Icma.az
close
up
RU
Zahid Oruc daş və dəmir dəyənəklərdən bayraktarlar savaşına...

Zahid Oruc daş və dəmir dəyənəklərdən bayraktarlar savaşına...

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İstedadlı mədəniyyət adamı-Cabir İmanovun 2003-cü ilin siyasi arxivindən çıxarılan və əsas səhnəsindən qoparılaraq qəzəb və nifrət yaratmağa hesablanan kadrları fərdi linçetməyə hesablanan özfəaliyyət deyil, dövlətimizə qarşı aparılan sistemli gözdənsalma kampaniyasının tərkib hissəsiydi. Məzhəb ayrıseçkiliyi və dini parçalanma niyyətilə sonrakı günlərdə əl atılan informasiya çirkliliyi də dərindən araşdırma tələb edir.

Tarixən itki günlərində həssaslıq birə-beş artır. Emosiyalar böhranını doğurmaq üçün fürsəti əldən vermədilər. Milli Oktyabr inqilabımızın ildönümündə-Qələbəmizin 5-ci ilində hər qarış Vətən torpağının azadlığını fərəhlə qeyd etdiyimiz günlərdə zaman çarxını geri fırladıb milli gündəliyi dəyişdilər. Bəli, siyasi kalendarımız son 30 ildə çox yüklənib.

Bəs 2003-cü ilin 15-16 oktyabr hadisələrinin əsil mahiyyəti nə idi? Cavab çox sadədir-indi müxtəlif hücrələrdən baş qaldıran, özünü qurbanlıq kimi göstərənlərin iddia etdiyi “məchulluq inqilab”ı iflasa uğradı, sabitlik xaos üzərində qalib gəldi, revanşistlərə qətiyyətlə cavab verildi.

Bir ovuc kütləni Azadlıq meydanına sürükləyən və müqavimət göstərənləri zorla özlərinə qoşan qanlı dəstənin məqsədi İsa və qeyrisini çarmıxa-hakimiyyətə gətirmək deyildi, onların planı 10 illik Heydər Əliyev dövlətinin dayaqlarını sarsıtmaq, ölkəmizi qum səhrasına və əşirət savaşına qərq etmək idi.

Milli taleyimizdə belə kədərli-faciəli təkrarları çox görmüşük. Yalnız Ulu öndərin dönüşü tariximizə, siyasi kimlik kodumuza xilas və uğur səlnaməsi, aydınlıq və qurtuluş hadisəsi kimi daxil olub, daşlaşıb, yaddaşımıza əbədi həkk olunub.

5 yaşlı uşağı çeynəyən, ata-anaları avtobusdan hədə ilə qoparıb cərgələrinə qoşan qaragüruh, maşınları tapdalayan kütlə qarşısındakı dövlətçilik divarını-Milli Polis və Daxili Qoşunlar səddini-kordonunu aşsaydılar, əllərindəki dəmir dəyənək və daş silahlarla Prezident sarayına hücum edəcək, hakimiyyəti ələ alıb ölkədə xaos diktaturası quracaqdılar. Nəqliyyat vasitələrinin hərəkətini bloklayıb daha çox insanları toqquşmaya cəlb etmək, qələbəlik yaradıb daxili sabitliyi pozmaq, nizamı məhvərindən çıxarmaq onlarla ölkədə rejim dəyişdirmə əməliyyatlarının vahid ssenarisi idi.

Daxili Qoşunların heyətini daşıyan qeyri-hərbi texnikanı ələ keçirib sonra orduya əl uzatmaq, silahlı küçə döyüşləri aparmaq inqilab planın kulminasiyası olacaqdı. Hərbi hissələrin ünvanı hamıya bəlliydi. Tankların müşaiyəti ilə Parlament binası, sonradan hakimiyyətin ələ alınması təcrübəsi bir neçə dəfə sınaqdan çıxarılmışdı.

İnsanları bölgələrdən paytaxta daşımaq üçün muzdlular xüsusi tapşırıqla həssas ərazilərə göndərilmişdilər, təxribatçı qrupları Bakıya-mərkəzi hakimiyyətə qarşı terrora körükləyir, hər yerdə “qalib gəldiklərinin, hakimiyyətin ötürülməsinə yol verməyəcəklərinin” bolşevik vərəqələri yayılır və insanları küçə döyüşlərinə cəlb etmək üçün mənbəyi bəlli olmayan pullar paylanırdı.

Ukraynada da hadisələr eyni dalğada gedirdi. İnqilabın müqəddəs qurbanı jurnalist Qonqadzenin ölümü Qış sarayına hücum üçün kütləni hərəkətə gətiməyə yetərli oldu. Təəssü ki, gələcəkdə qlobal toqquşmaların mərkəzinə çevirəcək bir ölkəni sürətlə getdiyi uçurumdan xilas etmək mümkün olmadı. Bakıda və Kiyevdə inqilab bayrağını biçənlər və daşıyanlar eyni qüvvələr idi. Lakin o zaman ukraynalı hüquq-mühafizə qüvvələri dişsizlik, siyasi prinsipsizlik göstərdiyi halda Azərbaycanın Milli Polisi və Hüquq-Mühafizə Orqanları, o cümlədən, Xüsusi Xidmət və Xəfiyyə sistemimiz oğul Əliyevin siyasi olimpə yüksəlişini xalqın xilası kimi qəbul etdilər. Zərrə qədər tərəddüd olsaydı, “domino effekti” işə düşəcək, tökülən qanın və vətəndaş müharibəsinin qarşısı alınmaz olacaqdı.

Söhbət dövlətin və millətin taleyindən getdiyi üçün, Heydər Əliyevin əsrə bərabər on ilini davam etdirmək, Avropada küçə aksiyalarını gözyaşardıcı qazla durdurmaqdan köklü fərqlənirdi. Ölkəni növbəti meydan xaosuna qərq etməyin bədəli 20 faiz torpaqların itirilməsindən daha ağır olacaqdı.

Hələ dayaqları möhkəmlənməmiş müstəqil dövləti Şərqə xas əbədi nəsil-tayfa, etnik və milli nifrət içində yox etmək o qədər çətin deyildi. Birinci Qarabağ müharibəsində məğlubiyyətə uğradılan xalqın qəzəb və ağrısını yönəltmək hələ mümkün idi. Əslində 15-16 oktyabr hadisələri Azadlıq meydanında-sovetlərə qarşı etirazın baş ünvanında bu dəfə milli hakimiyyətə qarşı revanş cəhdi, torpaqlarımızın işğalına səbəb olan xarici qüvvələrlə həlledici döyüş, 2020-ci ilin Vətən müharibəsinə gedən yolun təmizlənməsi oldu. Siyasi varislik İlham Əliyevə ata Əliyevdən qəbul etdiyi hakimiyyət deyil, xalqın xeyir-duası ilə quruculuq və sabitlik kursunun davam etdirilməsi və millətin taleyinə cavabdehliyin daşınması missiyası idi. Ulu öndərin tərəfdarları-gələcəyin Bütövlük və Suverenlik hərəkatçıları, Konstitusion quruluşçular qalib gəldilər.

Mərkəzi Poçtamt ətrafında düz yüz il əvvəl gedən erməni-daşnak döyüşlərinin 4-cü nəsil övladları yeni əsri qalibiyyətlə başladılar, milli dövləti qoruya bildilər. 11-ci Qırmızı orduya qarşı çıxan, Leninin heykəllərini sökənlərin varisləri daş silahları qardaşlarına qarşı çevirdilər. Dağıdıcı qrup əsla xalq adlandırıla bilməzdi. Heydər Əliyevə qalib gələ bilməyən qüvvələrin nəhayət, Qərbin ideoloji laboratoriyalarından aldıqları təlimat tezisi-“X günü” Birinci Şəxsin cismani yoxluğuna hesablanan məchulluq, qeyri-müəyyənlik, Yaxın Şərqin qaranlığını demək idi.

Cabir İmanovu 3-cü Reyxin hərbi xəfiyyəsi-Abverin üzvü kimi qələmə verənlər təkcə 22 il əvvəlki məğlubiyyətin qisasını almırdılar, həm də hazırki şəraitdə Daxili İşlər və İmanovun çalışdığı Dövlət Təhlükəsizlik orqanlarına qarşı ictimai rəyi parçalamaq, etimad böhranı doğurmaq və dövlətin yanında durmağı “ sabah siz də lənətlənəcəksiniz” kimi hökmü ilə əvəzləmək qədər qorxulu zəmin hazırlayırdılar. Böyük qayıdışın qüruru və məsuliyyətini yaşayan, dünya savaşlarından özünü məharətlə qoruyan bir ölkənin gündəliyini dəyişmək, onu keçmiş və gələcək ziddiyyətlərin içində boğmaq məkrli planın tərkib hissəsidir.

Qələbədən sonra xalqın gözləntilərinin doğrulmadığı duyğusu ilə kampaniya aparıb, qlobal və regional təhlükələr fonunda narazı insanları qazanmaq əslində çətin deyil. Xüsusi tədqiqatlar aparmadan, müxtəlif səbəblər toplusu-xüsusilə, ideoloji hədəflərin yenidən qurulduğu, qalib milli və siyasi kimliyin yeni formalaşdığı bir şəraitdə prezident bütün strateji resursları 3-cü ölkələrin forpostu olmamaq və toqquşan maraqları uzlaşdırmaq, Qələbədən sonrakı sülh və yeni regional geosiyasi arxitekturanı qurmağa yönəldib. Uzun illər iqtidarda təmsil olunan adamların bir qisminin vəzifədən uzaqlaşdırılması, “sabiqlər” sindromunun bütün ölkələr üçün başağrısı olması, mənafeyi tapdalanan keçmiş oliqarxiyanın və marginal qrupların itirilmiş mövqelərini qaytarmaq uğrunda mübarizəsi fonunda siyasi sistemin əsas qayğısını birinci növbədə, Rusiya, İran, Qərb və Çin arasında dayanıqlı idarəetmə sistemi qurmaq təşkil edir.

İslahatların hədsiz uzun sürməsi və bəzən, milli xüsusiyyətlərimiz, yerli reallqılar, tarixi təcrübə və coğrafi gerçəkliklərlə tam uzlaşmayan modellərin durmadan, zamanla fasilə vermədən tətbiqi də düşmən qüvvələrin xeyrinə işləyir. O biri yandan, keçmişdə demokratiya adı altında ölkədə yaradılan təsir agentləri Qələbə və quruculuq gündəliyini lokal problemlərlə əvəzləyə bilirlər. Üstəlik, sərhədlərin təhlükəsizlik səbəbindən bağlı qalması ətrafında tez-tez dəyişən tariflər həyatı bahalaşdırdığı və fərqli sosial qrupları narazı saldığı üçün millətin hislərini istismar edənlərə meydan açılıb.

Xarici qüvvələrin tələsinə düşən şəxslərin məcburən cəmiyyətdən təcrid edilməsi qərarı da onların siyasətdən uzaq olan ailələrinin narazılığını doğurub. Halbuki qonşu və uzaq paytaxtların maraqlarına açıq-gizli xidmət edənləri nəzarətdə saxlamaq artıq mümkün deyildi, simmetrik cavab tələb olunurdu, Avropa və ABŞ-ın donor təşkilatlarından hakimiyyətə alternativ yaratmaq planları ilə verilən yardımlar, ianələrin qarşısı kəsilməliydi. Onları himayə edən qrupların qlobal media, beynəlxalq parlament və beynəlmiləl ədliyyə-hüquq kontorlarında Azərbaycanda sarsılan dayaqlarından dolayı hücumlarına gündəlik rejimdə cavab vermək mütəmadi koordinasiya, böyük maliyyə resurları və peşəkar komanda tələb edir. Çox vaxt sinxronluq və böhran menecmenti alınmır. Ani bir qığılcım “nəlbəkidə fırtına effekti” doğurur, sürətlə də keçir. Çünki xalq dövlətsizliyin əzabını yaxşı bilir. Millətimiz İlham Əliyevə qarşı Avropadan-milli simalarını itirən və muzdlu süfrədən qidalanan tural sadıqlılar, məhəmməd mirzəlilər, Osmanqızı və digər tv-lərdən hücum cəhdlərini mahiyyətcə qələbəmizə qarşı diversiya sayırlar.

İkinci Qarabağ müharibəsi bir milli sualı da həll edib: təkcə Qarabağ dalğasında meydana gələn və siyasi hakimiyyət uğrunda mübarizəyə qoşulanların ideolojisi əllərindən alınmayıb, sözsüz ki, faciə və kədər səlnaməsi birləşdirici gücə malikdir, xüsusilə də qoca Şərqdə. Övladlarını Vətən uğrunda verən atalar hər zaman mübarizəyə hazır olurlar. İlham Əliyevin sərkərdliyi ilə qazanılan Qələbənin tarixi bənzərsizliyi ondadır ki, şəhidlik hadisəsi dövlət kimliyilə tamamilə birləşib. İndi kimsə Şuşadan çıxarılan bir neçə döyüşçünün cismini Xiyabanın qarşısına gətirib onun üzərindən iqtidarı zəbt edə bilməz. Axı 90-cı illərdə məhz belə olmuşdu. 8 noyabrdan sonra Şəhidlik qalib dövlət və millət kimliyinin nüvəsinə çevrilib. Artıq ikili duyğu yaşanmır, insanlar işğalı və məğlubiyyəti xalqın, dövlətin deyil, o vaxtkı hakimiyyətin ünvanına yazırlar.

Millətin uğur hekayəsi bütövləşib. İnsanlar deyir ki, birinci dövr ona başçılıq edənlərin ucbatından döyüşdə yenilsələr də 20 ilin hər günü müqəddəs savaşa hazırlaşıblar, nəhayət, ləyaqət və bütövlük davasına qalxıblar. İlham Əliyevin yaratdığı yeni reallıq həm də budur-biz Şərqdə tüğyan edən yazıqlıq, əbədi şikayətçilik və məzlumluq mərəzindən xilas olmuşuq. Ona görə də Ermənistanla müharibəni Qurtuluş savaşı adlandırırıq. Qazi Mustafaya xitab edilən, “millətin tərsinə gedən taleyini dəyişdirdiniz”, deyimi tamamilə bizim üçün söylənib. İndi xiyabanlar dövlət və millət idealını özündə birləşdirən Qələbə səlnaməsidir. Onun gələcək effektindən çox qorxurlar.

Tarixdə ilk dəfə, Azərbaycanın qalibiyyət müqaviləsi bağlamasını gələcək ambisiyaların tərkib hissəsi kimi linç edirlər. Fobiyanın səbəbi budur. Qarabağ son 3 əsrlik millət və dövlət quruculuğuna mina olması aradan qalxıb.

Bəli, milli gündəlik və strateji proqramları yalnız Zəfərin ruhunda restart etmək mümkündür. Ona görə prezident bütün ziyalıları yeni milli ideologiyanın yaradılmasına çağırır. Tarixi təcrübə göstərir ki, əgər millətin fikir adamları faciədən çıxıb quruculuq idealına keçməyi bacarmırlarsa, onda ermənilərin taleyini yaşayırlar. Qazanmadıqları uğura sahib çıxa bilməyənlər, yenidən soyqırım kultuna pərəstişə döndülər. Paşinyanın dəyişdirməyə çalışdığı milli kod da Vinçidən daha zordur. O, İlham Əliyevin İrəvan və ermənilər üzərində kölgəsini yaxşı görür. Bir xalqı məğlubiyyətə uğradıb malik olduğu çoxəsrlik xəstəliklərdən xilas etmək məhz Azərbaycan liderinə nəsib olub. Ermənilərin realizmi və sivil qonşu moduna keçmələri bağlanacaq sülh müqaviləsinin məhək daşıdır.

Ona görə də Qələbə dövründə bir sənət adamının vaxtsız ölümü 32 illik bir qərinənin yenidən yaşanması oldu. Seçimin düz olduğunu hamı gördü. Üzərindən üç on illik keçəndən sonra növbəti Oktyabr inqilabı-bu dəfə Zəfər günlərimizin ildönümündə çıxarılan arxivin-küçə döyüşlərinin rəqəmsal məkana daşınması ilə yaşandı. Xaricdən hər gün qanla dolu gündəliyi informasiya məkanımıza yeridənlər də, xiyabanları antiiqtidar meydanına döndərən “işğal partiyası”nın təmsilçiləri də heç vaxt İlham Əliyevin alternativi ola bilməzlər. Qırmızı dənizi yarıb keçən qəzzalılar bir vaxtlar onların böyük köçünü yaşayan azərbaycanlılara indi həsəd və pərəstişlə baxırlar.

Bəli, İlham Əliyev Qələbəmizin sinonimidir, simvoludur, özüdür. Sentyabrın 27-si təkcə işğala qarşı savaş deyil, həm də 3 ayın qovşağında dövlətçiliyimiz üçün Qırmızı Oktyabr çevrilişinin qarşısını alan milli inqilab tarixidir. Heydər Əliyev irsinin və Zəfərə gətirən İlham Əliyev strateji kursunun alternativi Yaxın Şərqdir. “İşğal partiyası” deyərkən, Qələbəmizi hakimiyyət uğrunda mübarizələrinə zərbə sayan “26 sentyabr beyinlilər”i nəzərdə tuturuq.

2003-cü il oktyabr hadisələrinin 2020-ci il Vətən müharibəsinə gedən yolda siyasi dönüş nöqtəsi oldu. Azadlıq meydanından Şuşaya yol açıldı, Oktyabr xaosundan çıxan xalqın Zəfər yürüşü başladı2003-2020-ci ilin döyüş xətləri birləşdi, Meydan savaşı ilə Vətən müharibəsi arasında körpü yarandı, daş və dəmir dəyənəklərdən Bayraktarlar müharibəsinə keçildi!

Yeni Milli Oktyabr inqilabının-Zəfərin dərsi odur ki, Azadlıq meydanında o vaxtkı savaş 2020-ci ildə Şuşa, 2023-cü ildə Xankəndində ordumuzun apardığı müqəddəs döyüşlərlərlə eyni amala xidmət edir!

22 il əvvəlki toqquşmaların baş meydanında 10 dekabrda Azadlıq meydanının nizamla çəkilmiş ağ zolaqlarında tariximizin hələ ki, tək Qələbə paradı keçirildi. Minlərlə qalib əsgər və zabitiin qürurlu yürüşünə 2003-cü ilin Azərbaycanından baxdıqda, belə inqilab və qələbənin iftixar mənbəyi olduğunu vicdanlı hər bir azərbaycanlı görür!

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Oktyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see290

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see232

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see192

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see140

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see140

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see122

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see122

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see122

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri