Icma.az
close
up
RU
525 ci qəzet Şeyx Əbdidən Şeyx Nəsrullaha yaxud Həsən bəy Zərdabinin ölüləri

525 ci qəzet Şeyx Əbdidən Şeyx Nəsrullaha yaxud Həsən bəy Zərdabinin ölüləri

Icma.az, 525.az-ə istinadən məlumat verir 525 ci qəzet Şeyx Əbdidən Şeyx Nəsrullaha yaxud Həsən bəy Zərdabinin ölüləri.

Vilayət QULİYEV

İlk Avropa təhsilli ziyalılarımızdan biri -  Həsən bəy Zərdabi (1865-ci ildə Moskva Universitetini magistr diplomu ilə bitirmişdi) məşhur "Ölülər" pyesindəki Kefli İskəndərin prototipi ola bilərdimi?

Yüz faiz yox!

Amma o biri tərəfdən də XIX əsrdə Rusiya və Avropa universitetlərində təhsil almış azsaylı milli ziyalıların əksəriyyəti bu və ya digər dərəcədə "Kefli İskəndər sindromunun" təsirini öz üzərində hiss etməmiş deyildilər...

Həsən bəyə gəldikdə isə...

Çox güman onun bioqrafiyasının aşağıda bəhs edəcəyim epizodu Mirzə Cəlilə bəlli deyildi. Yoxsa milli mətbuatımızın banisindən həm də "ölülər" dünyasının ilk bələdçisi kimi böyük minnətdarlıqla söz açardı.

Məsələ buradadır ki, Şamaxı şəhər məktəbinin 16 yaşlı şagirdi Həsən bəy Məlikov Kefli İskəndərdən azı əlli il qabaq - 1858-ci ilin avqustunda Zərdabın indiki Qoruq bağı adlı ərazisində yerli Şeyx Nəsrullahla, daha doğrusu, onun Hacı Əbdi Əfəndi adlı sələfi ilə görüşmüşdü. Ən başlıcası isə fırıldaqçı şeyxə büt kimi sitayiş edən canlı "ölüləri" görmüşdü. Və aradan dörddə bir əsr keçəndən sonra bu görüşün yaddaşında həmişəlik həkk olunan təəssüratını qələmə almışdı...

Aşağıda təqdim edilən yazını oxuyanda yer və adlar fərqli olsa da, elə bil Mirzə Cəlil dühası ilə yaradılmış "ölülər" dünyasının atmosferinə qayıdırıq.

Cəlil Məmmədquluzadə planetar miqyaslı Şeyx Nəsrullah obrazı ilə yalançı şeyxlərin tabutuna son mismarı vurmuş, ona ləbbeyk deyən cahil və avam kütləni isə layiq olduqları adla tarixə salmışdı.

Təbii ki, Şeyx Nəsrullah ümumiləşdirilmiş bədii personaj idi. Mirzə Cəlilin həyatda "ölü dirildən" şeyxin prototipini, bənzərini görüb-görmədiyi haqda səhih məlumat yoxdur. Hərçənd Həmidə xanım qonşu İrəvan quberniyasında oxşar hadisənin baş verdiyinə işarə vurur.

Birincilik çələngi qazandığı digər fəaliyyət sahələri ilə yanaşı, Həsən bəy həm də XIX əsr Azərbaycanında avam xalqın qanını soran müxtəlif növ ruhanilərə - şeyx, seyid və mollalara qarşı qeyri-bərabər mübarizənin öncülü olmuşdu.

Həyat yoldaşı haqqındakı xatirələrində Hənifə xanım  Zərdabda yaşadıqları dövrdə (1880-1896) xüsusi kəskinliklə üzə çıxan "şeyxlər" məsələsinə toxunaraq yazmışdı: "Böyük Zərdab kəndi, eləcə də Göyçay, Şamaxı və Ərəş qəzalarının bütün kəndləri sözün həqiqi mənasında şeyxlərin hökmü altına düşmüşdü. Şeyx Əlibaba Göyçay qəzası və Ərəş mahalının bir hissəsində, Şeyx Hacı Süleyman isə Şamaxı qəzasında ağalıq edirdilər. Şeyxlər min bir fırıldaqla kütləni elə tora salmışdılar ki, camaat az qala Allahı da unutmuşdu. Dara düşəndə, çətinliklə üzləşəndə artıq Allahı yox, şeyxləri köməyə çağırırdılar. Şeyxin hökmü o qədər güclü idi ki, birinə "Özünü suya at!" desəydi, mürid bir an da fikirləşmədən əmri yerinə yetirərdi. Avam camaat arvad-uşaqların xəstəliyini sağaltmaq, bəd nəzərdən uzaq olmaq, sonsuzluğu müalicə etmək, düşməndən qorunmaq, quraqlıqdan nicat tapmaq və s. - bir sözlə, hər məsələdə şeyxə müraciət edir, olan-olmazını daşıyıb onun qapısına gətirirdi. Şeyx isə müridlərini əlində oyuncağa çevirmişdi. Təkcə onların var-yoxunu soyub talamırdı, həm də namuslarına toxunur, fırıldaqla arvadlarını, qızlarını ələ keçirirdi. Şeyxin beyinlərini dumanlandırdığı cahil, bədbəxt adamlarsa bunu böyük savab və şərəf sayır, qızlarını, arvadlarını onun ixtiyarına verirdilər".

1881-1895-ci illərdə "Kaspi"yə Zərdabdan göndərdiyi məqalə, xəbər və korrespondensiyada şeyxlərə, onların bölgə camaatının başına açdığı oyunlara dəfələrlə toxunan Həsən bəy bu mövzuda ilk ayrıca yazını 1884-cü ildə nəşr etdirmişdi. Yeniyetməlik xatirələri əsasında qələmə alınmış "Yaşadıqlarım" adlı həmin yazı qəzetin 22-24 yanvar tarixli 18 və 19-cu saylarında çap olunmuşdu.

Mirzə Cəlilin dahiyanə əsəri ilə analogiyada maraq doğuracağını nəzərə alaraq müəyyən mənada Həsən bəyin "Ölülər"i sayıla bilən həmin xatirələrin tam mətnini rus dilindən tərcümədə aşağıda təqdim edirəm:

Həsən bəy Zərdabi

YAŞADIQLARIM

"Əllinci ildə (1850-ci il nəzərdə tutulur - V.Q.), mənim yeddi-səkkiz yaşım olanda vətənim Zərdab Şamaxı qəzasının ən çox əhali yaşayan kəndi sayılırdı. O vaxtlar təbii ki, Kürdəmir və digər kəndlər də mövcud idi. Əslinə baxanda həmin kəndlərdə Zərdabdakından da çox əhali vardı. Lakin bir şərtlə ki, orada sakinlərin sayı yaşayış yerinin ərazisi, böyüklüyü ilə düz mütənasib idi. Zərdab isə uzunluğu bir verstdən çox olmayan, eni  dörddə bir verst təşkil edən kiçik bir sahəni tuturdu. Belə balaca yerdə  500-ə yaxın ev vardı. Kəndin ortasından bir başdan düz o biri başa qədər uzanan enli küçə keçirdi. Axşamlar bütün kənd əhli dərd-sərindən, iş-gücündən danışmaq üçün həmin küçəyə çıxırdı. Zərdabdakı daxmalar hamısı qamışdan idi. Yalnız imkanlı adamların evlərinə palçıqdan suvaq çəkilmişdi. Bir də kəndin ortasındakı meydançada çiy kərpicdən tikilmiş iki bina vardı. Bunlardan biri ibadət yeri - məscid idi. Digəri isə xalq arasında "bəy otağı" kimi tanınırdı. Bəy otağında məhkəmə qurulur, əlindən xəta çıxmış adamların işinə baxılırdı. Ara-sıra gələn qonaqlar da ora düşürdülər. Zərdablılar məscidə demək olar ki, hər gün gəlirdilər. Cümə günləri günorta saatlarında isə istisnasız olaraq bütün kənd ora yığışırdı. O zaman müəllimim yerli molla idi. Cümə günləri namaz qılmaq və Quran qiraəti üçün məni az qala darta-darta məscidə aparırdı. Əslinə baxanda bunu özüm üçün ağır bir cəza sayırdım. Bəy otağına getmək isə mənə ləzzət eləyirdi. Çünki atam bütün gününü orada keçirir, müqəssirləri mühakimə edir, kiməsə cəza verirdi.

O dövrün məhkəmə təcrübəsindən iki hadisə indiyə qədər yaddaşımdan silinməyib. Bir dəfə axşamüstü, hava tamam qaralan vaxt Zərdabın qurtaracağında səs-küy qalxdı. Nə isə bir hadisə baş vermişdi. Belə tamaşaların həvəskarı olduğumdan dərhal səs gələn tərəfə götürüldüm. Amma yolda bəy otağına gedən bir dəstə adamla rastlaşdım. Səmtimi dəyişib onlara qoşuldum. Məlum oldu ki, ahıl yaşlı hacı qonşusunun mis qazanını oğurlamaq istədiyi yerdə ələ keçib. Atam işi araşdırıb günahkarı bəy otağının qarşısındakı biabırçılıq sütununa bağlamağı, qazanı isə başına keçirməyi əmr etdi. Meydanda tonqal qalatdırıb hamını cəza mərasimində iştirak  etməyə çağırdı. Qazan oğru hacının başına elə qoyulmuşdu ki, sifəti açıqda qalmışdı. Bütün zərdablılar növbə ilə qarşısından keçib üzünə tüpürürdülər.

Digər hadisə isə yüngül əxlaqlı qadınla bağlı idi. Səhv etmirəmsə, o zaman kənddə iki belə qadın vardı. Onlardan birini təsadüfən Zərdaba iş dalınca gələn erməni ilə  tutmuşdular. Camaat meydana, bəy otağının qabağına yığışıb xeyli müddət davam edən mühakimənin nəticəsini gözləyirdi. Nəhayət, məhkəmə bitdi. Atam əmr elədi ki, qadının başını dibindən qırxıb qatıq çəksinlər, uzunqulağın belinə tərsinə mindirib bütün kəndi gəzdirsinlər. Yadımdadır ki, biz oğlan uşaqları da yolboyu eşşəyin dalınca düşüb gedirdik. Biabırçı cəzaya məruz qalmış zavallı qadının axıtdığı göz yaşları indi də fikrimdən çıxmır.

Əgər belə mühakimələrin az qala hər gün keçirildiyini desəm, o zaman bəylərin asılılığından, onların incəliklə düşünülmüş vəhşiliyindən canları qurtaran zərdablıların sevincini başa düşmək mümkündür. 1853-cü ildə qərar çıxanda (əhalinin bəy və ağa asılılığından çıxarılıb yerli hakimiyyət qurumlarının idarəçiliyinə verilməsi haqqındakı qanun nəzərdə tutulur - V.Q.) bütün kənd Kür üzərində yerləşən bağlarına çəkildi. Zərdab bir ilin içində çay boyu az qala 5 ("Kaspi" mətnində səhvən 50 kimi getmişdir -V.Q.) verst uzandı. Amma təəssüf ki, verilən sərbəstlik də kəndliləri asılılıqdan qurtarmadı. Sadəcə bir forma başqası ilə əvəz olundu.  Yəni zamanla hər şey təzədən bəylərin və onların böyür-başında quyruq bulayan fırıldaqçıların əlinə keçdi. Fırıldaqçılar deyəndə "şeyxləri" nəzərdə tuturam. Bu adamlar demək olar ki, eyni müddət ərzində qəzanın müxtəlif yerlərində ortaya çıxmışdılar. Sözün həqiqi mənasında avam camaatın başına ip salıb istədikləri yerə sürürdülər. Dediyim şeyxlərdən Hacı Əbdi Əfəndi Qaracallı adlı birisi Zərdabdan dörd arvad alıb az-çox nüfuz sahibi sayılan zərdablıların hamısı ilə qohum olmuşdu. Bunun da nəticəsində kənddə əməlli-başlı ağalıq eləməyə başlamışdı. Qəzanın ərazi iclasçıları da bahalı hədiyyələr müqabilində Əbdi Əfəndinin yaramaz əməllərinə göz yumurdular.

Mən o zaman Şamaxı dördsinifli məktəbində oxuduğumdan Zərdaba yalnız yay aylarında gəlirdim. Burada şeyx haqqında xeyli qəribə, möcüzəli xəbərlər eşitmişdim. Danışırdılar ki, ölümcül xəstələri sağaldır, gələcəkdən xəbər verir, axirət dünyasının sirlərini açır və hər cümə axşamı Məhəmməd Peyğəmbərin məzarını ziyarət etmək üçün Məkkəyə səfər edir. Zərdablıların nəzərində şeyx artıq ilahi varlığa çevrilmişdi. Çoxları namaz qılarkən üzlərini qiblə kimi cənuba - Məkkəyə deyil, Şeyx Əbdinin yaşadığı Qaracallı (çox güman ki, indi qonşu Ucar rayonunun inzibati-ərazi bölgüsünə daxil olan eyni adlı kənd nəzərdə tutulur - V.Q.) kəndinə tərəf çevirirdilər. Mal-qarası Zərdabın ən yaxşı otlaqlarında bəslənirdi. Zərdablılar dəstə-dəstə Qaracallıya, şeyxin ziyarətinə gedirdilər. İşdir, şeyx bu adamlardan birini qapı-bacada işləmək üçün həyətində saxlasa, həmin adam sevincdən özünə yer tapa bilmirdi. Qapısına hər cür nəzir-niyaz aparmaqla yanaşı, zərdablılar onun tarlasında müftə-müsəlləm işləyirdilər. Əkinlərini suvarır, otunu çalır, heyvanlarını otarırdılar. Bir sözlə, Şeyx Əbdi Zərdabda sözünün qabağında söz deyilməyən hakimi-mütləqə çevrilmişdi. Maraq məni bürümüşdü. Nəyin bahasına olursa olsun, bu qəribə adamı yaxından görmək istəyirdim.

1858-ci il avqustun sonlarında, Zərdabda havaların sərinlədiyi vaxt evimizdə qonaq olan sahə iclasçısı ilə oturub səhər çayı içirdik. Yeni başlayan gündən qeyri-adi bir şey ummurdum. Lakin nökərin gətirdiyi xəbər çay dəsgahını yarıda qoydu. Sən demə, şeyxin kəndə gəlməsi gözlənirmiş. Dərhal atı yəhərləməyi tapşırdım. Tələsdiyimdən əynimi dəyişmədən, elə gimnazist paltarında adamlarımızdan birinə qoşulub hörmətli qonağın təşrif gətirəcəyi yerə - Qovrux bağına (əslində Qoruq bağı - V.Q.) yollandım. O vaxta qədər bir dəfə də olsun yolum Qovrux bağına düşməmişdi. İşin tərsliyindən yol yoldaşım da oranı tanımırdı. İndi nə etməli? Az qala geri qayıdacaqdım. Amma birdən "Dil adamı Kiyevə aparar" rus məsəlini xatırlayıb yolumu davam etdirdim. Təlaşım əbəs imiş. Çünki dörd bir tərəf hamısı Qovrux bağına axışan adamlarla dolu idi. Kimi piyada gedirdi, kimi arabada, kimi də atını səyirdib qabağa düşməyə çalışırdı. Hamının sifətində elə bil qəribə bir intizar sevinci həkk olunmuşdu. Əlbəttə, bu böyük kütlənin içində şeyxə şübhə və inamsızlıqla yanaşanlar - münkirlər də olmamış deyildi. Bəzilərini sadəcə maraq aparırdı. Elələri də vardı ki, "hadisədən" öz xeyirləri üçün istifadə etməyə çalışırdılar. Bu sonuncuların arasında bizim dükançı - İran təbəəsi olan şiə də vardı. Yəqin ki, alıcılarının sayını artırmaq üçün bütün yol boyu ucadan zikr edirdi.

Mən atımı addım-addım sürür, zəvvarlara maraqla baxırdım. Adamların arasında vaxtı ilə xeyir-duasını alıb könül xoşluğu ilə ayrıldığım dayəmi, böyük məmnuniyyətlə əl uzatmaq istədiyim uşaqlıq yoldaşlarımı gördüm. Lakin heyhat! Onlardan heç biri mənə gözünün ucu ilə də baxmaq istəmirdi. Sanki hamısı sözü bir yerə qoyub qərara gəlmişdi ki, özlərini görməzliyə, tanımazlığa vursunlar. Hamısı məndən cüzam xəstəsi kimi bacardığı qədər uzaq qaçmağa çalışırdı. Çünki gavur paltarında, gimnazist formasında idim.

20 verst yol keçəndən sonra nəhayət Qovrux bağına gəlib çatdıq. Ətrafdakı daxmalarda ins-cins gözə dəymirdi. Adamlar hamısı şeyx üçün hazırlanmış evin qarşısına toplaşmışdı. Camaatın paltarıma açıq-aşkar ikrah hissi ilə baxdığını görüb çəkindim. Kütləyə yaxınlaşmadım. Xeyli kənarda dayandım. Amma ucadan edilən zikr səsi qulağıma çatırdı. Aralıda da olsa aydın görürdüm ki, hamının nəzərləri bağların arasındakı talaya, şeyxin keçib gələcəyi yola zillənib. Nəhayət yolda dördnala çapan atlı göründü. Şeyxin bir neçə dəqiqəyə varid olacağı xəbərini gətirmişdi. Camaat uğuldayıb hərəkətə gəldi. Adamlar bir-birini itələyə-itələyə talaya tərəf axışdılar.

On dəqiqədən sonra sayları təxminən 50 nəfərə çatan atlılar göründü. Qabaqda şeyx özü gəlirdi. Kütlə onu görəndə sanki dəliyə döndü. Kimi ağlayır, kimi dua edir, kimi diz çökür, kimi də özünü şeyxin addım-addım yeriyən atının ayaqları altına atmağa çalışırdı. Beləcə, ehtizazdan ağlını itirmiş kütlənin müşayiəti ilə şeyx məxsusi hazırlanmış evə yaxınlaşıb atdan düşdü. Sonra nə baş verdiyini görə bilmədim. Amma mənimlə gedən və daim özünü camaatın ən sıx yerinə pərçim edən adam danışırdı ki, şeyxin atı dayanan kimi təbii ehtiyacını rəf etdi. Müxlislərdən bəziləri özlərini buğlanan at peyininin üstünə atıb onu üz-gözlərinə yaxmağa başladılar. Şeyx yaxın adamlarından bir neçə nəfərlə içəri keçdi. Kütlə isə küçədə dayanıb əvvəlki kimi səs-küy salır, sanki özünə yer tapa bilmirdi.

Ehtiraslar nisbətən sakitləşəndən sonra bir nəfəri şeyxin yanına göndərib onunla görüşmək istədiyimi çatdırdım. Lakin həmin adam geri qayıdıb dedi ki, şeyxə yaxın düşməyə imkan yoxdur. Onu təkrar geri qaytardım. Tapşırdım ki, evin qabağında dayansın, sakitlik yarananda uca səslə şeyxi çağırıb xahişimi çatdırsın. Amma beş dəqiqə keçməmiş bir neçə nəfərin mənə tərəf qaçdığını gördüm. Sən demə, şeyx burada olduğumu bilib özü dalımca adam göndərmişdi.

Evə sanki ətdən çəpər çəkilmişdi. Qapının on beş-iyirmi addımlığında adamlar elə sıx dayanmışdı ki, onları yarıb keçmək sadəcə mümkün deyildi. Heç kəs yol vermək fikrində deyildi. Belə olanda kütlə məni əlləri üstünə qaldırıb havada bir-birinə ötürməyə başladı. Təsadüfən fikir verib gördüm ki, paltarıma toxunmaq məcburiyyətində qalanlar sanki əlləri murdar bir şeyə dəyibmiş kimi, ovuclarına tüpürüb üst-başlarına sürtür, bu yolla özlərini təmizliyə çıxmaq istəyirdilər. Düz qapının kandarında şeyxin sadiq müxlisləri ayağımdakı uzunboğaz çəkmələri, furajkamı və sürtukumu çıxarmaq fikrinə düşdülər. Hirslə onların üstünə qışqırdım. Həmin anda qapı açıldı və özümü içəridə gördüm. O qədər də böyük olmayan otaq Asiya qaydasında döşənmişdi. Kənar gözlərdən qorunmaq üçün hər iki pəncərənin pərdəsi salınmışdı. Ortalıqda lampa yanırdı. Küncdə isə samovar cızıldayırdı. Şeyx mütəkkəyə dirsəklənib uzanmışdı. Qarşısında bir stəkan çay vardı. On iki nəfər ən yaxın, sədaqətli müridi qollarını sinələrində çarpazlayıb divar boyu oturmuşdu. Şeyxə yaxınlaşıb əlini sıxdım, amma öpmədim. Hərəkətimin ətrafdakı adamlarda xoşagəlməz təəssürat yaratması gözümdən qaçmadı. Şeyx özü isə bundan qətiyyən pərt olmadı. Əksinə, qapının ağzında pal-paltarımı soyundurmaq istəyən müridlərinin hərəkətini yada salıb ürəkdən gülməyə başladı.

Hacı Əbdi Əfəndi zahiri görünüşündən qətiyyən din adamına oxşamırdı. Qara mahud çuxa geymişdi, başında qaragül Xivə xəzindən papaq vardı. Təxminən 40 yaşı olardı. Arıq, qarayanız sifətindəki ifadə ağıl və enerjisindən xəbər verirdi. Balaca, qara gözləri qəribə işıqla parlayırdı. Davranışı və xasiyyəti ilə də din adamı təsiri bağışlamırdı. İyirmi dəqiqə yanında oturdum, iki stəkan çay içdim və bütün bu müddət ərzində onun dilindən ruhani silkindən olduğuna dəlalət edən bir kəlmə də eşitmədim. Çöl qabanı və qırqovul ovuna getməyindən danışdı. Rus məktəbində nəyi və necə öyrəndiyimi soruşdu. Vidalaşarkən günün batmasına iki saat qalmış qılınacaq ikindi namazına tamaşa etməyə icazə istədim. Razılığını bildirdi. Sağollaşıb otaqdan çıxdım.

Qapının arxasında da məni içəri girərkən üzləşdiyim mənzərə gözləyirdi. Amma bir fərqlə ki, bu dəfə müridlər nəinki kafir paltarımdan iyrənirdilər, əksinə, əlləri ilə toxunur, sığallayır, uzunboğaz çəkmələrim də daxil öpüşə qərq edirdilər.

Günün batmağına üç saat qaldığından namazın başlamasını elə orada, küçədə dayanıb gözləməyi qərara aldım. Şeyxin istirahət etdiyi evin dörd bir tərəfində əli çomaqlı müridlər dayanmışdı. Onlar yaxına gəlmək istəyənləri, əsasən də qadınları və uşaqları qovub uzaqlaşdırırdılar. Bu ehtiyat tədbiri görülməsəydi, kim bilir, kütlə bəlkə də evi uçurar, ən azı qapıya soxulmağa can atardı.

Həyətdə, ayrıca bir otaqda şeyx üçün plov bişirilirdi. Qadınlardan biri ağzı açıq boşqabda düyü aparırdı. Elə bu vaxt şeyxin otağından mötəbər bir qarı çıxdı, düyünü ondan alıb təəssüflə başını bulaya-bulaya yerə tökdü. Yalnız sonradan öyrəndim ki, şeyx yad gözü toxunan heç nəyi dilinə vurmur. Çünki görən adamın gözü  yeməkdə qala bilərdi. Şeyxin isə bütün acları doydurmağa imkanı olmadığından məhz o adamı düşünərək bunu özünə dərd edə bilərdi. Müxlislər danışırdılar ki, şeyx hətta iyindən, tamından da qabağına qoyulan yeməyə yad nəzərlərin toxunub-toxunmadığını  bilirmiş. Ona görə də süfrəsinə bütün ərzaqlar və hazır yeməklər mütləq üstü örtülmüş şəkildə gətirilməli imiş.

Hamı sehrlənmiş halda gözünü evdən çəkmədən həyətdə gəzirdi. Deyəsən, bəziləri artıq məni də tanıya bilmişdilər. İlk olaraq keçmiş dayəm yaxınlaşdı. Bir addımlığımda dayanıb başını yırğaladı, səhhətimlə maraqlandı. "Bu murdar paltarı əynindən çıxar, sən də müxlislərin cərgəsinə qoşul" - dedi. Sonra uşaqlıq yoldaşlarım məni əhatəyə aldılar. Onlar maraqla geyimimə baxır, kimi furajkamı, kimi sürtukumu əlləşdirirdi. Tezliklə aramızda söhbət başladı, vaxtın neçə keçdiyini heç hiss etmədim. Birdən "Şeyx... yallah" qışqırtısı eşidildi. Kütlə dəniz kimi dalğalandı. Yoldaşlarım talaya tərəf qaçdılar, yenə tək qaldım.

Açıq səma altında otluğa xalçalar sərdilər. Şeyx on iki müridinin müşayiəti ilə evdən çıxıb namaz üçün hazırlanan yerə tərəf getdi. Adamlar özlərini onun üstünə atmaq istəyirdilər. Amma mühafizə müridlərinin dəyənəkləri imkan vermirdi. Nəticədə hamı məsafə saxlayıb aralıda dayanmalı oldu. Bəziləri şeyxin gəldiyi səmtə qaçıb onun ayaq izlərini öpürdülər. Qadınlar isə şeyxin ayağı dəyən torpağı yerdən götürüb uşaqlarının başına tökür, üzünə sürtürdülər. Yəqin ki, bu, qada-balanı, xəstəlikləri dəf etmək üçün idi. Bir sözlə, hərə bacardığı qədər gicləyir, bəziləri isə lap əndazəni aşırdılar.

Nəhayət, hamı talaya yığışdı. On iki müriddən biri qabağa çıxdı. Əlini qulağına qoyub möminləri namaza çağıran əzan verməyə başladı. Əzan bitəndən sonra ortalığa qəribə bir sakitlik çökdü. Hamıdan qabaqda şeyxlə kəndin imamı dayanmışdı. Digərləri isə uzun paralel sıralarla onların arxasınca düzülmüşdü. İmamın uca, gur səsi eşidildi. Sinənin dərinliyindən gələn, boğazda qaynayan ərəb sözləri ətrafı sarmış sükut nəticəsində daha aydın, daha ifadəli səslənirdi. Namaz bitəndən sonra möminlərin bəziləri astadan zikr edir, bəziləri "La ilahə illəllah" - deyə Fatihə verirdilər. Tədricən camaat sakitləşdi. İndi yalnız şeyxin müridləri dua edirdi. Yadımda qaldığına görə onların səsi adamın qulağını deşmirdi. Əksinə, xoş, ürəyəyatan əhval-ruhiyyə yaradırdı. Dini nəğmələrin təsiri altında müxlislər arasında artıq ahəngə uyğun şəkildə əzilib-büzülənlər, rəqs edənlər, ağlayanlar, qiyyə çəkənlər peyda olmuşdu. İlk nümunə həmişə yoluxucu olur. Tezliklə talaya yığışanların hamısını sanki qəribə bir sərxoşluq sardı. Qadınlarla uşaqlar nə camaat namazında, nə dua mərasimində, nə də rəqslərdə iştirak edirdilər. Bir kənarda dayanıb sakitcə baxırdılar. Amma sonradan öyrəndim ki, onların özlərini belə təvazökar aparmaları mənim orada olmağımla əlaqədar imiş. Başqa vaxtlar, Əbdi Əfəndinin yanında qadınlar da, gənc qızlar da ortalığa düşüb oynayırlarmış.

Dedilər ki, şəbədəbazlıq hələ gecə namazına qədər davam edəcək. Kənddə qalmağa yerim olmadığına görə evə qayıtmağı qərara aldım. Yola çıxmazdan əvvəl vidalaşmaq üçün şeyxə yaxınlaşdım. Məni görəndə oturduğu yerdən ayağa qalxdı. Hörmətlə əlimi sıxıb dərslərimdə uğur arzuladı.

Ondan sonra Hacı Əbdi Əfəndi ilə bir də görüşmədim. Ancaq öyrəndim ki, tezliklə təsiri Korinkəndə (mətndə belə gedib, əslində Körpükənd olmalıdır - V.Q.), Bıçaqçıya və digər yerlərə də yayılıb. Oralardan da bol bac-xərac toplayır. Təxminən on beş il əvvəl Hacı Əbdi Əfəndi ov zamanı müridlərindən birinin təsadüfi atəşi nəticəsində öldürüldü. Şeyxin müqəddəs və mübarək bədəninə gavurun - rus həkiminin əli dəyməsin deyə hadisəni hökumətdən gizlətdilər. Özündən sonra yeddi oğlu qalmışdı. Hamısı savadsız idi. Heç biri xüsusi ağlı və qabiliyyəti ilə seçilmirdi. Amma adamlar atalarının xətrinə yenə  hörmətlərini saxlayır, başçılıqları altında camaat namaz qılır, köhnə vaxtlardakı kimi bacardıqları qədər mütrüblük və əxlaqsızlıq edirlər. Rəhmətlik Hacı Əbdi Əfəndinin sayəsində davamçıları arasında yaramaz əməllər, xüsusən də fühuş geniş yayılmışdı. İşdir, əgər müxlislərindən biri sifilisə yoluxsa, inanıram ki, bir ildən sonra bütün digər müxlislər də eyni xəstəliyə mübtəla olacaqlar. Xüsusən indi, dəmir yolu işə düşəndən sonra belə bəlalar çox asan və sürətlə yayılır".

lll

Maraqlı hekayət burada sona çatır. Amma Zərdabda və ətraf qəzalarda at oynadan şeyxlərin macəraları, eləcə də onlara qarşı təkbaşına savaş açan Həsən bəyin qeyri-bərabər mübarizəsi isə hələ illər boyu davam edəcəkdi.

(Davamı növbəti şənbə sayında)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün avtobuslar bu saata qədər işləyəcək

21 Fevral 2025 12:55see357

“Ukrayna tortu” uğrunda amansız savaş: Avropa sıxışdırılır ŞOK DETALLAR

21 Fevral 2025 18:15see168

Kürdəmirdə maşın kanala düşdü: ölənlər var

20 Fevral 2025 22:17see166

Dünyanın ən səs küylü şəhərinin adı açıqlandı

20 Fevral 2025 12:31see120

Azərbaycanda bəzi saytlar hekləndi ARALARINDA MƏŞHUR İNFORMASİYA AGENTLİYİ DƏ VAR FOTO

20 Fevral 2025 12:25see120

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see119

Polis əməkdaşları ölkə boyu gücləndirilmiş rejimdə xidmət aparır FOTOLAR

21 Fevral 2025 02:35see116

Məşhur müğənni qəhvəxanada yaşlı kişilərlə belə pozalar verdi FOTOLAR

21 Fevral 2025 00:52see116

Maral və ayı ətinin satışı qadağandır? (AÇIQLAMA)

20 Fevral 2025 17:37see114

Rusiya: Ukraynanın qaz və enerji obyektlərini vurduq

20 Fevral 2025 18:52see114

Ana dilimiz varlığımız, qürurumuzdur!

20 Fevral 2025 14:08see113

Baerbock cinsi təcavüzə məruz qaldığını etiraf edib…

20 Fevral 2025 18:24see112

Şok plan: Ordu Ukraynaya girir, Rusiyaya zərbə üçün...

20 Fevral 2025 12:54see110

Həkimlər də şoka düşdü: Ağ ata anadan qara körpə doğuldu

21 Fevral 2025 03:31see110

Güclü qar səbəbindən təhsil dayandırılıb

21 Fevral 2025 03:02see109

Xarici brendlərin Rusiyaya qaytarılması üçün şərtlər...

21 Fevral 2025 21:35see109

Xarici İşlər Nazirliyi Xocalıda baş vermiş mina partlayışına münasibət bildirib

21 Fevral 2025 21:43see108

Hava şəraiti ilə bağlı son vəziyyət AÇIQLANDI

21 Fevral 2025 21:47see108

2024 cü ildə ən çox satılan 10 avtomobilin adı açıqlanıb…

21 Fevral 2025 01:08see107

Onlar növbəti mərhələni haqq edirdilər Ruben Diaş

20 Fevral 2025 14:36see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri