Icma.az
close
up
RU
525ci qəzet Kəlbəcərin azadlığının 4cü ili

525ci qəzet Kəlbəcərin azadlığının 4cü ili

Pərvanə SULTANOVA
[email protected]

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi daxil oldu. Düz dörd ildir ki, cənnət güşələrimizdən biri olan Kəlbəcər öz azadlığına qovuşub. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

2020-ci il 27 sentyabrda Ermənistanın cəbhədəki təxribatına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı Vətən müharibəsi 44 gün sonra, noyabrın 10-da ölkəmizin böyük qələbəsi, Ermənistanın ağır məğlubiyyəti ilə başa çatdı.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə vaxt istədi. Azərbaycan dövləti humanistlik nümayiş etdirərək müddəti noyabrın 25-dək uzatdı. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

30 il ərzində işğaldakı ərazilərimizi viran edən, talayan Ermənistan Azərbaycanın bu humanist jestinin əvəzində mənfur niyyətini bir daha göstərdi. Belə ki, qanunsuz olaraq məskunlaşdırmadan sonra insanlarımızın əmlaklarını mənimsəyən ermənilər Kəlbəcəri tərk edərkən evlərə od vurdular, meşələri yandırdılar, heyvanları belə öldürdülər. Bu faktları xarici KİV-lər də işıqlandırdı.

İşğaldan azad edildikdən sonra Kəlbəcərə səfər edən Prezident İlham Əliyev buradakı erməni vəhşiliyi ilə bağlı deyib: "Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar".

Kəlbəcər rayonunun bir güllə atılmadan azad edilməsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün oldu. Rayon 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilmişdi. Həmin dövrdə ölkədəki siyasi vəziyyət, hakimiyyət böhranı Kəlbəcərin işğalına şərait yaratdı. İşğal nəticəsində 55 hərbçi, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. 60 minə yaxın kəlbəcərli respublikanın 56 rayonunda müvəqqəti məskunlaşmağa məcbur olub.

Prezident İlham Əliyev 2021-ci il avqustun 16-da Kəlbəcər şəhərində Azərbaycanın dövlət bayrağını ucaldıb. Həmin mərasimdə Prezident Kəlbəcərin azad olunmasından danışıb: "İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər gedirdi, şəhidlər vermişdik. Ancaq strateji yüksəklikləri götürdük və bu yüksəkliklər bizə imkan verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bu, hərbi əməliyyatın, əks-hücum əməliyyatının tərkib hissəsi idi".

Kəlbəcər Azərbaycanın ən səfalı, gözəl təbiətə, zəngin resurslara malik rayonlarından biridir. Dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir. Sahəsi 3054 km olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu), 146 kənd var.

Kəlbəcər həm də ən qədim insan məskənlərindən biridir. Rayonda mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. Dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng məbədi də işğal zamanı ermənilərin vandal aktlarına məruz qalıb. İşğal dövründə erməni apostol kilsəsinin dəstəyi və Ermənistan dövlətinin vəsaiti hesabına monastırda "bərpa" adı altında qanunsuz işlər görülüb. Arzu xatun, Böyük Həsən kilsələri və kompleksə daxil olan digər tikililər üzərində saxtalaşdırma əlamətləri olan əlavələr edib, abidələrin bir çox hissələrini vandalizmə məruz qoyublar. Torpaqlarımız işğaldan azad ediləndən sonra monastırda qalan erməni keşiş və rahiblər abidələrdəki qədim freskaları xarici mütəxəssislərin iştirakı ilə xüsusi üsulla kəsib götürüb, qanunsuz olaraq Azərbaycan ərazisindən çıxarıblar. Xudavəng monastır kompleksinin zəng qülləsində yanaşı qoyulmuş bir-birinin üstündə iki dairəvi xonça və həyat ağacı şəklində xaç kompozisiyalı xaçdaşlar və kitabələr də işğal dşvründə sökülərək talan edilib. 2020-ci ilin dekabr ayında İrəvanda keçirilən sərgidə Xudavəng monastır kompleksindən oğurlanmış zəng, daş kitabələr, freskalar, xalçalar və Azərbaycana məxsus digər mədəni irs nümunələri qanunsuz olaraq nümayiş etdirilib. Daha sonra qanunsuz olaraq "VII-XIII əsrlərdə erməni xristian kilsələrində freskalar" adı altında İtaliyanın Padua şəhərində açılmış sərgidə Xudavəng monastırının freskaları "erməni ənənəvi incəsənət nümunələri" kimi təqdim olunub.

Ermənistan silahlı birləşmələrinin Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin digər qətnamələr kimi, bu sənəd də kağız üzərində qaldı. Beynəlxalq birliyin 30 ilə yaxın sadəcə kağız üzərində qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı.

Bu gün azad olunmuş digər ərazilər kimi Kəlbəcərə də yeni həyat qayıdır, bərpa, tikinti-quruculuq işləri aparılır. Azərbaycan Prezidenti mütəmadi olaraq azad olunmuş ərazilərə, o cümlədən, Kəlbəcərə səfər edərək görülən işlərlə yerindəcə tanış olur, əlavə tapşırıqlarını verir, yeni tikililərin təməlini qoyur.

Bu il sentyabrın 2-də Kəlbəcərə növbəti səfəri zamanı dövlət başçısı rayonunda Tərtər çayı üzərində yerləşən "AzərEnerji" ASC-nin 22,5 MVt gücündə "Yuxarı Vəng" Su Elektrik Stansiyasının açılışında iştirak edib. Yada salaq ki, Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində strategiyasına uyğun olaraq "AzərEnerji" ASC tərəfindən Kəlbəcərdə yeni tikilən "Yuxarı Vəng" Su Elektrik Stansiyası Vətən müharibəsində qələbəmizdən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir. Belə ki, təkcə bu SES-də istehsal edilən yaşıl enerji növbəti 5 il ərzində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tam ödəyə bilər. Ümumi gücü 40 meqavat olan "Kəlbəcər" SES silsiləsi azad edilən ərazilərdə 42 meqavatlıq "Zəngilan" SES silsiləsindən sonra tikilən ikinci böyük silsilədir. "Yuxarı Vəng" SES-də il ərzində 66 milyon kilovat-saatadək yaşıl enerjinin istehsal olunması nəzərdə tutulur. Bu da 15 milyon kubmetr təbii qaza qənaət edilməsi, 27 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir. Bu layihə BMT-nin iqlim dəyişikliyi ilə mübarizə və yaşıl enerjiyə keçidin sürətləndirilməsi baxımından əhəmiyyətlidir.

Prezident səfər zamanı bir sıra yaşayış komplekslərinin, inzibati binaların təməlini qoyub, Xudavəng monastır kompleksində olub, Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə, Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olub, "Zar" və "Toğanalı" Kiçik Su Elektrik stansiyalrının açılışını edib.

Kəlbəcər həm də müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan "İstisu"yu ilə məşhurdur. Prezident İlham Əliyev səfər zamanı "İstisu" mineral su zavodunun açılışında iştirak edib. Qeyd edək ki, 1976-cı ildən etibarən Kəlbəcər rayonunda "İstisu" mineral suyunun istehsalına başlanılıb. Bununla da nadir və faydalı mineral tərkibə malik "İstisu" təbii mineral suyu geniş coğrafiyada şöhrət tapıb. Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan "İstisu" mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. Lakin torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar 30 il ərzində "İstisu" təbii mineral suyunun istehsalı dayanıb. Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan "İstisu" mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb. "İstisu" zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır."İstisu" təbii mineral suyu, eyni zamanda, yerli və beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verir.

Dövlət başçısı Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub. Qeyd edək ki, tarixən İstisu qəsəbəsində əhalinin əsas məşğuliyyəti üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıq olub. Müasir səviyyədə qurulacaq qəsəbənin perspektivdə rayonun yerli əhəmiyyətli mərkəzlərindən biri kimi inkişafı əsas məqsədlərdəndir.

Göründüyü kimi, Kəlbəcər rayonunda nəhəng quruculuq işləri davam edir. Bərpa işləri başa çatdıqdan sonra füsünkar gözəlliyə malik Kəlbəcər yenidən Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək.

seeBaxış sayı:32
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri