50 milyon azərbaycanlının gələcəyi bundan asılıdır təhlükəni necə dəf etməli?
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident İlham Əliyev 5 yanvar tarixində yayımlanan müsahibəsində bir daha Azərbaycan dilinin qorunmasının vacibliyini vurğuladı və hər kəsi bu sahədə mübarizəyə dəvət etdi. Ölkə başçısı xüsusi olaraq bildirdi ki, milləti millət edən əsas amil dilidir və azərbaycanlıların sayı artıq 50 milyondan çoxdur. İlham Əliyev qeyd etdi ki, əgər dilimiz itirsə, milli kimliyimiz və dövlətçiliyimiz də təhlükəyə düşəcək. “Dilimiz heç bir dilin kölgəsində ola bilməz! Xarici kəlmələr milli kimliyimizi damcı-damcı sarsıdır” – Prezident bildirib.
Globalinfo.az-a danışan Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyevanın sözlərinə görə, məsələ ondan ibarətdir ki, Azərbaycan dili heç bir xarici dilin təsirinə tamamilə məruz qalmasın.
O qeyd edib ki, dilimizin öz tarixi inkişaf yolu və mərhələləri var:
“Tarix boyunca Azərbaycan dili müxtəlif təsirlərə açıq olub. Bir vaxtlar Ərəb Xilafətinin ərəb dili və fars imperiyasının fars dili müəyyən dərəcədə dilimizə təsir göstərib. Lakin Azərbaycan dili o qədər zəngin və qüdrətli olub ki, bu təsirlər onu əridə bilməyib. Yazıçılarımız, şairlərimiz, ziyalılarımız və rəhbərlərimiz dili qorumağı bacarıblar. Sovet hakimiyyəti dövründə Azərbaycan dili həm qrafik dəyişikliklərinə, həm də rus dili vasitəsilə Avropa dillərinin təsirinə məruz qaldı. Buna baxmayaraq, dilimiz öz varlığını qorudu. Həm xalq, həm də dili qoruyan ziyalılar, şairlər, yazıçılar və rəhbərlər onun yaşamasını təmin etdilər. Ulu öndər Heydər Əliyev bu qorumanın ən yüksək mərhələsini təmin etdi. Onun təşəbbüsü ilə Azərbaycan dili Konstitusiyada dövlət dili olaraq təsbit edildi. Hətta sovet dövrünün ən çətin məqamında belə bu addım Azərbaycan dilinin tarixində önəmli hadisə kimi qiymətləndirilir. Bu, dilimizin dövlət səviyyəsində qorunmasını və gələcək nəsillərə ötürülməsini təmin etdi”.
S.Əliyeva deyib ki, İlham Əliyevin vurğuladığı kimi, tarix boyu dilimizə müxtəlif təsirlər olub:
“Bir vaxt ərəb, bir vaxt fars, daha sonra rus dili, bu gün isə Avropa dillərinin və türk dilinin müəyyən təsirləri mümkündür. Lakin Azərbaycan dili türk dilləri ailəsində özünəməxsus mövqeyə malikdir. Ahəng qanununa tabe olması və şəkilçi sistemi onun intizamını qoruyub saxlamasına imkan verir. Bu, Azərbaycan dilinin türk dilləri arasında ən mühafizəkar və qüdrətli dillərdən biri olduğunu göstərir. Müstəqillik dövründə dilimizin qorunması daha da gücləndi. İşğaldan azad edilmiş torpaqlarda və digər ərazilərdə obyektlərin, iaşə müəssisələrinin, küçələrin adlarının da Azərbaycan dilində yazılmasını arzu edirik. Bu, dilimizin düzgün tətbiqi və qorunması deməkdir. Xarici turistlər ölkəmizə gəlir. O adlandırmalar Azərbaycan xalqı üçün, onun dilinin yaşaması və gözəlliyindən faydalanması üçün vacibdir”.
Sevinc Əliyeva
Professor onu da qeyd edib ki, dilimizin qorunması yalnız dövlət səviyyəsində deyil, həm də xalqın hər bir üzvünün məsuliyyətidir:
“Monitorinq və təhsil işləri, o cümlədən “Azərbaycan dilini öyrənirik” kimi vəsaitlər dilimizin gələcək nəsillərə ötürülməsində əvəzsizdir. Media nümayəndələri – televiziya aparıcıları, radio və onlayn platformalarda fəaliyyət göstərən insanlar dilimizin düzgün istifadəsini təmin etməli, onu təbliğ etməli və insanlara təqdim etməlidirlər. Təəssüf ki, bəzi aparıcılar Azərbaycan dilinin intonasiyasına riayət etməyərək xarici dillərə xas formaları tətbiq edirlər ki, bu da dilin qorunması baxımından yolverilməzdir. Biz fəxr edirik ki, Azərbaycan dili həm liderlər, həm ziyalılar, şairlər, müəllimlər, həm də xalq tərəfindən qorunur. Bu dilin qüdrəti sərhədləri aşaraq digər xalqları heyrətləndirmək gücünə malikdir. Azərbaycan dili əbədi və sarsılmazdır və hər birimiz bu dilin qorunmasına töhfə verməliyik. Arzu edirik ki, bu dil öz qüdrəti ilə sərhədləri aşsın, ən ali tribunalarda digər xalqların nümayəndələrini heyrətləndirsin”.
Sevinc Əliyevanın sözlərinə görə, Azərbaycan dilinin qorunması və inkişafı ölkə başçısının sərəncam və fərmanları sayəsində sistemli şəkildə həyata keçirilir:
“Hər bir qurum, alim, müəllim və vətəndaş dilimizin qorunması üçün bacardığı qədər töhfə verməlidir. Hesab edirik ki, bu işdə medianın üzərinə xüsusi məsuliyyət düşür. Dilimizin zənginliyi, tarixi irsi və ən qədim abidələrdəki leksik vahidlər, məsələn, Orxon-Yenisey abidələrindəki nümunələr Azərbaycan dilinin qədimliyini və müstəqil inkişaf tarixini göstərir. Bizim qədim leksik vahidlərimiz bu gün də dilimizin zənginliyini artırır. Hər hansı bir dilin təsirinə görə bunları məhv etmək, lüğətdən çıxarmaq düzgün deyil. Dilimizin qorunması həm də milli kimliyimizin qorunması deməkdir. Biz böyük zövqlə müşahidə edirik ki, Azərbaycan dili həm dövlət səviyyəsində, həm xalq arasında, həm də təhsil və mətbuat sahəsində qorunur, inkişaf etdirilir. Bu dilin qorunması və gözəl istifadəsi ölkəmizin gələcək nəsilləri üçün əsas prioritetdir. Biz arzu edirik ki, Azərbaycan dili öz qüdrəti ilə sərhədləri aşsın, bütün dünyada səlis və zəngin nitqi ilə heyranlıq doğursun. Bu sevgi və qayğı əbədi olmalıdır. Hər birimiz dilimizin qorunmasına töhfə verməyə borcluyuq”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 07 Yanvar 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















