Yatırım etmək istəyənlər oxusun Bazarda gözlənilməz vəziyyət yarandı
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Qlobal əmtəə bazarlarında maraqlı və nadir bir mənzərə yaranıb. Neftin qiyməti sənaye və investisiya metali olan gümüşdən geri qalıb. Hazırda gümüşün unsiyası 76 dollar, neftin bir bareli isə 61 dollar səviyyəsindədir.
Gümüşün nefti geridə qoyması müvəqqəti bazar dalğalanmasıdır, yoxsa enerji və investisiya strategiyalarında daha dərin dəyişikliklərin xəbərçisidir? Bu vəziyyət neft ixracatçısı ölkələr, investorlar üçün hansı risk və imkanları yaradır?
Globalinfo.az-a danışan iqtisadçı Turab Rzayev deyib ki, hazırda bütün dünyada genişmiqyaslı inflyasiya prosesi müşahidə olunur:
“Bu dövr bəlkə də son yüz ilin ən sürətli inflyasiya mərhələlərindən biri hesab oluna bilər. Qlobal miqyasda bu səviyyədə inflyasiya sonuncu dəfə əsasən 1930-cu illərdə qeydə alınıb. İkinci Dünya müharibəsindən sonra Almaniya və bir sıra ölkələrdə yaşanan inflyasiya hallarını istisna etsək, bu gün müşahidə olunan proseslər miqyasına görə həmin dövrlə müqayisə edilə bilər. Faktiki olaraq, valyutaların dəyərsizləşməsi prosesi gedir. ABŞ dolları da daxil olmaqla əsas valyutalar ardıcıl şəkildə dəyər itirir. Bugünkü dollar dünənkindən, sabahkı dollar isə bugünkündən daha dəyərsiz olur. Bu səbəbdən sahibkarlar və investorlar vəsaitlərini pul şəklində saxlamaqdan çəkinir və alternativ investisiya alətlərinə yönəlirlər”.
Turab Rzayev
İqtisadçı bildirib ki, riskləri azaltmaq məqsədilə daha etibarlı hesab olunan investisiya vasitələrinə üstünlük verilir:
“Bu baxımdan ənənəvi qiymətli metallar, xüsusilə qızıl və gümüş ön plana çıxır. Min illərdir dəyərini qoruyan bu metallar təsadüfi olaraq kəskin bahalaşmayıb. Son bir neçə ildə qızılın qiyməti təxminən 2 dəfə artıb və artım tendensiyası davam edir. Gümüş də alternativ “təhlükəsiz liman” kimi investorların diqqətini cəlb edir. Gümüş qızıla nisbətən daha geniş yayılmış olsa da, sonsuz resurs deyil və tələbatın artması onun qiymətində də ciddi yüksəlişə səbəb olur. Bu tendensiya təkcə qızıl və gümüşlə məhdudlaşmır. Mis, alüminium, latun və digər sənaye metallarında da qiymət artımları müşahidə olunur. Bu da həm xammala olan qlobal tələbatın, həm də inflyasiyanın nəticəsidir”.
Ekspert qeyd edib ki, birja və daşınmaz əmlak bazarlarına yönəlmə də müşahidə edilir:
“Lakin bu sahələr balon riski daşıdığı üçün tam etibarlı investisiya aləti hesab edilmir. Məsələn, ABŞ-da bir çox iri şirkətlər artıq istehsala deyil, əsasən maliyyə alətləri və birja əməliyyatları hesabına gəlir əldə edir. Bu isə müəyyən mərhələdə maliyyə balonunun partlaması riskini artırır. Bu səbəbdən investorlar bu bazarlardan qazanc əldə etsələr də, onları uzunmüddətli və təhlükəsiz yatırım vasitəsi kimi görmürlər. Eyni vəziyyət daşınmaz əmlak bazarında da müşahidə olunur. Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da son iki ildə əmlak qiymətləri bəzən iqtisadi əsaslandırması olmadan 2-3 dəfə artıb”.
Turab Rzayevin sözlərinə görə, neft strateji məhsul olduğu və qlobal istehsala birbaşa təsir göstərdiyi üçün qiymətlərin kəskin dəyişməsinin qarşısını almağa çalışırlar:
“Bununla belə, geosiyasi risklər, xüsusilə İran, Nigeriya və Venesuela ətrafında yaranan gərginliklər neft qiymətlərinin sürətlə yüksəlməsinə səbəb ola bilər. ABŞ-da seçki dövrlərində, o cümlədən Prezident Donald Trampın iştirak etdiyi kampaniyalar zamanı, neft qiymətlərinin artması arzuolunan sayılmır. Çünki neftin bahalaşması ABŞ-da yanacaq və nəqliyyat xərcləri vasitəsilə ümumi yaşayış xərclərinin artmasına gətirib çıxarır. Bu səbəbdən ehtimal etmək olar ki, neft qiymətləri digər əmtəələr kimi sürətlə artarsa, ABŞ müxtəlif geosiyasi və iqtisadi mexanizmlərdən istifadə edərək, xüsusilə Venesuela yaxud Nigeriya üzərindən bazarı balanslaşdırmağa, qiymətləri yenidən aşağı salmağa cəhd göstərə bilər”.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 31 Dekabr 2025 08:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















