Zəfər soraqlı can dərmanı “İstisu”
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əsarətdən qurtulmuş dirilik suyunun tərifi beynəlxalq məclislərdən gəlir
Prezident İlham Əliyevin avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində İran Prezidenti Məsud Pezeşkianla görüşü zamanı maraqlı dialoq yaşanıb. Dövlətimizin başçısı iranlı həmkarına Azərbaycandan gətirdiyi “İstisu” mineral suyunun dadına baxmağı təklif edib. “Azərbaycan suyunun dadına da baxın! Burada əla “İstisu” suyu var. Mən özümlə gətirmişəm”, – deyə Prezident İlham Əliyev vurğulayıb. Daha sonra Azərbaycan lideri həm Məsud Pezeşkian, həm də özü üçün “İstisu” süzüb.
Qeyd edək ki, “İstisu” təkcə təbiətin Kəlbəcərə bəxş etdiyi şəfalı su mənbəyi deyil, həm də bu əbədi-əzəli qədim yurdumuzun yaddaşını, ruhunu və özünəməxsusluğunu özündə yaşadan təbii sərvətdir. Prezident İlham Əliyevin bu suyu “bölgənin rəmzi” adlandırması da təsadüfi deyil. Çünki “İstisu” suyun hər damlasında Kəlbəcər dağlarının əzəməti, bulaqlarının saflığı, təbiətinin bənzərsizliyi və bu torpağın insanlarının yaddaşında yaşayan zəngin tarixi var. İllər boyu müxtəlif xəstəliklərdən şəfa tapmaq, dağ havasının və mineral suların yaratdığı möcüzəvi təbiət ab-havasını duymaq üçün insanların üz tutduğu “İstisu” zamanla Kəlbəcərin adı ilə ayrılmaz şəkildə bağlanıb. Bu mənada “İstisu” yalnız bir su deyil, Kəlbəcəri tanıdan, onu yaddaşlarda yaşadan canlı təbiət nişanəsidir.
Bu gün “İstisu”ya qayıdış həm də Kəlbəcərin yenidən dirçəldilən həyatına dönüşün rəmzi kimi dəyərləndirilə bilər. Vaxtilə şöhrəti ölkə hüdudlarını aşan “İstisu”sanatoriyasının yenidən qurulması, “İstisu” mineral suyunun müasir standartlarla istehsalının və turizm imkanlarının genişləndirilməsi qədim şöhrətin yeni mərhələdə bərpasına xidmət edir. Dağların qoynundan süzülərək əsrlərin yaddaşını özündə daşıyan “İstisu” indi yalnız keçmişi xatırlatmır, həm də gələcəyə açılan ümidin, yenilənmənin və Böyük Qayıdışın təbii rəmzlərindən birinə çevrilir. Sanki Kəlbəcərin daşları, meşələri və bulaqları ilə birlikdə “İstisu” da doğma torpağın yenidən nəfəs aldığını dilə gətirir.
Təbiətin “ana südü”
Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimi 2022-ci il iyunun 26-da keçirilib. Mərasimdə dövlət başçısına sanatoriyada görüləcək işlərlə bağlı məlumat verilərək bildirilib ki, rayonun İstisu kəndinin məşhur mineral suyu olan “İstisu” bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. Burada sözügedən mineral sudoldurma zavodu isə 1981-ci ildə inşa edilib. İşğal dövründə yararsız hala salınan sanatoriyanın yeni simada tam bərpa olunacağı və əvvəlki şöhrətinin qaytarılacağı diqqətə çatdırılıb.
Prezident İlham Əliyev təməlqoyma mərasimindəkı çıxışında qəsbkarlıq zamanı Kəlbəcər rayonu, İstisu qəsəbəsi, o cümlədən eyni adlı zavodun tamamilə dağıdıldığını bildirərək, ətraf coğrafiyada yerləşən bütün yaşayış sahələrinin, eləcə də sosial obyektlərin yenidən bərpa olunacağını vurğulayıb. Eyni zamanda, İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atıldığını, ilk növbədə, burada yeni su zavodunun tikintisinin nəzərdə tutulduğunu qeyd edib.
Xatırladaq ki, dövlət başçısı məhz elə həmin gün “İstisu” zavodunun təməlini qoyub. Çıxışında vaxtilə məşhur olan bu suyun tezliklə yenidən istehsalına başlanacağını, həm istehlak, həm də ixrac ediləcəyini bildirib. Bununla yanaşı, “İstisu” sanatoriyası dağıntılarının yerində ən müasir səhiyyə müəssisəsinin qurulacağını, İstisu qəsəbəsində isə yeni mehmanxana inşa ediləcəyini xatırladıb.
Prezident İlham Əliyev daha sonra deyib: “Bu dağıntılar erməni faşizminin təzahürüdür. Onlar binalarımızı, məscidlərimizi, məktəblərimizi, şəhər və kəndlərimizi dağıdıblar. Bu sanatoriyanı da dağıdıblar. Amma bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq. Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünki “İstisu” sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz – bu torpaqların sahibləri vaxtilə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik, o cümlədən Kəlbəcər rayonunda, Laçın rayonunda böyük quruculuq işləri gedir”.
Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcər təkcə füsunkar təbiəti və strateji mövqeyi ilə deyil, həm də, necə deyətlər, dərdlərə dərman olan təbii sərvətləri ilə də dünyada tanınır. Bu sərvətlərin sırasında isə şubhəsiz ki, məşhur müalicəvi “İstisu” xüsusi yer tutur. Bu su rayonun İstisu qəsəbəsində unikal yeraltı termal-mineral su yatağından gələn, içməli təbii mineral qazlı sudur.
1951-ci ildə “İstisu”yun xüsusiyyətlərinin araşdırılması məqsədilə akademik Mirəli Qaşqayın rəhbərliyi ilə Azərbaycanın SSR-nin keçmiş Səhiyyə Nazirliyi və Elmlər Akademiyasının tədqiqatçıları tərəfindən birgə elmi araşdırma aparılaraq ölkəmizin mineral sularının siyahısı hazırlanıb və onlar arasından içilə bilən və ən faydalı su sayılan indiki “İstisu”yun mənbəyində qazıntı həyata keçirilib. Beləliklə, 1976-cı ildə Kəlbəcərdə “İstisu”yun istehsalına başlanılıb. Bu mineral su qısa müddətdə həm respublikamızda, həm də qonşu ölkələrdə rəğbətlə qarşılanıb.
Azərbaycan təbiətinin bilicisi Mirəli Qaşqay bildirirdi ki, Kəlbəcər rayonundakı “İstisu” mineral su bulağı təbiətin gözəl hədiyyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu su dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynisidir və bəzi xüsusiyyətlərinə görə yeganədir.
O dövrün görkəmli kimyaçı alimi E.Karstenski Kəlbəcər ərazisindəki “İstisu”yun tərkibini araşdırdıqdan sonra onun müalicəvi əhəmiyyətini Karlovı-Varı bulaqlarından daha yüksək qiymətləndirib və bu müalicə ocağının təkcə bu əraziyə, Azərbaycana, SSRİ-yə deyil, dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərib.
İşğal illərində Kəlbəcərin mədəni, tarixi və təbii irsi vandalizmə məruz qalıb, bölgənin rəmzinə çevrilən “İstisu” sanatoriyası yerlə-yeksan edilib. Lakin bu dağıntılar xalqımızın mübarizə əzmimi və öz torpağına olan sevgisini qıra bilməyib. 30 ilə yaxın davam edən işğal dövründə erməni faşizminin qurbanına çevrilən bu tarixi məkan hazırda öz həqiqi sahiblərinin qayğısı ilə sıfırdan bərpa olunaraq yenidən dirçəlir.
“İstisu” yalnız müalicəvi mineral su bulağı deyil, həm də Kəlbəcərin vizit kartıdır. Tarixən minlərlə insanın şəfa tapmaq üçün üz tutduğu bu kompleks bölgənin iqtisadi və turizm potensialının da əsas sütunu olub. Bu gün Azərbaycan dövlətinin əsas məqsədlərindən biri isə bu tarixi rəmzi özünə qaytarmaq, onu müasir standartlara uyğun şəkildə dünya səviyyəli müalicə və istirahət mərkəzinə çevirməkdir.
Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda başlanan nəhəng quruculuq işləri Kəlbəcərdən də yan keçməyib. Ölkə rəhbərinin vurğuladığı kimi, bu gün Kəlbəcər və Laçın rayonlarında irimiqyaslı layihələr həyata keçirilir.
Yenidən qurulan mineral su zavodu təkcə keçmişin bərpası deyil, həm də gələcəyə atılan addımdır. Yaxın perspektivdə burada istifadəyə veriləcək yeni gözəl mehmanxana və müalicə mərkəzi regional turizmin inkişafına böyük təkan verəcək.
Yeri gəlmişkən, dövlətimizin başçısı “İstisu” mineral sudoldurma zavodunun və “İstisu” Müalicə-İstirahət Kompleksinin tikintisi prosesini daim diqqətdə saxlayıb, Kəlbəcərə səfərləri çərçivəsində bu müəssisə və sağlamlıq ocağında görülən işlərlə yaxından tanış olub. 2024-cü il sentyabrın 2-də isə ölkə rəhbərinin iştirakı ilə zavodunun açılış mərasimi keçirilib. Bununla da sözügedən su zavodunun məhsulu – uzun illər Kəlbəcərin yüksək keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan mineral suyu 30 illik bir zamandan sonra yenidən istehlakçılara təqdim olunub.
Mənbəyini Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan bu mineral su regionun minerallarla zəngin nadir suyu kimi dəyərləndirilib. Lakin vurğuladığımız kimi, torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar 30 il ərzində bu təbii mineral suyunun istehsalı dayandırılıb.
Hər damlanın dəyəri var
Hazırda səmərəli fəaliyyəti ilə diqqətçəkən müəssisədə beynəlxalq standartlara əsaslanan avadanlıqlar quraşdırılıb, zavod müasir avtomatlaşdırılan sudoldurma xətləri və robotlaşdırılan anbar idarəetmə sistemləri ilə təchiz edilib. İstehsal xətləri Almaniyanın “Krones” şirkəti tərəfindən çəkilib. Ən son texnologiyaların tətbiqi nəticəsində burada yüksək keyfiyyətli mineral su istehsal edilməklə yanaşı, suyun təbii xüsusiyyətlərini qoruyub saxlamaq da gerçəkləşdirilib. “İstisu” zavodunun illik istehsal gücünün 100 milyon şüşə butulkadan artıq olacağı nəzərdə tutulub.
Mütəxəssislərin sözlərinə görə, müəssisədə istehsal olunan su həm keyfiyyəti, həm də müasir standartlara cavab verməsi ilə seçilir. Beynəlxalq təsnifat meyarlarına görə, Kəlbəcər rayonunda yerləşən adı çəkilən təbii mineral su natrium bikarbonat və sulfatla zənginliyi ilə fərqlənir. Tərkibində olan kalsium, maqnezium, bikarbonat, sulfat və digər faydalı elementlər orqanizmə müsbət təsiri ilə müşahidə olunur.
“İstisu”yun tərkibinin zəngin olması, yüksək keyfiyyət standartlarına uyğun istehsal edilməsi nəticəsində onun ixrac imkanları da qısa müddətdə genişləndirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayına əsasən, cari ilin yanvar-fevral aylarında mineral su zavodunun 45 milyon dollar dəyərində (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,7 milyon dollar və ya 6,2 dəfə çox) məhsulu ixraca yönəltməsi də bunun bariz ifadəsi kimi qiymətlənirilib.
Tibb elmləri doktoru Bəhruz İbrahimovun sözlərinə görə, “İstisu” bənzərsizliyi ilə diqqət çəkir, heç bir mineral suda olmayan faydalı tərkibi var. İçindəki mineralların hər biri sağlamlığa müsbət təsir göstərir, eyni zamanda, insanın gündəlik mineral qəbuletmə normasını rahatlıqla qarşılamağa kömək edir. Başqa sözlə, bu məhsul ən çox mineral itkisini qarşılayan sudur. “İstisu” həm insanın susuzluğunuzu yatırır, həm də itirilən mineralların bərpasına kömək edir. Mineral suyun istehsalı zamanı isə faydalı minerallarla bərabər, eyni zamanda, mənbədəki unikal xüsusiyyət qorunur.
Hazırda zavodda hazırlanan su işğaldan əvvəl istehsal edilən “İstisu”dan tərkibinə görə daha keyfiyyətli olması ilə fərqlənir. Belə ki, bu gün “İstisu”yun istehsal prosesi ən müasir avadanlıqlarla həyata keçirilir. Digər tərəfdən, işğaldan əvvəl fəaliyyət göstərən müəssisədə sutəmizləmə sistemi yox idi və su içindəki ağır metallarla istehsal olunurdu. Buna görə də həkim müayinəsindən keçmək və resept yazdırmaq tələb edilirdi. Hazırda isə istehsal zamanı suyun bütün faydalı mineralları saxlanılır və zərərli minerallar isə təmizlənir və günlük içmə limiti artırılır.
Alman mütəxəssislər tərəfindən “Aşağı İstisu” mənbəyindən götürülən nümunələr əsasında bu təbii mineral suyun analizi və testi həyata keçirilib. Aparılan balneoloji rəylərə əsasən, suyun fizioloji, metabolik və müalicəvi təsirlərə malik olduğu müəyyən edilib. Bu isə mədə-bağırsaq traktının funksional pozğunluqlarının müalicəsi və həzm funksiyasının stimullaşdırılması, yaşlılarda natrium və maye çatışmazlığının və yeniyetmələrdə diş kariyesinin profilaktikası, eləcə də böyüklər üçün dəstəkləyici təsir baxımından çox faydalıdır.
“İstisu” təbii mineral suyu, eyni zamanda, yerli və beynəlxalq keyfiyyət, eləcə də təhlükəsizlik standartlarına tam cavab verir. Başqa sözlə, müəssisə AZS 216-2006, İSO 9001-2015 və İSO 22000-2018 standartlarına uyğun sertifikatlar əsasında fəaliyyət göstərir. “İstisu” mineral su zavodu, eyni zamanda, ətraf mühitin qorunmasına da mühüm töhfə verir. Mineral su istehsalında əsas məsəd isə uzunmüddətli uğur və rifahın əsasını təşkil edən resurslardan davamlı istifadə, ekoloji cəhətdən təmiz istehsal prosesi və təbiətin mühafizəsi məsələlərini diqqətdə saxlamaqdır.
Bu gün müəssisənin əsas vəzifəsi ətraf mühitə zərər vermədən yüksək keyfiyyətli məhsul istehsal etməkdir. Bu məqsədlə zavodda tullantıların miqdarını minimuma endirməyə, həmçinin elektrik enerjisi resurslarından səmərəli istifadə etməyə imkan verən müasir texnologiyaların tətbiqinə üstünlük verilir.
“İstisu” Müalicə-İstirahət Kompleksinin layihəsi barədə isə onu deyək ki, 1927-ci ildə fəaliyyətə başlayan bu sanatoriya keçmiş Azərbaycan SSR-də müttəfiq əhəmiyyətli ikinci böyük kurort hesab edilirdi. Kompleksin ərazisində 3 yataq, 1 poliklinika korpusu, 1 müalicəvi vanna xidməti binası fəaliyyət göstərirdi. Sovet dönəmində bu kurort-sanatoriya kompleksi ildə 50 min nəfəri qəbul etmək imkanına malik idi. Bu sağlamlıq ocağına əsasən həzm sistemi xəstəliklərinin müalicəsi üçün müraciətlər edilirdi.
Bərpa ediləcək “İstisu” Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 32 min kvadratmetr olacaq. 145 nömrənin, eləcə də 10 kottecin yaradılacağı kompleks mərkəzində isə termal hamam, müalicəvi vanna, həkim otağı, o cümlədən müxtəlif müalicəvi hovuzlar, prosedur otaqları və istirahət zonaları mövcud olacaq. Burada müxtəlif iaşə obyektləri – restoranlar, uşaq əyləncə mərkəzi, oyun otaqları da qonaqlara xidmət göstərəcək.
Vaqif BAYRAMOV
XQ
Baxış sayı:101
Bu xəbər 02 Sentyabr 2026 00:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















