Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionun aparıcı siyasi mərkəzinə çevrilib Azər Qarayev
Как передает Icma.az, основываясь на информации сайта Day.az.
15 oktyabr müstəqil Azərbaycanın siyasi tarixində mühüm dönüş nöqtəsini xatırladır - Prezident İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsi 2003-cü ilin məhz bu günü olub. Bu illər ərzində Azərbaycan həm daxili, həm də beynəlxalq miqyasda köklü dəyişikliklər yaşayıb, yeni iqtisadi model formalaşdırıb, hərbi və diplomatik gücünü bərpa edib və regionun aparıcı siyasi mərkəzinə çevrilib.
Day.Az xəbər verir ki, bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətçiliyi sabitlik, inkişaf və milli dəyərlər üzərində formalaşan yeni mərhələyə qədəm qoydu. 2003-cü ildə xalqın etimadı ilə Prezident seçilən İlham Əliyevin müəyyən etdiyi strateji xətt müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf edib. Bu 22 ildə ölkə yalnız iqtisadi cəhətdən deyil, həm də siyasi və hərbi baxımdan tam yenidən doğulub. Bu gün Azərbaycan beynəlxalq arenada söz sahibi olan, suveren qərarları ilə öz milli maraqlarını qətiyyətlə qoruyan, regionun təhlükəsizliyi və sabitliyində həlledici rol oynayan dövlətə çevrilib. Bütün bu uğurların mərkəzində isə uzaqgörən siyasət, müdrik liderlik və dəmir iradə dayanır - Prezident İlham Əliyevin rəhbərliyi", - o bildirib.
Onun sözlərinə görə, 2003-cü ildə Prezident İlham Əliyev ölkə rəhbərliyinə gələndə qarşıda duran əsas vəzifə sabitliyi qorumaq, iqtisadi dirçəlişi təmin etmək və xalqın rifahını yüksəltmək idi. O, bu məqsədlərə çatmaq üçün çevik, müasir və milli maraqlara əsaslanan idarəetmə modelini formalaşdırdı.
"Dövlət idarəçiliyi sistemində köklü islahatlar aparıldı, elektron hökumət və rəqəmsal xidmətlər tətbiq olundu. Məsələn, "ASAN Xidmət" modeli təkcə Azərbaycanda deyil, beynəlxalq səviyyədə də nümunə kimi qəbul edildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə sosial idarəetmədə şəffaflıq və hesabatlılıq prinsipləri möhkəmləndi. Ən əsası, Prezident İlham Əliyev "xalq üçün çalışan dövlət" konsepsiyasını reallığa çevirdi. Onun rəhbərliyi ilə dövlət-vətəndaş münasibətləri sadəcə inzibati mexanizm deyil, qarşılıqlı etimad və məsuliyyət üzərində qurulan bir sistemə çevrildi. Siyasi sabitlik və ictimai həmrəylik bu 22 ildə Azərbaycanın ən böyük üstünlüyü oldu. Bu sabitlik inkişafın təməli, iqtisadi artımın və xarici nüfuzun zəmanəti kimi çıxış etdi.
Prezident İlham Əliyev iqtisadiyyat sahəsində yeni bir fəlsəfə formalaşdırdı: resursların ağıllı idarə olunması və gələcəyin iqtisadiyyatına keçid. Onun rəhbərliyi ilə neft gəlirləri sosial rifah, infrastruktur və qeyri-neft sektorunun inkişafına yönəldildi. Bu siyasət nəticəsində Azərbaycan qısa müddətdə iqtisadi müstəqilliyini təmin etdi. Son 20 ildə ümumi daxili məhsul dəfələrlə artdı, yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə qədər endi, dövlət borcu aşağı səviyyədə saxlanıldı", - o bildirib.
A.Qarayev qeyd edib ki, ən böyük strateji nailiyyətlərdən biri Azərbaycanın enerji diplomatiyasıdır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, Cənub Qaz Dəhlizi və Trans-Adriatik boru xətti kimi layihələr Azərbaycanın iqtisadi xəritəsini dəyişdi. Bu layihələr ölkəni Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevirdi. Eyni zamanda, Prezident İlham Əliyev bərpa olunan enerji siyasətinə start verərək Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji zonası" elan etdi. Günəş, külək və hidroenerji layihələri Azərbaycanın enerji gələcəyini formalaşdırır. Bu strategiya həm ekoloji, həm də iqtisadi baxımdan müasir yanaşmanın bariz nümunəsidir.
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq siyasətdə də tam müstəqil mövqe formalaşdırdı. Ölkə nə bir blokun üzvü, nə də başqa dövlətlərin təsir dairəsinə girdi. Bu, Azərbaycanın suveren xarici siyasət kursunun mahiyyətidir. Azərbaycan beynəlxalq təşkilatlarda fəallığı ilə seçilir. Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrliyi dövründə ölkə qlobal ədalət, multilateralizm və humanitar dəyərlərin müdafiəçisi kimi çıxış etdi. Prezident İlham Əliyev pandemiya dövründə inkişaf etməkdə olan ölkələrə humanitar yardım təşəbbüsünü irəli sürdü - bu, Azərbaycanın beynəlxalq həmrəylikdə liderlik rolunu göstərdi. Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında və BMT platformasında Azərbaycanın rolu ilbəil artdı. Prezident İlham Əliyev balanslaşdırılmış siyasət sayəsində həm Qərb, həm də Şərqlə qarşılıqlı faydalı münasibətləri qoruyur. Bakı bu gün enerji, nəqliyyat və təhlükəsizlik məsələlərində dialoqun mühüm mərkəzinə çevrilib", - o bildirib.
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin dövlət idarəçiliyində xüsusi yer tutan istiqamətlərdən biri - müdafiə və ordu quruculuğu idi.
"2003-cü ildən etibarən o, Azərbaycanın hərbi potensialını sistemli şəkildə gücləndirməyə başladı. Bu, təkcə ordunun silahlanması və texniki modernləşməsi deyildi - bu, milli ruhun, azadlıq iradəsinin, dövlət müstəqilliyinin qorunması üçün strateji konsepsiyanın formalaşması idi. Azərbaycan bu illər ərzində İsrail, Türkiyə, Pakistan və digər müttəfiqlərlə sıx hərbi əməkdaşlıq qurdu. Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə ölkə öz silahlarını, pilotsuz uçuş aparatlarını, zirehli texnikalarını istehsal etməyə başladı. Eyni zamanda, orduya olan ictimai etimad bərpa olundu. Əsgər və zabitlər artıq təkcə hərbi xidmət keçən şəxslər deyil, xalqın qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev şəxsən hərbi hissələrə səfərlər edir, döyüş hazırlığı ilə maraqlanır, ordunun ruh yüksəkliyini yüksəldirdi.
Bütün bunların məntiqi nəticəsi 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi oldu. 44 gün ərzində Azərbaycan xalqı dövlət başçısının ətrafında dəmir yumruq kimi birləşdi. Prezident İlham Əliyev həm Ali Baş Komandan, həm də diplomatik cəbhənin lideri kimi çıxış etdi. Müharibə dövründə onun hər çıxışı xalqın ruhunu qaldırır, dünyaya Azərbaycanın haqq səsini çatdırırdı. Bu müharibə təkcə orduların toqquşması deyildi - bu, 30 illik ədalətsizliyə son qoymaq uğrunda bir millətin mübarizəsi idi. Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır!" çağırışı tarixə düşdü və 44 gündən sonra bu sözlər reallığa çevrildi. Azərbaycan Ordusu Şuşa zirvəsini fəth etdi - bu, yalnız hərbi taktika deyil, milli iradənin təntənəsi idi. Dövlət başçısı İlham Əliyev Qələbə gününü xalqa elan edərkən artıq Azərbaycan tarixinin yeni səhifəsini açmışdı.
Lakin proses bununla bitmədi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın suverenliyini tam şəkildə bərpa etdi. Qanun və nizamın bərqərar olunması ilə Qarabağda separatçılığa son qoyuldu. Bu, ölkə başçısı İlham Əliyevin 20 illik strateji planının yekunu idi - tədricən, qətiyyətlə, mərhələ-mərhələ həyata keçirilən bir dövlət siyasətinin qələbəsidir. Prezident İlham Əliyevin liderliyi bu mərhələdə həm hərbi, həm siyasi, həm də mənəvi səviyyədə özünü göstərdi. O, təkcə ərazini azad etmədi, həm də xalqın inamını, ləyaqətini və dövlətin suverenlik təməlini bərpa etdi", - A.Qarayev bildirib.
Politoloq qeyd edib ki, Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyev Azərbaycanın regional sabitlik və əməkdaşlıq siyasətini yeni mərhələyə keçirdi. Müharibədə qələbə qazanmasına baxmayaraq, rəsmi Bakı Ermənistana sülh gündəliyi təklif edərək regionda dayanıqlı təhlükəsizlik arxitekturası qurmaq niyyətini açıq şəkildə nümayiş etdirdi. Bu, həm siyasi yetkinliyin, həm də uzaqgörən liderliyin göstəricisi idi. Ermənistan tərəfi ilkin mərhələdə bu təkliflərə qarşı qeyri-müəyyən və ləng mövqe sərgiləsə də, Prezident İlham Əliyevin ardıcıl və prinsipial siyasəti nəticəsində proses məntiqi istiqamət alaraq irəlilədi. Azərbaycan tərəfi sülh sazişi üçün konkret beş əsas prinsip irəli sürdü.
"2025-ci ilin avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan birgə bəyannamə imzaladılar. Bundan əlavə, iki ölkənin xarici İşlər nazirləri sülh sazişinin mətninin parafladılar. Bu hadisə Cənubi Qafqazda yeni tarixi mərhələnin başlanğıcı oldu və Azərbaycanın regional lider rolunu daha da möhkəmləndirdi.
Bu nailiyyət, bir daha göstərdi ki, sülhə aparan yol da güc və qətiyyət tələb edir. Prezident İlham Əliyevin strateji uzaqgörənliyi, diplomatik çevikliyi və siyasi sabitlik xətti nəticəsində Ermənistan nəinki destruktiv siyasətdən imtina etməyə, həm də Azərbaycanın şərtlərini qəbul etməyə məcbur qaldı. Beləliklə, 2020-ci ilin Qələbəsi hərbi zəfərlə başlasa da, 2025-ci ildə diplomatik zəfərlə tamamlandı - bu, Prezident İlham Əliyevin dövlətçilik fəlsəfəsinin və milli maraqlara əsaslanan siyasətinin məntiqi nəticəsi idi", - o bildirib.
Eyni zamanda, politoloqun sözlərinə görə, Vətən müharibəsindən sonra Prezident İlham Əliyev qarşısına yeni, bəlkə də daha mürəkkəb və məsuliyyətli bir vəzifə qoydu - azad edilmiş torpaqlarda həyatın bərpası və Böyük Qayıdışın təmin olunması.
"2021-ci ildən etibarən Qarabağ və Şərqi Zəngəzurda bərpa prosesi misilsiz sürətlə başladı. Qısa zamanda Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi - bu, azad edilmiş torpaqlarda yenidənqurmanın ilk simvolu idi. Ardınca Zəngilan və Laçın hava limanları da açıldı, bu da regionun iqtisadi və logistik əlaqələrini canlandırdı.
Yeni yollar, körpülər, elektrik və qaz xətləri, su anbarları, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri bir-birinin ardınca həyata keçirilir. Ağalı kəndində ilk köç prosesi başlandı və bu, 30 ildən sonra Qarabağa qayıdışın ilk real nümunəsi oldu. Prezident İlham Əliyev hər dəfə bölgəyə səfər edərkən şəxsən vətəndaşlarla görüşür, yeni layihələri işə salır, hər bir addımı şəxsən izləyir. Qarabağın bərpası təkcə fiziki infrastruktur layihəsi deyil, həm də milli mənəvi dirçəliş proqramıdır. Burada azadlıq, ədalət və inkişaf birləşir. Dövlət tərəfindən həyata keçirilən "Böyük Qayıdış" proqramı azad edilmiş ərazilərdə yeni iqtisadi zonaların yaradılmasını, kənd təsərrüfatı və turizm potensialının bərpasını, mədəni irsin dirçəldilməsini nəzərdə tutur.
Xankəndi, Şuşa, Füzuli, Ağdam, Cəbrayıl və Zəngilanda "Yaşıl enerji", "Rəqəmsal şəhər" və "Dayanıqlı kənd təsərrüfatı" layihələri həyata keçirilir. Prezident İlham Əliyevin göstərişi ilə bu ərazilərdə bütün infrastrukturlar müasir texnologiyalar əsasında qurulur - günəş enerjisi panelləri, ağıllı idarəetmə sistemləri və ekoloji davamlılıq prinsipləri tətbiq olunur.
Bərpa prosesində mədəniyyətin rolu da önəmlidir. Şuşa - Azərbaycanın mədəni paytaxtı kimi bərpa olunur. Tarixi abidələr, məscidlər, məqbərələr, muzeylər yenidən dirçəlir. 2022-ci ildə "Şuşa İli" elan olunması bu missiyanın mədəni ölçüsünü dünyaya nümayiş etdirdi. Eyni zamanda, Qarabağın bərpası sosial ədalət və milli birliyin rəmzinə çevrildi. Buraya qayıdan hər bir ailə, bərpa olunan hər bir ev, əkilən hər bir ağac, Azərbaycanın gələcək nəsillərinə ötürüləcək bir mesaj daşıyır: bu torpaq artıq əbədi olaraq Azərbaycanındır", - o bildirib.
A.Qarayev vurğulayıb ki, bu gün Qarabağ regionu yalnız yenidən qurulmur, həm də yenidən doğulur. Yeni yollarla, hava limanları ilə, texnoparklarla, təhsil müəssisələri və mədəniyyət ocaqları ilə burada müasir həyat bərqərar olur.
"Prezident İlham Əliyev bu prosesi şəxsi missiya kimi qəbul edib. Onun Qarabağa səfərləri sadəcə işgüzar deyil, həm də mənəvi səfərlərdir - hər səfərində şəhid ailələri ilə görüşür, yeni binaların açılışını edir, kəndlərin bərpasını izləyir. Qarabağı və Şərqi Zəngəzur təkcə əvvəlki vəziyyətinə qaytarılmır, onlar Azərbaycanın ən inkişaf etmiş bölgələrinə çevrilir. Bu, artıq gerçəklikdir. Qarabağ təkcə bir bölgə deyil - o, Azərbaycanın dirçəliş simvolu, 22 illik liderlik siyasətinin ən parlaq nəticəsidir", - A.Qarayev bildirib.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi sayəsində Azərbaycan həm də Avrasiyanın əsas nəqliyyat mərkəzlərindən birinə çevrildi.
"Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, eləcə də Zəngəzur dəhlizi ölkəmizin tranzit potensialını yeni səviyyəyə qaldırdı. Bu layihələr təkcə regionun iqtisadi xəritəsini deyil, həm də geosiyasi reallıqlarını dəyişir. Zəngəzur dəhlizi xüsusilə strateji əhəmiyyət daşıyır - o, Türk dünyasının birləşdirici körpüsü və Avrasiya inteqrasiyasının əsas arteriyası kimi çıxış edir. Prezident İlham Əliyevin bu istiqamətdəki təşəbbüsləri Azərbaycanın geoiqtisadi mərkəz kimi rolunu möhkəmləndirib", - o bildirib.
A.Qarayev vurğulayıb ki, 22 illik Prezident İlham Əliyev dövrü Azərbaycanın yüksəliş salnaməsidir.
"Bu illər ərzində Azərbaycan dövlətçiliyi bütün sınaqlardan keçdi, öz yolunu müəyyənləşdirdi və gələcəyə inamla addımlayır. Prezident İlham Əliyev həm tarixi ədaləti bərpa etdi, həm də xalqına yeni inkişaf üfüqləri açdı. Onun rəhbərliyi altında Azərbaycan artıq nəinki regionun, hətta qlobal siyasətin mühüm oyunçularından biridir.
Bu gün Azərbaycanın adı sabitlik, güc və qürur anlayışları ilə yanaşı çəkilir. Bütün bunlar bir liderin uzaqgörən siyasətinin, xalqın dəstəyinin və milli birliyin nəticəsidir. Azərbaycanın 22 illik yüksəliş tarixi bir daha sübut edir ki, dövlətin gələcəyi onun liderinin baxış dairəsi və xalqının birliyi ilə müəyyən olunur. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu yolda inamla, qətiyyətlə və fərəhlə irəliləyir", - politoloq əlavə edib.


