Yaşayış binalarında baş verən yanğınlar
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Son zamanlar çoxmərtəbəli yaşayış binalarında ard-arda baş verən yanğın hadisələri ciddi narahatlıq doğurur. Yanğınların əksəriyyəti məhz elektrik xətlərindəki nasazlıqlar, qısaqapanmalar və düzgün quraşdırılmamış elektrik avadanlıqları səbəbindən baş verir. Elektrik sisteminin düzgün qurulmaması, bu zaman kustar üsullardan istifadə edilməsi sonda böyük ziyanla nəticələnir. Kiçik bir qısaqapanma səbəbindən bir neçə dəqiqə içində bütün bina alova bürünür. Bu cür hadisələr təkcə maddi itkilərlə deyil, insanların həyatı və sağlamlığı üçün də böyük təhlükə yaradır.
Davamlı istifadə nəticəsində yüklənmə, közərmə başlayır
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, yeni tikililərin çoxunun avtomatları aşağı dövriyyəyə uyğun qurulub və ümumilikdə istilik üçün elektrikdən istfadə nəzərdə tutulmayıb. Davamlı istifadə nəticəsində yüklənmə, qızma, közərmə başlayır, naqilin burma şəklində bərkidilən hissəsi qızır və sonra yanar konstruksiyaya keçir. Nəticədə yanğın baş verir.
Bütün binalarda standartlar eyni deyil
Ekspert deyir ki, elektrik təsərrüfatı, naqillər üzrə yoxlamalar obyektlər üçün məcburidir, lakin fərdi yaşayış binaları üçün nəzarət məcburi deyil: "Fövqəladə Hallar Nazirliyi elektrik təsərrüfatlarına baxış keçirir. Yanğın risklərinin müəyyən edilməsi üçün obyektlərdən bunu tələb edirlər. Müqavimətə davamlılıq, izolyasiya və s. hər biri yoxlanılır. Lakin mənzillərə dair belə yoxlamalar yoxdur. Fərdi yaşayış müəssisələri də ildə bir dəfə ixtisaslaşmış müəssisəni dəvət edərək elektrik təsərrüfatına baxış keçirə bilər. Hər hansı nasazlıq varsa, elektrik şəbəkəsi normadan artıq yüklənirsə, bu da elektrik təsərrüfatının qızmasına, qısaqapanma, alışma və yanğına gətirib çıxarır. Çünki hazırda mənzillərdə elektriklə işləyən avadanlıqların sayı çoxdur. Daha əvvəl tikilən binalarda bu kimi hallar nəzərə alınmadıqda yüklənmə baş verə bilir. Elektrik naqilləri çəkilərkən binanın həcmi, tutumu, kvadratı, mərtəbə sayı, mənzillərdə nə qədər paylayıcı olması və digər nüanslar nəzərə alınmalıdır. Bütün binalarda standartlar eyni deyil".
Yanğın təhlükəsizliyinə dair qaydalara ciddi riayət edilməlidir
Elmar Nurəliyevin dediyinə görə, bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyinə dair təlimatlara, qaydalara, Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyinə dair irad və tövsiyələrinə mütləq ciddi riayət etməlidirlər: "Təbii ki, bununla bağlı "Yanğın təhlükəsizliyi haqqında" qanun da mövcuddur və bütün təyinatlı obyektlərə şamil olunur. Bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyinə dair təlimatlara, qaydalara və normativ standartlara ciddi riayət etməlidirlər. Obyektlər, təbii ki, öz spesifikasına uyğun yanğın təhlükəsizliyi təchizatı, yanğın xəbərdaredici siqnalizasiya vasitələri, ilkin odsöndürmə vasitələri, təxliyə yolları, təhlükəsiz toplanış yerləri, ehtiyat su çəni, yanğın hidrantları, yanğın dolabları ilə təmin olunmalıdır, bütün bunların hər biri normativ standartlara uyğun və mütləq işlək, saz vəziyyətdə olmalıdır. Bunu bütün iş yerləri təmin etməlidir. İş yeri deyəndə həm çoxmənzilli yaşayış binaları, həm də digər təyinatlı obyektlər - zavod, fabrik, bazar, ticarət mərkəzi və digər yerlər nəzərdə tutulur. Bu təchizat daim saz vəziyyətdə saxlanılmalıdır. İşçilərin də bununla bağlı ilkin bilikləri olmalıdır".
Yanğın baş verən zamanı necə davranmalı?
Ekspert bildirib ki, yanğın təhlükəsizliyi təchizatı ilə bağlı hər hansı bir nasazlıq baş verərsə, həmin nasazlıq mütləq ixtisaslaşmış müəssisə tərəfindən aradan qaldırılmalıdır: "Təbii ki, yanğın hadisələrindən heç kim sığortalanmayıb. Lakin yanğın təhlükəsizliyi təchizatı tam saz və normativ standartlara uyğun olarsa, işçilərin mövzu ilə bağlı bilik və bacarıqları olarsa, bu cür hadisələrdən minimal zərərlə çıxmaq mümkündür. İnsanlar da bilməlidirlər ki, bu cür hadisələr zamanı necə davranmalı, necə təhlükəsiz təxliyə olunmalı, hansı keçid yollarından istifadə etməli, ilkin odsöndürmə vasitəsindən istifadə etməklə yanğını söndürməyə necə cəhd göstərməli və ya özlərini həmin ərazidən necə təhlükəsiz şəkildə çıxarmalıdırlar. İnsanların bu cür biliklərə malik olmaları belə hallarda onların böyük köməyinə çatmış olur. Məsələn, tüstüdən qorunmaq üçün yaş dəsmalı isladaraq nəfəs yollarına tutmaq və yer səthinə daha yaxın olaraq ərazidən çıxmaq mümkündür. Tüstü olan zonalarda yerə yaxın hərəkət etmək vacibdir, çünki tüstü əsasən yuxarıya doğru yığılır. Yerə yaxın hərəkət tüstüdən zəhərlənmə riskini minimuma endirir. Əgər təxliyə mümkün deyilsə, sakinlər qapı boşluqlarını nəm parça ilə bağlamalı, tüstünün mənzilə daxil olmasının qarşısını almalı və balkona çıxaraq kömək gözləməlidirlər. Tüstü yanğın zamanı ölüm hallarının əsas səbəblərindən biridir və bu səbəbdən sakinlər tüstüdən qorunmağın yollarını bilməlidirlər".
Texniki yüklənmələr nəticəsində müxtəlif qəzalar baş verir
Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, naqillər nə qədər dözümlü olsa da, kənar müdaxilə zamanı qəza qaçılmazdır: "Qeyri-yaşayış sahələrinin idarə olunması müştərək cəmiyyətin, yaxud MTK-nın səlahiyyətindədir. Bizdə isə bu ərazilər tikinti şirkətinə məxsus olur. Onlar həmin əraziləri icarəyə verir, satırlar. Bu zaman layihədə nəzərdə tutmayan şəkildə fəaliyyət təşkil olunur, bina və texniki avadanlıqlar normadan artıq yüklənir. Texniki yüklənmələr nəticəsində də müxtəlif qəzalar baş verir. Nəzarət mexanizmi üçün binaların idarə edilməsi ilə bağlı qanunların təkmilləşməsinə ehtiyac var. Yerli icra qurumları yerində reydlər keçirməlidir".
Bu sistemlər yanğın riskinin qarşısını alan əsas mexanizmlərdir
Layihələndirmə normalarına görə yaşayış binalarının elektrik şəbəkələri avtomatik mühafizə sistemləri - qısaqapanma, artıq yüklənmə və sızma cərəyanından qoruma cihazları ilə təchiz olunmalıdır. Bu sistemlər yanğın riskinin qarşısını alan əsas mexanizmlərdir. Elektrik şitləri və kabel avadanlıqlarının yerləşdirilməsi üçün xüsusi qaydalar mövcuddur. Onlar vanna otağı, sanitar qovşağı kimi nəmləşmə olan sahələrin altında quraşdırıla bilməz. Eyni zamanda, elektrik lövhələrinə giriş ya birbaşa küçədən, ya da mənzillərdənkənar dəhlizlərdən təmin edilməlidir ki, fövqəladə hallarda müdaxilə imkanları məhdudlaşmasın. Kabel şaxtaları və mühəndis kommunikasiya kanalları yanğına davamlı materiallardan hazırlanmalı və odadavamlılıq tələblərinə uyğun olmalıdır. Təhlükəsizlik baxımından elektrik qurğularında cərəyanaparan hissələr mütləq izolyasiya olunmalı, torpaqlama sistemi tətbiq edilməli və avtomatik söndürmə mexanizmləri nəzərdə tutulmalıdır. İstifadə olunacaq xətlərin növləri də normativ sənədlərlə müəyyən edilir. Mis kabellər yaşayış və ictimai binalarda əsas seçimdir, çünki yüksək keçiricilik və yanğın təhlükəsizliyi baxımından etibarlıdır. Alüminium kabellər daha çox sənaye obyektlərində və yüksək gərginlikli xətlərdə istifadə olunur, yaşayış binalarında isə yalnız xüsusi şərtlərlə tətbiq edilir. İzolyasiyalı kabellər yanmayan və çətin yanan materiallardan olmalı və müvafiq tələblərə cavab verməlidir.
Normalar var, nəzarət yoxdur
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurum tərəfindən daimi olaraq yanğından mühafizə ilə bağlı yoxlamalar həyata keçirilir. Lakin bu yoxlamalar sadəcə elektrik naqilləri ilə bağlı olmur. Elektrik xətlərinə aid normalara onlar nəzarət etmirlər: "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi" haqqında Azərbaycan Respublikasının Qanununun tələbləri çərçivəsində həyata keçirilir. Belə ki, yoxlamalar əvvəlcədən növbəti il üçün planlaşdırılır və növbəti il ərzində müəyyən olunan dövriliklə yoxlamaların icrası təmin olunur: "Tələblərə əsasən elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydalara və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməsi tələb olunur. Sözügedən tələbin həyata keçirilməsinə nəzarət tədbirləri çərçivəsində bu işlərin normalara uyğun olub-olmaması ilə bağlı müvafiq sənədlər istehlakçıdan, yəni yoxlamaya cəlb olunmuş sahibkarlardan tələb olunur. Bu tələblər təqdim olunmadıqda Dövlət yanğın nəzarəti inspektoru tərəfindən cavabdeh şəxs barəsində İnzibati Xəta haqqında Protokol tərtib olunur, eyni zamanda bu pozuntunun aradan qaldırılması üçün müvafiq məzmunlu tələbnamə ona təqdim edilir".
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 05 Dekabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















