525ci qəzet Azad olunmuş ərazilərdə bərpaquruculuq işləri: sürətli və yüksək keyfiyyətlə
Pərvanə SULTANOVA
[email protected]
2024-cü ilin başa çatmasına bir neçə gün qalır. Bu il ərzində Azərbaycan dövləti qarşıya qoyduğu hədəflərə, məqsədlərə nail olaraq, böyük uğurlara imza atdı.
Təbii ki, dövlət üçün ən mühüm prioritetlərdən biri azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə və yüksək keyfiyyətlə aparılması, minalardan təmizlənmə, əhalinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən məskunlaşdırılmasıdır. Ötən qısa müddət ərzində qeyd edilən istiqamətlərdə həqiqətən də çox mühüm işlər görülüb, layihələr həyata keçirilib. Bunun nəticəsidir ki, artıq işğaldan azad olunmuş ərazilərdə yaşayanların sayı 34 min nəfərə çatıb. Öz yurdlarına qayıdan insanların rahat yaşaması üçün bütün müasir infrastruktur təmin edilib, eyni zamanda məşğulluq məsələsi də həll olunaraq, iş yerləri açılıb.
Prezident İlham Əliyev mütəmadi olaraq Qarabağa və Şərqi Zəngəzura səfərlər edir, bərpa-quruculuq işləri ilə yerindəcə tanış olur, yaşayış məntəqələrinin, vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak edir, eyni zamanda sakinlərlə görüşür, onların arzu və təkliflərini dinləyir.
Prezident işğaldan azad olunmuş ərazilərə 2024-cü ildə ilk səfərini fevralın 26-da Xocalı şəhərinə edib. Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, daha sonra Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, sakinlərlə birlikdə şəhərdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
Prezident deyib ki, ilk dəfədir Xocalı soyqırımı gününü Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik: "Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada - 26 fevral günündə memorial kompleksin təməli qoyulur. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq".
Dövlət başçısı bildirib ki, Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq.
Ötən il sentyabrın 20-də həyata keçirilən antiterror tədbirləri ilə Azərbaycan öz suverenliyini tam bərpa etdi və qalan ərazilərimiz, o cümlədən, Xocalı azad edildi. Prezident deyib ki, onda dərhal göstəriş verib ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin: "Çünki mənfur düşmən qanlı soyqırımı törətmişdir, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Üstəgəl, Xocalının tarixi adını dəyişdirməyə çalışırdı və azərbaycanlıların evlərinə separatçıları, düşmənləri yerləşdirmişdi, o cümlədən, xarici ölkələrdən. Görün, xalqımıza qarşı nə qədər böyük və çirkin cinayət törədilmişdir və yenə də deyirəm, dünya buna biganə qalmışdır".
Martın 12-də isə Prezident İlham Əliyev və Azərbaycana səfərə gələn Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli rayonunda olublar. Füzuli şəhərinin Baş planı ilə tanış olan dövlət başçılarına məlumat verilib ki, 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Həmçinin prezidentlərə Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanası barədə məlumat verilib. Bildirilib ki, 180 çarpayılıq yeni xəstəxananın inşasında Qazaxıstanın "BI Group" şirkəti də iştirak edəcək.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması işinə Özbəkistan və Qazaxıstanla bərabər, Qırğızıstan da öz töhfəsini verir. Belə ki, aprelin 25-də Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdamın Xıdırlı kənd tam orta məktəbin təməlini qoyublar. Bu məktəb Qırğızıstan Prezidentinin təşəbbüsü ilə inşa olunur.
Mayın 10-da azad olunmuş ərzilərə səfər edən dövlət başçısı Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilmiş birinci tunelin, Şuşada "Şirin su" hamamının, Mamayı məscidinin açılışlarında iştirak edib, şəhərdə inşa olunacaq üçüncü yaşayış kompleksinin və Turşsu qəsəbəsinin təməllərini qoyub. Bu səfəri daha əlamətdar edən hadisə isə Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş olub. Görüşdə diqqətə çatdırılıb ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksində 450 mənzil var. Şuşaya ilk köç edən ailələrlə görüşən dövlət başçısı mənzillərin açarlarını sakinlərə təqdim edərək deyib: "Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək".
Prezident Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb. Sus kəndində 60-a yaxın fərdi ev tikilib, 132 şagird yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. Dövlət başçısı Laçın rayonunda "Zabux" və "Qarıqışlaq" Kiçik Su Elektrik stansiyalarının açılışlarını edib.
Qeyd edək ki, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq indiyədək Laçın şəhərində 552 ailə məskunlaşıb və 2031 laçınlının yurd həsrəti sona çatıb. Həmçinin Dövlət Proqramına əsasən rayonun Sus kəndinə 59 ailənin (214 sakin), Zabux kəndinə isə 217 ailənin (823 sakin) köçürülməsi təmin olunub.
Sentyabrın 20-də - Dövlət Suverenliyi Günündə isə Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin və bu ali məktəbin tələbə yataqxanasının təmirdən sonra açılış mərasimində iştirak edib, Universitetin müəllim və tələbə heyəti ilə görüşüb.
Prezident bildirib ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etdi. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi: "Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak edib".
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncam imzalayıb.
Oktyabrın 3-də Prezident Cəbrayıl rayonuna səfər edərək burada Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub, Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak edib. Həmçinin Cəbrayıl şəhərində bir sıra yeni müəssisələrin təməlləri qoylub.
Bu səfər çərçivəsində Zəngilan rayonunda da olan Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, "Sarıqışlaq" Su Elektrik Stansiyasının açılışlarında iştirak edib, Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub, 104 mənzilli yaşayış və istirahət komplekslərində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
Oktyabr 4-də - Cəbrayıl Şəhəri Günündə Prezident İlham Əliyev rayon mərkəzində inşa olunmuş yaşayış kompleksinin açılışında iştirak edib, yeni evlərə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib.
Bütün bu qeyd edilənlər əlbəttə ki, həyata keçirilən nəhəng işlərin hamısı deyil. Amma görünən odur ki, azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri çox sürətlə davam etdirilir. Azərbaycan öz imkanları hesabına bu nəhəng işlərin öhdəsindən gəlir. Yaxın üç ildə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. Eyni zamanda, gələn ilin büdcəsindən Qarabağ-Şərqi Zəngəzura 4 milyard manat vəsait ayrılacaq ki, bununla da işğaldan azad olunmuş ərazilərimizə ayrılan vəsaitin həcmi 22 milyard manata çatacaq. Bütün bunlar həm də dövlətin iradəsini, əzmini, güclü iqtisadiyyata malik olmasını göstərir.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan müharibədən sonra həm tamamilə dağıdılmış əraziləri bərpa edir, həm də mina terroru ilə mübarizə aparır. Azərbaycan dünyada ən çox minalanmış beş ölkədən biridir. 1990-cı illərdən bəri yerləşdirilmiş 1.5 milyondan çox mina və partlamamış sursat 12 min kvadratkilometr sahəni - ərazimizin 13 faizini çirkləndirib. Son 30 ildə Azərbaycanda mina qurbanlarının ümumi sayı minlərlə ölçülür və 2020-ci ildən bəri 382 mina qurbanı qeydə alınıb. Azərbaycan bu dəhşətli problemlə də demək olar ki, təkbaşına mübarizə aparır.