Icma.az
close
up
RU
Zamana məğlub olmayan səs

Zamana məğlub olmayan səs

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Şahanə MÜŞFİQ

Qulağımızla qəbul edib qəlbimizlə eşitdiyimiz, yaddaşımızla hiss etdiyimiz, ruhumuzla duyduğumuz səslər vardır. Onları anlamaq üçün yaddaşının dərinliklərində gizlənən xatirələrlə üz-üzə gəlmək lazımdır. Belə səslər insanın boğazından deyil, torpağın yaddaşından, xalqın taleyindən, doğmalıq hissindən süzülüb gəlir. O səs zaman keçdikcə uzaqlaşmır, əksinə, insanın yaddaşında daha da dərinləşir. İllər ötür, nəsillər dəyişir, musiqinin dinlənildiyi məkanlar, onu yaşadan vasitələr yenilənir, amma həmin səs yenə də bir anda adamı keçmişə aparır, qəlbinin ən kövrək yerinə toxunur. Səxavət Məmmədovun səsi belə səslərdəndir. Onun ifalarını dinləyərkən insan muğamın ruhunu, Qarabağın nəfəsini, insan hisslərinin ən incə çalarlarını duyur.

Oktyabrın 23-ü Səxavət Məmmədovun doğum günüdür. Bu gün onun dünyaya gəlişindən 73 il ötür. 1991-ci il sentyabrın 30-da, ömrünün cəmi 37-ci ilində dünyasını dəyişən sənətkarın yoxluğundan isə 35 il keçir. Amma Səxavət Məmmədov haqqında danışanda insanın ağlına ilk gələn onun erkən ölümü deyil, bu qədər qısa ömrə sığdırdığı böyük sənət və bu gün də sevilərək dinlənilən ifalarıdır. Çünki əsl sənətkarın ömrü doğum və ölüm tarixləri arasındakı illərlə ölçülmür. Onun ömrü səsinin yaşadığı müddət, dinləyicisinin qəlbində oyatdığı duyğular qədərdir.

Səxavət Məmmədovu unudulmaz edən, adını yaddaşımıza həkk edən ilk növbədə özünəməxsus səsi və ifaçılıq manerası idi. Onun səsində həm yanğı, həm təmkin, həm də sözün dərinliyinə enməyi bacaran xüsusi bir duyum vardı. Muğamın hər şöbəsində, hər keçidində bu duyum özünü göstərirdi. O, oxuduğu qəzəlin sözlərini sadəcə səsləndirmir, onları yaşayır, dinləyiciyə də yaşadırdı. Səsin gücü yalnız zilə qalxmaqda deyil, bir misranın içində gizlənən ağrını, bir nəfəsin arxasında dayanan həsrəti çatdırmaqda idi. Səxavət Məmmədov bu incəliyi bacaran xanəndələrdən idi.

Onun adı çəkiləndə "Segah"ın həzinliyi, "Ay bəri bax"ın şuxluğu, "Yar bizə qonaq gələcək"in doğmalığı, "Sarı bülbül"ün kövrəkliyi, "Külək"in nisgili yada düşür. "Azad bir quşdum" isə sanki sənətkarın taleyi ilə qovuşaraq ayrıca bir məna qazanıb. Bu ifanı dinləyəndə insan istər-istəməz onun qısa ömrünü düşünür. Lakin həmin mahnını yalnız faciəli taleyin işarəsi kimi dinləmək də azdır. Orada azadlıq arzusu, həyat sevgisi, insanın dünyaya və taleyə ünvanladığı cavabsız suallar var. Səxavət Məmmədovun ifası da məhz bu duyğuları özünəməxsus şəkildə yaşatdığı üçün yaddaşlardan silinmir.

Sənətkarın ifalarının bu gün də sevilməsinin səbəbi yalnız keçmişə bağlılıq deyil. Onun səsində köhnəlməyən bir həqiqət var: səmimiyyət. Dinləyici süni təsirdən deyil, ürəkdən gələn avazdan təsirlənir. Səxavət Məmmədovun ifaları illər sonra da insanı özünə çəkir, çünki orada muğamın ənənəsi ilə fərdi sənətkar nəfəsi birləşir. Ondan sonra gələn ifaçılar üçün də bu səs bir ölçüyə, bir sənət məktəbinə çevrilib. Beləcə, Səxavət Məmmədov təkcə öz dövrünün xanəndəsi olaraq qalmayıb, sonrakı nəsillərin musiqi yaddaşında da yaşamağa davam edib.

lll

Məncə, insanın doğulduğu yer onun taleyinə görünməz bir xətlə yazılır. O xətt sonralar haradan keçsə də, insanı dönə-dönə başlanğıcına qaytarır. Sənətkar üçün bu qayıdışın yolu bəzən bir misradan, bəzən bir rəngdən, bəzən də səsdən keçir. Səxavət Məmmədovun yolu isə muğamın içindən keçirdi. O, doğulduğu torpağın ruhunu səsinə köçürmüşdü. Elə buna görə də onun ifasını dinləyəndə sanki illərin arxasında qalmış bir yurdun qapısı açılır, tanış bir həyətin astanasına çıxır, çoxdan görmədiyimiz bir doğmamızın səsini eşidirik.

Görəsən, insanın səsi öz sahibindən sonra harada yaşayır? Bəlkə də cavab elə Səxavət Məmmədovun öz sənətindədir. O səs bu gün də yaşayırsa, deməli, insanın torpağa, yurda, yaddaşa bağladığı telləri ölüm belə qıra bilmir.

Səxavət Məmmədovun sənət yolu Ağdamın Abdal kəndindən başladı. Abdal onun üçün yalnız doğulduğu ünvan deyildi, yaddaşının başlanğıcı, mənəvi kimliyinin bir parçası, səsinin görünməyən kökü idi. İnsan uşaqlığının izlərini ömrü boyu içində daşıyır. Sənətkar isə həmin izləri öz sənətinə çevirərək başqalarının da yaddaşına köçürür.

Hər sənətkarın özünəməxsus mənəvi coğrafiyası olur. Səxavət Məmmədov üçün bu coğrafiyanın mərkəzində Ağdam dayanırdı. Ağdam onun həyatında səsinin kökü, nəfəsinin yurdu idi. Bu torpağın içində Qarabağın genişliyi, bağların yaşıllığı, kəndlərin doğmalığı, el məclislərinin səsi vardı. Səxavət də Ağdamı özü ilə daşıyan sənətkarlardan idi.

Səxavət Məmmədov 1991-ci il sentyabrın 30-da, cəmi 37 yaşında dünyasını dəyişdi. Otuz yeddi yaş... Bu, sənətkarın təcrübəsinin püxtələşdiyi, yeni yaradıcılıq imkanlarının açıldığı bir dövrdür. Onun vaxtsız ölümü Azərbaycan musiqisi üçün böyük itki oldu. Amma taleyində insanı düşündürən başqa bir məqam da vardı: 90-cı illərin Qarabağ müharibəsi onun məzarını doğma kəndində qoysa da, başdaşını həmin ünvana çatmağa qoymadı.

Xanəndə Ağdamın Abdal kəndində dəfn edildi. Məzarının başdaşı isə Bakıda hazırlanmışdı. Müharibə üzündən onu kəndə aparıb məzarının üstünə qoymaq mümkün olmadı. Beləcə, məzar Ağdamda, başdaşı Bakıda qaldı.

Bəzən bir cümlə bütöv bir dövrün faciəsini danışmağa kifayət edir. Məzarın bir torpaqda, başdaşının başqa şəhərdə qalması da belədir. Burada yalnız bir xanəndənin taleyi deyil, müharibənin insan həyatına, yaddaşına, hətta son mənzilinə qədər uzanan ağrısı görünür. Bir ömrün son ünvanı məlum olsa da, onun adını yaşadacaq daş doğma torpağa yetişə bilməyib.

Heç kimin ağlına gəlməzdi ki, müharibə insanın bu qədər sadə, bu qədər insani arzusunun qarşısında da sədd çəkəcək. Bir məzarı ziyarət etmək, başdaşına toxunmaq, doğma bir insanın adı qarşısında dayanmaq belə əlçatmaz olacaq. Ancaq torpağın da yaddaşı var. İnsanların yolları bağlana, doğma kəndlərə gedən cığırlar itə bilər. Yenə də yaddaş öz yolunu axtarır.

2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Abdal kəndi də işğaldan azad olundu. Hərbçilər kənddə Səxavət Məmmədovun məzarını tapdılar. Sonra xanəndənin yaxınları gəlib məzarı ziyarət etdilər. İllərlə müharibənin ayırdığı yolların sonunda doğmaları onun məzarı başında dayana bildilər. Bu görüş illərin həsrətini, ayrılığın ağrısını və nəhayət, doğma torpağa qayıdışın sevincini birləşdirən kövrək an idi.

lll

Ancaq Səxavət Məmmədovun əsl yadigarı təkcə məzarı, başdaşı, fotoşəkilləri və haqqında yazılan xatirələr deyil. Onun ən böyük yadigarı səsidir. Bu səs lent yazılarında, televiziya arxivlərində, evlərdə səslənən mahnılarda, muğamsevərlərin yaddaşında yaşayır. Onu heç vaxt canlı dinləməyən insanlar da ifalarından tanıyır, sevir, öz musiqi dünyalarının bir parçasına çevirirlər. Bu, sənətkar üçün ən böyük ölümsüzlükdür: insanın özü getsə də, yaratdığı duyğu başqalarının qəlbində yaşamağa davam edir.

Səxavət Məmmədovun sənətinə qayıdış, əslində, həm də muğamın özünə qayıdışdır. Çünki onun ifalarında milli musiqimizin əsrlərdən gələn yaddaşı ilə bir insanın özünəməxsus dünyası qovuşurdu. O, muğamı yalnız qoruyub yaşadan deyil, öz səsi ilə ona fərdi rəng qatan sənətkarlardandı. Hər xanəndənin səsində bir tanınma əlaməti olur, amma hər səs yaddaşda özünə ayrıca yer aça bilmir. Səxavət Məmmədovun səsi isə ilk avazından tanınır, dinləyicini özünə çəkir, bir neçə misradan sonra belə unudulmaz təəssürat yaradırdı.

Onun ifaçılıq sənətindəki özəlliklərdən biri də muğamın emosional dərinliyini dinləyiciyə çatdırmaq bacarığı idi. Muğam ifaçısı üçün səsin imkanları, texniki ustalıq, zəngulələr, nəfəs və avaz üzərində nəzarət nə qədər vacibdirsə, duyğunu doğru ifadə etmək də bir o qədər əhəmiyyətlidir. Səxavət Məmmədovun ifalarında bu keyfiyyətlər bir-birini tamamlayırdı. O, muğamın mürəkkəb melodik yollarında özünü itirmədən, hər şöbənin ruhunu qoruyaraq dinləyicini musiqinin ardınca aparırdı. Onun oxusunda nə nümayişkaranəlik, nə də duyğunu süni şəkildə qabartmaq cəhdi vardı. Sanki ifa etdiyi hər sözün, hər avazın öz təbii yeri, öz nəfəsi vardı. Məhz bu təbiilik onun sənətini dinləyiciyə yaxınlaşdırırdı.

Onun ifalarını bu gün dinləyənlər arasında sənətkarın yaradıcılığı ilə eyni dövrdə yaşamış insanlar da var, onu yalnız arxiv yazılarından tanıyan gənclər də. Bu fərq əslində, sənətin zamana necə qalib gəldiyini göstərir. Bir vaxtlar radionun, televiziyanın, konsert salonlarının vasitəsilə insanlara çatan səs indi rəqəmsal yaddaşda, internetdə, sosial şəbəkələrdə yeni dinləyicilərlə görüşür. Musiqinin dinlənilmə vasitələri dəyişsə də, insanın səmimi ifaya olan ehtiyacı dəyişmir. Texnologiya səsi uzaqlara çatdırır, onu qəlbdə saxlayan isə yenə də sənətkarın yaratdığı duyğudur. Səxavət Məmmədovun ifalarının bu gün də paylaşılması, dinlənilməsi, müxtəlif nəsillərin musiqi söhbətlərində xatırlanması onun sənətinin canlılığından xəbər verir.

Sənətkarın yaradıcılığının unudulmaması həm də milli musiqi yaddaşımızın qorunması baxımından əhəmiyyətlidir. Hər bir böyük ifaçı özündən əvvəlki ustadlardan aldığı ənənəni gələcəyə daşıyır, eyni zamanda həmin ənənəyə öz möhürünü vurur. Sonrakı nəsillər bu ifaları dinləməklə yalnız bir xanəndənin səsini tanımır, muğamın ifadə imkanlarını, sözlə musiqinin vəhdətini, ifaçılıq mədəniyyətinin incəliklərini də duyurlar. Bu baxımdan Səxavət Məmmədovun irsi təkcə keçmişə aid xatirə deyil, gələcək üçün də dəyərli bir sənət xəzinəsidir. Onun ifaları yaşadıqca muğamımızın bir parçası da yaşayır, yeni dinləyicilərə çatır, yeni duyğular oyadır.

Bəlkə də insanın sənət vasitəsilə qazandığı ölümsüzlük məhz bu cür yaranır. Sənətkarın ömrü bir gün sona çatır, amma yaratdığı sənət onun yoxluğunu qəbul etməyən bir yaddaş formalaşdırır. İllər sonra onun səsini dinləyən adam bir anlıq zamanın sərhədini unudur, keçmişlə bu gün arasında görünməz bir körpünün yarandığını hiss edir. Səxavət Məmmədovun səsi də həmin körpülərdəndir. O, bizi təkcə öz sənət dünyasına deyil, muğamın dərinliyinə, milli musiqimizin köklərinə, duyğularımızın ən səmimi qatlarına aparır. Deməli, sənətkarın dünyadan köçməsi onun dinləyiciləri ilə münasibətinin bitməsi demək deyil. Hər dəfə onun ifası səslənəndə bu münasibət yenidən başlayır.

Oktyabrın 23-də mərhum sənətkarın doğum gününü xatırlayarkən onun yarımçıq qalan ömrünə deyil, əbədiyaşar sənətinə nəzər salırıq. Otuz beş il əvvəl susan səs bu gün də danışır - muğamın dili ilə, doğma elin avazı ilə, hər dəfə dinləyicinin ürəyində yenidən doğulan nəğmələrlə. Bəlkə də sənətkarın əsl möcüzəsi elə budur. Çünki bəzi səslər zamana məğlub olmur. Səxavət Məmmədovun səsi kimi...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Oktyabr 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri