Çexiyada Karl körpüsünün ildönümü teatrlaşdırılmış şəkildə qeyd olunub
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Praqa, 9 iyul, AZƏRTAC
Bu gün səhər saatlarında Praqadakı məşhur Karl körpüsündə və onun ətrafında bu tikilinin təməl daşının qoyulmasının 668-ci ildönümünü qeyd etmək üçün tarixi geyimli yürüş keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram yürüşündə imperator IV Karl rolunu ifa edən aktyor, ardınca atlı cəngavərlər, nağaraçılar, musiqiçilər və şəhər sakinləri iştirak ediblər. Tədbirin kulminasiya nöqtəsi 1357-ci ilin sehrli anını xatırladan düz saat 05:31-də təməl daşına vurulan simvolik zərbə olub.
“Bu il biz yürüşün saflığına və düzgünlüyünə saray etiketi baxımından diqqət yetirdik. Bunun üçün şəxsən kral və imperator IV Karl rolunu ifa edən Miroslav Smaha təşəkkür etməliyəm. O, təkcə həmin dövrün saray etiketi üzrə mütəxəssis deyil, həm də bütün geyimlərin, simvolların və bayraqların düzgün olmasını təmin edir”, -deyə Çexiya televiziyasının canlı efirində Karl körpüsü Muzeyinin direktoru Zdenek Berqman bildirib.
Körpünün 650 illiyinin qeyd edildiyi 2007-ci ildən bəri Praqada Karl körpüsünün ildönümünə həsr olunmuş bayram yürüşləri keçirilir. İlk yürüş əsl möhtəşəm şənlik olub. O vaxt bələdiyyə sədri olan Pavel Böhm yumor hissi və Praqa əfsanələrini sevən biri idi. O, Karl körpüsünün üzərindən xoruzlarla araba sürməyə, cəngavər duellərinin baş tutması üçün tramvay yollarına qum tökməyə və Köhnə şəhərə isveçlilərin basqın etməsinə razılaşıb.
Körpünün təməlinin qoyulmasının ildönümü ona görə qeyd olunur ki, 1979-cu ildə filosof və astronom Zdenek Horski ilk dəfə öz kolleksiyasında 1-3-5-7-9-7-5-3-1 rəqəmləri ilə formalaşan tarixin simmetriyası haqqında nəzəriyyəni təqdim edib. Bu ədədlər soldan sağa və sağdan sola eyni oxunur və piramida şəklində ardıcıllıq əmələ gətirir. O dövrün inanclarına görə, bu ədədlərin ahəngi körpünün möhkəmliyini, fəlakətlərə davamlılığını və dağılmaqdan qorunmasını təmin etməli idi.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa


