Zəngəzur dəhlizi Mərkəzi Asiya ölkələri tərəfindən dəstəklənir və strateji təşəbbüs kimi qiymətləndirilir MÜSAHİBƏ
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 28 aprel, Tamilla Məmmədova, AZƏRTAC
AZƏRTAC Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin Perspektiv Beynəlxalq Tədqiqatlar İnstitutunun (Özbəkistan) baş elmi işçisi Nərgizə Umarova ilə müsahibəni təqdim edir.
- Hazırda Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, xüsusilə də Özbəkistan arasında əlaqələrin vəziyyətini və inkişaf perspektivlərini, formalaşmaqda olan Orta Dəhliz kontekstində necə qiymətləndirirsiniz?
- İlk növbədə qeyd etmək lazımdır ki, Orta Dəhliz dedikdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu nəzərdə tutulur. Bu dəhliz şimal, mərkəzi və cənub olmaqla üç tranzit qoldan ibarətdir və onların hər biri inkişafın müxtəlif mərhələlərindədir. Bu günə qədər ən səmərəli fəaliyyət göstərən marşrutlar Qazaxıstan ərazisindən keçən istiqamətlərdir. Eyni zamanda, Qırğızıstan, Özbəkistan və Türkmənistan ərazisindən keçən cənub marşrutu müəyyən infrastruktur və logistika çətinlikləri ilə üzləşir. Dənizə birbaşa çıxışı olmayan dövlət kimi Özbəkistan üçün etibarlı və səmərəli nəqliyyat dəhlizlərinin yaradılması xüsusilə vacibdir. Bu cür dəhlizlər həm logistik xərcləri azaltmağa, həm də milli ixracın rəqabət qabiliyyətini artırmağa imkan verir. Bununla yanaşı, ölkənin tranzit potensialının inkişaf etdirilməsi də mühüm vəzifə kimi qarşıda durur. Tranzit yükdaşımalarından əldə olunan əlavə gəlirlər Özbəkistan üçün mühüm iqtisadi imkanlar yaradır. Bu baxımdan, Orta Dəhlizin cənub marşrutunun daha da inkişaf etdirilməsi strateji əhəmiyyət kəsb edir. Hərçənd bu istiqamət hələlik yükdaşımaların həcminə görə digər marşrutlardan geri qalır, lakin fəal şəkildə istifadə olunmaqdadır.
2018-ci ildə Özbəkistanın təşəbbüsü ilə Mərkəzi Asiyanı Çinlə birləşdirən “Kaşqar–İrkəştam–Oş–Əndican–Daşkənd” avtomobil dəhlizi istifadəyə verildi. 2024-cü ilin dekabr ayında isə tərəflər “Çin–Qırğızıstan–Özbəkistan” dəmir yolunun tikintisinə start verdilər ki, bu da regionda əlaqələrin möhkəmləndirilməsi baxımından böyük nailiyyət hesab olunur.
Bu gün Mərkəzi Asiya ölkələri ilə Avropa İttifaqı arasında Transxəzər nəqliyyatlarında ən güclü mövqelərə Qazaxıstan və Türkmənistan sahibdir. Onların ümumi yüklərin həcminə olan payı 96 faizə bərabərdir. Regionun digər ölkələri üçün isə Orta Dəhliz yalnız xarici ticarət axınlarını şaxələndirmək üçün əlavə bir imkan yaradır.
Qeyd etmək lazımdır ki, Orta Dəhlizin bütün tranzit qolları sonda Azərbaycanda birləşir. Xəzər dənizini keçdikdən sonra yüklər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına daxil olur və buradan Gürcüstan vasitəsilə, daha sonra isə quru və ya dəniz yolu ilə Türkiyə və Avropaya çatdırılır. Bu kontekstdə Azərbaycanın əsas tranzit halqası kimi rolu son dərəcə önəmlidir və onu qiymətləndirməmək mümkün deyil. Orta Dəhlizin Şimal marşrutuna alternativ kimi potensialına Avropa İttifaqı da ciddi maraq göstərir. Bu layihə 3–4 aprel tarixlərində Səmərqənddə keçirilmiş “Avropa İttifaqı – Mərkəzi Asiya” yüksək səviyyəli sammitində əsas müzakirə mövzularından biri olub. 2022-ci ilə qədər Şərqi və Mərkəzi Asiyadan Avropaya əsas yükdaşıma marşrutu Rusiya ərazisindən keçən Şimal dəhlizi idi. Lakin Ukraynada müharibənin başlaması səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu marşrutun fəaliyyətini xeyli çətinləşdirdi. Bu fonda Transxəzər dəhlizinin əhəmiyyəti kəskin şəkildə artdı. Hazırda biz bu dəhlizin fəal inkişafını və ona həm regional, həm də qlobal aktorlar tərəfindən artan marağı müşahidə edirik.
- Özbəkistanın Avrasiya nəqliyyat arxitekturasının transformasiyasında rolu nədən ibarətdir? Bu prosesdə Azərbaycanla əməkdaşlıq hansı əhəmiyyətə malikdir?
- 2022-ci ildən sonra baş verən hadisələr Mərkəzi Asiya ölkələrini Avrasiya logistik sisteminin transformasiyasının mərkəzinə çevirdi. Bu dövlətlər üçün öz tranzit marşrutlarını formalaşdırmaq, xarici iqtisadi əlaqələri şaxələndirmək və yeni beynəlxalq bazarlarda iştiraklarını genişləndirmək üçün unikal imkanlar yarandı. Xüsusilə Özbəkistan bu proseslərin ən fəal iştirakçılarından birinə çevrildi. Əgər əvvəllər diqqət əsasən Şimal nəqliyyat dəhlizlərinə yönəlirdisə, bu gün alternativ – qərb, şərq və xüsusilə cənub istiqamətlərinə aktiv şəkildə yenidən istiqamətlənmə müşahidə olunur.
Cənub tranzit marşrutu Daşkənd tərəfindən strateji prioritetlərdən biri kimi qiymətləndirilir. Bu kontekstdə Özbəkistanın İranla əməkdaşlığını xüsusi olaraq qeyd etmək vacibdir. Bu məsələ beynəlxalq müzakirələrdə hələ kifayət qədər geniş işıqlandırılmasa da, ölkəmizin nəqliyyat siyasətində mühüm rol oynayır. Məhz İran 1990-cı illərdə Mərkəzi Asiya ölkələrinə, isti dənizlərə ilk sabit çıxış imkanını təmin edib. İran ərazisindən Türkiyə və Avropa İttifaqına birbaşa dəmir yolu daşımaları həyata keçirilir. Bu, nəqliyyat vasitələrinin dəyişdirilməsinə ehtiyac olmadan tamamilə dəmir yolu ilə baş tutan və Transxəzər marşrutuna alternativ olan Cənub Nəqliyyat Dəhlizini formalaşdırır. Bununla yanaşı, rəsmi Daşkənd İranın cənub-şərqində yerləşən, dərin dəniz limanı olan Çabaharın imkanlarından istifadə məsələsində Tehranla fəal əməkdaşlıq edir.
Regionlararası dayanıqlı nəqliyyat əlaqələrinin qurulmasında Özbəkistan üçün digər mühüm tərəfdaş isə Azərbaycandır. Azərbaycanın coğrafi mövqeyi, inkişaf etmiş infrastrukturu və siyasi sabitliyi ölkəni Şərq ilə Qərb arasında effektiv tədarük zəncirlərinin formalaşdırılmasında ayrılmaz halqaya çevirir. Bu gün Bakı ilə Daşkənd arasında əməkdaşlıq artıq ikitərəfli tərəfdaşlıq çərçivəsindən çıxaraq, bütün Avrasiya üçün strateji əhəmiyyət kəsb edən səviyyəyə yüksəlib.
- Transəfqanıstan dəmir yolu dəhlizinin yaradılmasının əsas məqsədləri nələrdir və bu prosesdə Özbəkistanın rolu nədir?
- Özbəkistan 2018-ci ildə Transəfqanıstan dəmir yolunun Pakistanadək uzadılması təşəbbüsü ilə çıxış edib. Layihənin ilkin variantı isə Əfqanıstan vasitəsilə İrana çıxışı nəzərdə tuturdu. 2017-ci ildə Əfqanıstan Prezidenti Əşrəf Qaninin Daşkəndə səfəri zamanı tərəflər "Məzari-Şərif–Hərat" dəmir yolunun inşası barədə razılığa gəlmişdilər. Bu xəttin sonradan İranda başlayan “Xaf–Hərat” dəmir yolu ilə birləşdirilməsi planlaşdırılırdı. Lakin bir il sonra yeni bir marşrut irəli sürüldü — bu, Hind okeanında yerləşən, Pakistan limanlarına çıxışı nəzərdə tutan Kabul dəhlizi idi. Bu dəhliz “Termiz–Məzari-Şərif–Kabul–Peşəvər” dəmir yolu xətti üzərində qurulur. Kabul dəhlizi, ilk növbədə, tranzit marşrutu kimi nəzərdə tutulub və üçüncü ölkələr arasında yük daşımalarını həyata keçirməyə yönəlib. Bununla belə, bu marşrut Mərkəzi Asiya ölkələri, Əfqanıstan və Pakistan arasında qarşılıqlı ticarətin canlandırılması üçün də əhəmiyyətli potensiala malikdir. Nəqliyyat və ticarət daim bir-biri ilə sıx bağlıdır: ticarətin inkişafı yük daşımalarının həcmini artırır, səmərəli nəqliyyat marşrutlarının yaradılması isə ticarət dövriyyəsinin genişlənməsinə xidmət edir.
Bu istiqamətdə ilk addımı Özbəkistan atıb, Belarus, Rusiya, Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistanı birləşdirən multimodal nəqliyyat marşrutunu istifadəyə verib. Bu, Transəfqanıstan dəhlizinin yaradılması yolunda atılmış ilk addımdır, baxmayaraq ki, hələlik bu multimodal formada reallaşır. Bununla belə, dəmir yolu nəqliyyatı quru logistikası baxımından ən səmərəli vasitə olaraq qalır — bu nəqliyyat növü həm qənaətcil, həm sürətli, həm də böyük həcmdə yüklərin daşınmasına imkan verir. Transəfqanıstan dəmir yolu layihəsi bir neçə mərhələdən keçib. Əvvəlcə layihənin xarici maliyyə vəsaitləri hesabına həyata keçirilməsi planlaşdırılırdı. Əfqanıstandakı əvvəlki hökumət dövründə Dünya Bankı və Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları ilə fəal danışıqlar aparılmış və ilkin maliyyələşdirmə razılaşmaları əldə olunmuşdu. Lakin 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyət dəyişikliyindən sonra layihə dayandırıldı. Lakin hadisələrin gözlənilməz inkişafı, Taliban hakimiyyətə gəlməsindən sonra ölkənin xarici nəqliyyat kommunikasiyalarının inkişafına ciddi diqqət ayırmağa başladı, Kabul və Lapis-Lazuli (Lazurit) dəhlizləri daxil olmaqla bir sıra layihələri yenidən gündəmə gətirdi.
Bundan əlavə, “Məzari-Şərif–Hərat–Kandahar” marşrutu üzrə yeni bir dəmir yolu layihəsi təklif olundu və bu layihə gələcəkdə regionun nəqliyyat infrastrukturunun mühüm tərkib hissəsinə çevrilə bilər. 2024-cü ildə Türkmənistan və Əfqanıstan arasında "Torqundi–Hərat–Kandahar–Spin-Buldak" dəmir yolu marşrutunun, yəni Qərbi Transəfqanıstan dəhlizinin inkişaf etdirilməsi barədə razılıq əldə olunub.
Qazaxıstan da bu təşəbbüsləri fəal şəkildə dəstəkləyir. Bu yaxınlarda Qazaxıstan Baş nazirinin müavini ölkəsinin Kandahar marşrutunun inkişafına 500 milyon dollar investisiya qoymağa hazır olduğunu bəyan edib. Rusiya da layihəyə qoşulub və 2024-cü ilin aprelində Rusiyanın Nəqliyyat Nazirliyi Özbəkistanla birgə həm Kabul, həm də Kandahar marşrutlar üzrə texniki-iqtisadi əsaslandırmaların hazırlanmasına başlayıb.
- Azərbaycan Transəfqanıstan dəmir yolu dəhlizinin inkişafında hansı rolu oynaya bilər və bu kontekstdə onun mümkün strateji üstünlükləri nədən ibarətdir?
- Azərbaycan nəzəri və coğrafi baxımdan formalaşmaqda olan Transəfqanıstan dəmir yolu sisteminə qoşulmaq imkanına malikdir. Lakin əsas məsələ ondan ibarətdir ki, bu qoşulma hansı məqsədlərlə həyata keçiriləcək — Əfqanıstan və Pakistanla ticarət dövriyyəsinin artırılması üçünmü, yoxsa tranzit daşımalarına qoşulmaq niyyətiləmi? Bu baxımdan, 2017-ci ildə təklif edilmiş Lapis-Lazuli (Lazurit) dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Bu marşrut Əfqanıstanı Türkmənistan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Cənubi Qafqazla birləşdirir və Avropa bazarına çıxışı nəzərdə tutur. Lazurit dəhlizi artıq fəaliyyət göstərir, lakin İranın öz tranzit marşrutlarını fəal şəkildə inkişaf etdirməsi ilə ciddi rəqabətlə üzləşir. Hazırda Əfqanıstanın Avropaya yönələn ticarət yükünün bir hissəsi İran ərazisi ilə daşınır. Məsələn, yaxın zamanda Əfqanıstan ilk dəfə olaraq “Xaf–Hərat” dəmir yolu vasitəsilə Avropa İttifaqına 200 ton quru meyvə ixrac edib. Əfqanıstan ilə Pakistan arasında qeyri-sabit münasibətlər fonunda İran üzərindən tranzit yolları əfqan biznesi üçün daha cəlbedici olmağa başlayıb.
Bununla belə, Azərbaycan Əfqanıstan üzərindən keçən marşrutların inkişafında ciddi maraq göstərir. Rəsmi Bakı Lazurit dəhlizinin inkişafı istiqamətində Talibanla fəal danışıqlar aparır. Bu marşrut regional ticarət üçün əhəmiyyətli potensiala malik olmaqla yanaşı, həm də Cənubi Asiya ilə Avropa arasında Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqaz üzərindən keçən daha genişmiqyaslı tranzit şəbəkəsinin bir hissəsinə çevrilə bilər. Bu kontekstdə Azərbaycan körpü rolunu oynayaraq Əfqanıstanla Avropa arasında əlaqə yarada biləcək əsas aktora çevrilə bilər.
Eyni zamanda, Özbəkistan da Lazurit dəhlizində mühüm rol oynaya bilər. 2011-ci ildən fəaliyyət göstərən “Heyraton–Məzari-Şərif” dəmir yolu bu marşruta inteqrasiya edilərək, Xəzər vasitəsilə Azərbaycana çıxış təmin edə və daha geniş nəqliyyat şəbəkəsinə daxil edilə bilər.
- Azərbaycanın Transxəzər logistikasının inkişafına töhfəsini necə qiymətləndirirsiniz?
- Azərbaycanın Transxəzər logistikasının inkişafına töhfəsi olduqca əhəmiyyətlidir. Bu istiqamətdə atılan əsas addımlardan biri bərə daşımalarının buraxılış qabiliyyətinin illik 15 milyon tondan 25 milyon tona qədər artırılması planıdır. Bu, Xəzər dənizi üzərindən yükdaşımalarda əlavə çeviklik və səmərəlilik təmin edəcək.
Bundan əlavə, Azərbaycan Zəngəzur dəhlizinin inkişafı üzərində fəal işləyir. Bu dəhliz strateji təşəbbüs kimi qiymətləndirilir və Mərkəzi Asiya ölkələri tərəfindən dəstəklənir. Zəngəzur dəhlizinin açılması marşrutu təqribən 350 kilometr qısaldacaq ki, bu da Transxəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətini artıracaq. Qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin istismara verilməsindən sonra Gürcüstan üzərindən keçən marşrutlar da paralel şəkildə fəaliyyət göstərəcək. Bu isə Orta Dəhlizin ümumi buraxılış qabiliyyətini artıracaq və regionlararası əlaqəliliyi daha da yaxşılaşdıracaq.
- Nəqliyyat layihələri vasitəsilə regional inteqrasiyanın potensialını necə qiymətləndirirsiniz?
- Nəqliyyat layihələri təkcə ölkələri birləşdirmir, həm də Cənubi Qafqaz və Mərkəzi Asiya arasında inteqrasiyanın yeni modelini formalaşdırır. Bu baxımdan, 2019-cu ildə Özbəkistanın təşəbbüsü ilə irəli sürülmüş CASCA+ adlı multimodal nəqliyyat dəhlizi xüsusi diqqətə layiqdir. Layihə Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyəni birləşdirərək, bu regionlar arasında ticarət və nəqliyyat əlaqələrinin inkişafı üçün unikal imkanlar yaradır.
Bundan əlavə, artıq CASCA+ dəhlizinin fəaliyyətinin koordinasiyası məqsədilə konsorsium yaradılması ilə bağlı razılıq əldə olunub. Bu yanaşma Orta Dəhliz Beynəlxalq Assosiasiyasının modeli ilə oxşarlıq təşkil edir və layihənin səmərəliliyinin artırılması istiqamətində mühüm addım olacaq.
- Siz enerji sahəsində əməkdaşlıqdan da bəhs etdiniz. Bu barədə ətraflı məlumat verə bilərsinizmi?
- Bəli, nəqliyyat dəhlizləri yalnız dəmir yolu, avtomobil və ya dəniz daşımaları ilə məhdudlaşmır. Onlar həm də enerji axınları deməkdir. Ötən il Özbəkistan, Qazaxıstan və Azərbaycan “Yaşıl Enerji Dəhlizi” layihəsinin birgə reallaşdırılmasına başladılar. Layihənin məqsədi Mərkəzi Asiya ölkələri və Azərbaycan mənşəli təmiz enerjinin Avropaya ötürülməsidir. Bu layihə regionlararası əlaqəliliyin daha bir vacib dayağını təkcə logistika deyil, həm də enerji sahəsində formalaşdırır. Belə təşəbbüslərin inkişafı regionun enerji təhlükəsizliyini gücləndirir və ölkələr arasında davamlı, ekoloji cəhətdən təmiz enerji mübadiləsi üçün yeni imkanlar açır.
- Bakı və Daşkənd arasında əməkdaşlığın möhkəmləndirilməsində beynəlxalq təşkilatların və formatların, xüsusilə Türk Dövlətləri Təşkilatının (TDT) rolu nədən ibarətdir? TDT nəqliyyat üzrə koordinasiya üçün tamhüquqlu platformaya çevrilə bilərmi?
- Hesab edirəm ki, TDT artıq faktiki olaraq belə bir platformaya çevrilib. 2019-cu ildə təşkilata tamhüquqlu üzv kimi qoşulan Özbəkistan, bu formatdan öz geoiqtisadi maraqlarının həyata keçirilməsi üçün fəal şəkildə istifadə edir. Daşkəndin xarici siyasəti bu gün ilk növbədə iqtisadi prioritetlərə əsaslanır: ixrac imkanlarının genişləndirilməsi, yeni bazarlara çıxış və dayanıqlı logistika marşrutlarının təmin olunması. Bu baxımdan, TDT oxşar maraqlara və infrastruktur inteqrasiyası potensialına malik ölkələri birləşdirən çox əlverişli və səmərəli formatdır. Təşkilat çərçivəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, CASCA+ layihəsi və bərpaolunan enerji mənbələrindən enerji tədarükü üzrə “Yaşıl Enerji Dəhlizi” kimi böyük təşəbbüslər mövcuddur. Bütün bunlar TDT-nin ölkələrimiz arasında strateji kommunikasiyaların möhkəmləndirilməsində əhəmiyyətli hərəkətverici qüvvəyə çevrildiyini göstərir.
- Azərbaycan və Özbəkistan arasında mövcud iqtisadi inteqrasiya səviyyəsini necə qiymətləndirirsiniz?
- Potensial son dərəcə böyükdür, lakin hələ tam reallaşdırılmayıb. Göstəricilərin əhəmiyyətli dərəcədə artırılması üçün kifayət qədər imkanlar mövcuddur. Qarşımızda duran əsas vəzifə qarşılıqlı ticarət həcmini bir neçə dəfə artırmaqdır və bu prosesdə kooperasiya layihələri əsas rol oynamalıdır. Artıq müsbət nümunələr müşahidə edirik: birgə avtomobil istehsalı, tekstil və tikinti klasterlərinin inkişafı. Qarşılıqlı investisiyalar da artmaqdadır. Məsələn, son bir il ərzində Özbəkistan və Azərbaycanın bərabər payla iştirak etdiyi Türk İnvestisiya Fondunun kapitalı 20 faiz artaraq 600 milyon dollara çatıb. Bu isə o deməkdir ki, biz özümüz üçün investor rolunu oynamağa başlamışıq.
- Mərkəzi Asiyanın Xəzər dənizinə çıxışının strateji əhəmiyyəti nədədir və Azərbaycanın limanlarının bu prosesdə rolunu necə qiymətləndirirsiz?
- Xəzər dənizi birbaşa dünya okeanlarına çıxışı olmayan ölkələr, o cümlədən Özbəkistan üçün xarici dünyaya açılan mühüm qapıdır. Bu ölkələrin Xəzərə, xüsusilə də Azərbaycanın qərb sahillərinə çıxışı strateji əhəmiyyət kəsb edir. Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Özbəkistanın ixrac yükünün əhəmiyyətli hissəsini qəbul edir. 2024-cü il üzrə məlumatlara əsasən, liman tərəfindən emal edilən 7,5 milyon ton yükün 1 milyondan çoxu məhz Özbəkistandan daşınan yüklərdir. Özbəkistan öz tranzit potensialını genişləndirməyə çalışır. Daşkəndin prioritet layihələrindən biri Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun tikintisidir. Azərbaycan isə bu dəmir yolu xəttinin Xəzər dənizinədək uzadılmasına maraq göstərir. Bu, Orta Dəhlizin cənub marşrutunun inkişafına əhəmiyyətli töhfə verəcək və Özbəkistanla Qırğızıstanın Şərqi Asiya ilə Avropa arasında tranzit daşımalarında rəqabət qabiliyyətini gücləndirəcək.
Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Bakı limanı modernləşdirilir, infrastruktur genişləndirilir. Lakin bütün bu müsbət addımlara baxmayaraq, təkcə xoş niyyət kifayət etmir. Qaydaların və standartların uyğunlaşdırılması, həmçinin logistika sahəsinə davamlı sərmayə qoyuluşu zəruridir. Bu isə yalnız Azərbaycan və Özbəkistanın deyil, bütün iştirakçı ölkələrin üzərinə düşən vəzifədir. Sevindirici haldır ki, siyasi iradə mövcuddur və bu imkanları reallaşdırmaq üçün əlverişli bir dövr yetişib. Hazırda bu imkan pəncərəsinin açıq olduğu vaxtdır və onu dəyərləndirmək vacibdir.


