Alıcıları tələyə salan onlayn satış: “70 faizi saxtadır”
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Onlayn satış platformalarının artması alış-verişi asanlaşdırsa da, alıcılar aldadıcı elanlar, keyfiyyətsiz və saxta məhsullarla tez-tez qarşılaşırlar.
Xüsusilə “Instagram” səhifələri, adsız vebsaytlar və nəzarətsiz onlayn mağazalar vasitəsilə satılan məhsulların bir qismi ya orijinala uyğun gəlmir, ya da ümumiyyətlə istifadə üçün yararsız olur.
Son illərdə onlayn satışlarda keyfiyyətsiz və saxta məhsulların artmasının səbəbi nələrdir?
“Cümhuriyət” – ə mövzu ilə bağlı açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, onlayn ticarət genişləndikcə istehlakçılar saxta məhsullar və geri qaytarma çətinlikləri ilə daha çox üzləşirlər:
“Bütün dünyada klassik ticarətlə onlayn ticarət ciddi rəqabətdədir, onlayn ticarət üstünlük təşkil etmək üzrədir.
Bu hal istehlakçı hüquqlarının pozulması ilə müşahidə olunur. Məsələn, Beynəlxalq İstehlakçı Təşkilatının verdiyi məluma görə, onlayn satılan dərmanların 70%-i saxtadır. Eyni zamanda, bizim quruma gələn şikayətlər göstərir ki, istehlakçı tələbatına uyğun olmayan çox sayda mal satılır.
Belə halda istehlakçının hüququ var ki, tələbata uyğun gəlməyən malları dəyişsin və qaytarsın. Lakin stasionar ofis olmadığından istehlakçılar belə məsələlərdə çətinlik çəkirlər”.
Onun sözlərinə görə , saxta reklamlar və etibarsız onlayn satışlar alıcıları aldadır:
“Təəssüf ki, insanlar saxta reklamlara inanaraq onlayn plartformalar vasitəsi ilə mebel, telefon və bir çox avadanlıqlar alır. Son aldığımız şikayətlərdən biri də “Temu” platforması ilə bağlıdır. Vətəndaş divar saatı sifariş versədə, gələn əşyanın şəkildəki ilə əlaqəsinin olmadığı görünür, həmçinin sifariş verilən dəsmalların ölçülərində uyğunsuzluq var.
İstehlakçılar belə halda məhsulun geri qaytarılmasında da çətinlik çəkirlər. Hətta məşhur onlayn plartformalarda da istehlakçıların hüquqlarının pozulması hallarına rast gəlinir. Xüsusi olaraq insanlar dərman və kosmetik vasitələri onlayn almaqdan çəkinsinlər”.
E.Hüseynov alıcılara müraciət edərək bildirib ki, bu məsələdə diqqətli olmalı və hüquqlarını müdafiə etməlidirlər:
“Bütün bu hallarda istehlakçılar hüquqları pozularsa, dövlət orqanlarına müraciət etməlidir. Mal alarkən bütün hallarda kassa qəbzinin tələb edilməsi və bu qəbzi uzun müddət saxlamaları məsləhət görülür. “195” və 012-599-76-00 nömrəli telefonla çağrı mərkəzi vasitəsilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət olunmasını tövsiyə edirəm”.
Gülər
"Cebheinfo.az"
Açar sözlər: Alıcı onlayn satış Eyyub Hüseynov


