Icma.az
close
up
RU
Yeni Kaledoniya anlaşması: Makron İlham Əliyevdən, rəsmi Paris Bakıdan üzr istəyəcəkmi?

Yeni Kaledoniya anlaşması: Makron İlham Əliyevdən, rəsmi Paris Bakıdan üzr istəyəcəkmi?

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yadınızdadırmı, Fransa prezidenti Emmanuel Makron Azərbaycanı ölkəsinin daxili işlərinə qarışmaqda günahlandırırdı? Cavabında Prezident İlham Əliyev fransalı həmkarının Azərbaycan barədə səsləndirdiyi ittihamları “cəfəng” adlandıraraq bildirmişdi ki, “Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir”.

Azərbaycanı Fransanın dənizaşırı ərazilərinə müdaxilə etməkdə günahlandıran Makron ötən il “Səfirlər Konfransı 2025” tədbirindəki çıxışında absurd iddialarını kürsüdən dilə gətirmişdi. Sitat: “Fransa son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə üzləşib. Azərbaycan beynəlxalq hüquqa və Ermənistana dəstəyimizlə bağlı bizimlə fikir ayrılıqlarını bununla aradan qaldıra biləcəyini düşünür", - Fransa lideri bildirib.

Bu, Fransaya rəhbərlik edən şəxsin olduqca cılız, ölkəsinin adına yaraşmayan iddiası idi. İctimaiyyət içərisində nəinki əleydarı olan kənar şəxslərin, hətta həyat yoldaşının tərs şillələrinə vaxtaşırı tuş gələn şəxsdən əslində başqa mövqe gözləməyə dəyməzdi. Bir az ciddi olsaydı, başa düşərdi ki, müdaxilə Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad edərkən Makronun beynəlxalq hüququ, BMT qətnamələrini unudub açıq bəyanatla işğala qarşı mübarizəmizə qarşı çıxışlar etməsi, BMT Təhlükəsizlik Şurasının anti-Azərbaycan qətnaməsi qəbul etmək üçün dəridən-qabıqdan çıxması idi. Müdaxilə Fransanın 30 il ərzində işğalçı Ermənistanı, Qarabağdakı separatçıları açıq himayəsi, “həmsədr” libasında işğala və terrora bütün sahələrdə dəstək verməsi idi. Müdaxilə Fransa TIR-larının Laçın yolundan zorla Xankəndiyə keçmək istiqamətində cəhdlər idi ki, burunlarından vuruldu, geri qaytarıldı. Nəhayət, müdaxilə Fransanın başçılığı ilə Avropa İttifaqı kəşfiyyatçılarının elə iki gün əvvələdək Ermənistan ərazisindəki postlardan Azərbaycan ərazilərini binokllu baxışlarla təhdid etmələridir.

Amma Fransa prezidenti nəinki yanlışlarından nəticə çıxartmağı bacardı, hətta Bakının evsahibliyi ilə keçirilən COP29 kimi qlobal əhəmiyyətli tədbiri pozmağa çalışdı, boykot çağırışları etdi. Rəsmi Parisin cəhdləri iflasa uğradıqdan sonra isə Azərbaycan Prezidentinin Makron ölkəsini Yeni Kaledoniyada “müstəmləkə cinayətlərində” ittiham etməsinə cavab olaraq Fransanın ekologiya naziri Agnes Pannier-Runacherin COP29-da iştirakından imtina edildi. Azərbaycan Prezidenti faktlarla danışmışdı, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində “Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir”, deməklə Azərbaycana dil uzadanlara yerlərini göstərmişdi. Üstəlik, Fransanın cinayətlərinə beynəlxalq səssizliyə də etirazını ifadə etmişdi: “Bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır”.

Budur, Azərbaycan dövləti və Prezidenti növbəti dəfə haqlı çıxdı. Beynəlxalq səviyyədə ədalətin təmin olunması istiqamətində hər zaman – hətta pandemiya zamanı peyvənd ayrıseçkiliyinə etiraz etməklə - cəsarətli mövqeyini nümayiş etdirən dövlətimizin Fransa əsarətindəki xalqların hüquqlarının bərpasına yönəlik fəaliyyəti bəhrəsini verdi.

Konkretləşdirək: İyulun 2-dən Parisdə Kanakinin (Yeni Kaledoniya) gələcək statusunun müəyyənləşdirilməsi məqsədilə Fransa Hökuməti, müstəqillik tərəfdarları və əleyhdarları arasında yüksək səviyyəli Sammit öz işinə başlayıb və iyulun 12-də tərəflər Yeni Kaledoniyanın gələcəyi ilə bağlı razılaşmanın layihəsinə imza atıblar. Ən diqqətçəkən və hadisənin müsbət məqamlarından biri budur ki, Fransa prezidentin Emmanuel Makron ilk dəfə Yeni Kaledoniya ilə bağlı danışıqda şəxsən iştirak edib. Dünənə qədər ölkəsinə ünvanlı tənqidləri “top-tüfəng”lə qarşılayan Makron nəhayət etiraf etmiş olub ki, Yeni Kaledoniyadakı problemlərin kökündə rəsmi Parisin “tapdala və hökm sür” siyasəti dayanır. Təbii ki, öz xoşu ilə, yaxud humanizm nöqteyi-nəzərli yanaşması səbəbindən olmadı bu reaksiya. Yeni Kaledoniya məsələsinin beynəlmiləlləşdirilməsi öz sözünü dedi. Azərbaycanın, xüsusilə də Bakı Təşəbbüs Qrupunun bu məsələdə oynadığı rolu və töhfəsi artıq hamı tərəfindən qəbul edilir, bəziləri hələlik etiraf etməsələr də, bu, faktdır!

Bakı Təşəbbüs Qrupunun yaradılması, Fransa əsarətindəki xalqlara öz haqlarını müdafiə istiqamətində tribuna verilməsi Azərbaycan dövlətinin kifayət qədər cəsarətli addımı, eyni zamanda tarixi əhəmiyyət kəsb edən nümunəvi addım idi. Azərbaycan bu məsələdə yeniləşməyə ehtiyacı olan BMT funksiyasını üzərinə götürdü sanki. Səsləri eşidilməz olan, haqları pozulan, həbs edilən, öldürülən xalqların təmsilçiləri üçün 120 üzvü olan Qoşulmama Hərəkatının çərçivəsində yaradılan Bakı Təşəbbüs Qrupu bir xilaskar statusunda təsisat oldu. Daha sonra bu Qrupun fəaliyyəti ölkəmizin sərhədlərini aşaraq, beynəlxalq təşkilat statusunda təşəkkül tapdı. Sözü də imzası qədər etibarlı, dürüst olan Prezident İlham Əliyev bu təsisat haqqında belə demişdi: “Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir, böyüyür. Əgər bu proses müəyyən səbəblər üzündən başlamışdırsa, bu gün bu, artıq həyatımızın bir parçasıdır. Bu xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə çıxış əldə edə bilmirlər. Onlar hədələnir, onlara qarşı ədalətsizlik bir qayda olaraq artıq özünü təsdiqləyib. Onların müdafiəsinə qalxmaq istəyən tərəflərin, təşkilatların sayı da çox azdır. Bu müstəmləkəçilik praktikası davam edənə qədər biz o xalqların yanında olacağıq”. Prinsipiallıq öz sözünü dedi və artıq həmin sahibsiz xalqların səsləri o qədər ucadan eşidilir ki, onların səsi Makrona da çatır, hətta onlarla tet-a-tet görüşə də vadar olur. Azərbaycan dövlətindən və Prezidentindən üzrxahlığın vaxtıdır, əgər anlaya bilsələr...

Bəli, böyük bir proses başlayıb və bu, ilkin nəticələrdir.

Məlumata görə, ilkin mərhələdə Parisdə danışıqlarda iştirak etmiş şəxslər Kanakiyə geri döndükdən sonra layihəni təmsil etdikləri hərəkatlara təqdim etməli olacaqlar. Yekunda isə layihə Kanak xalqı tərəfindən qəbul edilməlidir. Bildirilir ki, 1998-ci ildə Yeni Kaledoniyanın müstəqilliyi tərəfdarları və əleyhdarları ilə Fransa hökuməti arasında imzalanmış Noumea Sazişinin bu layihə ilə ziddiyyət təşkil etməyən müddəaları qüvvədə qalacaq. Sənəddə öz əksini tapmış əsas məqamlara gəldikdə, Fransa Konstitusiyası tərəfindən tanınan və beynəlxalq ictimaiyyət tərəfindən tanınması nəzərdə tutulan Fransa tərkibində unikal institusional qurum olacaq “Yeni Kaledoniya Dövləti”nin yaradılması, 2026-ci ilin əvvəlində Yeni Kaledoniyanın təşkilatlanmasına həsr ediləcək fundamental qanunun qəbul edilməsi nəzərdə tuyulur. Həmin qanuna əsasən ölkənin kimlik simvolları -ölkənin adı, bayrağı, himni, devizi və sair - dəyişdirilə bilər. Fundamental qanun Yeni Kaledoniya Konqresinin 3/5 üzvü (hazırkı layihəyə əsasən Konqresin üzvlərinin sayı 54-dən 56-yə qalxıb) ilə qəbul ediləcək və eyni say ilə dəyişdirilə biləcək. Bundan əlavə, Fransanın beynəlxalq öhdəliklərinə və fundamental maraqlarına (müdafiə, təhlükəsizlik və millətin həyati maraqları) riayət edərək, Yeni Kaledoniya Dövləti tərəfindən diplomatik fəaliyyətin aparılması faktı qəbul edilir. Konkretləşdirsək, Fransa Dövləti öz diplomatik münasibətlərində Yeni Kaledoniyanın maraqlarını (əlalxüsus xarici ticarət məsələlərində) nəzərə almağı, habelə Yeni Kaledoniyanın beynəlxalq təşkilatlarda daha geniş təmsil olunması və onun beynəlxalq inteqrasiyasını dəstəkləməyi üzərinə öhdəlik kimi götürür. Bu mənada Fransa və Yeni Kaledoniya arasında daimi dialoq beynəlxalq mövqelərin ahəngliyinə zəmanət verəcək.

Düzdür, razılaşmaya əsasən, layihədə hələlik Yeni Kaledoniya Dövlətinin BMT-də yerə malik olması ilə bağlı bir müddəa mövcud deyil. Amma sonrakı addımlar Fransanın razılaşmaya nə dərəcədə əməl etməsindən çox asılı ola bilər. Razışamaya əsasən, Fransa regiondakı strategiyaları, məqsədləri və fəaliyyətləri barədə Kaledoniya rəsmilərini məlumatlandıracaq. Fransanın Yeni Kaledoniyadakı Silahlı Qüvvələri Yeni Kaledoniyanın ərazi bütövlüyünə və onun əhalisinin qorunmasına zəmanət verir. Könüllü hərbi xidmət bölümü təsis ediləcək. Adaptasiya Edilmiş Hərbi Xidmət Alayının mövcudluğu gücləndiriləcək. Bundan əlavə, Fransa Dövlətini, Kaledoniya hökumətini, merləri və adət-ənənə rəsmilərini bir araya gətirəcək Təhlükəsizlik üzrə Ali Kaledoniya Şurası təsis ediləcək. Fransa dövlətinin kompetensiyasına riayət etməklə bölgələr özlərinin bölgə polislərini (ictimai sakitçilik, sanitariya, insanların və malların təhlükəsizliyi, ətraf mühitin qorunması məsələləri) yarada biləcəklər. Fransa dövlətinin kompetensiyasına riayət etməklə Yeni Kaledoniyanın adət-ənənə bölgələrində adət-ənənə (adət-ənənələrə hörmət edilməsinə nəzarət) polisləri təsis ediləcək. Fransa dövlətinin müstəsna kompetensiyasına aid sahələrdən (müdafiə, valyuta, təhlükəsizlik və ictimai əsayişin qorunması, ədliyyə və qanuniliyin yoxlanılması) birinin Kanakiyə ötürülməsi də nəzərdə tutulur.

Sonrakı mərhələdə Yeni Kaledoniya Konqresi tərəfindən belə bir qərar qəbul edilərsə, Fransa Dövləti və Yeni Kaledoniya Konqresinin xüsusi nümayəndə heyəti arasında işçi qrupu yaradılacaq və bu ötürmənin şərtləri müzakirə olunacaq. Nəticədə tərtib ediləcək müştərək layihə kaledoniyalılar tərəfindən təsdiq olunmalı olacaqdır. Sözügedən səsvermədə bütün kaledoniyalılar iştirak edə biləcək.

Bundan əlavə, Kaledoniya vətəndaşlığının yaradılmasından da söhbət gedir ki, bu da önəmli məqamdır. Belə ki, 2026-cı ildən Kaledoniyalılar ikili vətəndaşlığa malik olacaqlar – Fransa və Kaledoniya. Onlar Avropa vətəndaşlığını da qoruyub-saxlayacaqlar. Fransa vətəndaşlığından imtina Kaledoniya vətəndaşlığından imtina anlamına gələcək, bu da rəsmi Parisin maraqlarından irəli gələn təklifdir.

Lakin Fransa Dövləti və Yeni Kaledoniya arasında Maliyyə və İqtisadi Bərpaya dair Paktın imzalanması, nikelin istismarı üçün strateji planın tərtib edilməsi; Yeni Kaledoniyanın cəmiyyəti (xüsusilə də gənclər) üçün səhiyyə, təhsil, iqtisadiyyat, nəqliyyat, sosial evlər və s. sahələrdə xüsusi ictimai siyasətin aparılması istiqamətində anlaşma da önəmli əhəmiyyət daşıyır. Razılaşmaya görə, yuxarıda qeyd edilən bənddə öz əksini tapmış məqamların tərtibatı və icrası məqsədilə Fransa Baş nazirinin rəhbərliyi altında Fransanın dənizaşırı naziri yanında nazirlərarası missiya fəaliyyət göstərəcək.

Bundan əlavə, Avroya arxalanan Sakit Okean frankının valyuta vahidi olaraq qalması, bütün Yeni Kaledoniya vətəndaşlarının və Kanakidə davamlı əsasda ən azı 15 il yaşayan şəxslərin regional seçkilərdə iştirak edə bilməsi də razılaşmalar sırasındadır. Yeri gəlmişkən, sonuncu dəyişiklik mühüm məqamlardan biridir. Fransa dövlətinin məhz bu dəyişiklik istəyi 2024-cü ildə baş vermiş iğtişaşların əsas səbəblərindən biri olub. Regional seçkilər isə Yeni Kaledoniya üçün xüsusi əhəmiyyətə malik olan seçkilərdi. Belə ki, regional seçkilər vasitəsilə Yeni Kaledoniya Konqresinin (Parlament) üzvləri seçilir. Beləliklə, dəyişiklik nəticəsində ən azı 12 min yeni insan regional seçkilərdə səs verə biləcək. Bu razılaşmanın icrasının yaradılması nəzərdə tutulan Nəzarət Komitəsi tərəfindən izlənilməsi, reallaşdırılması da razılaşdırılıb.

12 iyulda imzalanan layihə əhalinin səsverməsinə təqdim ediləcək, razılaşmanın icrasının təqribi təqvimi də hazırlanıb. Bu sırada regionlar seçkilərin keçirilməsinə dair müvafiq qanunun qəbulu nəzərdə tutuliur. Eyni zamanda Fransa Konstitusiyasının Yeni Kaledoniya ilə bağlı bölməsini modifikasiya edəcək konstitusiya qanunu layihəsinin 2026-cı ildə qəbulu da planlaşdırılır.

Bundan əlavə, hazırkı siyasi razılaşmanın təsdiqlənməsi üçün onun Kaledoniyalılara təqdim edilməsi, bələdiyyə seçkilərinin keçirilməsi, hazırkı siyasi razılaşma Kaledoniyalılar tərəfindən təsdiqlənsə, razılaşmanın icrası üçün xüsusi orqanik qanunun qəbulu da qarşıdakı bir ilin planları daxilindədir. Bütün bunların fonunda xüsusi vurğulanmalı olan məqam var: Parislə razılaşdırılan mətnə əsasən, Yeni Kaledoniya öz müqəddaratını təyin etmək hüququnu da özündə saxlayır! Yəni münasibətlər Fransanın özünü necə aparmasından çox asılı olacaq!

Razılaşmanın layihəsinə imza atılandan sonra danışıqlarda iştirak edən şəxslərin Fransa Prezidenti tərəfindən qəbul edilməsi də məsələnin ciddiliyinin təsdiqidir. Üstəlik, həm müstəqillik tərəfdarları, həm də əleyhdarlar tərəfindən etiraf olunur ki, layihənin Yeni Kaledoniyada keçirdilməsi çətin məsələ olacaq. Çünki layihə hər iki siyasi düşərgədə birmənalı qarşılanmır. Eyni yanaşma Beynəlxalq Dekolonizasiya Cəbhəsində də müşahidə olunub. Bütün bunlar rəsmi Parisin indiyədək dənizaşırı xalqlara yönəlik müstəmləkəçilik siyasətinin məntiqi nəticəsidir, insanlar daha inanmaq istəmirlər, xüsusilə də onları qətlə yetirən, həbsə atdıran, addımbaşı əzən Makron Fransasına...

Yeri gəlmişkən, proses Yeni Kaledoniya ilə bitməyəcək.

Yeni Kaledoniyanın yeni “unikal statusu” digər ərazilər -məsələn uzun müddətdir ki, öz statusunu dəyişməyə cəhd edən Korsika - üçün presedent ola bilər. Bununla Fransa Konstitusiyasının “toxunulmazlığı”na, yəni Fransa rəsmilərinin Konstitusiyanın modifikasiya edilməməsi tezisinə son qoyulur. Bu arada qeyd etməkdə fayda var: Bakı Təşəbbüs Qrupunda Korsikanın da haqq səsi ucalıb, eşidilib, dinlənilib. Hətta Azərbaycan Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu bəyanat da yayıb, Azərbaycan dövləti Korsika dilinin qadağan edilməsini bəşəriyyət üçün rüsvayçı hadisə kimi qiymətləndirib. Torpaqlarını təkbaşına azad etmiş, terrorun, separatizmin kökünü kəsmiş Azərbaycan bütün dünyada haqqın səsinə çevrilən, müstəmləkə siyasətindən əziyyətlər çəkən xalqlara, millətlərə sahib çıxan ölkədir.

İndiki halda əminliklə yaza bilərik: Fransa Azərbaycana, Makron İlham Əliyevə uduzdu: bu, Yeni Kaledoniya məğlubiyyətidir, Azərbaycan, İlham Əliyev deyənlər oldu. Azərbaycanı nələrdəsə ittiham edənlər böyük hesabla məğlub oldular. Azərbaycan bayrağını xilas yolu kimi Yeni Kaledoniyada, Korsikada qaldıran o zavallı insanları qırıb məhv etməyə, sərvətlərini talamağa yönəlik siyasət ifalasa uğradı. Bakıda deyilənlərlə razılaşdılar, təsdiqlədilər, özü də rəsmi səviyyədə.

Baxaq, görək Makron İlham Əliyevdən, rəsmi Paris Bakıdan üzr istəyəcəkmi? Hələ o COP29-dan imtina edən nazir...Gözləyirik...

Elşad Paşasoy

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 İyul 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naməlum obyekt Saturna çırpılır...

12 İyul 2025 21:16see185

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see181

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see128

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see127

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see123

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see117

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see114

41 yaşını qeyd edən Vüsalə Əlizadə bahalı hədiyyələrini nümayiş etdirdi

12 İyul 2025 15:32see114

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see113

Rusiya qonşu ölkələrdə gərginlik yaratmağa çalışır

12 İyul 2025 16:44see113

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see112

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see112

Psixopatik xüsusiyyətlər stress hormonları ilə əlaqələndirildi ARAŞDIRMA

12 İyul 2025 10:24see112

KİV: Putin İranın uran zənginləşdirməsini tamamilə qadağan edən razılaşmanı dəstəkləyir

12 İyul 2025 15:46see112

Yamal 18 yaşını harada qeyd edəcək?

12 İyul 2025 16:57see112

Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib

12 İyul 2025 01:03see111

JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:17see110

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

13 İyul 2025 04:14see110

Ağstafada taxıl biçini işləri davam edir FOTOLAR

12 İyul 2025 12:06see109

Dünya bazarlarında neft iki dollara yaxın bahalaşıb

12 İyul 2025 09:40see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri