Yüzminlik Ağdama yeni nəfəs gəlib, dirçəlir ŞƏRH
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Şəhər yaxın vaxtlarda əvvəlkindən də qat-qat gözəl olacaq
1993-cü il iyulun 23-də Ağdam rayonu sapı özümüzdən olan baltaların və cəbhə hakimiyyətinin cinayətləri sayəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
Ermənistan işğal müddətində Ağdam şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.
2001-ci ildə işğal altında olan ərazilərə səfər edən məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal dağıdılmış məscidin minarəsindən ziyarət edərkən dağıntıların miqyasına görə, Ağdamı 1945-ci ildə ABŞ-ın atom bombası atması nəticəsində dağılmış Yaponiyanın Xirosima şəhərinə bənzədib. Bundan sonra Ağdam “Qafqazın Xirosiması” adlandırılıb.
Nəhayət Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da başa çatıb.
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.
Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.
Bəyanatın 2-ci bəndinə əsasən, Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasına qaytarılıb.
Bununla da, Ağdamın 27 illik işğalına son qoyulub.
Azərbaycan Ağdamın, eləcə də Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.
Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev 20 noyabr 2020-ci ildə xalqa müraciət edib.
Prezident müraciətində Ağdam rayonunun işğaldan azad olunmasının noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsi olduğunu bildirib.
Ağdam rayonunun işğaldan azad olunmasını tarixi hadisə adlandıran dövlət başçısı rayonun 73 faizinin 27 il işğal altında qaldığını qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olub. Ali Baş Komandan bəyan edib ki, Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.
Əslən Ağdamdan olan, Azad Vətən Partiyasının sədri Akif Nağı “Şərq”ə bildirib ki, indi Ağdamda başdan-başa quruculuq işləri gedir:
"“Böyük Qayıdış” proqramı çərçivəsində öz yurd- yuvalarına qayıdan insanların sayı günü-gündən artır, köç prosesinin miqyası da getdikcə genişlənir. İşğaldan azad olunan digər rayonlarda olduğu kimi Ağdamda da bu gün hərtərəfli quruculuq işləri gedir, yaşayış və istehsal binaları tikilir, yollar çəkilir, infrastruktur müasir tələblərə uyğun şəkildə qurulur. Dəmir yol infrastrukturu bərpa edilib. İnşa edilən “ağıllı kənd”lərdə tarixi ənənələrin qorunması isə xüsusi əhəmiyyət kəsb edən bir məsələdir. Ümid edirəm ki, Ağdam yaxın vaxtlarda tam şəkildə bərpa olunacaq və əvvəlkindən də qat-qat gözəl olacaq. Beləliklə, Ağdam dünyanın ən müasir və cəlbedici şəhərlərindən birinə çevriləcək. Ermənilər elə bilirdilər ki, artıq Ağdamı sıradan çıxarıblar".
A.Nağı ilk dəfə Ağdama 2021-ci ilin martında getdiyini xatırladaraq, şəhərin ovaxtkı vəziyyətini “dağıntılar içində olan, daş üstə daş qalmayan bir yer” kimi təsvir edir. Onun sözlərinə görə, ermənilərin oradakı vandalizmi və məqsədli dağıdıcılığı təkcə fiziki məhv deyil, eyni zamanda milli yaddaşa edilən hücum kimi qiymətləndirilməlidir:
“Ağdamdan əsər qalmamışdı. Biz həm torpaqlarımızın işğaldan azad olunmasına sevinirdik, həm də dağıntılara baxıb heyifsilənirdik. Dağıntınının miqdarı o qədər böyük idi ki, Ağdamın yenidən dirçəldilməsi, şəhərə çevrilməsi mümkünsüz görünürdü. Hər yer xarabalığa çevrilmişdi, sözün həqiqi mənasında daş üstündə daş qalmamışdı. Ermənilər sanki Azərbaycanın intiqamını Ağdamdan almışdılar.
30 il ərzində dünyada “Qafqazın Xirosiması” kimi, "Ruhlar şəhəri" kimi tanınan Ağdam bu gün bizi yandırılıb dağıdılan, talan edilən ölü şəhər kimi yox, yenidən doğulan, sürətlə dirçələn bir məkan kimi qarşıladı. Ötən 5 ildə isə Ağdamda çox böyük işlər görülüb. Ağdam həqiqətən də sürətlə dəyişib, Simurq quşu kimi müharibənin küllərindən dirçəlib. Ağdam Muğam Mərkəzində, Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində, Ağdam Konqres Mərkəzində və "Ağdam City" Hotel mehmanxanasında olduq, İmarət Kompleksini və Cümə Məscidini ziyarət etdik. Hər yerdə sürətli bərpa-quruculuq işlərinin ürəkaçan nəticələri ilə qarşılaşırıq. Ağdamda belə qısa müddət ərzində görülmüş işlərin timsalında əminliklə deyə bilərik ki, Azərbaycan qalib dövlət olduğu kimi, həm də qurucu dövlətdir. Bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı işlər Azərbaycan dövlətinin iqtisadi qüdrətini nümayiş etdirir”.
Partiya sədrinin fikrincə, dəmiryolu vağzalı ilə avtovağzalın eyni ərazidə kompleks şəkildə bərpa edilməsi kifayət qədər yaxşı ideyadır:
“Dəmiryolu vağzalı ilə avtovağzalın eyni ərazidə kompleks şəkildə bərpa edilməsi isə müasir şəhərsalma və regional inkişaf baxımından olduqca mühüm və strateji addımdır. Bu yanaşma təkcə nəqliyyat infrastrukturunun bərpası deyil, həm də Ağdamın gələcək inkişaf konsepsiyasının əsas elementlərindən biri kimi qiymətləndirilə bilər. Belə bir inteqrasiya, yəni dəmir yolu və avtomobil nəqliyyatının bir nöqtədə cəmlənməsi logistikanın səmərəliliyini artırmaqla yanaşı, həm də əhalinin rahatlığını təmin edir. Bu, xüsusilə gələcəkdə Ağdama qayıdacaq köçkünlər üçün mühüm əhəmiyyət daşıyır. Onların şəhərə çıxış imkanlarının asanlaşdırılması, müxtəlif bölgələrlə əlaqələrin optimallaşdırılması və hərəkətliliyin artırılması baxımından bu cür vahid nəqliyyat mərkəzləri çox önəmlidir.
Digər tərəfdən, bu kompleksin yaradılması Ağdamın iqtisadi, sosial və turistik potensialının reallaşdırılması üçün də əlverişli şərait yaradır. Nəqliyyat axınlarının bir məkanda cəmlənməsi şəhərin kommersiya həyatını canlandıra, ticarət və xidmət sektoruna müsbət təsir göstərə bilər. Həm də şəhərin inkişaf planına uyğun olaraq, bu cür mərkəzləşmiş nəqliyyat infrastrukturu ekoloji və texniki baxımdan daha dayanıqlı şəhər modeli formalaşdırır. Eyni zamanda bu addım Azərbaycanın işğaldan azad olunmuş ərazilərində reallaşdırdığı “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasına uyğunluq nümayiş etdirir. Vahid koordinasiyada fəaliyyət göstərən nəqliyyat mərkəzləri müasir urbanizmin tələblərinə cavab verir, informasiya texnologiyalarının tətbiqinə geniş imkanlar yaradır və ümumilikdə xidmət keyfiyyətini artırır. Bir sözlə, Ağdamda dəmiryolu vağzalı ilə avtovağzalın birgə və kompleks şəkildə bərpası təkcə funksional yox, həm də strateji baxımdan uğurlu qərardır. Bu yanaşma şəhərin gələcəyinin necə planlı, mərhələli və uzaqgörən şəkildə qurulduğunu nümayiş etdirir”.
Millət vəkili Aqil Abbas da deyib ki, Ağdamda böyük quruculuq işləri gedir. Deputatın sözlərinə görə, Ağdamda Prezident İlham Əliyevin tapşırığı və nəzarəti ilə tamam fərqli bir şəhər salınır:
"Ağdamda Avropa üslubunda, dünya səviyyəsində yeni bir şəhər tikilir. 100 minlik şəhər tikilir. Ağdamın əhalisi təxminən 80 min olar. Yaşayış binaları tikilir. 7-8 bina tam hazırdır, 60-a yaxın bina da tikilib başa çatmaq üzrədir. Qısa zamanda işlər yekunlaşacaq. Bununla yanaşı, geniş infrastruktur qurulur. Sosial obyektlər, məktəblər, hotellər, Muğam mərkəzi tikilib. Ağdamın 3 kəndi yaşayış üçün hazırdır. Yəqin ki, bu ildən həmin kəndlərə köç başlayacaq. İnşallah, görəcəksiz, Azərbaycanda Ağdam tamam fərqli bir şəhər olacaq. Küçələr çox enlidir, bəlkə, Ağdamda indən belə yüz il tıxac olmayacaq. Zamanla üzümçülük, pambıqçılıq, heyvandarlıq da bərpa olunacaq". Qeyd edək ki, bu ilin sonuna kimi Ağdama ilk köç planlaşdırılır. Şəhər işğaldan əvvəlki vəziyyətindən üç dəfə böyük qurulacaq və yüz min nəfərin Ağdamda yaşaması təmin ediləcək. Ağdam ölkə ərazisində əhali sayına görə dördüncü şəhər statusunu qazana bilər.


