26 il + 4 il, 4 ay,16 gün: Baş Qərvəndlə hüznlü vüsal anı
Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əziz oxucularımız, bu günlərdə baş tutan Baş Qərvənd -Xaçındərbənd-Əlağalı- Əlimədədli- Ağdam- Xoramort- Xankəndi səfərim həyatımın ikinci ən böyük hədiyyəsi oldu. Bu hədiyyənin müəllifi şəhidlərimiz, qazilərimiz olsa da, təqdimat şəhid anası Maya xanım Quluyeva tərəfindən mənə bəxş edildi. Əvvəlcə, hüzurlarınızda şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyir, Maya xanıma təşəkkür edir və Qarabağa etdiyim turu silsilə şəklində sizinlə paylaşmaq istəyirəm.
Yurdum-yuvam məskənimsən - Baş Qərvənd

Maya xanımla səfərimizə Quzanlıdakı Ağdam şəhidlər Xiyabanından başladıq. Şəhidlərimizin müqəddəs ruhlarına dualar, Allaha bu günkü azad torpaqlarımız üçün təşəkkürlər edib yola düzəldik.
Sükanın arxasında oturmuş Maya xanıma bildirməsəm də, kəndimizə gedən yolun üstündəki Təzəkəndi keçəndən sonra ürəyimin tappıltı ilə çarpması , gözlərimin giryan-giryan sağa-sola dönməsi az qala ruhumu əlimdən alırdı. Kəndimizin girəcəyindəki Xaçın körpüsünü keçəndən sonra , necə deyərlər, gözüm dörd oldu. Düzlənmiş ərazidə fəhmlə doğma işarələr, axtarırdım.

Bu, hamının tanıdığı Qərvənd Camalın-siyasətçi Camal Əhmədovun yaratdığı gül becərmək üçün “istixana”ının xarabalıqları idi. Orada xeyli qız-qadın işləyirdi. Gül-çiçək becərmək qadınların sevimli məşğuliyyəti olduğu üçün burada işləməyə meyilli olanlar çox idi. Heyf... indi kol-kos və bir qalaq daşdan başqa heş bir şey qalmayıb.
İkinci gördüyüm isə 1985-ci ildə açılışında məktəbli olaraq iştirak etdiyim 1941-45-ci il Vətən müharibəsində həlak olan azərbaycanlılara həsr olunmuş abidənin qalıqları idi.Yadıma elə o illərdə abidəyə düzmək üçün özümüzün , qonşularımızın həyət bacasındakı gül kollarını “föt” elədiyim yadıma düşdü.Bıy, bəs bizim sinfimiz ilk gül dəstələrini abidəyə düzənlər olacaq.

Elə şey olar ki, əliboş ora gedək?Elə sevinirdik, sanki abidəni özümüz tikmişik, öz əl əməyimizin məhsulu idi. Bayquşlardan sonra abidəmiz bu gündədir.
4 ildə kəndimizə gəlməməyimin bir səbəbi də bu yıxılmış xaraba qalmış doğma kəndimi görəndən sonra 26 özümdə yaşatdığım kəndimizi unudacağımı düşünürdüm. Elə bilirdim, kəndimizi xaraba görəndən sonra kəndlə bağlı bütün xatirələrim, anılarım hamısı beynimdə uçub gedəcək. İndi bu məqaləni hazırlayarkən anlayıram ki, heç nə unudulası deyil.

Hətta ölərəmsə, qəbrimdə də o günləri unutmaram, qəbrimin üzərindəki torpaq da, otlar da, çiçəklərdə mənim xatirələrimdən məni xatırlayanlara xəbər verəcək.
2023-cü ililin dekabrında ümumi ərazisi 476 hektar olan kəndimizdə 6057 nəfərin məskunlaşması və 1495 evin tikilməsi ilə bağlı rəsmi xəbər hamı kimi bizi də çox sevindirdi. Həmin gün Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.
O bildirib ki, layihənin birinci mərhələsi üçün 202 hektardan çox torpaq sahəsi ayrılıb.
Birinci mərhələdə kəndə 851 ailənin - 3703 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün bu mərhələdə 851 ev inşa ediləcək. Bu evlərin 170-i ikiotaqlı, 425-i üçotaqlı, 213-ü dördotaqlı, 43-ü isə beşotaqlı olacaq.

Xatırladım ki, 2023-cü ildə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov mediaya açıqlama vermişdi.
O, bildirmişdi ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq 2026-cı ilin sonuna qədər 34 min 600 ailənin köçürülməsi nəzərdə tutulur: "Bu istiqamətdə bərpa ediləcək şəhər, kənd və qəsəbələrin konkret siyahısı təsbit olunub. Bu layihə çərçivəsində ən önəmli komponentlərdən biri də “ağıllı kənd” və “ağıllı şəhər”lərin tikintisidir.

Zəngilan rayonunun Ağalı kəndi, Füzuli rayonunun Dövlətyarlı kimi Ağdam rayonunun Baş Qərvənd kəndi "ağıllı kənd" layihəsinə daxildir. Baş Qərvənd kəndinin Slovakiya Respublikasının mütəxəssisləri tərəfindən layihələndirilərək “ağıllı kənd” kimi bərpa olunması nəzərdə tutulur. Kəndə birinci mərhələdə 5500, ikinci mərhələdə isə 1170 nəfərin köçürməsi planlaşdırılır. Kəndə əvvəlcə 917, növbəti mərhələdə isə 600 ailə köçürüləcək"
O, həm də əlavə etdi ki, layihəni önəmli edən digər bir məqam isə Baş Qərvənd kəndinin keçmiş təmas xətti dediyimiz ərazidə yerləşməsidir:"Kənd həddindən artıq mina ilə çirklənmiş bir ərazidədir. Ümid edirik ki, Baş Qərvənd kəndində layihə tez bir zamanda yekunlaşacaq".
Kəndimizin mərkəzindən yüksək standartlarda Xankəndi - Bakı şosse yolu keçir. Sürücülər demiş: "pervi klass" yol! Füzuli ərazindəki Zəfər yolundan sonra bu Qarabağa gedən 2-ci ən böyük şosse yoldur. Kəndin girəcəyində, ortasında və çıxışında 3 ədəd avtobus dayanacağı quraşdırılıb.
Kəndin içərisindən Bakı -Xankəndi dəmir yol xətti də keçir. 1990-cı illərdə bu dəmir yolu xətti kəndimizin şimal hissəsindən, kənddən aralı bir ərazidən keçirdi.
Amma, bir dənə olsun evin barısı hələki ucaldılmayıb. Baxmayaraq ki, hazırda yeni Baş Qərvənd əvvəlki kəndimizdən xeyli kənarda salınır və o ərazilər kəndimizin əkin sahələri olub, ora el arasında “Əppəkli dərə” kimi tanınır. Vaxtı ilə -1900-cü illərdə oralar meşə ərazisi olduğu üçün sovet dönəmində meşəliklər doğranıb kolxoza verildi. Meşəliyin yerində pambıq, taxıl, yonca və s. kənd təsərrüfatı məhsulları əkildi. Ərazi o qədər bol məhsul verib ki, adı “Əppəkli dərə” kimi yaddaşlara qalıb. Kəndin yaşayış ərazisinin əkin sahəsinə salınması, köhnə yurdumuzda başqa planların, tikinti və abadlıq işlərinin olacağına üzülsəm də, buna da şükür edirəm.
Vaxtı ilə “gübrə iskladı” ( kolxozun əkin sahələrinə verilən gübrələr burada saxlanılırdı )dediyimiz tikilinin xarabalıqlarının yanından adlayıb evimizə tərəf addımlayıram. Tikililərin, evlərin heç birindən əsər əlamət qalmayıb, ancaq qalaqlanmış daş yığını , tək-tük ağaclar vəssalam... Fəhmimi işə salıram, evimizə doğru irəliləyirəm: Bu Eldar əmigilin evi, bu Məzahir əmimgilin həyəti, bura da Əvəz babanın ( 80-ci illərdə Üçoğlan kəndindən gəlib burada məskunlaşmışdılar.) evi...
Bura da bizim həyət!!!... Kəhriz quyularının əhatəsindəki evimiz... Evimizin bağında 2, ətrafımızda 7 kəhriz quyusu vardı. Bağban qabliyyətli atamın səliqəli bağı, sıra ilə əkilmiş narları, əncirləri, gavalı, alça ağacları susuzluqdan cırlaşsa da, çoxu qurusa da amma seçilirdi. “Mən burdayam” deyirdi. Acgözlüklə ətrafa baxıram... Evimizin yerindən “val” keçdiyi üçün dağıntılar ətrafa səpələnmiş, götürməyə imkanımız olmayan bəzi ev əşyalarımızı görəndə isə...
Gözümün yaşı selə döndü... Maya xanım da özünü saxlaya bilmədi, yana-yana ağlamağım onu da ağlatdı... Bilmirəm, əziz oxucum... bilmirəm... hər daşı, hər ağacı, hər çınqılı sənin üçün doğma olan , orada uşağlığının gəncliyinin izləri, sevincləri qalan abad, xoşbəxt bir yuvanın 30 ildən sonra görməyin acısını sizə anlada bildimmi? O hissi yaşayanlar mütləq anlayar! Maya xanımdan utandım. Ağı deyib, haray salıb ağlaya bilmədim, dizimə, başıma döyüb, bu günü görməyən atamı-qardaşımı haraylaya bilmədim.Xüsusən, atamın sevgi ilə, dizin-dizin ağacları əkməsini, onun suvarmasını , həmin ağacların yüksələn boylarına baxmasını, baxarkən üzünün nurlanmasını xatırladım. Ağaclarını da, min bir əziyyətlə tikdirdiyi ikimərtəbəli evinini balaları qədər sevirdi. Düşünürəm ki, atam sağ olsaydı, İndi burada, lap mənim durduğum yerdə durub xarabalığa dönmüş evini, qurumuş , cırlaşmış ağaclarını görsəydi, onları da yeganə oğlunun tabutunu qucaqlayaraq ağladığı kimi ağlayardı. Çünki, o evi də, o ağacları da o övladları da eyni sevgi ilə yaratmışdı, minbir əziyyət çəkmişdi... Əziyyətlərinə yana-yana ağlayardı.
Bizim həyətimiz 1 hektardan çox idi. Həyətimizi gəzə -gəzə axır qonşumuz Şirin dayının da evinin yerini tapdım. Son illər bizin çəpərimizə bitişik böyük bir su hovuzu tikdirmişdi. O böyük hovuzu doldurardı suyla və günorta su ilıqlaşanda Şirin dayının 6 uşağı, bir də qonşuların bir neçə uşağı girərdilər o hovuza çimməyə... Hamı bilirdi ki, bu səs- küy, sevinc bağırtıları “qaş qaralana” qədər davam edəcək. Dodaqlarının ətrafı gömgöy olan uşaqları axşam vaxtı da hovuzdan çıxarmaq qəliz məsələ olardı. Şirin dayı, əlində çubuq hovuzun başına fırlana -fırlana hədələyirdi:”Bir də görərsinin hovuza su vurduğumu... sizi çimməyə həsrət qoyajam... çıxın də köpəkuşağı”
Bu hədədən sonra uşaqlar bir- bir hovuzdan çıxsa da 2 gün sonra Şirin dayı hovuzu yenə doldururdu, yenə həmin həngamə... O qədər nadinc idilər. Nə vaxt həyətimizə girsəydik Şirin dayının oğulları Zauru, Elnuru gilanarın, gilasın başında görərdik. Özlərinin meyvə ağacları yeni əkilmişdi deyə körpə idi. Meyvələrini elə çiçək vaxtı yeyirdilər . Bizim bağa isə çəpəri əzib yolağ düzəltmişdilər, oradan keçirdilər. Yeyirdilər doyurdular, hələ evlərinə də pay aparardılar. Atam bunları ağacda görəndə gülüb başını yelləyirdi:” Bala, darvazadan gəlin də çəpəri niyə bu günə salırsınız?
Hazırcavab Zaur o dəqiqə dillənirdi:Yox e Rəşid əmi, deyib yemək ləzzət eləmir... belə yaxşıdır. Oğurluğun dadı, bal dadır.
Fəhmlə tapdığım evlərdən biri də Həlimə nənənin evidir. Ev kənddə tikilən ilk evlərdəndir. Bəy evi olub. İki mərtəbəli açıq eyvanlı qara daşdan olan bu ev təxminən18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində tikilib. Sovet hökümətinin vaxtında ev bəyin uşaqları arasında bölünüb və iki ailə orada rahat yaşayırdı. Bir hissəsində Murad baba ailəsi ilə, bir tərəfində isə Həlimə nənə öz ömür-gün yoldaşı Abdulla baba ilə! Evin ən görkəmli hissəsi də Həlimə nənəgilə məxsus idi. Oradan baxanda Əhmədağalı tərəf, Çıraqlı, Şıxlar ovuc içi görünərdi. O vaxt bir neçə dəfə balaca səhəngimlə Həlimə nənəyə su da daşımışdım ki, onun eyvanına qalxım, kəndə tamaşa edim. Əslində ən böyük arzum onun eyvanına çıxıb, oradan ancaq kəhrizimizə baxmaq idi. Bəhanəmdə tuturdu. Həlimə nənənin uçuq , amma kənddə daşı-daş üstə qalan yeganə ev olduğu üçün ordumuz Azərbaycan bayrağını elə o evin üzərinə sancmışdı. Sonuncu dəfə həmin yerdən üzü cənuba tərəf baxdım. Düz Çıraqlıya qədər uzanan xarabalıqlardan, bir də Ohonyan xəttindən başqa bir şey gözə görünmürdü. Bura həm də işğalçıların nəzarət postu olub. Hər halından bəlli...
“Bəy ev”indən enib, görmək istədiyim kəhrizimizə enirəm. El arasında ona “Qara su” deyirdilər. Şahbulaqdan Həlimə nənənin ulu babaları çəkib gətirmişdilər. Həlimə nənə babalarının yadigarı olduğu üçün onları göz bəbəyi kimi qoruyar, oraya nəinki yun, qab-qacaq qırıntları, əski parçaları, lap elə kağız atanları da tənqid edər, qınayardı . Heç kim Həlimə nənənin qorxusundan orda bir dənə də zibil qoymazdı. “Qara su” kəndimizdəki xeyli saydakı kəhrizlərin ən böyüyü idi deyə ona bu adı vermişdilər. “Qara” həm də böyük deməkdir axı... Çay kimi çağlayıb axan kəhrizin yerindən sızqa bir bulaq axırdı. Böyürtkən kolları kəhrizin boyuna sarmaşıq kimi dolanmışdı. Kənardan baxmaqdan başqa əlacım qalmadı. Suyuna tamarzı qaldım. Deyilənlərə görə, bəzi quyular doldurulduğu üçün kəhrizlərimizin bir çoxu quruyub, qalanları da bu vəziyyətdədir. Xaçına su olmayan vaxtlarda Kəhrizimizin bol suyunda palaz, gəbə, kilim yuyurduq.Paltar toxaclayırdıq. Hələ elə qadınlar vardı ki, kəhrizin yaxınlığında ocaq çatardı, su qızdırıb paltar yuyar, elə kəhrizdə də durulayardı. Camaatımızın əlindən tutardı kəhrizimiz. Zatən kəhrizlərimiz kəndimizin qədimliyin təsdiq edən yeganə abidəmizdir.
Xatirələrin qoynundan qopub Xaçın çayına tərəf istiqamətlənirik. O vaxt kəndimizin iş adamı Manaf Quliyevin tikdirdiyi Xaçın restoranının yanında da kəhrizlər vardı və rəhmətlik Manaf onlardan istifadə edərək çox gözəl bir məkan yaratmışdı. İndi orada yalnızca bax bu fotodakı su şırnağı qalıb.
Kəndimizin o vaxtkı gəncləri, kəndimizin gözəlliklərinə şahid indiki babalar Qərvəndli günlərini gəlib bu bulaq olmuş kəhrizin üstündə anırlar. Respublikanın hər səmtinə yayılmış qərvəndlilər kəndə gələndə bura cəm olurlar. İsmayıl, Yavər, Elgiz ...
Qarşımıza ilk çıxan qərvəndlilər oldu. Yuxularına da girməyən xəyallarını gerçək edən ordumuza , şəhidlərimizə, qazilərimizə minnətdar olduqlarını , tezliklə bu yerlərə köçməyi arzuladılar. İsmayıl 1993-cü ildə yenicə yığışdığı təzə evində 6 ay yaşaya bilməməsindən, indi həmin evinin yerində heç bir mişar daşının qalmamsından danışdı. Dedi heyf ki, evlərimiz əvvəlki yerində tikilməyəcək.

Amma şükür ki, yurdumuzda yaşayacağıq: “Deyirlər, bizim köhnə yurdumuzda park salınacaq! Vaxt olar, park tikilər, mən də tez-tez yerində park tikilən keçmiş evimi gəlib xatırlayıb gedərəm”.
Kəhrizin suyundan doyunca içib, geri qayıdırıq. Günorta olmasa da, ağır texnika sakitcə yerində durub.
Zümrüd kimi yaşıllıqlar içərisində qoyub getdiyimiz kəndimiz indi bir quru səhradan da seçilmir. Ermənilər tək evimizi yıxıb, bağımızı -baxçamızı dağıtmayıb. Həmdə təbii sərvətimiz olan su qaynaqlarımızı, yaşıllıq əraziləri qurudub.
Yeni yurdumuz olacaq “Əppəkli dərə” nin üst tərəfində yeni fidanlar əkilib. Təxminən 70 -80 hektarlıq bağdır. Deyilənə görə, badam bağı... Allah xeyirli-uğurlu eləsin! Deyib, yolumuza düzəlirik! Yolumuz Ağdama sarıdır!
P.S. Uzun ayrılığın sonundakı şirin vüsalın içində anlamadığım bir hüzn, bir kədər var idi. Maraqlısı isə o idi ki, bu kədər- hüzn, indiyənə qədər məni hər zaman ağladan şəhidlərimizə, qəlbimi ağrıdan igidlərimizin əlil olmasına, nə evlərimizin yerində xarabalıqların olmasına aid deyildi...Bu kədər son 30 ildə dəfələrlə yerimizi sevə bilməyib dəyişdiyimiz müvəqqəti yurdların da ağrısına bənzəmirdi. Bu sırf bir ayrı ağrı-acı, ayrı bir hüzn, kədər idi. Təzəydi, bu gün cücərmişdi... Bilmirəm, bəlkə də o kəhrizin "təpəsi" üstündə yenidən o evi tikə bilməməyimin kədəriydi? Əvvəlki ocağımızda, həyətimizdə olmamağın hüznü idi? İkimərtəbəli, şüşəbəndli, eyvanlı, həyətində tövləsi, hini , əl damı olmayacaq ata evimizin yoxluğunu anladığım üçün dərdlərimin üstünə bir dərddə belə gəlmişdi? Bəlkə, özüm ata yurdumu öz istədiyim kimi, xəyalını qurduğum formada tikə bilməmək hüzn verirdi mənə...bəlkə də...
Bütün hallarda şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirəm, Qazilərimizə Allahdan şəfa dilərəm! Dünyanın bu çətin məqamında xalqıma əminamanlıq, dözüm, səbr və qurub-yaratmaq həvəsi arzulayıram!
Əntiqə Rəşid...










