21 yaşından qlobal şirkətlər onu işə dəvət edirlər “Google”da mühəndis işləyən Əfsanə
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Karyerasına Azərbaycanda başlayır. İlk iş yerində çalışdığı dönəmdə “Google”un işə qəbul mütəxəssisi ona bu şirkətin iş müsahibəsində iştirakla bağlı yazır. Əvvəl razılaşsa da, sonra həyəcanlanır və bir neçə saat qalmış müsahibəni ləğv edir. Azərbaycanda karyerasını davam etdirir. Sonrakı dönəmdə isə “Microsoft”dan təklif gələndə, artıq ölkə xaricində iş imkanını dəyərləndirir və Çexiyaya köçür. Sonra yenidən “Google”dan iş üçün ona yazanda, bu dəfə “yox” demir.
Ölkə.az xəbər verir ki, valyuta.az-ın müsahibi “Google”un İngiltərə ofisində mühəndis proqramçı olaraq çalışan azərbaycanlı Əfsanə Kərimovadır.
Qeyd edək ki, Əfsanə Kərimova 1995-ci ildə Qubanın Rustov kəndində anadan olub. 2012-2017-ci illərdə Qafqaz Universitetində (İndiki Bakı Mühəndislik Universiteti) Riyaziyyat və informatika müəllimliyi üzrə bakalavr, kompüter mühəndisliyi üzrə magistr təhsili alıb.
Azərbaycanda Tibb Universiteti, “Kapital Bank” və Mərkəzi Bankda proqramçı kimi çalışıb. Daha sonra Çexiyada “Microsoft”da işləyib.
- Əfsanə xanım, Qubanın kiçik bir kəndində böyüyən balaca qızın o vaxt nə kimi arzuları, xəyalları var idi? Məsələn, “Google”da işləməyi xəyal edirdi?
- Kiçik bir kənddə böyüdüyüm üçün ətrafımda çox təhsilli, yaxud böyük şirkətlərdə işləyən insanlar olmayıb. Yəni, “Google” kimi böyük şirkətlərdən xəbərim olacaq mühit deyildi. Uşaq xəyalımda isə “Öz işim olacaq, şirkət quracam” kimi düşünürdüm. İçimdə “Bir şeylər etməliyəm” kimi hiss var idi. Kənd yerlərindəki insanların çətinlik çəkdiyini görürdüm və sanki “nəsə etsəm, o insanların həyatını rahatlaşdıraram” kimi, düşünürdüm. O, bəlkə də “Google”da işləməkdən daha böyük arzu idi (Gülür).
- Böyük arzuları olan qızın ixtisas seçimi, ali təhsil ilə bağlı nə kimi hədəfləri var idi?
- Mən universitetə müəllim yanına getmədən hazırlaşırdım. Ona görə fokusum oxumaq idi, nələr etməklə bağlı çox düşünmürdüm. Bilirdim ki, riyaziyyatı sevirəm və o sahə üzrə təhsil ala bilərəm. Qardaşım məndən yaşca böyükdür. O mənə Qafqaz Universitetini tərifləyirdi. Ona görə, 10-11-ci siniflərdə Qafqaz Universiteti xəyalı yaranmışdı.

- Universitetə qəbul olacağınıza inamınız var idi? Çünki rəqibləriniz hazırlığa gedirdilər.
- Orta təhsil aldığım məktəb 9 illik idi. 10-11-ci sinifləri oxumaq üçün 11 illik məktəblərə keçməli idik. Valideynlərin çoxu uşaqlarının, xüsusilə qızlarının 10-11-ci sinfi oxumalarına icazə vermirdilər. Əmim müəllim idi, mənə tövsiyə etmişdi ki, bəlkə 9-cu sinfi bitirib texnikuma gedəsən? Digər yol daha uzun görünür. Bir növ o inanc var idi ki, qızlar əsasən əzbərçi olur, karyerada çox irəli gedə bilməz. “Texnikum oxusun, bir zəmanət olsun” kimi yanaşılırdı. Razılaşmadım, içimdə inam var idi ki, texnikum istəmirəm, universitetə qəbul olacam.
- Hazırlığa getmədiyiniz üçün düşünülüb ki, universitetə qəbul olmağı real deyil.
- Bəli. 10-11-ci sinfi Qubada texniki təmayüllü bir liseydə oxudum. Orda uşaqlar hamısı deyirdi ki, Əfsanə sadəcə məktəb dərslərini oxuyur, universitetə yüksək balla qəbul olmayacaq. Həmin il universitetlərə qəbul imtahanında həmin lisey üzrə ən yüksək bal toplayan mən oldum.
- Nə qədər bal toplamışdınız?
- 499.
- 500 deyək. Hazırlığa getmədən o balı necə topladınız?
- Əslində, mən daha çox bal yığacağımı gözləyirdim. Sadəcə olaraq, məktəb dövründə sınaqlara da getmədiyim üçün imtahan vermək təcrübəm yox idi. Ona görə qəbul imtahanında bütün suallara cavab yazmışdım. Səhvlər çox düzümü aparmışdı deyə, balım bir az aşağı oldu.
Nəticəyə gəlincə, dərslərə çox vaxt sərf etdiyimi deməzdim, amma dərs oxumaqdan zövq alan uşaq idim. Məktəbdən gələn kimi adətən, uşaqlara deyirlər ki, get, dərs oxu. Mənə “gəl filan işi et, sonra oxuyarsan” deyirdilər.
Mənim hazırlığa gedən uşaqlardan üstünlüyüm var idi. Çünki uşaqlar bütün günlərini hazırlıqda keçirirdilər, axşam da gəlib dərs çalışmalı olurdular. Mənim həm dincəlməyə, həm də hazırlaşmağa vaxtım olurdu. Qardaşım mənə hansı kitabları oxumaq, hansı testləri etməklə bağlı yön verirdi. Ən azından nə etməli olduğumu bilirdim.

- İnsanın xəyalları olanda, motivasiyası çox olur...
- Xəyallar qurursansa, o yolda motivasiyan yüksək olur. Uşaqlarda belə bir xüsusiyyət olur. Valideynlər bir şeyi “et” deyəndə, adamın etməyi gəlmir. “Etmə” deyəndə etmək istəyir (Gülür). Mənə də “dərs oxu” deyən olmayıb deyə, yəqin yaxşı oxumuşam.
- Və arzusunda olduğunuz universitetə qəbul oldunuz.
- (Gülür) Onun da maraqlı hekayəsi var. Əslində, o vaxt biz araşdırdıq, universitet müəllimlərindən filan da soruşduq, məsləhət gördülər ki, işini şansa buraxma, balın düşəcək yerləri yaz. Qafqaz Universitetində mənim oxuduğum ixtisasın keçid balı ötən illərdə 560-dan aşağı düşməmişdi. Mən Qafqazda oxumağı o qədər istəyirdim ki, dedim qəbul olmasam da, ilk 5 yer Qafqaza israf olsun. İkinci yazdığım ixtisasa düşdüm.
Həmin il isə mən oxuduğum ixtisasda minimum keçid balı 499 oldu. Sonra Qafqazda bir qız mənə yaxınlaşdı, dedi neçə vaxtdır səni axtarıram, sən mənim yerimdəsən. Dedi ki, o da 499 bal yığıbmış, həmin ixtisası çox istəyirmiş. Keçid balı açıqlananda görüb ki, minimum keçid balı 499 olub. Universitetə müraciət edib ki, niyə o da 499 balla qəbul olmayıb? İzah ediblər ki, son yerə eyni balla iki nəfər namizəd olub. Attestat ballarımıza baxıblar, o da eyni olub. Sonra riyaziyyatdan düz cavabların sayına görə seçim ediblər, mən bir pillə önə keçmişəm. Həqiqətən o ixtisasa düşməsəydim, İT-dən məlumatım olmayacaqdı.
- Amma siz pedaqoji ixtisasa qəbul olmuşdunuz...
- Müəllimlik ixtisasında olsaq da, Qafqazda bizə proqramlaşdırma da keçirdilər.
- Nə vaxt tam olaraq proqramlaşdırmaya yönəldiniz?
- Birinci kursda kod yazmağı öyrənəndə, bu iş məni həyəcanlandırdı. Öyrətməyi sevirdim, ona görə müəllimlik sevmədiyim sahə deyildi. Sadəcə olaraq, proqramlaşdırma mənə daha maraqlı gəldi. Proqramlaşdırma ilə bağlı dərsləri daha həvəslə oxusam da, 5 illik təhsil dönəmində tərəddüd içində idim. Sonuncu kursda artıq qərar verməli idim. Məsləhət aldığım adamlar isə xanım üçün müəllimliyin daha yaxşı olduğunu, proqramlaşdırmanın çətin olacağını bildirirdilər. İçimdə bir hiss dedi ki, daha çox zövq aldığın işin arxasınca get. Magistr təhsilində kompüter mühəndisliyini seçdim.
- Bəs nə vaxt işləməyə başladınız?
- Bakalavr dövründə proqramlaşdırma və məntiqdən dərs keçirdim. Tam ştatlı işə magistrın 1-ci kursunun sonunda başlamışam.

- Mərkəzi Bankda işlədiyiniz dönəmdə “Microsoft”dan iş təklifi gəldi və Çexiyaya köçdünüz. Xaricdə işləmək planınız var idi?
- Xaricdə oxumaq, işləmək xəyalım var idi. Universitet vaxtı xaricdə təhsil imkanları olurdu, ailəm icazə vermədiyi üçün çox da üstünə getməmişdim. Sonra da xaricdə oxumadığım üçün xaricdə işləyəcəyimə çox da inam yox idi. İlk dəfə xaricdə işlə bağlı “Google”dan mənə yazmışdılar. Hələ onda Tibb Universitetində işləyirdim, 21 yaşım var idi. Karyeramın əvvəlində idim. O qədər həyəcanlı idim ki, müsahibəni planladım, amma bir neçə saat qalmış ləğv etdim (Gülür).
- “Google”un ilk iş təklifinə “yox” demisiniz ki.
- Həyəcanlanıb müsahibəyə girməsəm də, sonra düşündüm ki, mənə yazıblarsa, deməli, mən xaricdə işləyə bilərəm. Sonra Mərkəzi Bankda işlədiyim dövrdə “Microsoft”da məni müsahibəyə dəvət edəndə, artıq razılaşdım. Həyəcanım olmasa, o vaxt “Google”un müsahibəsindən keçərdim bəlkə də.
- 3 il “Microsoft”da işlədiniz. Necə bir təcrübə idi?
- İlk xarici iş təcrübəm idi. O səbəbdən bir az narahat idim. Yeni getdiyimdə ordakı işçilərdən geri qalaram kimi düşüncə var idi. İngilis dilimə də çox güvənim yox idi, amma menecerimiz və komanda yoldaşlarım yaxşı idi. O narahatlığım zamanla aradan çıxdı. İşinə də dəyər verirlər. Savadlı, sadə və öyrətməyə açıq insanlarla işləmək yaxşı təcrübə idi.
- Valideynləriniz sonra xaricdə işləməyinizə necə razılaşdılar?
- Çünki ailə həyatı qurmuşdum və yoldaşımla bir yerdə getdik. Yoldaşım da proqram mühəndisidir, onun da orda iş tapmağı asan oldu. Bir yerdə köçdük və xaricdə özümüzü tək hiss etmədik.
- “Microsoft”dan sonra “Google”a keçdiniz...
- Mən “Microsoft”dan ayrılanda yeni vəzifə artımım olacaqdı, amma “Google”dan təklif gəldi. Ora keçməyi çox istəyirdim deyə, dəyişdim. Çünki işləməyi xəyal etdiyim yer “Google” idi.

- “Google” necə bir mühitdir?
- Texniki tərəfdən danışsaq, daha müasir texnologiyalarla və çox böyük layihələrdə işləyirik. Bu, özünü inkişaf cəhətdən çox yaxşıdır.
Burda yalnız işini görməklə bitmir, səni həm də daha yaxşı insan olmağa, digərlərinə köməklik etməyə yönəldirlər. Yeni qoşulanlara da köməklik etməlisən. Yəni komandada sosiallığın da olmalıdır. Bunun üçün səni motivasiya edirlər.
Kadr olaraq da qayğına qalırlar. Gündə 3 dəfə yemək verirlər, idman zalın, ofisdə həkim, masajist və s. var. Bunlar adamın özünü daha yaxşı hiss etməyinə kömək edir.
Bu yanaşmanın əsasında o durur ki, işçilərin problemlərini aradan qaldırsınlar, işçi daha xoşbəxt olsun. Xoşbəxt işçinin şirkətə daha məhsuldar olacağını düşünürlər və məncə, doğrudur.
- “Google”a keçməklə həm iş yerini dəyişmiş olurdunuz, həm də ölkəni.
- Biz Çexiyanı sevirdik, amma dil məsələsi problem idi. Şirkətdə hamı ingilis dilində danışsa da, ətrafda hər kəs çex dilində ünsiyyət qururdu. Ona görə ingilisdilli ölkədən iş təklifi gələndə, bizə xoş oldu.
“Google”da işləməyi çox istəyirdim, bu, öz yerində. İngiltərədə karyera baxımından daha çox imkan var. Çexiyada sadəcə “Microsoft” var idi, amma burda bütün qlobal şirkətlərin ofisləri var. Maraqlı iş görən kiçik şirkətlər də çoxdur. O baxımdan İngiltərəyə köçdük.
- “Linkedin” sosial şəbəkəsi üzərindən xaricdən iş təklifi alıb getmisiniz. “Linkedin” profilinizin üzərində xüsusi işləyirdiniz?
- Mən orda sahəmlə bağlı lazımlı məlumatları profilimə qeyd edirdim. Bir də maraqlı insanlar görəndə bağlantıma əlavə edirdim ki, onlardan bir şeylər öyrənim. Çox deyildi, amma keyfiyyətli əlaqələrim var idi. Xaricdə iş məqsədli etməmişdim. Öz sahəmdəki uğurlu insanları gördükcə əlaqə qururdum, yəqin ki onlar da məni bu şəkildə görə bilmişdilər.

- İndiyə qədər hər hansı biznes cəhdiniz oldu?
- Hələ tələbə vaxtı bir neçə qrup yoldaşımla bir yerdə kurs açmaq fikrimiz var idi. Savadlı uşaqlar idik deyə, fikirləşirdik ki, bu işdə uğurlu olacağıq. Sonra gördük ki, tələbə tapa bilmirik (Gülür). Nə qədər savadlı olsan da, iş qurmaq üçün biznes düşüncəli biri olmalısan. Hələ ki özümü biznesdə görmürəm.
- Bu gün karyeranızda olduğunuz yeri şəxs olaraq hansı xüsusiyyətlərinizə borclusunuz?
- Böyük hissə instinktlərimə güvənmə və özümə inanıb onun arxasınca getməyimi deyərdim. Çox insan deyir ki, yüksək bal yığsam da, valideynim dedi onu yaz, mən də yazdım. Yaxud dedilər bu ixtisası seç, onu seçdim. Çox əks gedən uşaq olmasam da, öz istədiklərini edən uşaq olmuşam. Çox təcrübəli adamlar belə məsləhət verəndə, əgər o mənə görə doğru gəlmirsə, öz instinktlərimin arxasınca getmişəm. Texnikuma getməyib özümə inanıb universitetə getməyim, “Bakı Dövlət Universitetini seç, balın ora düşməyə çatacaq” desələr də, Qafqazı seçməyim, hər kəs “xanımlar üçün müəllimlik yaxşıdır” desə də, özümə inanıb proqramlaşdırmaya getməyim və s. Hər kəsin fikirləri önəmlidir, amma öz ağlına nə batırsa, o yoldan getmək faydalı olur.
Bir də bir yolu özün seçəndə, daha çox mübarizə aparırsan. Bilirsən ki, sənin seçdiyin uğursuz olsa, hamı deyəcək ki, sənə demişdik (Gülür).
- Bu gün olduğunuz yer tam ürəyinizcədir?
- Bəli. Bunun üçün balaca vaxtı böyük xəyallar quran o kiçik Əfsanəyə təşəkkür etmək istəyirəm. Mental olaraq o vaxt daha güclü və istəkli olmasaydım, irəliləyə bilməzdim. Bəlkə də indi o qədər deyiləm. Bəzən zarafat, bəzən gerçək mənim də 9-cu sinifdən sonra oxumamaq məsələlərim müzakirə olunurdu. Qohum-tanış valideynlərimə “Qızı bəlkə oxutmayasan” kimi deyirdilər. Mən amma həmişə cavab verirdim ki, məni oxutmamaq kimi haqqınız yoxdur. Bunu istəyirəmsə, etməlisiniz. Düzdür, valideynlərim həmişə dəstək olublar, amma bəzən ətraf insanların fikri evdə müzakirə olunurdu. O vaxt belə təhsil almayacağımla bağlı içimdə qorxum yox idi.

