65 ildən sonra öldürülən uşağın kimliyi məlum oldu KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
1957-ci ilin soyuq fevral günlərindən biri idi. ABŞ-ın Filadelfiya şəhərində Susquehanna yolu yaxınlığındakı kolluqların arasında gəzən bir gənc karton qutu gördü. Marağına güc gəlməyərək qutunun içinə baxanda dəhşətli mənzərə ilə qarşılaşdı: orada çılpaq və cansız oğlan uşağının meyiti vardı.
Təxminən 4-5 yaşlarında olduğu ehtimal edilən uşağın bədənində çoxsaylı xəsarət və döyülmə izləri görünürdü. O, həddindən artıq arıq idi. Saçları isə sanki kimliyini gizlətmək məqsədilə tələsik və səliqəsiz şəkildə kəsilmişdi.
Bu tapıntı sonradan ABŞ kriminal tarixinin ən müəmmalı və uzun müddət açılmamış cinayət işlərindən birinə çevrildi.
Milyonlarla elan, amma heç bir ipucuPolis dərhal genişmiqyaslı araşdırmaya başladı. Uşağın fotoşəkilləri çəkildi, üz cizgiləri əsasında təsvirlər hazırlandı. Onun kimliyini müəyyənləşdirmək üçün ölkə üzrə axtarış elanları yayıldı. Şəkilləri polis bölmələrinə, mağazalara və hətta evlərə göndərilən qaz və elektrik hesablarının üzərinə yerləşdirildi.
Milyonlarla insanın gördüyü elanda bir sual ünvanlanırdı: “Bu uşağı tanıyırsınızmı?”
Lakin heç kim onun kim olduğunu deyə bilmədi. Heç bir ailə uşağı axtardığını bildirmədi, heç kim onun barəsində məlumat vermədi. Sanki bu uşaq heç vaxt mövcud olmamışdı.
İllər keçdi, amma istintaq nəticəsiz qaldı. Uşaq Filadelfiyadakı qəbiristanlıqlardan birində dəfn edildi. Qəbrinin üzərində isə yalnız “Amerikanın naməlum uşağı” sözləri yazılmışdı.
Nəhayət, 2022-ci ilin dekabrında, faciədən 65 il sonra müasir genetik texnologiyalar bu sirrin ən mühüm hissəsini açmağa imkan verdi.
Məhkəmə genetik şəcərə mütəxəssisləri uşağın qalıqlarından əldə edilən DNT nümunələrini genetik məlumat bazalarındakı nəticələrlə müqayisə etdilər. Araşdırmalar nəticəsində onun kimliyi müəyyənləşdirildi.
Dünyanın onilliklər boyu “Amerikanın naməlum uşağı” kimi tanıdığı oğlanın adı Cozef Oqustus Zarelli idi.
Kimliyi məlum oldu, amma qatil hələ də tapılmayıbCozefin kimliyinin müəyyənləşdirilməsi istintaqda yeni mərhələnin başlanğıcı oldu. DNT araşdırmaları onun bioloji valideynlərinin kimliyini müəyyən etməyə, eləcə də sağ olan yarımqardaş və bacılarını tapmağa imkan verdi.
Lakin ən ağrılı suallardan biri hələ də cavabsız qalır: balaca Cozefin ölümü barədə nə üçün bu qədər uzun müddət heç kim məlumat verməyib? Onun itkin düşməsi ilə bağlı niyə rəsmi müraciət qeydə alınmayıb?
Bir uşağın faciəli taleyi onilliklər boyu sirr olaraq qaldı. Onun adı və ailə əlaqələri müəyyən edilsə də, ölümünə görə məsuliyyət daşıyan şəxs və ya şəxslər hələ də məlum deyil.
Beləliklə, 65 illik sirrin mühüm bir hissəsi açılsa da, əsas sual cavabsız qalır: Cozef Zarellini kim öldürüb və onun cəsədini karton qutuda kolluqların arasına kim qoyub?
Filadelfiya polisi bu işi açılmamış qətl kimi araşdırmaqda davam edir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 10 Noyabr 2026 08:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















