5 noyabrda doğulmuş şəhidlərimiz
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Onlar Vətənə açılan atəşi canları ilə söndürdülər
Xalqımızın hünər və şərəf tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində canları, qanları ilə zəfər qazanmış şəhidlərimizə ehtiramımız sonsuzdur. Onlar gənc ömürlərini Vətən yolunda qurban verərək əbədiyyətə qovuşublar. Ölümsüzlərin bir qismi məhz Zəfər Günündən 3 gün əvvəl – noyabrın 5-də dünyaya göz açmış, bir qismi isə həmin gün şəhadətə ucalmış soydaşlarımızdır.
Əvvəlcə noyabrın 5-də doğulmuş şəhidlərimizi adbaad yad edək. Onlar kapitan Fəzail Cahan oğlu Əliyev, baş leytenant Orxan Eyvaz oğlu Emnalıyev, leytenant Ceyhun Bahadur oğlu Niftəliyev, kiçik gizir Aqil Aydın oğlu Zeynallı, əsgərlər Mirkazım Firuz oğlu Kəlbəliyev, Tural Tariyel oğlu Məmmədov, Merik Musa oğlu Mustafayev, Rövşən Duman oğlu İbrahimov, Məmməd Hüseyn oğlu Mirzəyev, əsgər Mübariz Qulu oğlu Cəfərov, Səid Həsən oğlu Ədilov, Səyyad Mübariz oğlu Mövsümov və Fərid Fərman oğlu Nəcəfovdur.
Həmişəyaşar şəhidlərimizdən Məmməd Mirzəyev Birinci Qarabağ müharibəsində Xocavənddə itkin düşüb, 32 il sonra nəşi tapılıb və doğma Ağdam rayonunda torpağa tapşırılıb. Qalanları İkinci Qarabağ müharibəsinin şəhidləridir və hamısı əbədiyyətə qovuşandan sonra döyüş orden və medallarına layiq görülüblər. Təəssüf ki, doğum günləri onlarsız qeyd edilir.
Noyabrın 5-də döyüş meydanında şəhid olanlar isə baş leytenant Xaliddin Vaqif oğlu Nəsibov, leytenantlar Xalid Qabil oğlu Nəciyev və Rusif Yusif oğlu Kazımov, gizir Emil Vaqif oğlu İsgəndərov, baş çavuş Elvin Şamil oğlu Abbasov, manqa komandiri Kamil Araz Atakişiyev, kiçik gizir Elşən Təvəkkül oğlu Mehbalıyev, əsgərlər Murad Hüseyn oğlu Əliyev, Kamran Cəlal oğlu Seyfullazadə,Valeh Asim oğlu Əkbərzadə, Albaba Elşən oğlu Xanəliyev, Daşqın Hidayət oğlu Şəfiyev, Ülvi Şakir oğlu Müseyibli, Nahid Şahid oğlu İbrahimzadədir. Onların üçrəngli Azərbaycan bayrağına bükülmüş nəşləri 6 il əvvəlin məhz bu günlərində ailələrinə təhvil verilib və torpağa tapşırılıb.
Böyük Zəfərə cəmi 3 gün qalmış canlarını Vətənə qurban verən bu zabitlər və sıra nəfərləri Şuşada, Ağdamda, Laçında, Kəlbəcərdə Azərbaycan bayrağının ucaldılmasını görməsələr də, onlara əyan olan Qələbə xəbərindən ruhları şaddır. Şərəfli ölümlərindən sonra adlarına yazılan “Azərbaycan bayrağı”, “Rəşadət” ordenləri, döyüş medalları onların mərdliklə vuruşaraq əbədi həyat qazandıqlarını göstərir.
Zəfər Günü ərəfəsində şəhidlərimiz haqqında düşünəndə unudulmaz şairimiz İsa İsmayılzadənin məşhur “Güllələr demədi geri qayıdın” şeirinin misraları yada düşür:
Güllələr demədi: geri qayıdın,
Lülələr demədi: geri qayıdın,
Qəlpələr demədi: geri qayıdın,
Hələ uşaqsınız, nə yaşınız var.
İgidlər geri qayıtmadılar, “Vətən sağ olsun!” - deyərək ölümün gözünə dik baxdılar, Vətənə açılan atəşi canları ilə söndürdülər. Və şairin yazdığı kimi:
Onların yoxluğu düşdü araya,
Oyunlar, “məclislər” qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
Aşıq da havanı çaldı yarımçıq.
Bircə təsəllilmiz budur ki, şəhidlərin qanı yerdə qalmadı. 30 il işğal altında qalmış əzəli torpaqlarımız - Qarabağ və Şərqi Zəngəzur tam azad edildi. Hələ də dünyanın hərbi ekspertləri Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində nümayiş etdirdikləri döyüş strategiyası və taktikasının özəlliklərindən danışırlar.
Artıq azadlığına qovuşmuş o yerlərdə geniş bərpa, abadlıq-quruculuq işləri gedir, məcburi köçkün soydaşlarımız cənnətməkan ata-baba yurdlarına qayıdırlar. Şəhidlərimizin isə hünərinə qəhrəmanlıq dastanları bağlanıb, onların adına ölkəmizin hər yerində küçələr, meydanlar, məktəblər var.
Ə.DOSTƏLİ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 05 Noyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















