

Gözümün yol çəkmək vərdişi,
Birdən elə söyürəm
sağ yeri qalmır gərdişin
səndən dolayı.

Gül evindən götürüb
görüş yerinə qoydum –
güllərin yerini dəyişdim,
Ta sən görən deyiləm,
mən də düşdüm
səndən dolayı.

DÜŞÜRÜR

Gözəl bir qız budaq əyir
Almanı bağdan düşürür.
Sol əliylə soldan dərir,
Sağ əli sağdan düşürür.

Görsən qalarsan acıyla,
Bəxtinin naəlacıyla...
Baxsa gözünün ucuyla
Padşahı taxtdan düşürür.

Zalımı yamandan edir,
Dağları dumandan edir,
İlhamı gümandan edir,
Zahidi haxdan düşürür?!

OLUM

Ay zalım, incimə, cənnət bağında
Gülünə dəymişəm, dəyməmiş olum.
Huşu başdan edən güldən-çiçəkdən
Bir budaq əymişəm, əyməmiş olum.

Nələri görürsən çiçəyin üstə?!
Arı naxış çəkir pətəyin üstə.
Məhkəmə qurmusan gör nəyin üstə, –
Qapını döymüşəm, döyməmiş olum.

Olmaz aşiqlikdə İlhamın tayı,
Həftə vədəsində ötürdün ayı.
Üzümə üz tutub dilənçi payı, –
Bir busə demişəm, deməmiş olum.

ÇÖL ÇİÇƏYİ VƏ ŞÜŞƏLİ ŞƏHƏR

Səndən yazmaq
bir qələmə gücdü,
masada iki qələm var,
Şəninə hansını əlimə götürsəm
toy padşahıdı elə bil,
qələmdə ayrı aləm var.

Ayağım yanına gələndə sürünür
bu qədər ürəksiz deyildim,
Ayrılanda heç getmir,
bu qədər də üzlü deyildim.

Yalanmış azadlıqdan dəm vurmağım,
içim də gedir kölən olmağa...
Bu qollar indi zəncirlik,
ayaqlar kündəlikdi.
Çöl çiçəyisən
tellərindən gələn ətir
həmərsinlik, iydəlikdi.
Özümdən xəcalət çəkirəm –
mis qab kimi paxırım üzə çıxır,
Bir vaxt nəyə dirəniş göstərmişəm
içimdən ona qarşı cida çıxır, nizə çıxır.

Döyüşsüz təslim olmuş
sərkərdəyəm, –
doğma şəhərim gedəndə
barmaq barmağa vurmadım,
qollarım şəhərimdən boşaldı.
Məğlubiyyətdən məmnunluqla
gözümüzü gizlədirik bir-birimizdən...
Acının şirin üzüdü
məğlubiyyətin bayramı.

Çöl çiçəyi,
masada iki qələm var,
biri sərkərdədən yazar,
biri fəth etdiyin şəhərindən.
Masada iki qələm,
biri acının şirin yerindən yazar,
biri şirinin acı yerindən.

Çöl çiçəyi,
fəth etdiyin hündür qalalı,
içi gül döşəli şəhərdi,
Amma, sənə də asan olmaz,
fəth etdiyin şüşəli şəhərdi.

YANDIRA

Bir gözəl sevəsən ləbləri ballı,
O busə qıyanda balı yandıra.
Buxağın altında xalı göz deşə,
Sinənə dağ basa, xalı yandıra.

Min əhsən deyəsən qələm çalana,
Turş alça görmüştək ağzın sulana.
Kəmərtək belinə elə dolana
Canına od sala, qolu yandıra.

Zəhmindən ürəyin yağı əriyə,
Gah duzağa çəkə, gah da şirəyə.
Nazlanıb İlhama sarı yeriyə,
Nazına tamaşa yolu yandıra.

İÇİMDƏ BİRİ AĞLAYIR

İçimdə biri ağlayır,
Elə zülümlə ağlayır.
Ağlayan kimdi bilmirəm,
Mənim gözümlə ağlayır.

İçimdə biri ağlayır,
Baxmaz evdir, baxmaz yoldur.
Toxta, deyirəm toxtamır,
Yaşı tökür bıldır-bıldır.

Hərdən dəli kimi –
Açıq ağız, ağaran dişlərlə
Gülürmüş kimi ağlayır,
İçini elə çəkir
Ölüsü ölmüş kimi ağlayır...

Özümü elə aparıram
Guya tərpənmir tüküm də.
Sözgəlişi pıçıldadım,
Qurudu qaldı həkim də.

İçimdə biri ağlayır,
ağlayır düşən axşamla,
ağlayır açan sabahla.
Dəli gülməyi var, Allah, –
bunun gülməyindən saxla!

Mən qəsdən qəşş eləyirəm,
O elə ağlayır...
Çatdıra bilmirəm – ağlamaqdan
gözümdə bulaq tutulur,
Elə hönkürür
hönkürtüdən qulaq tutulur.

Dincəlim bilmir,
Dayanım bilmir,
Allahın ver günü ağlayır,
Ağlayır – nə bilim
Bəlkə də gülən adamı,
Bəlkə də məni ağlayır.

06.12.2022

HƏR ŞEY YAXŞI OLACAQ

(Təyyarə qəzasında həyatını itirən stüardessaHökümə Əliyevanın dilindən)

Gərək qədər məni pərt etməyəydi,
Söyləmişdim hər şey yaxşı olacaq!
Qədəri bu qədər sərt etməyəydi,
Söyləmişdim hər şey yaxşı olacaq!

Göyün də küçətək dalanı çıxdı,
Olacağın ən pis olanı çıxdı.
Körpələr yanında yalanım çıxdı, –
Söyləmişdim hər şey yaxşı olacaq!

Kimdi sinə çırpır – ası düşübdü?!
Sağ olsun sağları – hansı düşübdü!
Ay ata, başın sağ, yasın düşübdü,
Söyləmişdim hər şey yaxşı olacaq!

PƏNAH ALLAHADIR

Səndə bir yuvam olmadı,
Yurdum, pənah Allahadır!
Loğmansız, dərmansız qalan,
Dərdim, pənah Allahadır!

Qanı gözünə sağılan,
Daş üstdən daşa çaxılan,
Dörd yandan küncə sıxılan,
Qurdum, pənah Allahadır!

Hanı bu kəndin koxası,
Durub qabağa çıxası...
Namərd əlində yaxası,
Mərdim, pənah Allahadır!

MƏNİM DƏRDİM AYRI DƏRDDİR

Daşdan uzaq, gülə yaxın,
Mənim dərdim ayrı dərddir.
Dişdən uzaq, dilə yaxın,
Mənim dərdim ayrı dərddir.

Yara yol gedən ərinməz,
Hər ağac gülə bürünməz.
Çıraq tutalar görünməz,
Mənim dərdim ayrı dərddir.

Tikan olmadım kəsələr,
Acı demədim küsələr.
Deyil eşq dərdi, – desələr,
Mənim dərdim ayrı dərddir.

Məna xovdu, söz ilmədi,
Çox sirr qaldı çözülmədi...
Yıxılmadım, əzilmədim,
Mənim dərdim ayrı dərddir.

İlham, üç kimin, beş kimin,
Qızıl qan dolu teşt kimin?!
Gəlməz ağlına heç kimin,
Mənim dərdim ayrı dərddir.

BİR YURD QAN AĞLAYIR BƏYLİK KƏNDİNDƏ

Top da dağıtmazdı daş-divarını,
Bir yurd qan ağlayır Bəylik kəndində.
Tapmadı nə kömək, nə havarını,
Bir yurd qan ağlayır Bəylik kəndində.

Axşamlar gedərdim naxır dalınca,
Daha baxışlarım dönüb qılınca…
Gedəndə-gələndə baxır dalımca,
Bir yurd qan ağlayır Bəylik kəndində.

Nə güman doğruldu, nə də ki, zəndi…
Bir vaxt al geyindi, güllə bəzəndi,
İndi gün altında beytülhəzəndi,
Bir yurd qan ağlayır Bəylik kəndində.

Arada dolaşan nə söhbətidi,
Oğula utancdı, baş töhmətidi.
Fəhlə dədəmizin əl zəhmətidi,
Bir yurd qan ağlayır Bəylik kəndində.

Hər gecə yerimə qor calanacaq,
Deyirlər ev nədi, park salınacaq…
Yoxdur bir kimsəmiz – arxalanacaq,
Bir yurd qan ağlayır Bəylik kəndində.

Quruyub yanında çəpər qolları,
Darvazası vardı üstə nalları,
Durur tutumuzla moruq kolları,
Bir yurd qan ağlayır Bəylik kəndində.

Daşın qaldırmışam palçığın tutub,
Divarın hörənə çox nəmər çatıb.
Xalam oğlu toyda güllə də atıb,
Bir yurd qan ağlayır Bəylik kəndində.

Suyu kəsilibdi, gülləri bitməz,
Halın ağlamağa iki göz yetməz.
Bu necə ağrıdı dərman keyitməz?!
Bir yurd qan ağlayır Bəylik kəndində.

Ay İlham Qəhrəman, yox kimsən, kəsin,
Bu qədər acın var bəsindi, bəsin!
Allah, özün eşit, o yurdun səsin,
Bir yurd qan ağlayır Bəylik kəndində.

ÜÇ AD

Dilimizdən düşməz, üç ad
Allah, Məhəmməd, Ya Əli!
Bizə miras qoyub əcdad
“Allah, Məhəmməd, Ya Əli!”

Dəli-dolu ərəndə güc...
Çağırarsan nərəndə güc,
Ağır yükə verəndə güc:
– Allah, Məhəmməd, Ya Əli!

Gəzir dildə külli yeri,
Qəlb evində bəlli yeri,
Bəlli yerin güllü yeri,
Allah, Məhəmməd, Ya Əli!

CAN AVARDILAR

(təcnis)

Türk ilə qol-qola halay vurubdu –
Can ləzgi, can talış, can avardılar,
Yağı dinc durmasa, cınqırı çıxsa,
Hər biri şirdilər, canavardılar.

Könül bu sözünü türkə car elər –
Türkün əlindədi türkə çarələr,
Bizə soyuq dəysə, türkəçarələr
Keçinin piyiylə can ovardılar.

Bir yiyə tapmışam – nə yiyəsidi?!
Təknə boş – on ağız nə yeyəsidi?!
İlham baş sındırır nə yiyəsidi,
Qəmlər ariz olub cana vardılar.

BABA, TAM

(təcnis)

Budaqdadı, dərməmişik payını,
Dəyməyibdi bağda meyvə, baba, tam.
Kasadlıqda kasıb düşər mayadan,
Qoyursanmı diş altına, baba, tam?!

Dəryaz ilə həşir gəlib vərə kim?!
Kəndli deyər mənə torpaq ver əkim,
İş görəndə, Allah, yerin verə kim? –
Çəm bilməkdə sənətkara bab atam.

Baş girlədik elə keçən il hamı,
Şair var ki, susub, küsüb ilhamı,
Yalan-gerçək soruşmusan İlhamı,
Sən yaxşı ol, telli, mən də babatam.

YA DAYA QOLA

(təcnis)

Hazır süfrə üstə çıxanda, çoban,
Çomağı yerə qoy, ya daya qola.
Davada qorxaq dost ağlın kəsməsin
Ya irəli dura, ya dayaq ola.

Oynayıb hamını a yordunuz a,
Uşaq lopux vursun ay ordunuza,
Canımız qurbandı ay ordunuza,
Qoymaz bu torpaqda yad ayaq ola.

Gəl, yalan söyləmə, iştə halısan,
Haldan hala düşür – iştə halı san,
Bu səhər, ay İlham, iştahalısan,
Bal üstə ya qaymaq, ya da yağ ola.

AY BALA, QAXDI

(təcnis)

Gözəlliyi bizi heyran qoyubdu,
Buralar Şəkidi, ay bala, Qaxdı,
Tanrı nemətləri bol əllə verib,
Payları qoz-fındıq, ay bala, qaxdı.

Qışınki mürəbbə, motal, tutmadı,
Çox gözəllər gördüm, ürək tutmadı,
Çoban vaysınırdı: Heç kəs tutmadı, –
Naxır selə düşdü, ay balaq axdı!

İlham bağdan yara pay alma deyər,
Pay yeyib dilinə pay alma deyər,
Görməmiş adamdan pay alma deyər,
Bir gördün başına ay bala, qaxdı!

ÇALA DƏRDİMİ

(təcnis)

Elə beş günlükdən gözə görünür,
Udmaz dərə, çökək, çala dərdimi.
Fələk oğlu Fələk köməyim ola,
Götürə daşlara çala dərdimi.

Yalquzaqsan get, örüşün tap, ula,
Bəxtim yatıb əlim yetməz ta pula,
Allahın altında oğru tapıla,
Bir gecə canımdan çala dərdimi.

İlham deyər bu bir olaydı, aşıq,
Yarım da mənimtək olaydı aşıq,
Son arzum – öləndə olaydı aşıq,
“Bayatı-türk” üstdə çala dərdimi.

"O heç vaxt dəyişmədi..." - Sənətdə yaxın döyüşün ustası Niyə mübahisə edirsiniz ki? - Ulucay Akif Cəhənnəmin temperaturunu ölçən, mələklərin sürətini hesablayan alimlər - Elmi necə populyarlaşdırmısınız?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 Aprel 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri