907 ci düzəlişin ləğvi: yeni mərhələnin strateji mənzərəsi ŞƏRH
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Prezident İlham Əliyevin 2025-ci ilin yekunlarına dair geniş çıxışında ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlandığı və bu çərçivədə 907-ci düzəlişin faktiki olaraq aradan qaldırılmasının əhəmiyyəti xüsusi vurğulandı.
Dövlət başçısının sözlərindən aydın görünür ki, iki ölkə arasında uzun illər əməkdaşlığı məhdudlaşdıran bu hüquqi maneə artıq real siyasi çəkisini itirib və yeni geosiyasi reallıqlar qarşısında tam ləğvi zərurətə çevrilib. 907-ci düzəlişin tarixi kontekstinə nəzər saldıqda aydın olur ki, o, qəbul edildiyi dövrdə regiondakı vəziyyəti əks etdirməkdən daha çox, ABŞ siyasətində erməni lobbisinin təsirinin nəticəsi idi. Azərbaycan isə həmin illərdə həm ərazi bütövlüyünü müdafiə edən, həm də humanitar fəlakətlə üzləşmiş bir dövlət olduğu halda, bu sənəd ədalətli yanaşmanı əks etdirmirdi. Məhz buna görə də düzəliş uzun illər ərzində ikitərəfli münasibətlərə kölgə salan siyasi ədalətsizlik kimi qalırdı.
Prezidentin çıxışında qeyd etdiyi kimi, 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinin rəsmi şəkildə başa çatması, sülh prosesinin formallaşması və regionda tamamilə yeni təhlükəsizlik arxitekturasının yaranması bu düzəlişin mahiyyətini tamamilə sıradan çıxarıb. Artıq regionda müharibə və qeyri-müəyyənlik fonu yoxdur; əksinə, Azərbaycan suverenliyini tam bərpa etmiş və regionda sülhün əsas təminatçısına çevrilmişdir. Bu reallıqda 907-ci düzəlişin siyasi əsasları mövcud deyil. ABŞ üçün Azərbaycan enerji təhlükəsizliyinin, nəqliyyat dəhlizlərinin və regional sabitliyin vacib tərəfdaşıdır. Buna görə də Prezident Tramp administrasiyasının düzəlişi rəmzi şəkildə aradan qaldırması Washington-un Azərbaycanla daha dərin strateji əməkdaşlığa keçmək niyyətini göstərir. Bu addım həm geosiyasi mesaj, həm də ABŞ-nin Cənubi Qafqazda yeni praqmatik siyasətinin göstəricisi kimi dəyərləndirilir.
907-ci düzəlişin tam ləğvi iki ölkə arasında institusional əməkdaşlığın genişlənməsi üçün həlledici addımdır. Strateji tərəfdaşlıq xartiyasının hazırlanması, iqtisadi və hərbi-sənaye sahələrində əməkdaşlığın dərinləşdirilməsi, sərmayə layihələrinin genişləndirilməsi və nəqliyyat-enerji marşrutlarının inteqrasiyası hüquqi məhdudiyyətlərin tam şəkildə aradan qalmasını tələb edir. Əks halda, ikitərəfli münasibətlərdə yeni mərhələ tam formatda inkişaf edə bilməz. Prezident İlham Əliyevin çıxışında da vurğulandığı kimi, artıq tərəflər arasında geniş diplomatik intensivlik mövcuddur və bu proses 907-ci düzəlişin tam ləğvini qaçılmaz edir.
Bu düzəlişin aradan qaldırılması həm də simvolik məna daşıyır. Bu, həm Ermənistan-Azərbaycan münaqişəsinin tarixi mərhələsinin başa çatdığını təsdiqləyən siyasi qərardır, həm də regionda sülhün və yeni düzənin qurulmasına ABŞ tərəfindən verilən dəstəyin rəsmi ifadəsidir. Azərbaycan üçün isə bu, gecikmiş ədalətin bərpası və ABŞ ilə münasibətlərdə yeni strateji səhifənin açılması deməkdir. 907-ci düzəlişin tam ləğvi təkcə ikitərəfli əlaqələrin inkişafına deyil, regionda davamlı sülhün möhkəmlənməsinə də mühüm töhfə verəcək.
Bu baxımdan, Prezident İlham Əliyevin çıxışı bu düzəlişin ləğv perspektivlərini daha da aktuallaşdırır və mövzunu iki ölkə münasibətlərinin strateji gündəminə daşıyır.
Züriyə Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 07 Yanvar 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















