Zəngilanda aqrar texnika festivalı
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafına, eləcə də işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinə göstərdiyi diqqət və qayğı nəticəsində Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. Azad edilmiş ərazilərdə əkin sahələri genişləndirilir, müasir aqrotexnologiyalar tətbiq olunur, fermerlərin texnika və digər resurslara çıxış imkanları artırılır.
Bu istiqamətdə növbəti tədbir Zəngilan rayonunun Ağalı kəndində keçirilib. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və “Prior Lizinq” MMC-nin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəliyinin dəstəyi ilə “Qarabağa qayıdış – ilk texnika festivalı” keçirilib.
Festivalın əsas məqsədi Qarabağda fəaliyyət göstərən fermerlərin ehtiyaclarını öyrənmək, onları müasir kənd təsərrüfatı texnikaları ilə yaxından tanış etmək və qabaqcıl aqrotexnologiyalara çıxış imkanlarını genişləndirmək olub.
Festivalda müasir kənd təsərrüfatı texnikaları nümayiş etdirilib, fermerlər üçün xüsusi imkanlar təqdim olunub, yerli məhsullar sərgilənib. Bununla yanaşı, tədbir çərçivəsində müxtəlif yarışlar və əyləncə proqramları təşkil olunub, uşaqlar üçün xüsusi əyləncə zonası yaradılıb.
Fermerlər burada “New Holland”, “Lovol”, “Solis”, “Väderstad”, “Maschio Gaspardo”, “Agrotech”, “Parlayan” və “Abollo” kimi tanınmış markaların texnikaları ilə tanış olmaq imkanı əldə ediblər. Mütəxəssislər texnikaların texniki imkanları, istifadə xüsusiyyətləri və tətbiq sahələri barədə məlumat verib, fermerlərin suallarını cavablandırıblar.
Dövlət tərəfindən aqrar sahəyə göstərilən dəstək, o cümlədən kənd təsərrüfatı texnikalarının alınmasına tətbiq olunan güzəştlər və subsidiyalar azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar yaradır.
“Prior Lizinq” MMC də “Böyük Qayıdış” proqramına töhfə vermək, azad edilmiş ərazilərin iqtisadi dirçəldilməsini, məşğulluğun artırılmasını dəstəkləmək məqsədilə bölgədə fəaliyyət göstərən və dogma yurduna qayıdan sakinlər üçün xüsusi lizinq imkanları təqdim edir. Bu çərçivədə texnikaların 40 faiz dövlət subsidiyası, ilkin ödənişsiz və 7 ilədək faizsiz lizinq şərtləri ilə təqdim olunması nəzərdə tutulur.
Bununla yanaşı, fermerlərin texnikalardan daha səmərəli istifadə etməsi üçün operator hazırlığı və aqrotexniki dəstək xidmətləri də göstərilir. Təlim proqramları çərçivəsində 3–6 ay müddətində operatorların hazırlanması, eləcə də texnikalardan düzgün və səmərəli istifadə ilə bağlı fermerlərə məsləhət və dəstək verilməsi planlaşdırılır.
Ağalıda keçirilən festival bir tərəfdən müasir kənd təsərrüfatı texnikalarının imkanlarını nümayiş etdirib, digər tərəfdən isə Qarabağda aqrar sektorun yeni texnologiyalar əsasında inkişafı üçün dövlət və özəl sektor əməkdaşlığının əhəmiyyətini ortaya qoyub.
Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri
Zəngilan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 03 Oktyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















