Icma.az
close
up
RU
525 ci qəzet Şeyx Əbdidən Şeyx Nəsrullaha yaxud Həsən bəy Zərdabinin ölüləri

525 ci qəzet Şeyx Əbdidən Şeyx Nəsrullaha yaxud Həsən bəy Zərdabinin ölüləri

Icma.az, 525.az-ə istinadən, məlumatı açıqlayır 525 ci qəzet Şeyx Əbdidən Şeyx Nəsrullaha yaxud Həsən bəy Zərdabinin ölüləri.

Vilayət QULİYEV

(əvvəli ötən şənbə sayımızda)

Hər şeydən əvvəl qeyd edim ki, şeyx Hacı Əbdi Əfəndi mifik şəxsiyyət deyildi. Haqqında mənbələrdə müəyyən məlumatlar mühafizə olunub. "XIX əsrdə Qafqazda təsəvvüfi əlaqələr" adlı geniş araşdırmanın müəllifi Fariz Xəlillinin yazdığına görə, 1825-ci ildə Şirvan əyalətinin Sərdərin mahalının Qaracallı kəndində doğulmuşdu. Bu məlumat onun mənşəyinin əslində Cəbrayıl qəzasının eyni adlı kəndinə bağlı olduğunu düşünməyə əsas verir. Çünki aralarında təriqətçiliyin geniş yayıldığı Cəbrayıl qaracallılarının Şirvana köç etmələri tarixi qaynaqlarda təsdiqini tapmış faktdır. Kiçik yaşlarında atasını itirdiyi, anası isə başqasına ərə getdiyi üçün əmisi Rəhimin himayəsində böyümüşdü. Həsən bəyin yazdığına görə, ilkin dini təhsilini Amasiyadan Şirvana köçmüş məşhur təriqət şeyxi Molla Mövlananın yanında alsa da, təriqət məsələlərinə skeptik münasibətinə və bəzi açıq tənqidi mülahizələrinə görə onun davamçıları sırasından uzaqlaşdırılmışdı. Amma hər şeyə rəğmən, 24 yaşında artıq Qaracallı kəndinin mollası idi.

Fariz Xəlilli daha sonra yazır: Mürşidinin (məqalə müəllifi "mürşid" dedikdə Hacı Mahmud Əfəndi Kürdəmirlini nəzərdə tutur, Həsən bəy Zərdabi isə bəlkə də daha çox əsasla Molla Mövlananı onların ikisinin də müəllimi sayır -V.Q.) icazəsi ilə təsəvvüfi fəaliyyətə başlayan Şeyx Əbdi Əfəndi təriqətin əsaslarını daha dərindən öyrənmək məqsədi ilə Həcc ziyarətindən qayıdarkən Amasiyaya və İstanbula getmiş, müəyyən müddət Osmanlı dövlətində yaşamışdı. XIX əsrin 50-ci illərinin əvvəllərində Qaracallıya qayıdan Şeyx Əbdi Şirvandakı nəqşibəndi şeyxlərinin ənənəvi təsəvvüfi fəaliyyətindən nisbətən fərqlənən irşad məqamına keçmişdir. O, "Cəmiyyət" adlanan və cümə gecələri keçirilən cəzbə mərasimlərində qadın və kişilərin iştirak hüquqlarını bərabərləşdirmiş, ney sədaları altında bayatı və mahnıların oxunmasına, rəqslərin təşkil edilməsinə icazə vermişdi".

Nəhayət, məqalə müəllifi "rəsmi" adlandırdığı, lakin yerini göstərmədiyi mənbəyə istinadla Hacı Əbdinin ümumilikdə Həsən bəyin müşahidələri ilə səsləşən portret cizgilərini təqdim etmişdir: "O, əsl tatar (azərbaycanlı) kimi ortaboylu, üzünün cizgiləri düz və zərif şəxsdir. Səsi incə, aydın, bir qədər tutqun olub, sürətli nitqə malikdir. Cəsarətlidir. Silahdan məharətlə istifadə edir. Ova çıxmağı xoşlayır. Qonaqpərvərdir. Yun köynək geyinir. Varlıdır. Nökərləri var. Seçmə atlar saxlayır. Qəza şəhərlərində yüksək mənsəb sahibi ailələrlə münasibətdədir. Qaracallıda minarəli məscid tikdirib. Məscidin yanında isə qonaq qəbul etmək üçün ev inşa etdirib. Rəhbərliyə hörmətlə yanaşandır. Savadı az olub, şəxsi mirzəsi vardır."

 Fariz Xəlillinin "Şeyx Əbdi Əfəndinin təsəvvüfi fəaliyyəti daim çar hökumətinin nəzarəti altında olub, təzyiqlərə məruz qalmışdır" fikri ilə razılaşmaq çətindir. İstər özünün istinad etdiyi "rəsmi sənəddəki" "yüksək mənsəb sahibi ailələrlə münasibətdədir" ifadəsi, istərsə də Həsən bəyin məqaləsində xüsusi diqqət yetirilən məqam -"Qəzanın ərazi iclasçıları (yeni çar administrasiyası nəzərdə tutulur -V.Q.) da bahalı hədiyyələr müqabilində Əbdi Əfəndinin yaramaz əməllərinə göz yumurdular" fikri bunun belə olmadığını göstərir. Hacı Əbdi yalnız gənclik illərində Osmanlıda  yaşadığına görə şübhə doğura bilərdi. Lakin göründüyü kimi, ayıq adam olduğundan belə "anlaşılmazlıqları" həll etməyin yolunu tapmışdı.

Həsən bəyin həcmcə o qədər böyük olmayan məqaləsi ilə "Ölülər"i müqayisə etmək niyyətində deyiləm. Lakin hər iki əsəri oxuyanlar diqqət yetirsinlər: Qaracallı şeyxi Hacı Əbdı Əfəndi necə də gələcək davamçısı Şeyx Nəsrullanı xatırladır! Yaxud ikinci sanki sələfinin tökdüklərini yığıb. Doğrudur, Əbdi Əfəndi gələcək davamçısı kimi "ölü diriltmək" fikrinə düşüb ağını çıxarmamışdı. Amma eyni dərəcədə mümkünsüz bir işin "öhdəsindən gəldiyi", guya mütəmadi merac səyahətinə çıxdığı haqda avamın beynini dumanlandıran şayiə yaymağı bacarmışdı. Nəticədə müridləri digər möcüzələri ilə birlikdə şeyxin hər cümə axşamı Həzrəti Peyğəmbərin məzarını ziyarət etmək üçün Qaracallıdan Səudiyyə Ərəbistanının Mədinə şəhərinə səfər etdiyinə inanmış, yaxud özlərini inanan kimi göstərmişdilər.

Hacı Əbdi də xələfi Şeyx Nəsrullah kimi çevik, praktiki ağla malikdir. Kütlə psixologiyasına yaxşı bələddir. Adamların zəif damarını tutmağı, asanlıqla tora salmağı bacarır. Eyni zamanda hər kəsə fərdi yanaşır, hərə ilə öz dilində danışır. Şeyx Nəsrullah Hacı Həsənin "Firəngistanda məktəb qurtarmış" oğlu Kefli İskəndərdən ehtiyatlandığı kimi, Hacı Əbdi də Zərdabın hörmətli, vəzifəli şəxslərindən Səlim bəyin oğlu, üstəlik də, rus məktəbində oxuyan yeniyetmə Həsənə xüsusi münasibət nümayiş etdirir. Yəni onun kütlədən olmadığının fərqinə varır. Şeyx Nəsrullah Kefli İskəndərin tikanlı sözlərinə səbirlə dözdüyü kimi, Hacı Əbdi də Həsənin əlini öpməməsinin üstünü vurmur, vidalaşarkən hamının gözü qarşısında ayağa qalxıb ehtiram göstərməyi lazım bilir.

Aralarında yarım əsrlik zaman məsafəsi olmasına baxmayaraq, şeyxlərin ikisi də sərvət və qadın düşkünüdür. Şeyx Nəsrullanın gözü hər yerdə "bacıları" axtardığı kimi, Hacı Əbdi Əfəndi də düzəltdiyi cəzbə məclisləri vasitəsi ilə ilk növbədə gənc qadın və qızları ələ keçirməyi hədəf alırdı. Çox güman ki, sırf təsadüfdür - Şeyx Nəsrullah Hacı Həsənin qonağı olduğu müddətdə dörd qız siğə etdiyi kimi, Hacı Əbdi də Zərdabda dörd dəfə evlənməyə imkan tapmışdı...

Yemək "fəlsəfələri" də biri-birinin eynidir. Gizlində cücə-plovu gözünə təpən Şeyx Nəsrullah aşkarda "təamının gündə bir xurma olduğunu" deyib avamı heyrətdə buraxır. Sələfi Şeyx Əbdi isə süfrəsinə gətirilən yeməkləri bir kimsənin görməsini istəmir. Bu yolla da guya möhtacları, imkansızları umsuq etmək kimi günah əməl işlətmədiyini insaf və mürvətinin dəlili kimi camaatın gözünə soxur.

Nəhayət, ikisinin də uğur düsturu çevrədəki insanların avamlıq və cahilliyinə, qəflət yuxusuna getmiş canlı "ölülər" mühitinə əsaslanır. Balıq susuz yaşaya bilmədiyi kimi, onların da bu mühitdən kənarda mövcudluğu imkansızdır.

Əlbəttə, diqqət yetirdiyim analogiyalar heç bir əsasla Mirzə Cəlilin Həsən bəyin məqaləsində yer almış süjet və təsvirlərdən yararlandığını, "Ölülər"in ideyasını öz böyük müasirindən götürdüyünü  iddia etməyə əsas vermir. Mövzunu da, "qəhrəmanı" da onlara zaman, mühit, içində yaşadıqları "müsəlman cəmiyyəti" vermişdi. "Atılan toplara diksinməyən" bu qafil, süst cəmiyyət "Əkinçi" səhifələrində "Çağırıram gəlmir, göstərirəm görmür, deyirəm eşitmir" fəryadı qoparan Həsən bəyin zamanından "Molla Nəsrəddin"in ilk sayında "Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar" sarkazmına varan Mirzə Cəlilin  vaxtına qədər çox az dəyişmişdi. Əslində yerində saymışdı.

Ona görə də XIX əsrin ortasında Hacı Əbdi Əfəndi donunda zühur edən lotu şeyxlərin XX yüzilliyin əvvəlində Şeyx Nəsrullah libasında meydana çıxmaları tamamilə təbii və gözlənilən idi. Yeni, mütərəqqi Azərbaycan ədəbi-ictimai fikrinin bəsirəti isə belə hadisə və tipləri zamanında görməsi, səciyyəvi keyfiyyətləri ilə ədəbiyyata gətirməsi sayıla bilərdi. Təbii ki, bədii siqlət və ədəbi təcəssüm  baxımından lokal miqyaslı şeyx Hacı Əbdi ilə artıq İrandan vurub Qafqazdan çıxan beynəlmiləl şeyxənanın - Həsrullahın  müqayisəsi mümkünsüzdür. Təsadüfi deyil ki, "Ölülər"in ilk tamaşasından sonra M.Ə.Rəsulzadənin "Açıq söz" qəzeti əsərin həqiqi qiymətini çox sadə, anlaşıqlı sözlərlə verərək yazmışdı: "Şeyx Nəsrullahın ölüləri diriltməsi yalansa da, "Ölülər"in ölü fikirləri diriltməsinə şübhə ola bilməz". Yəqin ki, Həsən bəyə bu qeyri-adi əsərin ilk tamaşasında iştirak etmək nəsib olsaydı, xəyal onu əlli-altmış il əvvələ - gözü ilə gördüyü "ölülərin" yanına aparardı.

"Kaspi" redaksiyasına Zərdabdan göndərilən çoxsaylı xəbər və məqalələrində bölgənin iki "görkəmli xadiminin" - quldurbaşı Əli Xıdır oğlu ilə Hacı Əbdi Əfəndi ocağının varisi şeyx Hacı Əlibabanın adı heyrətamiz ardıcıllıqla yan-yana çəkilirdi. Həsən bəyin hakimiyyət mənsublarına ünvanlanan çoxsaylı xəbərdarlıq və çağırışlarına baxmayaraq, bu peşəkar lotular on illər boyu Şirvan əyalətində cinayət əməllərini qorxub-çəkinmədən həyata keçirirdilər.

 Həm də işə bax ki, savadsız quldurla kəmsavad molla rusca çıxan "Kaspi"də haqlarında yazılanlardan zamanında xəbər tuturdular. Görünür, xidmətlərində dayanan rusdilli "xeyirxahları" varmış. "Əkinçi" naşirinin "daldabucaq" adı verdiyi və silsilə yazılarını da "Daldabucaqdan xəbərlər" ümumi başlığı altında dərc etdirdiyi Zərdabda sözün həqiqi mənasında "Kim kimi?" davası gedirdi. Əli Xıdır oğlu və Hacı Əlibaba tandemi hər vasitə ilə Həsən bəyi kiçik vətənindən  uzaqlaşdırmağa, ucqar kəndə sığınmaq məcburiyyətində qalmış ilk azərbaycanlı universitet məzunu isə onların həqiqi simalarını göstərməyə çalışırdı. Bu yolla da "ölülər" mühitinə bir hərəkətlilik, canlılıq gətirməyə çalışırdı.

Həsən bəyin doğma şəhərdə ən adi hüquqları da pozulan "müsəlmanların" dəvəti ilə Bakıya qayıtdığı 1896-cı ilə qədər vəziyyət belə davam etmişdi. Amma böyük şəhərdə yaşaması, qayğı və dərdlərin çoxluğu onu Zərdabın, ümumən bölgənin problemlərindən uzaq salmamışdı.   

lll

Şeyx Hacı Əbdi Əfəndi, onun ailəsi və müridləri ilə 1858-ci ildə baş tutan "tanışlıq" əsrin sonuna - 1899-cu ilə qədər davam etmişdi. Yalnız bir dəfə görüşdüyü Qaracallı şeyxi 1870-ci illərin əvvəlində öldürüldüyündən Həsən bəyin diqqəti ailə sülaləsinin növbəti nümayəndəsinə - şeyxin böyük oğlu və varisi Hacı Əlibabaya, eləcə də ətrafına topladığı qaragüruhçu dəstəyə yönəlmişdi. Bir çox hallarda yazılarının konkret nəticəsi olmasa da, Həsən bəy hələ "Əkinçi"də elan etdiyi "su mürur ilə daşı deşər" prinsipindən çəkilmir, xalq və zaman qarşısında cavabdehlik hissini heç vaxt korşalmağa qoymurdu.

Görünür, həyat yoldaşının tərcümeyi-halını qələmə alarkən "Kaspi" qəzetinin komplekti Hənifə xanımın əlinin altında olmamışdı. Aradan onilliklər keçəndən sonra isə bütün şəxsləri və hadisələri dəqiq şəkildə, olduğu kimi  xatırlamaq o qədər də asan deyildi.  Bu "yaddaş boşluqları" Zərdab şeyxləri ilə mübarizəyə həsr edilmiş səhifələrdə daha aydın nəzərə çarpır.

Hənifə xanım xatirələrində yazırdı:

"Həsən bəy başlanğıc mərhələdə qonşuluqdakı Şeyx Əlibaba ilə üç qardaşını zərərsizləşdirmək qərarına gəldi. O, camaatın gözünü açmaq, şeyxin bəd əməllərini aşkara çıxarmaq üçün əlindən gələni əsirgəmirdi. Bakıya gedib qubernatora sübut etmişdi ki, şeyx kimi fitnəkarlar yalnız maarifin inkişafına əngəl deyillər, onlar həm də fanatizmin ən qara qüvvələri kimi cəmiyyət üçün təhlükəlidir. Qubernatorun əmri ilə Şeyx Əlibaba ilə iki qardaşı Qafqaz hüdudundan kənara - daxili Rusiyaya sürgün edildi. Şeyxin əlaltıları Həsən bəyin tezliklə mütləq Allahın qəzəbinə gələcəyini gözləyirdilər. Lakin Allahın köməyi, bəlkə də Həsən bəyin ağlı bizi bəlalardan xilas etdi. Xalq şeyxin gücsüzlüyünün şahidi oldu. Odur ki, 1896-cı ildə Həsən bəy Zərdabdan Bakıya köçəndə Şeyx Əlibabanı yalnız fanatik qarılar xatırlayırdılar".

Əslində isə belə olmamışdı.

Doğrudur, Hacı Əlibaba bir neçə dəfə qısamüddətli həbs edilmiş, qanunazidd fəaliyyətini dayandırmaq barədə xəbərdarlıq almışdı. Lakin az-çox ehtiyatlandığı Həsən bəy gedəndən sonra əl-qolu daha da açılmışdı. Təriqət şeyxindən müasir ifadə ilə desək, əyalət miqyaslı biznes imperiyasının sahibinə çevrilmişdi. Dədə-babalarının yaşadığı qamış daxmadan Avropa qaydası ilə bəzənib-düzənmiş imarətə köçmüşdü. Var-dövlətini artırmaqla bir sırada eyş-işrət məclislərində və əxlaqsız əməllərində də hüdud tanımamışdı. Zərdabda, növbəti bac-xərac toplamaq səfərində qonaq kimi qaldığı evdən bir yeniyetmənin 11 yaşlı nişanlısını ("Ölülər"də Şeyx Nəsrullahın yatağına sürüklənən balaca Nazlını xatırlamamaq olmur!) qoltuğuna vurub aparması və özünə arvad etməsi səbir kasasını doldurmuşdu. Ən başlıca isə Həsən bəy fitnəkar şeyxin başdan-başa insan və müsəlman əxlaqına zidd həyatının məntiqi yekunu olan bu intiqam aktından xəbər tutmuşdu. Qanlı, qanlı olduğu qədər də gözlənilən  hadisəni artıq daimi müəllifi kimi tanındığı "Kaspi"nin 3 sentyabr 1899-cu il tarixli 189-cu sayında çıxan və aşağıda ruscadan tərcümədə tam mətni təqdim edilən "Müridlərin son "peyğəmbəri" adlı məqaləsində ictimaiyyətin diqqətinə çatdırmışdı:

Həsən bəy Zərdabi

MÜRİDİZMİN SON "PEYĞƏMBƏRİ"

"Şənbə günü, avqustun 28-də səhər saat 9-da Zaqafqaziya dəmir yolunun Ucar stansiyasında qanlı faciə baş verib.

Zərdab sakini, Paşa Əhməd oğlu adlı 17-18 yaşlarında yeniyetmə Qaracallı kəndinin sakini, Şeyx Əlibaba Hacı Əbdi Əfəndi oğluna dörd xəncər zərbəsi vurub. Ölümcül olduğu deyilən zərbələrdən üçü onun başına, biri isə kürəyinə dəyib. Zərərçəkən geniş yayılmış müsəlman təriqətinin başçısı kimi bütün diyarda yaxşı tanınır. Bu səbəbdən də hadisə haqda daha ətraflı danışmağı məqbul sayırıq.

Sonuna gəlib çatdığımız əsrin iyirminci illərində Kürdüstanda təlim-tərbiyə görmüş məşhur Molla Mövlana köçüb Kürdəmirə gəldi və yerli müsəlmanlar arasında təriqətçilik yaymağa başladı. Sayı o qədər də çox olmayan şagirdlərindən ən məşhurları Şamil Dağıstanlı (Şeyx Şamil - V.Q.), Hacı Mahmud Əfəndi Kürdəmirli, Hacı Hüseyn Əfəndi Qaraqoyunlu idi. Zərərçəkənin atası Hacı Əbdi Əfəndi də Mövlananın şagirdlərindən olmuşdu. Lakin təriqətin ehkamlarına skeptik və tənqidi münasibətinə görə Molla Mövlana onu yanından qovmuşdu. Qaracallı kəndinə qayıdan gənc Əbdi bir müddət sonra Kürdüstana, təriqətin mərkəzi Amasiya şəhərinə getmək və dini məsələləri dərindən öyrənmək qərarına gəlmişdi. On ildən çox orada yaşayan, Konstantinopolu və digər şəhərlərdəki dini müəssisələri gəzib-dolaşan Əbdi Əhəndi nəhayət 1850-ci illərin əvvəlində vətənə qayıtmışdı. Bu, köçəri kəndlilərin bəylərin şəxsi asılılığından azad olunub hökumət məmurlarının idarəçiliyinə verildiyini elan edən manifestin yayılmasından az sonra baş vermişdi. Aydın məsələdir ki, kəndlilər həmin dövrdə hələ kifayət qədər yaxşı tanımadıqları məmurlara etimadsızlıq yanaşırdılar. Yerli şəraitə, adət-ənənələrə yetərincə bələd olmayan məmurlar da kəndlilərə təsir göstərmək, onları istədikləri şəkildə idarə etmək imkanına malik deyildilər. Vəziyyəti belə görən Əbdi öz təbliğatına başladı. Tezliklə onun çevrəsində əsasən bəy asılılığından azad olmuş və özlərini mürid adlandıran köçərilərdən ibarət bütöv bir dəstə, yaxud partiya yarandı.

Hələlik Əbdinin təriqət təlimi, xalqa təsiri və keçmiş sahə iclasçıları ilə münasibətləri  haqqında daha geniş danışmağı növbəti dəfəyə saxlayaraq yalnız bu sadə mollanın öz çoxsaylı tərəfdarlarının sitayişgahına, canlı bütə çevrildiyini deməklə kifayətlənək. Hətta ən uzaq kəndlərdən də onun ziyarətinə gəlirdilər. Həm də aydın məsələdir ki, əliboş gəlmirdilər. Müridləri ilə birlikdə yolunu saldığı kəndlərdə isə Əbdi Əfəndinin şərəfinə şahanə qəbullar, görüşlər düzəldir, səxavətlə qarşılayıb bol hədiyyələrlə yola salırdılar. Bu "hədiyyələr" arasında gözəl qadınlar da az olmurdu. Tezliklə şeyx özünə az qala bütöv bir hərəmxana düzəltmişdi.

Yetmişinci illərin əvvəlində Hacı Əbdi Əfəndi öldürüldü. Amma bunun necə baş verdiyi aydın olmadı. Çünki 12 sadiq müridi cəsədin yarılması nəticəsində şeyxin müqəddəs təninin murdarlanmasına imkan vermək istəməmişdi.

Böyük oğlu, bir neçə gün əvvəl qətlə yetirilən Hacı Əlibaba irsən "şeyxlik məqamını" atasından qəbul etdi. O, adını güclə yazırdı. Heç bir xüsusi istedadı, yaxud qabiliyyəti ilə seçilmirdi. Amma buna baxmayaraq, yalnız təriqət qurucusunun böyük oğlu olduğuna görə atasının pərəstişkarları hər yerdən axışıb ziyarətinə gəlirdilər. Hacı Əlibaba da öz növbəsində camaatı "maarifləndirmək" məqsədi ilə tez-tez onların arasına gedirdi. Lakin yeni peyda olmuş "şeyxin" bəxti heç gətirmirdi: dəfələrlə həbsdə oturmuşdu, dəfələrlə inzibati sürgünə göndərilmişdi, dəfələrlə dilindən yazılı iltizam alınmışdı ki, heç yerə getməsin, heç kimi qəbul eləməsin. Amma o da öz işində idi - hər yerə gedir, hamıdan hədiyyələr, bəxşişlər qəbul edir, istədiyi hər kəslə görüşürdü.

Hələ təcrübəsiz olduğu vaxtlarda bac-xəracı nisbətən az olurdu. Amma bir müddət sonra təcrübəli dostları ona necə yaşamağı, işlərini necə sahmana salmağı öyrətdilər. Bu son illərdə Hacı Əlibaba sözün həqiqi mənasında dünyanın keyfini çıxarmaqla məşğul idi. Min başa qədər iri, bir neçə min baş xırda buynuzlu mal-heyvanı, 500-dən çox atı vardı. Sürü və ilxılarına çoxsaylı müridləri baxırdı. Ticarətlə də məşğul olurdu. Təriqətinin üzvlərindən barama, pambıq və digər məhsulları ucuz alıb baha qiymətə satır, qazandığı pulları 20-30 faizlik gəlirlə sələmə verirdi. Artıq Avropa qaydasında döşənib-bəzənmiş evlərində hörmətli qonaqlarının şərəfinə ziyafətlər düzəldirdi. Belə məclislərdə ortaya az qala şampan şərabı da qoyulurdu. Bir sözlə, istədiyi kimi yaşayırdı.

Avqustun əvvəlində Hacı Əlibaba adəti üzrə balıq və balıq məhsullarının satışına qadağa qoyulandan sonra "bac-xərac" toplamaq üçün Zərdab kəndinə gəlmişdi. Zərdablı Həmid Əfəndinin evində qalıb "vergisini" lazım bildiyi şəkildə yığandan sonra ev sahibinin 11 yaşlı gözəgəlimli qızını da götürüb yola düşmüşdü. Qızın nişanlısı olan əmioğlusu Paşa Əhməd oğlu onların dalınca Qaracallı kəndinə gəlib deyiklisini geri almaq üçün Hacı Əlibabaya dönə-dönə xahiş-minnət etmiş, yalvarıb-yaxarmışdı. Amma bir faydası olmamışdı. Naəlac qalan Paşa Əhməd oğlu əvvəl Göyçaya, sonra Bakıya getmişdi. Ailəsinin yanına qayıtmağı özünə böyük üz qarası sayan bədbəxt nişanlı Ucarda qalıb yaşamaq qərarına gəlmişdi.

Avqustun 28-də səhər vaxtı bazarda dolaşarkən Paşa Bakı qatarından düşüb Göyçaya getmək üçün fayton axtaran Hacı Əlibaba ilə rastlaşmışdı. Dərhal xəncərini çəkib şeyxin üstünə atılmışdı. Ətrafdakı dükançılar özlərini çatdırana qədər ona yuxarıda da qeyd etdiyimiz kimi, dörd xəncər zərbəsi vurmuşdu. Hadisə yerinə gələn polis Paşanı həbs etmişdi. Hacı Əlibabanı isə uryadnikə qoşub Müsüslü stansiyasının yaxınlığındakı Qaracallı kəndinə, evinə göndərmişdilər. Şeyxi müşayiət edən uryadnik bir müddət sonra qayıdıb onun yolda canını tapşırdığını demişdi. Özündən sonra 16-17 yaşlarında bir oğlu qalıb. Beləliklə, Allahın Göyçay və qonşu qəzaların camaatına yazığı gəldi. Onların canını illərdən bəri yalançı, islama zidd təlimi ilə xalqın maarifə gedən yolunu kəsmiş bir adamdan qurtardı" .

lll

Beləliklə, Zərdabda yarım əsrdən çox at oynadan Hacı Əbdi Əfəndi klanının cəzasını Həsən bəyin  şeyxlərə qarşı açıq mübarizəyə başladığı 1880-ci illərin əvvəlində doğulmuş bir yeniyetmə verdi.  Təbii  ki, bu, ictimai motivli cəza deyildi. Şəxsi qisas hissindən qaynaqlanırdı və "Kaspi"də çap olunan ifşaçı məqalələrlə birbaşa  bağlılığı yox idi.

Yəqin ki, bu istiqamətdə ən sarsıdıcı zərbə fanatizmin Həsən bəydən də barışmaz düşməni kimi tanınan Cəlil Məmmədquluzadənin 1909-cu ildə tamamladığı, ilk dəfə 1916-cı ildə tamaşaya qoyulan "Ölülər" tragikomediyası oldu.

Kiçik çaylar böyük nəhrlərə qovuşub yox olduğu kimi, Həsən bəyin eyni mövzudakı kiçik yazısı da Mirzə Cəlil dühası önündə diqqəti çəkmədi. Amma hesab etmirəm ki, Böyük Əkinçi belə "diqqətsizlikdən" inciyə, rəncidə ola bilərdi. Çünki xalqını sevən, soydaşlarını layiq olduqları ucalıqda görmək istəyən həqiqi ziyalı kimi ümumi işə təmənnasız xidməti özünə daim borc saymışdı.

Həsən bəy milli teatrın binasının qoyulduğu 1873-cü ildə, iyunun 7-də Bakıdan Tiflisə, Mirzə Fətəliyə göndərdiyi məktubda yazırdı: "...Elə düşünməyin ki, xalqı maarifləndirmək işi  hansısa kiçik bir məqalə, yaxud pyes hesabına başa gələn məsələdir. Xeyr, burada çox böyük zəhmət tələb olunur. Bunun üçün nəinki bir nəfərin, hətta onlarla rəhbərin, yolgöstərənin həyatı və əsərləri də yetərli deyil..."

Odur ki, "süddən yağ qayırmaqdan" tutmuş millətə ali həqiqətlər barədə söz açmağa qədər çox mətləbə toxunmuş, çeşidli mövzulardan bəhs etmişdi. 

Adını Mirzə Cəlilin verdiyi "ölülər" məsələsi də onlardan biri idi...

Sarayevo.

Fevral, 2025-ci il

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp elan etdi: Rusiya ilə ikinci raund bu tarixdə bşlayır

23 Fevral 2025 01:37see129

Əkrəm İmamoğluna qarşı diplom araşdırması

22 Fevral 2025 16:48see120

Türk ulduz La Liqa nəhənginin radar ında

23 Fevral 2025 19:26see117

Rusiyanın Ukraynadakı keçmiş casusu sirləri açdı: Bunu hamıdan gizlədirlər”

23 Fevral 2025 01:39see117

Ədalət Şükürov gənclik illərində… Foto

23 Fevral 2025 15:47see116

Hər iş sahibinə dönər...

23 Fevral 2025 22:01see114

Azərbaycanda qara görə xəsarət alanların sayı 165 ə yüksəldi

22 Fevral 2025 16:40see113

Bakıda oğurluq edən parkovşik KAMERALARA DÜŞDÜ

22 Fevral 2025 12:49see113

Lavrov sabah Hakan Fidanla hansı məsələləri müzakirə edəcək DETALLAR

23 Fevral 2025 14:55see112

İran ordusu amfibiya desant əməliyyatı həyata keçirdi

24 Fevral 2025 00:51see111

İki ingilis klubu bir futbolçunu “qaralayıb”

22 Fevral 2025 13:42see111

Vaşinqton Kiyevə resurs gəlirlərini ABŞ nin nəzarətində olan fonda köçürməyi təklif edib

23 Fevral 2025 01:31see111

Hizbullah tərəfdarları Beyrutda: döyüşə hazır vəziyyət

23 Fevral 2025 16:58see109

Cavanşir Quliyevdən “Avroviziya” açıqlaması: “Bir “bığlı” qız...”

22 Fevral 2025 16:20see109

Bakı Sumqayıt yolunda “BMW” yandı VİDEO

23 Fevral 2025 20:26see109

Global Media Group bağlı olan saytlar fəaliyyətini DAYANDIRDI

22 Fevral 2025 22:18see109

Qar yağacaq, külək əsəcək SABAHIN HAVASI

22 Fevral 2025 13:04see109

Bakıda maşın almaq istəyən şəxs alverçinin qurbanı oldu VİDEO

23 Fevral 2025 08:45see108

Aqşin Yeniseyin 3 dəqiqədə 3 səhvi REPLİKA

24 Fevral 2025 08:00see107

Məktəbin qar, təhsilin isə ekologiya dərdi Şagirdlərin xəbərsiz qaldığı təhlükələr

23 Fevral 2025 23:52see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri