Zəngilanın bugünkü mənzərəsi
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Elməddin Abbasov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Vətən müharibəsinin gedişində Zəngilanın azad olunması həm hərbi, həm də strateji baxımdan mühüm hadisəyə çevrildi. Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi qəhrəmanlıq, şəhidlərimizin fədakarlığı və xalqımızın sarsılmaz iradəsi bu qələbənin əsasını təşkil etdi. İşğal illərində şəhərin və rayonun yaşayış məntəqələri dağıdılmış, infrastrukturu məhv edilmiş, tarixi və mədəni irsinə ciddi ziyan vurulmuşdu. Lakin 2020-ci ilin payızından etibarən Zəngilanın tarixində yeni səhifə açıldı və şəhər uzun illər sonra yenidən Azərbaycanın quruculuq gündəliyinə qayıtdı.
Bu gün Zəngilanda gedən işlərə nəzər saldıqda həmin tarixi qələbənin real nəticələrini görmək mümkündür. Şəhərdə yeni yaşayış məhəllələri salınır, sosial obyektlər və müasir infrastruktur yaradılır, yollar yenilənir. Ağalı kəndində həyata keçirilən layihə və sakinlərin doğma torpaqlarına qayıdışı Böyük Qayıdış prosesinin Zəngilandakı ilk mühüm nümunələrindən biri oldu. İndi bu proses şəhərin özündə də yeni mərhələyə qədəm qoyub. Zəngilan Beynəlxalq Hava Limanının fəaliyyəti, nəqliyyat imkanlarının genişləndirilməsi və digər infrastruktur layihələri rayonun gələcək inkişafı üçün geniş imkanlar açır. Burada məqsəd sadəcə dağıdılmış binaları yenidən tikmək deyil, insanların doğma yurdda rahat yaşayacağı, işləyəcəyi və gələcəyini quracağı müasir şəhər mühiti formalaşdırmaqdır. Zəngilanın bugünkü mənzərəsi də məhz bu yanaşmanın nəticəsi kimi ortaya çıxır.
Zəngilan artıq yalnız işğalın acı xatirələri ilə deyil, bərpa olunan küçələri, yeni yaşayış məhəllələri və doğma yurda qayıdan sakinləri ilə gündəmə gəlir. Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Zəngilanın da gələcək simasını müəyyənləşdirir. Şəhərin inkişafı təkcə Zəngilan üçün deyil, bütövlükdə Şərqi Zəngəzurun dirçəlişi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün burada qurulan hər yeni bina, çəkilən hər yol və geri qayıdan hər ailə 2020-ci ildə əldə edilmiş Zəfərin davamını göstərir. Ona görə də Zəngilan şəhəri günü həm qəhrəmanlıq tariximizə ehtiram, həm də azad edilmiş torpaqlarda qurulan yeni həyatın qürurunu yaşadan əlamətdar gündür.
Baxış sayı:32
Bu xəbər 20 Oktyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















