30 sentyabr: Səngərə gedən məktublar...
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
30 sentyabr 2020-ci il...
Müharibənin artıq dördüncü günüdür.
Artıq heç nə əvvəlki kimi deyil...
Azərbaycanın səması başqa cür görünür, küçələri başqa cür susur, evlərdə danışılan kəlmələrin belə başqa bir ağırlığı, narahatlığı var. Hər kəsin qulağı cəbhədədir. Hamının gözü televizor ekranında, əli telefondadır.
Mavi ekran qarşısında oturan insanlar xəbərləri gözləyir. Amma bu dəfə ekranın o biri üzündə adi bir xəbər yoxdur. Ön cəbhədə döyüş gedir. Orada Vətənin övladları düşmənlə üz-üzədir. Əsgərlər səngərdə dayanıb.... Əlində silah... Ürəyində Vətən... Arxasında isə milyonlarla insanın duası...
30 sentyabr...
Cəbhədə döyüşlər davam edir. Güllə səsləri, partlayışlar, atəş səsləri bir-birinə qarışır. Əsgərlərimiz Vətənin müdafiəsi uğrunda döyüşürlər. Bunu televizor qarşısında izləyən bizlər isə hər dəqiqəni, saniyəni ürəyimizdə yaşayırıq.
Bir xəbər gəlir... Hamı susur. Bir kəndin adı çəkilir... Ürəklər döyünür. Cəbhədəki hər bir addım xalqın çöhrəsində, evlərdə hiss olunur. Çünki artıq hər kəs bilir:
Bu savaş Vətən müharibəsidir... Bu döyüşdə ön cəbhə ilə arxa cəbhə arasında məsafə yoxdur. Səngərdə əsgər necə Vətən uğrunda dayanıbsa, arxa cəbhədə də xalqımız, evlərdə analar onlar üçün dua edirlər. Atalar televizor qarşısında susaraq həyəcanla xəbərləri dinləyir. Nənələr təsbehləriniini əlinə alıb, əllərini göylərə açırlar... Uşaqlar isə əsgərlərimizə məktub yazırlar...
Bəlkə də həmin saatlarda hansısa məktəbin sinif otağında bir uşaq qarşısındakı ağ vərəqə baxıb nə yazacağını düşünür. Axı o, müharibəni kitablardan oxuyub, filmlərdən görüb. İndi isə.... müharibəni yaşayır, atasının yolunu gözləyir, anasının üzündəki narahat ifadələr onu da susdurub. Televizorda əsgərləri görür. Cəbhə xəbərlərini eşidir. Böyüklərin nigaran baxışlarından sanki üşüyür və balaca ürəyi ilə anlayır ki, Vətənin ağır, həm də şərəfli günləridir. Balaca kişi əlinə qələm alıb yazır:
“Əziz əsgər...”
Sonra dayanır. Bəlkə söz tapmır. Çünki ürəyində o qədər söz var ki...
Yenə yazmağa davam edir:
“Sən qorxma. Biz hamımız səninləyik.”
Bu cümlə bəlkə də sadə bir uşağın cümləsidir. Amma həmin günlərdə bu sözün arxasında bütöv Azərbaycan dayanırdı. Analar da həmin günlərdə məktub yazırdılar.
Kağıza yox... Dualarla....
Analar, atalar oğullarını cəbhəyə yola salmışdı. Son dəfə bağrlarına basmışdılar, saçlarını sığallamışdılar ciyərparalarının....“Özündən muğayat ol, bala...”, demişdilər. Amma anaların ürəyi bilir ki, o cümlənin davamı var:
“Salamat qayıt...”
Analar bunu bəzən dilinə gətirə bilmir. Çünki bilirlər ki, oğulları indi yalnız onlar üçün deyil, Vətən üçün döyüşürlər. Oğullar qapıdan çıxanda analar onların arxasınca su atırlar...getdiyi yollara gözləri dikilir... Qapılar örtülür. Evlərin içində qəribə bir səssizlik yaranır. Analar televizoru açır. Cəbhə xəbərlərini gözləyir. Hər telefon zəngində ürəkləri diksinir. Hər xəbərdən sonra dərindən nəfəs alır... və dua edirlər: “Allah bütün övladlarımızı qorusun!...”
30 sentyabr 2020-ci ildə Azərbaycan xalqı məhz belə bir ruhla yaşayırdı:
Bir tərəfdə səngər... Hərb meydanımız...
Digər tərəfdə xalqımız - analar, atalar, bacılar.... döyüşə getmək üçün gözləyən könüllülər, məktəblilər. Amma onların hamısını birləşdirən bir söz vardı: Vətən!
Məktəblilərin yazdığı məktublar da həmin günlərdə səngərlərə gedən görünməz körpülərə çevrilirdi. Bəlkə bir əsgər döyüşdən sonra yorğun halda həmin məktubu oxuyacaqdı. Bəlkə bir uşağın “Sənə inanırıq” sözləri onun üzündə təbəssüm yaradacaqdı. Bəlkə də həmin məktub ona bir anlıq öz uşaqlığını xatırladacaqdı və o əsgər daha da ruhlanacaqdı:
Bu döyüşün arxasında milyonlarla ürək var....
30 sentyabr...
Cəbhədə gecə-gündüz döyüş gedir. Arxa cəbhədə isə gecə-gündüz dua edilir. Televizorlar söndürülmür. Telefonlar səssizə qoyulmur. Heç kim xəbərlərdən uzaq qalmaq istəmir. Çünki hamı bilir:
İndi Vətənin taleyi uğrunda ölüm- dirim savaşı gedir. Bu günlərdə uşaqların yazdığı məktublar, anaların duaları, ataların səssizliyi, xalqın nigaranlığı bir böyük hissdə birləşir - Qələbəyə inamda...
Bəlkə də o gün bir məktəblinin məktubunun sonunda belə bir cümlə vardı:
“Əsgər qardaş, sən döyüş, biz səndən müjdə gözləyirik.”....
Nə qədər sadədir... Amma necə böyükdür!
Səni gözləyən bir uşaq varsa, deməli, qayıtmalı bir evin, ocağın var. Səni gözləyən ana varsa, deməli, səni qucaqlayacaq bir ürək var. Səni gözləyən xalq varsa, deməli, arxanda bir Vətən var.
Bu gün, 30 sentyabr 2020- ci il tarixində biz müharibənin içindəyik....Qarşımızda uzun və ağır günlər var. Heç kim sabah nə xəbər gələcəyini bilmir. Heç kim hansı evdə telefonun çalacağını, hansı ananın sevincdən, hansının kədərdən göz yaşı tökəcəyini kimsə bilmir. Amma bir şeyi hamı bilir:
Azərbaycan əsgəri tək deyil!....Onun arxasında məktəbli uşaqların saf sevgisi, anaların duası, ataların qüruru, bütün xalqın ürəyi var və bu gün səngərlərə yalnız silah-sursat getmir. Səngərlərə məktublar gedir. Dualar gedir. Ümid gedir .Sevgi gedir. Vətən gedir...
30 sentyabrın gecəsində Azərbaycan yenə mavi ekranın qarşısında olacaq. Hamı yenə xəbərləri gözləyəcək. Analar televizora baxa-baxa pıçıldayacaq: “Allah balalarımızı qorusun...”
Bəlkə hansısa uşaq yazdığı məktubu sabah əsgərə göndərəcək. Bəlkə hansısa əsgər səngərdə həmin məktubu oxuyacaq və insanlar məktəblilərin məktubunda bütün Azərbaycanın səsini eşidəcək:
“Əziz əsgər, sən tək deyilsən! Biz səninləyik.Vətən səninlədir! Səni gözləyirik...”
Kəmalə Abdinova
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 30 Sentyabr 2026 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















