“Volkswagen” şirkəti ilk dəfə olaraq Çindəki zavodlarından birini bağlayır
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Berlin, 11 iyul, AZƏRTAC
Almaniyanın avtomobil nəhəngi “Volkswagen” konserni ilk dəfə olaraq Çindəki zavodlarından birini bağlayır.
AZƏRTAC “Handelsblatt” qəzetinə istinadla xəbər verir ki, Nankin şəhərində yerləşən müəssisədə istehsal artıq dayandırılıb. Zavodun ilin sonunadək tamamilə bağlanması planlaşdırılır.
Zavod 2008-ci ildə “Shanghai Volkswagen” birgə müəssisəsi tərəfindən istismara verilib. 2011-ci ildə zavodun illik istehsal gücü 300 min avtomobilə çatıb. Son vaxtlara qədər burada əsasən “Passat” və “Škoda Superb” modelləri istehsal olunurdu. Şəhər mərkəzində yerləşməsi ilə əlaqədar genişlənmə imkanlarının məhdudluğu zavodun elektromobil istehsalına uyğunlaşdırılmasına imkan vermir.
“Volkswagen” Çində getdikcə daha az avtomobil satır və son illərdə bazar payını itirib. Bu ilin birinci yarısında satış 2,3 faiz azalaraq təxminən 1,3 milyon avtomobilə düşüb. Xüsusilə elektromobil sahəsində yerli rəqiblər, o cümlədən BYD bazarda üstünlük əldə edərək alman istehsalçılarına çətinliklər yaradıb.
“Volkswagen” son vaxtlar yerli istehsalçılar arasında baş verən endirim mübarizəsi fonunda qazancı yüksək olan daxiliyanma mühərrikli avtomobillərə daha çox diqqət yetirib. Bu yanaşma sayəsində iyun ayında satışların artması mümkün olub. Şirkət gələn ildən etibarən yeni nəsil elektromobillərlə Çində satışlarını artırmağı hədəfləyir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

