Icma.az
close
up
RU
2024cü ilin iqtisadi yekunları, 2025ci ilə olan ümidlər

2024cü ilin iqtisadi yekunları, 2025ci ilə olan ümidlər

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Pərviz Heydərov yazır...

Cari il başa çatmaq üzrə olduğundan il ərzində iqtisadiyyatda əldə olunan nəticələr ümumi baxış tələb edir. Başqa sözlə, il necə başlanmışdı, necə yekunlaşır sualı cavab istəyir. Bunun üçün ilk növbədə ötən 11 ay ərzində ölkənin iqtisadi və sosial inkişafına dair makroiqtisadi göstəricilərə nəzər salmaq hələ ki kifayətdir.

2024-cü ilin yanvar-noyabr aylarında ölkəmizdə 113 milyard 282 milyon 400 min manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4.1% səviyyədə çoxdur. 11 ay ərzində iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4%, qeyri neft-qaz sektorunda isə 6.4% artıb.

Qeyd olunan müddətdə istehlak qiymətləri indeksi isə ötən ilin eyni dövrü ilə müqayisədə 2%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 1%, qeyri-qida məhsulları üzrə 1.5%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrəsə 3.8% təşkil edib.

Yeri gəlmişkən, xatırladım ki, ötən ilin yekununa görə isə ölkədə ÜDM cəmi 1.1%, o cümlədən qeyri-neft-qaz ÜDM-i 3.7% artmış, istehlak qiymətləri indeksi 8.8% təşkil etmişdi. Ancaq bir il də əvvələ getsək, yəni 2022-ci ildə artım 4.6%-ə, inflyasiya 13.9%-ə bərabər olmuşdu.

Lakin bu, 2022-ci illə müqayisədə 2023-cü ilin iqtisadi yekunlarının üzərinə kölgə salmırdı, ona görə ki, 2023-cü il, ən əsası ölkədə istehlak qiymətləri indeksi üzrə göstəricinin enməyə doğru istiqamət götürdüyü il sayıldı.

2022-ci il ərzində 4.6% artıma gəldikdə isə bu, beynəlxalq bazarlarda enerjidaşıyıcılarının qiymətləri üzrə konyunktur vəziyyətlə, həmçinin neft-qaz sektorumuzda hasilatın 2023-cü ildəkindən çox təşkil etməsi ilə əlaqədar baş vermişdi.

Odur ki, keçən ilin yekunları və cari il üçün proqnozlara dair şərhlərimdə yazmışdım ki, 2024-cü ildə həm dünyada, həm bizdə ucuzlaşma gözlənilməsə də ciddi bahalaşma və kəskin inflyasiya da baş verməyəcək və bu üzdən də qeyd olunan il ərzində daha çox iqtisadi artım əldə olunacaq.

Buna həmçinin, neftin qiyməti və sair də daxil olmaqla, ümumiyyətlə, hər hansı bir şok xarici təsirlərin ortaya çıxmayacağı faktoru da şərait yaratmalı idi və yaratdı da.

Belə ki, cari il ərzində inflyasiyanın aşağı səviyyədə qalması hesab edirəm ən mühüm amil sayıldı. Düzdür, heç bir sahədə və istiqamətdə ucuzlaşma baş vermədi. Lakin qiymətlər yüksəyə qalxmadığından və istehlak bazarında vəziyyət stabil və "ağır" olaraq qaldığından, iqtisadi artım üçün müəyyən rəvac yaranmaqla, ən azından münbit şərait ortaya çıxdı.

Qeyd edim ki, ötən 11 ayın nəticəsinə görə, ÜDM istehsalı üzrə artım bir az da çox ola bilərdi. Sadəcə olaraq, enerjidaşıyıcıları üzrə qiymətlər əvvəlki ildəki kimi olmadı, üstəlik neft hasilatımız da artıq, 30 milyon tondan aşağıya düşüb ki, il ərzində qeyri-neft-qaz ixracı üzrə temp də bir ara zəiflədi və sair...

Bununla belə, yanvar-noyabr aylarının yekununa əsasən ÜDM istehsalı üzrə 4.1%-lik artım kifayət qədər böyük rəqəmdir.

2024-cü ildə heç bir sosial paket həyata keçirilmədi. Cari il üçün bu, heç əvvəlcədən də planlaşdırılmamışdı. Buna rəğmən, ilin yanvar-oktyabr ayları ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7.8% artaraq 993.2 manat təşkil edib.

Bu il noyabrın 1-nə iqtisadiyyatda muzdla çalışanların sayı 1 milyon 773.3 min nəfər olub ki, onlardan 881.7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 891.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Növbəti ildən minimum əməkhaqqının 345 manatdan 400 manata qaldırılacağı gözlənilir ki, həmçinin 2025-ci ilin yanvarın 1-dən əmək pensiyaçılarının pensiyaları da bu il ərzində orta aylıq nominal əməkhaqqının qeydə alınacaq yekun artım səviyyəsinə uyğun indeksləşdiriləcək.

2024-cü il həmçinin, ölkəmizdə gözlənildiyi kimi turizmin də inkişafı sarıdan əlamətdar oldu. Belə ki, ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 195 ölkəsindən 2412.0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27.4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 37.3% artaraq 106.0 min nəfər, körfəz ölkələrindən 25.3% artaraq 391.9 min nəfər, MDB ölkələrindən isə 19.4% artaraq 905.8 min nəfər təşkil edib.

Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına qoşulan ölkələrin Konfransı - COP29 Bakıda uğurla keçdiyini xüsusən qeyd etmək lazımdır. Ölkəmiz indiyədək qazandığı siyasi və iqtisadi nüfuzu bir daha ortaya qoydu. 196 ölkədən aralarında 80 prezident, vitse-prezident və baş nazir olmaqla 72 mindən çox nəfər Bakıya təşrif buyurdu.

Yeri gəlmişkən, cari il ərzində ölkədə alternativ enerji mənbələrindən istifadə sahəsində də xeyli irəliləyiş əldə olunub. Yanvar-noyabr ayları ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 617.8 milyon kVt-saat, yəni 80%-dən çox artaraq 3 580.6 milyon kVt-saat təşkil edib.

Ümumiyyətlə, ölkəmiz alternativ enerji mənbələrindən istifadə sahəsində çox inamlı, qətiyyətli addımlar atıb və atır, bu sahədə sürətlə irəliləməkdə davam edir.

Sözügedən istiqamətdə qarşıya qoyulan məqsəd, hədəf isə ondan ibarətdir ki, bu gün dünyada necə ki neft-qaz ixracatçısı kimi tanınırıq, tezliklə həm də "yaşıl enerji" ixracçısı kimi tanınaq. Çünki, ölkəmizin bərpaolunan enerji sahəsində real texniki potensialı 135 giqavat, dənizdə isə 157 giqavat ilə ölçülür.

2024-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri də iqtisadi artıma müsbət təsirini qoruyub saxlayıb və hətta bir az gücləndirib. 44 günlük müharibədən sonra bu işlərə 19 milyard manata yaxın vəsait xərclənib ki, 2024-cü ilin III rübündə daha 755 nəfər (231 ailə) öz doğma torpaqlarına geri qaytarılıb.

Cari ildə ölkə iqtisadiyyatında müsbət dinamika hökm sürdüyünə dair daha bir əyani sübut isə valyuta ehtiyatlarımızla bağlıdır. 1 oktyabra kimi ümumi strateji valyuta ehtiyatlarımızın həcmi 73 milyard 493.4 milyon ABŞ dollarına çatıb. Bunun 83.95%-i və yaxud 61 milyard 697.6 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 16.05%-i və yaxud 11 milyard 795.8 milyon ABŞ dolları isə Mərkəzi Bankın (AMB) payına düşüb.

Təkcə ilin III rübü ərzində ölkənin valyuta ehtiyatları 3 milyard 755.2 milyon ABŞ dolları və yaxud 5.4% artıb ki, ARDNF-in ehtiyatlarında 3 milyard 697 milyon ABŞ dolları və yaxud 6.4%, AMB-in isə 58.2 milyon ABŞ dolları və yaxud 0.5% yüksəliş qeydə alınıb. Doğrudur, AMB-nin rəsmi valyuta ehtiyatları həcmi oktyabr və noyabr ayları ərzində 424 milyon dollar + 404 milyon dollar = 828 milyon dollar azalıb. Lakin bu, müvəqqəti xarakter daşıyır.

Müqayisə üçün qeyd edim ki, cari il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 201,4 milyon manat və yaxud 2024-cü il üzrə ÜDM-in 21.6%-i qədər olub. Borcun 9 milyard 8.5 milyon manatı və yaxud 5 milyard 299.1 milyon ABŞ dolları xarici, 17 milyard 192.9 milyon manatı isə daxili dövlət borcu sayılır. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 7.4%-i və 14.2%-i qədərdir, 1 il əvvələ nisbətən 18.9% az və 2,8 dəfə çoxdur.

Bəs, 2024-cü ildə iqtisadiyyatımız üçün hər hansı bir təhlükəli və yaxud mənfi xarakterli tendensiyalar baş veribmi və yaxud qeydə alınıbmı?

Təəssüflər olsun ki, il ərzində yuxarıda sadaladığım müsbət faktor, məqam və irəliləyişlərlə bərabər növbəti illərdə ölkə iqtisadiyyatı üçün makroiqtisadi sabitliyə təhdid törədə biləcək hallar da cərəyan edib və müşahidə olunub.

Hansı ki, bunlar mütləq dərəcədə ciddi nəzarətə götürülməlidir.

Məsələn, xarici ticarət dövriyyəsinin azalması ölkəmizi gələcəkdə bəzi problemlərlə üzləşdirə bilər ki, ötən ildən başlanan bu proses, həm də idxal-ixrac əməliyyatlarını birincinin xeyrinə dəyişməsi fonunda baş verdiyindən daha təhlükəli sayılır. Yəni, biri var qeyd olunan tendensiya özünü sırf neft-qaz sektoru ilə əlaqədar göstərsin, biri də var qeyri-neft-qaz məhsullarının da ixrac və dəyərinin azalması bunda rol oynasın.

Belə də, müsbət saldo daha sürətlə enir və enəcək.

2024-cü ilin yanvar- sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 11.7% azalaraq 34 milyard 498.17 milyon ABŞ dolları təşkil edib. Ümumiyyətlə, son bir ildə ölkə üzrə ixrac 25% azalaraq 19 milyard 854.93 milyon ABŞ dolları, idxal isə 16% artaraq 14 milyard 643.24 milyon ABŞ dollarına bərabər olub ki, xarici ticarət dövriyyəsi üzrə müsbət saldo ötən ilin eyni dövrünə nisbətən 62.4% az əldə olunub.

Bu, heç də yaxşı nəticə deyil.

Yəni, demək istədiyim odur ki, neft hasilatımız onsuz da azalır və qazdan əldə olunan gəlirlərsə bunu əvəz etmir. Yuxarıda da qeyd etdim ki, hasilat üzrə illik 30 milyon ton həcmdən aşağıya düşmüşük. Neft qiymətlərinə dair proqnozlarsa enir. Düzdür, qiymət 50 ABŞ dolları həndəvərində olarsa, bu, bizim üçün təhlükəli sayılmır. Ancaq, 60 ABŞ dollarından aşağı rəqəmin özü də tam olaraq sərfəli deyil.

Yəni, nə qədər ki, qeyri-neft-qaz ixracından əldə etdiyimiz dollarlar bizi qane etməyəcək, neft faktoru iqtisadiyyatımızda mövcud makroiqtisadi sabitlik üçün barometr rolunu oynamaqda davam edəcək.

Digər məqamsa ölkədən kənara valyuta axını ilə bağlıdır. Ölkənin real iqtisadi vəziyyətini müəyyən edən əsas faktorlardan biri tədiyə balansıdır. Yəni, ölkədən çıxan valyuta həcmi ilə ölkəyə daxil olan valyuta həcmi arasında nisbətdir. Belə ki, cari il ərzində statistikaya əsasən, bir ara ölkədən xarici valyuta axını üzrə artım müşahidə olunurdu ki, bu da xarici ticarətin azalması, ixracın neft hasilatının, həm də qeyri-neft məhsulları sarıdan enməsi, idxalın isə getdikcə genişlənməsi fonunda çox təhlükəli nüans sayılır.

Ölkə Prezidenti sentyabrın sonunda keçirdiyi iqtisadi müşavirədə hökumətə sözügedən prosesi nəzarətə götürməyi tapşırdı ki, həmin müşavirədə müzakirə olunan əsas mövzulardan biri məhz ölkədən valyuta çıxışı həcmini və bu sahədə genişlənməni çərçivəyə almaq, ayrı-ayrı sahibkarlıq strukturları tərəfindən ixrac olunan məhsullar üzrə qazanılan valyutanı geri qaytarmaqdan ibarət oldu.

Etiraf etmək lazımdır ki, sözügedən tapşırığa əsasən atılan bir sıra addımlar nəticəsində ixrac olunan bəzi məhsullar üzrə xarici valyuta həcmləri ölkəyə gətirildi və gətirilməkdə də davam edir. Lakin məsələnin tam həlli üçün hələ çox səylər və addımlar atmaq tələb olunur.

Sözün qısası, neft hasilatının enməsi və bu sahədə xarici qiymət volatilliyinin yaratdığı və yaxud hələ yaradacağı risklər, xarici ticarət dövriyyəsinin enişi, qeyri-neft ixracı üzrə dayanıqlığın və ardıcıllığın kövrək xarakter daşıması, kənara valyuta axını və sair kimi amillər 2024-cü ildən növbəti ilə transfer olunacaq makroiqtisadi sabitlik üçün ən neqativ və pozucu təsir və təzyiq göstərə bilən təhlükəli simptom və amillər sayılır.

Lakin... 2025-ci ildə cari ildəkindən daha çox uğur və iqtisadi nəticələr əldə olunacağına ümid və əsas yaradan cəhətlər isə daha çoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Dekabr 2024 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri