İnter Çalhanoğlunun qarşısına şərt qoydu
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
''Qalatasaray'' camiəsinin Hakan Çalhanoğlu ilə bağlı planları və ümidləri yavaş-yavaş azalmağa başlayır.
Məlum olduğu kimi ''İnter''də bir müddət öncə Türkiyə yığmasının kapitanı ilə bağlı böyük qalmaqal yaşanmışdı. Komanda Klublararası Dünya Çempionatında mübarizəni dayandırdıqdan sonra kapitan Lautaro Martines Hakanı sərt sözlərlə tənqid etmişdi. Çünki Çalhanoğlu ''Qalatasaray''a keçməyə can atır.
"Football-plus.az" xəbər verir ki, ''İnter''in bu məsələdə mövqeyi bəlli olub. Rəhbərlik təcrübəli futbolçuya konkret olaraq 30 milyon avro qiymət qoyub. Milan nəhəngi bu məbləğdən aşağı olan heç bir təklifi dəyərləndirməyəcək. Bu isə Türkiyə çempionunun işini çətinə salır. Çünki ''sarı-qırmızılar'' Hakana görə maksimum 15 milyon avro təklif etmək niyyətində idilər.
Bu arada ''İnter'' Hakanın qarşısına şərt qoyub. Futbolçudan iyulun 26-na, yəni hazırlıq dönəmini başlamasına qədər gələcəyi ilə bağlı qərar verməsi tələb olunub. Əslində ''neradzurra'' tanınmış futbolçunun performansından razıdı. Yeni baş məşqçi Kristian Kivu da onun komandada qalmasını istəyir. Ona görə də Hakan təzminatla bağlı məsələni yoluna qoya bilməsə, çox güman, elə ''İnter''də qalası olacaq.
31 yaşlı futbolçunun geridə qoyduğumuz mövsümdə 47 rəsmi oyunda iştirak edərək aktivinə 11 qol, 8 məhsuldar ötürmə yazdığını bildirək.


