Icma.az
close
up
RU
525 ci qəzet Cavad Heyət və 45 yaşlı Varlıq dərgisinin birinci sayı

525 ci qəzet Cavad Heyət və 45 yaşlı Varlıq dərgisinin birinci sayı

525.az saytına istinadən Icma.az xəbər verir.

Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir

(Əvvəli ötən sayımızda)

"Varlıq" dərgisinin ilk sayının növbəti yazısı Müzəffər imzası ilə "Hörmətli Səhəndə" adlı şeirdir. Həmin şeirin son misraları belədir:

Yox o qüdrətli səsi susdura bilməz kimsə

Sən bizim qəlbimiz içrə dirisən, ölməmisən

Şair ölmək bilməz!

Aşiq insan ölməz! (s.48)

Dərgidə bundan sonra Əli Təbrizinin "Səhənd üçün" adlı qəzəli verilir. Ardnca Doktor Həmid Nitqinin 1973-cü ildə Səhəndə həsr etdiyi "Səhərə gedən bir yol var..." şeiri gəlir:

Baxışın dağlara sarı dalmasın

Gözlərin heç uzaqlarda qalmasın

Səslənmə nə çıxar qulaqlar sağır

Vicdanlar paslanmış, yuxular ağır.

Dibsiz bir quyudur qaranlıq gecə

Ürəyə damçılır qorxu gizlicə.

Ocaqlar yıxılmış, odlar küllənmiş

Sevdalı başlara torpaq ələnmiş...

Dərdinin davasın umma kimsədən

Kimsəmiz yoxdur ki. Bir mən, bir də sən.

Ölsək də, qalsaq da budur yol ancaq

Əlin ver, bəlkə bir mənzilə çataq.

Düşsəm mən, davam et yolunda yoldaş

Dayanma, yeri get bu dağları aş

Bilirəm səhərə gedən bir yol var

Dizində güc varkən yorulma axtar. (s.51)

Qeyd etmək lazımdır ki, Doktor Həmid Nitqi Doktor Cavad Heyətin ən yaxın dostu və məsləkdaşı idi, ömrünün son illərini Londonda yaşadı, sonunda Tehrana qayıtdı və orada da dünyasını dəyişdi. Bu sətirlərin müəllifinə Tehranda çalışdığı illərdə onunla görüşmək nəsib olmasa da, Pakistandakı xidməti zamanı Həmid Nitqinin şeirlər kitabının urduca nəşrində və onun təqdimatında yaxından iştirak etmək qismət oldu. 2004-cü ildə bu sətirlərin müəllifinin xahişi ilə Tehranda Doktor Cavad Heyət Pakistanın tanınmış türkoloq yazıçısı, istefada olan polkovnik Məsud Əxtar Şeyxin Həmid Nitqinin şeirlərini tərcümə edib nəşrə hazırladığı və "Melodious Reveries" adlandırdığı kitaba maraqlı ön söz yazdı və bu kitab İslamabadda nəşr edildi.

Dərgidə bundan sonra Səhəndin ölümündən az əvvəl farsca yazdığı, şahlıq rejimi tərəfindən amansızlıqla qətlə yetirilmiş Səməd Behrəngiyə (1939-1968) həsr etdiyi tamamlanmamış bir şeiri verilmişdir:

"Bidar şo Səməd!" (Oyan Səməd!) adlanan şeir parçasının sərbəst tərcümədə mənası belədir: "Oyan Səməd, nərgiz gül açdı, bahar gəldi, arzuların çiçəkləndi, oyan Səməd! Səngər yoldaşlarının qətl yerindən, yanmış torpağından başqa bir şey qalmadı, ciyəryandıran və canyaxan oxların qüssəsindən, top, tank və tüfənglər ki, səni və dostlarının sinəsini dağladı, bizim əlimizdədir. Oyan Səməd".

Dərginin son səhifəsində yer alan Əziz Möhsininin "Səttar xan" şeiri ümid və iftixar dolu, təmiz türkcəmizdə qələmə alınmış gözəl bir şeir-dastanı xatırladır:

Qəhrəman xalqımın namuslu oğlu!

Öyünür xalqımız səninlə bu gün.

Qalxdın haqsızlığa, zülmətə qarşı,

Əlinlə açıldı hər bağlı düyün.

Qaldırdın yurdumda üsyan bayrağın,

Sarsıtdın dözülməz zülmün təməlin.

Yazıldı tarixə qızıl xətt ilə

Parladı qüdrətin, güldü əməlin...

And olsun tökülmüş nahaq qanlara

And olsun yenilməz mərd insanlara

Müqəddəs vuruşu bitirərik biz

Azadlıq eşqiylə çarpır qəlbimiz.

Yenə də bu yolda dərya qan axsa,

Bu ellər zülmətə çökməyəcəkdir. (s.53)

Bundan sonra dərc edilən "Səttar xan Sabirin şeirində" məqaləsi və sevimli şairimiz Savalanın (Həsən Məcidi) "Hədər olmaz" şeiri, ardınca Nazim Hikmətin üç şeiri: Şeirimə dair, Bəlkə mən, Qarıma məktub və Müzəffərin "Kargər bayramı" şeirləri yer almışdır. Dərginin sonuncu məqaləsi Həmid Nitqinin "125 qayda" kitabından götürülmüş "Dəsture negareşe torki -azəri" (Azəri türkcəsində yazı qaydaları) adlanır. Bu yazının verilməsi ciddi bir zərurətdən doğurdu, ona görə ki, Azərbaycan türkcəsində ərəb əlfbası ilə düzgün yazıb-oxumaq heç də asan məsələ deyildi. Həm də, o vaxtadək İranda Azərbaycan türkcəsində qəbul edilmiş müəyyən vahid yazı qaydaları yox idi. Ana dilində nəinki yazmağın-oxumağın, hətta danışmağın qadağan edildiyi zamanda bu məsələ gündəliyə gələ bilməzdi. Vaxtilə 1945-1946-cı illərdə Azərbaycanda Milli Hökumət zamanında Azərbaycan türkcəsinə hərtərəfli rəvac verilsə də, hökumət işləri, tədris və mədəni-kütləvi tədbirlər ana dilində keçirilsə də, qısa zaman ərzində dilin qrammatikasında, onun ədəbi dil olaraq işlədilməsində vahid qaydaları işləyib hazırlamaq mümkün olmamışdı. Bu baxımdan adı çəkilən məqalə dərginin həm bu sayını, həm də sonra çıxacaq saylarını rahat oxuya bilmək, eyni zamanda ana dilində mətnlər hazırlamaq üçün olduqca gərəkli idi. Bu qaydalar, eyni zamanda, ölkədə təsis ediləcək yeni anadilli mətbuat vasitələri üçün faydalı vəsait idi. Sonrakı illərdə Doktor Cavad Heyətin və məsləkdaşlarının səyləri ilə bu yazı qaydaları daha da təkmilləşəcək və "Varlıq"ın yazı dili bütün İranda türkdilli mətbu orqanlar üçün örnək olacaqdı.

Dərginin son səhifəsində oxuculara nəşrin "Yazıçılar heyəti" adından bildirilir ki, Azərbaycan Xalq şairi Səhəndin vəfatı ilə əlaqədar bu nəşrdə bir sıra yazılar ona həsr edilmişdir. Eyni zamanda, dərginin ilk sayı tələsik hazırlandığından bir çox qrammatik qüsurlara yol verilmişdir ki, onlara gələn saylarda yol verilməyəcəkdir. Dərginin arxa cildində Səhəndin fotoşəkli dərc edilməklə onun xatirəsi bir daha anılıb, nəşriyyənin ünvanı və əlaqə nömrəsi verilib.

"Varlıq" dərgisinin ilk sayı barəsindəki xülasəni yekunlaşdıraraq bəzi qənaətlərimizi də hörmətli oxucuların diqqətinə təqdim etmək istərdik. Yazının əvvəllərində bəhs edlən Azərbaycan Əncüməninin, bütün ümidlərə baxmayaraq, ömrü cəmi bir neçə ay çəkdi. O zaman Cavad Heyətin, Həmid Nitqinin, Məhəmməd Fərzanənin, Gəncəli Səbahinin, Rza Bəraheninin Azərbaycan Əncüməninin Azərbaycan xalqının mədəni haqlarının, xüsusən də dil və mədəniyyətinin qorunması, inkişaf etdirilməsi və ölkə əhalisinin təqribən 40 faizini təşkil edən Azərbaycan türklərinin bu təbii haqlarının təmin edilməsindəki oynayacağı rola olan ümidləri tezliklə puça çıxdı və Əncümən də fəaliyyətini dayandırmağa məcbur oldu. Lakin Cavad Heyət məsləkdaşlarının yaxından köməyi ilə, bütün məsuliyyət yükünü üzərinə alaraq və cərrahlıq peşəsindən qazandığı vəsaiti sərf edərək "Varlıq" dərgisinin nəşrini davam etdirə bildi. Dərgini ayda bir dəfə çıxarmaq mümkün olmasa da, ildə dörd sayla fəaliyyətini davam etdirdi.

İnqilabın ilk aylarından bir qədər sonra ölkənin daxili siasi həyatında gedən ziddiyyətli proseslər, mütərəqqi ruhanilərin, demokratik düşüncəli siyasətçilərin sıxşdırılması, xalqa vəd edilən azadlıqların, hətta Əsas Qanunda təsbit olunan milli haqların verilməməsi ölkə ziyalılarının böyük qismində xəyal qırıqlığı yaratdı. "Varlıq"dan sonra nəşr edilməyə başlayan onlarca mətbu orqanın sonrakı illərdə fəaliyyəti dayandırıldı. Milli-mədəni haqların təmin edilməsinə bəslənən ümidlər puç oldu. Belə bir şəraitdə Doktor Cavad Heyət şəxsi nüfuzu və düzgün dəst-xətt seçməsi sayəsində "Varlıq" nəşrini davam etdirməyə müvəffəq oldu. "Varlıq" İranda Azərbaycan-türk varlığının nəzəri və təcrübi məktəbinə, xalqımızın tarixi, dili və mədəniyyətinə məqsədyönlü şəkildə atılan şər və böhtanlara, iftira və təxribatlara anında elmi əsaslandırılmış cavablar verən xitabət kürsüsünə çevrildi.

Kanadada mühacirət həyatı yaşayan professor Rza Bərahəni 2005-ci ildə Torontoda "Şəhrivənd" (Vətəndaş) qəzetində "Doktor Cavad Heyət - məhdud fürsətlər dahisi" adlı məqalə dərc etmişdi. Həmin məqaləni "Varlıq" da həmin il 134-135-ci nömrələrində yayımladı. Burada Rza Bərahəni İranda dövlətin verdiyi çox məhdud fürsətlər (imkanlar) çərçivəsində Cavad Heyətin necə böyük işlər gördüyünü yüksək dəyərləndirərək yazırdı ki, Cavad Heyət məhdud fürsətlər dahisidir. Kiçik bir otaq, cah-cəlaldan uzaq bir klinika və bir tərəfdən insanların yaralarına və digər tərəfdən xalqın övladlarının ana dilinin nəbzinə əl qoyan səksən yaşlı cavan bir qoca. Bir yandan insanların yaralarını sağaldır, digər tərəfdən xalqın övladlarının ana dilinin keşiyində durur və bununla fərqli bir ziyalı tablosunu canlandırır. Bu ziyalı özümüzünkü və bütün məntəqənin ziyalısıdır, yerlidir və yerli hissləri bütün xırdalıqlarınadək diqqətində saxlayan bir dahidir...

Doktor Həmid Nitqi vurğulayır ki, "Varlıq" jurnalı bütün bu illər ərzində ülgücün iti ağzı üstündə hərəkət etmişdir... Millətçilər hər gün öz təzyiqlərini daha da artırırlar ki, dövlət "Varlıq" jurnalını bağlasın. Digər bir tərəfdən, Dr. Heyətin diqqətli və çox düşüncəli olma xüsusiyyəti bu jurnala hər hansı bir şübhə və nöqsanın daxil olmasına mane olmuşdur. Mətləblərin və insanların diqqətlə seçilməsi, jurnalın təqdim üsulu Dr. Heyəti bu təlatümlü dövr ərzində ayaqda saxlamışdır (Cavad Heyət. Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda. Bakı, "Elm və təhsil", 2011, s.544-547).

Doktor Cavad Heyətin fədakar zəhmətləri, dəyərli məsləkdaşlarının, dərginin uzun illər ərzində ətrafına cəmlədiyi və formalaşdırdığı geniş ziyalı-tədqiqatçı təbəqəsinin, həmçinin Azərbaycan Respublikasındakı və dünyadakı azərbaycanlı tədqiqatçıların elmi əməkdaşlığı nəticəsində "Varlıq" dərgisi xalqımızın, eləcə də bütün digər türk xalqlarının milli-mədəni kimliyinin dərk edilməsi, azərbaycançılıq və türkçülük ideyalarının üzvi vəhdətdə mənimsənilməsi və inkişaf etdirilməsində, ədəbiyyatımızın, tariximizin, həmçinin ictimai-siyasi həyatımızın tarixi-mədəni ənənələri və keyfiyyətləri ilə zənginləşməsində misilsiz rol oynayıb. Artıq 10 ildən çoxdur ki, "Varlıq" dərgisi 35 il onun imtiyaz sahibi və baş redaktoru olmuş Cavad Heyətsiz fəaliyyət göstərir. Cavad Heyətin və "Varlıq"ın yaratdığı mənəvi məktəbin vətənpərvər və zəhmətkeş davamçıları dərginin nəşrini davam etdirirlər, lakin bu dərgini illərlə övladı kimi bəsləyən və qoruyan Cavad Heyətin yeri görünür. Ruhu şad olsun!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Fevral 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see192

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see191

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see130

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see125

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see113

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see113

Bakıda bu əraziyə sahib çıxan yoxdur Video

16 İyul 2025 14:01see113

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see112

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see112

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri