Icma.az
close
up
RU
Yeni deputatlar hansı yeniliklər gətirdilər? Köhnələr də DANIŞDI

Yeni deputatlar hansı yeniliklər gətirdilər? Köhnələr də DANIŞDI

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2024-cü il sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ölkənin siyasi həyatında mühüm mərhələ kimi yadda qaldı. Bu seçkilər Qarabağın işğaldan azad edilməsindən sonra təşkil olunan ilk parlament seçkiləri olmaqla yanaşı, yeni siyasi reallıqlar fonunda formalaşan Milli Məclisin tərkibini müəyyənləşdirdi.

Seçkilərin nəticələri parlamentə bir sıra yeni simaların daxil olması ilə diqqət çəkdi. Cəmiyyətdə maraq doğuran əsas suallardan biri isə yeni deputatların Milli Məclisdə hansı ilk və yeniliklərə imza atması, qanunvericilik fəaliyyətinə hansı yeni yanaşmaları gətirməsidir...

Modern.az məhz bu istiqamətdə həm ilk dəfə seçilən deputatlar, həm də VII çağırış Milli Məclisdən əvvəl deputat olmuş şəxslər arasında sorğu keçirib.

Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev yerli idarəetmə orqanları ilə bağlı qaldırdığı məsələni ön plana çəkib:
"Parlamentdə qaldırdığım ən strateji məsələlərdən biri bələdiyyələrlə bağlıdır. Bələdiyyələrin borcu var. Bələdiyyələrin borcu silinməli və ya dondurulmalıdır. Hesabı bağlı olan bələdiyyələr var. Hesabı bağlı olan bələdiyyələr işləyə bilməzlər. Yerli idaretmə ilə bağlı qaldırdığım məsələni heç kim belə çılpaqlığı ilə deməyib. Digər mühüm sosial məsələlərlə bağlı mən yalnız paramentdə yox, mediada və digər platformalarda da çıxış etmişəm. Əsas xüsusiyyətim odur ki, hamıdan fərqli olaraq tənqid edib qaçmıram, həll yolunu da göstərirəm. Aparılan siyasətlərin doğru olanını alqışlamışam, səhv olanı da tənqid etməklə alternativ irəli sürmüşəm. Dövlətçilik məsələsində dövlətimizi müdafiə etmişəm".
 

Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə:
“Bir neçə istiqamətdə fəaliyyətim davam edir. Elm və təhsil komitəsinin sədr müavini kimi təhsillə bağlı çox ciddi işləyirik. Dinləmələr, universitetlərlə görüşlər istiqamətində aktiv çalışıram. Digər yandan, Azərbaycan-Böyük Britaniya Parlamentlərarsı əlaqələr komitəsinin sədriyəm. Bir neçə dəfə Britaniya deputatları ilə görüş olub, Bakıda Azərbaycan-Böyük Britaniya forumu keçirmişəm. Yəni Azərbaycanı Böyük Briyaniyada, Londonda deputatlar arasında tanıtmaq istiqamətində işlər aparırıq. Bu 1 il ərzində Böyük Britaniya parlamentində dostluq qrupunun bərpa olunmasına, fəaliyyətə başlamasına nail olduq. Bu, bizim diplomatik uğurumuzdur. Seçicilərlə sıx təmasdayıq. Rayonda müxtəlif təşəbbüslərim var. Təhsil təşəbbüsləri ortaya qoymuşam, qızların bacaraqlarının artırılması ilə bağlı tədbirlər, digər tərəfdən, şəhid övladları üçün yay düşərgələri təşkil etmişdim. Gənclərlə dəyirmi masalar təşkil edirik. Deputatların fəaliyyətinə nə daxildirsə, onu etmişik”.
 

Deputat Elnarə Akimova: “Dünya böyük təbədülatlar dövrünü yaşayır. Cənab Prezidentin yerli mətbuata verdiyi son müsahibəsində də bu fakt diqqət mərkəzində idi. Prezident bunun aydın və birbaşa izahını verdi: “Bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur.  Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var”.
Belə bir dünya düzənində şəxsən mənim üçün önəmli olan milli birlik düşüncəsinin möhkəmlənməsi və dərinləşməsidir. Deputat kimi fəaliyyətim də, çıxış və təkliflərim də milli birlik düşüncəsinin həyatımızın bütün sahələrinə istiqamətlənməsinə yönəlib. 
İrəli sürdüyüm təkliflərə gəlincə. Milli Kitab Mükafatı ilə bağlı bu yaxınlarda irəli sürdüyüm təklif gerçəkləşmək ərəfəsindədir.
Yaradıcı adamların qonorarından tutulan verginin ləğvi ilə bağlı təklif səsləndirmişəm. Region məktəblərində kitabxanaların qorunması, məktəblilərin bura cəlb olunmasının yollarının düşünülməsi ilə bağlı mütəmadi çıxış və təkliflərimi səsləndirirəm. Məktəblərdə psixoloqla şagirdlərin əlaqələrinin gücləndirilməsi, onlarda mütaliəyə marağın artırılması ilə bağlı xüsusi maarifçilik işlərinin aparılması yönündə parlamentin plenar iclaslarında çıxışlarım olub. Mən ədəbiyyatşünas olaraq hər zaman ümummili məsələlərə həssas olmuşam, indi də deputat olaraq bu məfkurə dalğasının içindəyəm və belə məsələlərdə prinsipial və güzəştsizəm”.
 

Deputat Göydəniz Qəhrəmanlı: “2025-ci ildə parlamentin fəaliyyəti genişmiqyaslı və uğurlu olub. Üzv olduğum Əmək və sosial siyasət komitəsi, eləcə də Gənclər və idman komitəsində sosial müdafiə, məşğulluq, gənclərin inkişafı və idmanın təşviqi istiqamətində səmərəli və məqsədyönlü fəaliyyət həyata keçirilib.
Geridə qalan dövr ərzində komitə və plenar iclaslarda səhiyyə, nəqliyyat, turizm, idman və digər sahələrlə bağlı konkret və praktik təkliflərlə çıxışlarım olub və təkliflər irəli sürmüşəm. 
Dairə üzrə vətəndaşlarla birbaşa ünsiyyət hər bir deputat üçün prioritet istiqamətlərdən biridir. Ay ərzində bir neçə dəfə həm əvvəlcədən müəyyən edilmiş qəbul yerlərində, həm də səyyar və məhəlli xarakterli görüşlər keçiririk. Bu görüşlərdə vətəndaşların gündəlik problemlərini dinləyir, onların müraciətlərini yerindəcə araşdırır və aidiyyəti qurumlarla yönəldərək birgə həllinə çalışırıq. Eyni zamanda, həm ölkə daxilində, həm də xaricdə keçirilən müxtəlif tədbirlərdə, o cümlədən beynəlxalq platformalarda iştirak etmək imkanım olub. Qırğız Respublikasında keçirilən növbədənkənar parlament seçkilərini müşahidə etməyim də bu baxımdan mühüm beynəlxalq təcrübə oldu. Mətbuatla açıq və aktiv əməkdaşlıq da fəaliyyətimin əsas istiqamətlərindəndir. Hesab edirəm ki, deputatın fəaliyyəti cəmiyyətə daim çatdırılmalı, görülən işlər barədə ictimaiyyət mütəmadi məlumatlandırılmalıdır”.
 

Deputat Rizvan Nəbiyev: “Mən elmdən diplomatiyaya, diplomatiyadan isə parlament fəaliyyətinə gəlmişəm. Bu baxımdan əminliklə deyə bilərəm ki, parlament çox böyük bir siyasi məktəbdir. Xüsusilə nəzərə alsaq ki, müsəlman Şərqində parlamentli respublika ənənəsinin təməli məhz Azərbaycanda qoyulmuşdur, bu institutun tarixi və siyasi əhəmiyyəti daha aydın şəkildə ortaya çıxır. Sovet İttifaqının süquta uğradığı, dövlət müstəqilliyimizin bərpasına aparan mürəkkəb və ziddiyyətli dövrdə o vaxtkı parlament ölkədə gedən siyasi proseslərin mərkəzində dayanmış, taleyüklü qərarların qəbulunda həlledici rol oynamışdır. Hazırda qalib dövlətimizin parlamentində təmsil olunmaq çox qürurludur. VII çağırış Milli Məclis ərazi bütövlyümüzün, dövlətimizin suveren nəzarətinin tam bərpasından ilk dəfə olaraq bütün ərazilərimizi əhatə edən seçki nəticəsində formalaşmışdır.

Parlament mahiyyət etibarilə kollegial fəaliyyətin üstünlük təşkil etdiyi ali qanunverici orqandır. Ayrı-ayrı deputatların çıxışları nə qədər prinsipial və əsaslandırılmış olsa da, nəticə etibarilə hər hansı qanunun qəbul edilməsi və ya mövcud qanunvericilikdə bir ifadənin dəyişdirilməsi üçün müvafiq səs çoxluğunun təmin edilməsi zəruridir. Bu baxımdan parlament fəaliyyəti həm fərdi mövqelərin ifadəsi, həm də ortaq siyasi iradənin formalaşdırılması prosesidir. Məsələn, 2025-ci ildə Milli Məclisin 38 plenar iclasında 181 qanun və 33 qərar qəbul edilmişdir ki, bu da qanunvericilik fəaliyyətinin intensivliyini və sistemliliyini nümayiş etdirir.

Bu kontekstdə mən VII çağırış Milli Məclisin ötən dövr ərzində keçirilmiş iclasları arasında bir sıra mühüm hadisələri xüsusilə fərqləndirmək istərdim. Onlardan biri “Diplomatik xidmət haqqında” Qanunun 2024-cü ilin dekabr ayında qəbul edilməsidir. Bu qanun layihəsi uzun illər, ən azı on ildən artıq müddətdə dövlət daxili prosedurlar çərçivəsində müzakirə olunurdu. Mən Xarici İşlər Nazirliyində Beynəlxalq hüquq və müqavilələr idarəsində çalışdığım dövrdə də bu layihə ilə bağlı dəfələrlə daxili müzakirələrdə iştirak etmişdim. Parlamentdə təmsil olunduğum dövrdə bu qanunun qəbuluna səs vermək mənim üçün mənəvi və peşəkar əhəmiyyət daşıyırdı.

Bu baxımdan iki xüsusi iclası ayrıca qeyd etmək istərdim. Birincisi, 8 may tarixində keçirilən “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda Milli Məclisin xüsusi iclasıdır. İkincisi isə Prezident İlham Əliyevin ABŞ-a səfərinin nəticələri və 8 avqust Vaşinqton razılaşmaları ilə bağlı Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsidir. Həm xüsusi iclas, həm də növbədənkənar sessiyada çıxış etmək imkanımın olması mənim üçün mühüm təcrübədir.

Eyni zamanda, parlamentin beynəlxalq proseslərə münasibətdə nümayiş etdirdiyi vahid və prinsipial mövqe, Azərbaycanın milli maraqlarının müdafiəsində siyasi həmrəyliyin qorunması xüsusi qeyd olunmalıdır. Bu yanaşma həm parlament diplomatiyasının güclənməsinə, həm də ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Qalib dövlətin parlamentini müvafiq səlahiyyətlər çərçivəsində müxtəlif beynəlxalq platformalarda təmsil etmək xüsusi qürur hissi yaradır. 2025-ci ildə 94 deputat həmkarım 49 ölkəyə 201 səfər həyata keçirmiş, Milli Məclis Sədri isə 17 ölkədə rəsmi və işgüzar səfərlərdə olmuşdur.

Asiya Parlament Assambleyasının (APA) müxtəlif komitə və digər iclaslarında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi iştirak etmişəm, qalib Azərbaycana göstərilən hörmət və marağın şahidi olmuşam. APA-ya Milli Məclisin sədrlik etməsi səbəbindən bütün iclaslarda Azərbaycan nümayəndəsinə əsas hissədə çıxış imkanı verilir. Prezident İlham Əliyevin strateji vizionu, hərbi, siyasi və diplomatik səyləri nəticəsində formalaşmış sülh gündəliyi və yeni regional reallıqlar şəraitində əməkdaşlıq imkanları barədə danışmaq hər zaman qürurvericidir.

Parlament fəaliyyətinin ən həssas və məsuliyyətli istiqamətlərindən biri də vətəndaş qəbulları zamanı seçiciləri dinləmək, onların qayğı və problemlərini müvafiq dövlət orqanları qarşısında qaldırmaqdır. Seçicilərin hətta kiçik bir probleminin həlli belə onları sevindirdiyi kimi, mənim üçün də böyük məmnunluq yaradır. Xüsusilə məsələ bütöv bir seçki dairəsini və ya daha geniş ərazini əhatə etdikdə, bunun həllinə töhfə vermək uzun müddət yadda qalan olur.

Bu qəbildən olan məsələlərə Masazır qəsəbəsini “Memar Əcəmi” metro stansiyası ilə əlaqələndirən 525 nömrəli marşrut xətti üzrə avtobusların müasir nəqliyyat vasitələri ilə yenilənməsi və hərəkət intervalının qısaldılması təşəbbüsünü misal göstərə bilərəm. Bu məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qarşısında müraciət qaldırılmış, çox operativ reaksiya verilmiş, peşəkar fəaliyyət göstərilmişdir. Prosesin cari il ərzində də davam etdirilməsi nəzərdə tutulur. Nəticə və əsas prioritet vətəndaş məmnunluğunun təmin edilməsinə nail olmaqdır”.

Deputat Səbinə Salmanova: “Bildiyiniz kimi, mən 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən Milli Məclisə deputat seçilmişəm. Deputat seçildiyim ilk gündən etibarən seçicilərimə verdiyim sözə sadiq qalaraq daim onların yanında olmağa, qayğıları ilə yaxından maraqlanmağa çalışıram. Vətəndaşlarımızın problemlərini diqqətlə dinləmək və onların həlli istiqamətində real addımlar atmaq fəaliyyətimin əsas prioritetidir. Ayda iki dəfədən az olmayaraq Sumqayıt şəhərində vətəndaş qəbulları keçirirəm. Bu qəbullar zamanı səsləndirilən məsələlər nəzarətə götürülür və aidiyyəti qurumlarla birgə həlli istiqamətində iş aparılır. Bir məsələni də xüsusi olaraq qeyd etmək istərdim ki, fəaliyyətim dövründə şəhid ailələri, qazilər və müharibə veteranları ilə mütəmadi görüşlər keçirilir. Onların qayğı və problemlərini yerində öyrənmək üçün tez-tez evlərində olur, sosial və məişət məsələləri ilə yaxından maraqlanıram. Bu görüşlər formal xarakter daşımır- məqsədimiz onları dinləmək, mənəvi dəstək olmaq və qarşılaşdıqları çətinliklərin həlli üçün real addımlar atmaqdır. Şəhid ailələri və qazilər bizim üçün daim diqqət mərkəzindədir və onların yanında olmaq mənim deputat kimi ən mühüm vəzifələrimdən biridir.

Deputat kimi təşəbbüsüm və dəstəyimlə indiyədək Sumqayıt şəhərində 14 müxtəlif ictimai və sosial tədbir təşkil olunub. Bundan əlavə, ötən ilin yayında ilk dəfə olaraq 30-dan çox şəhid ailəsi, qazi və müharibə veteranının işğaldan azad edilmiş ərazilərə səfəri təşkil edilib. Bu səfərlər çərçivəsində Xankəndi, Şuşa, Laçın, Füzuli, Ağdərə və Xocalıda olmuşuq. İki gün ərzində həmin ailələrlə birlikdə həm duyğulu, həm də unudulmaz anlar yaşamışıq. Bu səfərlərin əsas məqsədi onların mənəvi dəstək görməsi və azad olunmuş torpaqlarımızı öz gözləri ilə görmələri idi.

Eyni zamanda, müasir dövrdə sosial şəbəkələrin cəmiyyət həyatında mühüm rol oynadığını nəzərə alaraq bu platformalardan fəal şəkildə istifadə edirik. Facebook hesabım vasitəsilə fəaliyyətimizlə bağlı mütəmadi paylaşımlar edilir. Mediada yayımlanan açıqlama və müsahibələrimiz video formatında da təqdim olunur ki, bu da fəaliyyətimizin bir növ hesabatlılıq prinsipi əsasında ictimaiyyətə çatdırılmasına xidmət edir.

Sosial şəbəkələr üzərindən bizə müraciət edən vətəndaşlarla birbaşa ünsiyyət qurulur, onlar qəbullara dəvət edilir və ya telefon vasitəsilə əlaqə saxlanılaraq problemləri və təklifləri ilə yaxından maraqlanılır. Əsas məqsədimiz ondan ibarətdir ki, seçicilərimiz atdığımız hər bir addımdan məlumatlı olsun və öz deputatlarını daim yanlarında hiss etsinlər.

Ötən il üzvü olduğum Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı mühüm bir təşəbbüslə çıxış etdim. Belə ki, minatəmizləmə fəaliyyəti zamanı həlak olan şəxslərə şəhid statusunun verilməsi təklifini irəli sürdüm. Daha sonra komitənin növbəti iclaslarından birində hörmətli sədrimiz Arzu Nağıyev bu təklifin müsbət qarşılandığını və məsələ ilə bağlı aidiyyəti qurumlarla müzakirələrin aparıldığını qeyd etdi.

Bununla yanaşı, TÜRK PA-ya üzv ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələrinin iclasında da çıxış edərək üzv ölkələr arasında mövcud və potensial ortaq təhlükəsizlik çağırışlarına qarşı vahid müdafiə və təhlükəsizlik strategiyasının hazırlanması təşəbbüsü ilə çıxış etdim. İclas zamanı irəli sürdüyüm bu təklif türkiyəli həmkarım, sabiq Milli Müdafiə naziri Hulusi Akar və digər parlamentarilər tərəfindən müsbət qarşılandı və gələcəkdə bu məsələyə xüsusi diqqət ayrılacağı vurğulandı.

Xatırlatmaq istərdim ki, ötən ilin avqust ayında mediada iki əcnəbi vətəndaşın Şəhidlər xiyabanında yol verdiyi qeyri-etik davranışları əks etdirən video geniş müzakirələrə səbəb olmuşdu. Həmin vaxt mediada çıxış edərək belə bir təklif irəli sürmüşdüm ki, şəhid məzarları, dini və tarixi abidələr, memorial komplekslər və milli əhəmiyyət daşıyan digər məkanlarda ictimai davranış qaydaları hüquqi şəkildə tənzimlənməlidir. Bu məkanlarda nalayiq hərəkətlərə yol verən şəxslər üçün inzibati, zərurət olduqda isə daha sərt cinayət məsuliyyəti nəzərdə tutulmasını, eyni zamanda video və foto çəkilişlərə müəyyən məhdudiyyətlərin tətbiq olunmasını təklif etmişdim. Qeyd edim ki, bu təşəbbüslər cəmiyyət və media nümayəndələri tərəfindən də müsbət qarşılandı.

Parlamentdə təmsil etdiyim doğma şəhərim Sumqayıtla bağlı da həm komitə, həm də plenar iclaslarda ardıcıl şəkildə müxtəlif təkliflərlə çıxış etmişəm. Buna misal olaraq, Sumqayıtda tullantıların utilizasiyası zavodunun inşa edilməsi, şəhərdə sutəmizləyici sistemlərin bərpası və genişləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, eləcə də yeni peşə təhsili müəssisələrinin yaradılması ilə bağlı təkliflərimi qeyd edə bilərəm. Bu təşəbbüslərin əsas məqsədi Sumqayıtın ekoloji vəziyyətinin yaxşılaşdırılması, gənclərin peşə təhsili imkanlarının artırılması və şəhərin dayanıqlı inkişafına töhfə verməkdir.

Hesab edirəm ki, hər bir deputat fəaliyyətini dövrün tələblərinə və seçicilərin gözləntilərinə uyğun şəkildə qurur. Mənimmdə digər həmkarlarım kimi fəaliyyətimdə əsas prinsip cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinə tam dəstək vermək və bu siyasətin icrasında üzərimə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməkdir. Milli Məclisdə və deputatlıq fəaliyyətimdə atdığım bütün addımlar ölkənin milli maraqlarına, dövlətçilik prinsiplərinə və ölkə başçımız tərəfindən müəyyənləşdirilmiş strateji hədəflərə uyğun şəkildə həyata keçirilir”.
 

Bəs Milli Məclisin eks-deputatları ilk dəfə parlament üzvü olan millət vəkilləri barədə nə düşünürlər?
 

Sabiq deputat Kamilə Əliyeva: “Mən üç çağırış Milli Məclisin deputatı olmuşam. Və hazırda dünyada baş verən siyasi durumu, parlamentin, deputatlarımızın fəaliyyətlərini televiziya və mətbuat vasitəsilə izləyirəm. Şəxsən adlar çəkmək istəmirəm. Amma ümumilikdə götürdükdə, VII çağırış Milli Məclisin yeni seçilmiş deputatları arasında da çox fəalları var. İlk dəfə seçilməklərinə baxmayaraq, tanınırlar, tez-tez çıxış edib, mövqelərini həm mətbuatda, həm də televiziyada ortaya qoyurlar. Yəni bu deputatların fəaliyyətini qənaətbəxş hesab edirəm.

Aydın məsələdir ki, heç də onların hamısı eyni səviyyədə deyil. Onların aralarında ən çox, orta və nisbətən fəal olanlar var. Belə deyim ki, hələ də uyğunlaşmayanlar var. Amma güman edirəm ki, hələ də o qədər çox vaxt keçməyib”.

Keçmiş deputat Rüfət Quliyev: “Sözün açığı deyim, gənc deputatların çıxışlarını xüsusi izləmirəm. Arabir onların çıxışlarına internetdə rast gəlirəm. Təbiidir ki, millət vəkili olmaq üçün müəyyən təcrübə lazımdır. Cavanlar Milli Məclisə müəyyən qədər yenilik gətirə biliblər. Amma onların fəaliyyətini 2-ci il yekunlaşdıqda dəyərləndirmək daha düzgün olar. Çünki mən özüm də bu yolu keçmişəm, bilirəm ki, 1-ci il çox müəyyən dərəcədə aktiv olmaq, bütün məsələlərə öz fikrini bildirmək çox çətindir.
İndi bütün strukturlara gənclər gəlir. Cavan nazirlər, department sədrləri, icra başçıları var. Bunların əksəriyyəti işləri düzgün icra edə bilirlər. Amma son olaylar onu gösətrir ki, onların içərisində müəyyən qədər səhvlərə yol verənlər də var. İnkişaf naminə gənclər gəlməli və özlərini göstərməlidirlər. İstənilən siyasətçiyə qiymət vermək üçün isə 1 il yarım, 2 il keçməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Yanvar 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri