Icma.az
close
up
RU
525ci qəzet Zamana sığmayan alim ömrü

525ci qəzet Zamana sığmayan alim ömrü

Gülbəniz BABAYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

Böyük istiqlalçı alim, professor Şirməmməd Hüseynov bir əsr öncə Azərbaycanın qədim mədəniyyət beşiyi sayılan bölgələrin birində - tarixi şəxsiyyətlər, ziyalılar, alimlər, şairlər yetirən Şəkidə dünyaya göz açmışdır. Bu illərdə xalqımız çətin sınaq qarşısında qalmış, yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradılmış və vətənimiz imperiyanın müstəmləkəsinə çevrilmişdir. Ancaq illər ötəcək, bu işğal faktı xalqımızın bir çox demokratik fikirli, azadlıqsevər ziyalıları kimi, Şirməmməd Hüseynovun da qəlbində barışmazlıq hissi oyadacaq. Sonralar bütün həyatını müstəqilliyimizi əlimizdən alan imperialist qüvvələrə qarşı mübarizəyə həsr edəcək.

Ömrünün yarım əsrindən çoxunu milli mətbuatımızın araşdırılmasına sərf edən Şirməmməd Hüseynov fəaliyyəti boyu öz əqidəsinə sadiq qalmış, Azərbaycanın azad, demokratik, müstəqil bir məmləkətə çevrilməsi uğrunda mübarizənin ön sıralarında addımlamışdır. Cəfakeş alim milli mətbuatımızın hansı səhifəsini araşdırmışsa, orada  mütləq obyektivlik, doğruluq, ədalətlilik prinsipini uca tutmuş və xalqa, geniş oxucu auditoriyasına əsl həqiqəti söyləməkdən çəkinməmişdir.

Professor Şirməmməd Hüseynov öz tədqiqatlarında Azərbaycan tarixinin, milli mətbuatımızın ictimai-siyasi hadisələrlə zəngin olan bir mərhələsinə - XX əsrin əvvəllərinin araşdırılmasına daha çox önəm vermişdir. Alim mətbuat səhifələrindən seçib tədqiqat obyektinə daxil etdiyi publisist məqalələrdə cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanların, fərqli dünyagörüşə, məfkurəyə məxsus olan vətənpərvər ziyalıların azərbaycançılıq, türkçülük ideologiyası ətrafında birləşərək bütövlükdə xalqımızı elmə, mədəniyyətə, tərəqqiyə səsləməsi məsələlərini diqqət mərkəzində saxlamışdır. Şirməmməd Hüseynov sistemli şəkildə apardığı araşdırmalarla Azərbaycan publisistikasının mövzu və problematikasını, əsas qayəsini, ideya zənginliyini müəyyənləşdirməyə nail olmuşdur. O, Azərbaycan mətbuatının çətin və şərəfli mübarizələrdən keçməsini, milliliyə söykənərək xalqa təmənnasız xidmət göstərməsini konkret faktlar əsasında şərh edərək çoxsaylı oxuculara çatdırmışdı. Tədqiqatçı xalqının, millətinin taleyini, gələcəyini düşünən böyük fikir adamlarının əsas məqsədini, ideoloji mübarizələrinin mühüm məqamlarını sərf-nəzər etmiş,  məqalələrində geniş şəkildə əks etdirərək milli mətbuatımızın dəyərli və sanballı salnaməsini yaratmışdır.

1991-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdikdən sonra, ölkəmizdə ideoloji qadağaların  aradan götürüldüyü bir dövrdə Şirməmməd Hüseynov zamanın ictimai-siyasi axarından uğurla yararlanaraq XX əsr mətbuat tariximizin ən maraqlı, mükəmməl və eyni zamanda qaranlıq qalan səhifələrinə müraciət etmiş, bugünümüz və gələcəyimiz üçün vacib olan dərin qatları səbirlə, təmkinlə açmış və geniş oxucu auditoriyasına tanıtdırmağa müvəffəq olmuşdur.

Şirməmməd Hüseynovun ən böyük xidmətlərindən biri də ilk dəfə olaraq "Azərbaycan" qəzetinin səhifələrindən parlamentin hesabatlarını toplaması, transliterasiya prosesindən keçirərək nəşr etdirməsidir. Alimin "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918-aprel 1920)" adlı üç cildlik kitabı AXC-nin ictimai-siyasi və sosial həyatının geniş panoramını özündə ehtiva edən çox qiymətli və sanballı nəşrlərdir. Professor Şirməmməd Hüseynov çox böyük əmək sərf edərək ilk müstəqil dövlətimizin parlament hesabatlarını arxivlərdən toplamış və transliterasiya edərək çap etdirmişdir. Bu hesabatlarla tanış olan hər bir Azərbaycan oxucusu dövrün ictimai-siyasi mənzərəsini bütün reallığı ilə, aydın şəkildə görə və təhlil süzgəcindən keçirə bilir. Hesabatlarda qonşu dövlətlərlə münasibətlər, yenicə qurulmuş demokratik bir dövlətin üzləşdiyi problemlər, erməni vandallarının və rus imperialistlərinin işğalçılıq siyasəti, dövlətçiliyimizə qarşı məkrli planları həyata keçirməyə yönələn mənfur niyyətləri, yenidən imperiyanı bərpaya cəhd göstərmələri kimi ciddi məsələlərdən bəhs olunmuşdur. Məlumdur ki, sovet diktaturasının, totalitar rejimin hökm sürdüyü o illərdə Azərbaycan xalqının keçdiyi tarixi mərhələlərin mətbuat səhifələrinə çıxarılmasına imkan verilməmiş, xüsusilə AXC-nin fəaliyyəti, onun liderləri haqqında məlumatlar gizlin saxlanılmış və geniş ictimaiyyətə çatdırılmasına yasaqlar qoyulmuşdur. Şirməmməd Hüseynov ciddi müqavimətlərə rast gəlsə də, öz yolundan dönməmiş, parlamentin bütün stenoqramlarını diqqətlə araşdırmış, ən kiçik nüanslardan başlayaraq taleyüklü problemlərə kimi hər bir məsələni diqqət mərkəzində saxlamışdır. Tədqiqatçı XX əsrin əvvəllərində erməni daşnaklarının böyük imperialist güclərin dəstəyilə Azərbaycanda soyqırımlar, fəlakətlər törətməsini, bu çətin situasiyada Türkiyə xalqının qardaşlıq köməyini əsirgəmədiyini tarixi faktların diliylə açıqlamışdır. Görkəmli alim konkret tarixi faktlar və arxiv sənədləri əsasında apardığı tədqiqatlarında hadisə və problemlərə çox həssas, ciddi və tələbkarlıqla yanaşmışdır.

Şirməmməd Hüseynov bu dəyərli, sanballı üçcildliklə yanaşı, "Əkinçi", "Təkamül", "Tərəqqi", "İrşad", "Molla Nəsrəddin", "Azərbaycan", "Bakinskaya jizn", "Həqiqət", "İrani-nov", "Hilal-Əhmər", "Açıq söz", "Yeni iqbal", "Yeni Qafqasiya", "Qurtuluş", "Hümmət", "Bakı həyatı" kimi mətbuat orqanlarından M.Ə.Rəsulzadə, F.Xoyski, Ə.Ağayev, Ə.Hüseynzadə, Ü.Hacıbəyli, C.Hacıbəyli, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə və başqa böyük mütəfəkkirlərin, ictimai-siyasi xadimlərin, publisist və naşirlərin müxtəlif mövzularda qələmə aldıqları yazılarını transliterasiya edərək çoxmilyonlu Azərbaycan oxucularına çatdırmışdır. Bu məqalələrin hər biri ayrılıqda xalqımızın milli mətbuatının araşdırılmasında və tarixi salnaməmizin yaradılmasında mühüm əhəmiyyət kəsb edir.

Şirməmməd Hüseynovun tarixi məxəzlərdən, qəzet və jurnal səhifələrindən, arxiv sənədlərindən topladığı zəngin materiallarla tanış olduqca, oxuyub fikir süzgəcindən keçirdikcə sözün həqiqi mənasında heyrətlənirsən. Doğrudan da, bir alim ömrü bu qədər mənbələri, faktları araşdırmağa necə yetib? Lakin elə bu sualın cavabını Şirməmməd müəllimin şəxsi keyfiyyətlərində, səbir və təmkinində, fədakarlığında, yüksək vətənpərvərliyində, doğma xalqına təmmənnasız xidmətində, zəngin mütaliəsində və dərin erudisiyaya  malik olmasında tapırsan. Görkəmli alimin XX əsrin dövri mətbuat orqanları və onun yaradıcıları haqqında apardığı çoxsaylı elmi araşdırmaları nəticədə neçə-neçə sanballı kitabların, monoqrafiyaların, dərsliklərin yazılmasında ilkin mənbə rolunu oynamışdır. Professor Şirməmməd Hüseynov "Həqiqət və ədalət carçısı"(1988), "Məhəmməd Əmin Rəsulzadə, Əsərləri, I cild (1992), "Müstəqilliyin çətin yolu... Biz hara gedirik?" (1996), "Məhəmməd Əmin Rəsulzadəyə qarşı böhtan kampaniyasının arxasında kimlər durur?" (1998), "Məhəmməd Əmin Rəsulzadə",  Əsərləri, II cild (1999),  "Mənəvi irsimiz və gerçəklik" (2004), "Milli haqq və ədalət axtarışında" (2004), "Mətbu irsimizdən səhifələr" (2007), "Müstəqilliyin çətin yolu... Reallıqlar, düşüncələr" (2009), "Məhəmməd Əmin Rəsulzadə... Azərbaycanda milli hərəkat" (2009), "Məhəmməd Əmin Rəsulzadə. Əsərləri" (Beş cilddə, 2014), "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər" (Üç cilddə, 2012, 2015, 2016, 2017) kimi çoxsaylı kitabları, məqalələr toplusu, transliterasiya materialları, elmi-nəzəri və publisistik yazıları, dərslik və dərs vəsaitləri, eləcə də tərcümələri ilə Azərbaycan mətbuatının, publisistikamızın böyük tarixi salnaməsini yaradaraq bugünümüzə və gələcəyimizə ərməğan etmişdir. Bu araşdırmaların ana xəttini XX əsrin ilk onilliklərində, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalqımızın həyatında baş verən böyük ictimai-siyasi hadisələr, erməni daşnaklarının törətdiyi soyqırım və faciələr, elm və təhsil məsələləri, ölkənin daxili və xarici siyasəti ilə bağlı problemlər, qonşu dövlətlərlə münasibətlər, imperialist güclərlə qarşıdurma, mübarizə və mücadilələr, eləcə də digər önəmli məsələlər təşkil edir.

Şirməmməd Hüseynov fundamental tədqiqatlarında Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Mirzə Bala Məmmədzadə, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və başqalarının zəngin publisistik yaradıcılığını, ədəbi fəaliyyətini, milli istiqlal, Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması uğrunda mücadilə və mübarizələrini aşkarlayıb xalqa çatdırmağı həyatının əsas fəaliyyət proqramına çevirmişdir. Görkəmli tədqiqatçı öz araşdırmalarında elə şəxsiyyətlərin həyat və fəaliyyətinə üstünlük vermişdir ki, onlar sözün həqiqi mənasında xalqımızın tarixi salnaməsinə adlarını yazmış, ictimai-siyasi hadisələrin əsas iştirakçısı və öndəri olmuş, böyük tarixi hadisələrin şahidi kimi taleyüklü məsələlərin həllində birbaşa iştirak etmişlər.

Şirməmməd Hüseynovun ömür yolunda onun ləyaqətli və şərəfli müəllimlik fəaliyyəti də xüsusi yer tutur. Uzun illər çalışdığı Bakı Dövlət Universitetində minlərlə tələbə ilk dəfə Azərbaycan mətbuatının keçdiyi tarixi mərhələlər, onun yaradıcıları, görkəmli şəxsiyyətləri haqqında məlumatları Şirməmməd müəllimdən eşitmiş və yaddaşlarında həkk etmişlər. O, auditoriyalarda Azərbaycan xalqının mübarizə və mücadilələrlə keçən tarixi inkişaf yoluna işıq salmışdır. Şirməmməd müəllim Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Əli bəy Hüseynzadə, Üzeyir bəy Hacıbəyli, Əhməd bəy Ağaoğlu və başqa görkəmli ziyalıların vətən məhəbbəti ilə süslənmiş publisistik yazılarından böyük şövqlə söhbət açsa da, əksinə, Azərbaycanın azadlığının əlindən alınması, müstəqilliyinin itirilməsi ilə bağlı məlumatları  tələbələrinə acı təəssüf hissi, ürək ağrısı ilə çatdırmışdır. Lakin bütün bunlar azad fikirli, demokratik düşüncəli müəllimi ruhdan salmamış, o, gələcəyə nikbin əhval-ruhiyyə ilə baxmışdır. Şirməmməd müəllim bu müqəddəs və əvəzolunmaz hissləri öz yetirmələrinə aşılamış, onları da öz sələfləri kimi mübariz olmağa ruhlandırmışdır. Nəhayət, Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdə Şirməmməd Hüseynov bu böyük tarixi hadisəni haqqın, ədalətin qələbəsi və təntənəsi kimi dəyərləndirmiş, gəncləri 70 ildən sonra çox böyük qurbanlar bahasına əldə etdiyimiz müstəqilliyi göz bəbəyi kimi qorumağa səsləmişdir.

Şərəfli ömür yolu keçən, böyük bir məktəb yaradaraq kamillik, müdriklik zirvəsinə ucalan, çağdaş jurnalistikamızın əsas inkişaf yollarını müəyyənləşdirən bu ensiklopedik şəxsiyyətin yazdığı kiçik məqalədən başlayaraq iri həcmli kitablara, monoqrafiyalara, televiziya və radio çıxışlarına, verdiyi müsahibələrə qədər hər birisi neçə-neçə qiymətli, dəyərli tədqiqatın mövzusudur.  Şirməmməd müəllimin vaxtilə öz sələflərinə, böyük söz sahiblərinə verdiyi yüksək dəyər bugünkü gəncliyimiz üçün də əsl bir nümunə və örnəkdir. Bu gün unudulmaz alim Şirməmməd Hüseynovun adı ilə bağlı olan o tarixi əhəmiyyətli ənənələr müasir gəncliyimizi Azərbaycan mətbuatının neçə-neçə dəyərli səhifələrini yazmağa ruhlandırır.

Bu bir həqiqətdir ki, vətəninin, millətinin, xalqının dərdini öz dərdi hesab edənlər, o müqəddəs ağırlığı çiyinlərində daşıyan fədakar insanlar tarix səhnəsində daim yaşayır və ən uca məqamda qərarlaşırlar. Axı odlu-alovlu mübarizələrdən, dövrün keşməkeşlərindən qalibiyyətlə çıxan böyük şəxsiyyətlərin şərəfli ömür yolu zəmanənin məhvərində çevrələnə bilməz, əsrləri adlayıb sonsuzluğa qədər yol alıb gedər, salnaməyə çevrilərək tarixləşər, qəlblərdə, yaddaşlarda əbədiyyət qazanar. Böyük insan, unudulmaz alim, cəfakeş tədqiqatçı Şirməmməd Hüseynov kimi...

seeBaxış sayı:26
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri