ABŞ Ermənistan TRIPP sazişi: bir “əmma” və bir çox ümid
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İrəvanda Konstitusiya Məhkəməsinin qərarı hansı gözləntilərə yol açır?
Ermənistan Konstitusiya Məhkəməsi bir neçə gün əvvəl bu ölkə ilə ABŞ arasında “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) layihəsi üzrə strateji əməkdaşlığa dair Çərçivə Sazişində təsbit olunmuş öhdəliklərin əsas qanuna uyğunluğuna dair qərar verdi. İndi qalır sazişin Ermənistan Parlamenti tərəfindən ratifikasiyası.
Ermənistan Milli Assambleyasında məsələnin nə zaman müzakirəyə çıxarılacağı, hələlik, bilinməsə də, TRIPP-ə dair məhkəmə qərarının mövcudluğunu sülh yolunda irəliyə doğru atılmış addım saymaq mümkündür. Hərçənd, İrəvanın barış yolundakı konkret dinamikasının o qədər sürətli olmadığını söyləməliyik. Ancaq məsələ yalnız bu deyil. Çünki Çərçivə Sazişində gözləntilər və ümidlərlə yanaşı, “əmma” kimi qiymətləndirdiyimiz bir məqam da var. “Əmma” barədə söz açacağıq. Hələlik isə... Əvvəla, deyək ki, “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” layihəsi üzrə Çərçivə Sazişi cari il mayın 26-da paraflandı. Sənədə ABŞ Dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan imza atdılar. İyul ayında isə Ermənistan hökuməti sazişin ratifikasiyası ilə bağlı layihəni təsdiqlədi. Göründüyü kimi, proses müəyyən qədər uzanıb və hesab edək ki, bu, Ermənistanın hüquq sistemi ilə bağlı məsələdir...
Qeyd edək ki, ABŞ-Ermənistan Çərçivə Sazişi, sadəcə, nəqliyyat dəhlizinin tikintisi haqqında razılaşma deyil. Sənəd Birləşmiş Ştatların Ermənistan ərazisində yaradılacaq yeni regional bağlantı sistemində institusional, kommersiya və idarəetmə cəhətdən iştirakını nəzərdə tutur, kifayət qədər, geniş məzmun müəyyənləşdirir. Baxmayaraq ki, saziş TRIPP-i sırf Ermənistan üzərindən keçəcək regional nəqliyyat və iqtisadi bağlantı layihəsi kimi göstərir.
Yeri gəlmişkən, layihə regional sülh və sabitliyə töhfəni, yeni ticarət marşrutlarının formalaşdırılmasını, Ermənistan və ABŞ üçün yeni bazarlara çıxışı, Ermənistanın biznes mühiti üçün iqtisadi imkanların yaradılmasını, regionun iqtisadi inteqrasiyasının gücləndirilməsini nəzərdə tutur. Yəni sözügedən sənəd TRIPP-i təkcə Ermənistan– Azərbaycan kommunikasiyası kimi deyil, daha geniş regional və beynəlxalq ticarət bağlantısı olaraq təsdiqləyir. Mövcud trayektoriyadakı mühüm və geosiyasi baxımdan diqqətçəkən müddəa isə “TRIPP Development Company” – TDC adlı birgə müəssisənin yaradılması planıdır.
Sözügedən müəssisədə ABŞ 74, Ermənistan isə 26 faiz paya malik olmalıdır. Birləşmiş Ştatların payı ölkənin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) tam mülkiyyətində olacaq “Delaver” şirkəti vasitəsilə həyata keçiriləcək. İşin ilkin müddəti 49 ildir. 49 ildən sonra tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı daha 50 il uzada bilərlər. Bu halda Ermənistanın payı 49 faizə yüksəlməlidir. Sazişə görə, Ermənistan əlavə 23 faizlik pay üçün ayrıca investisiya və ya digər öhdəlik götürməyəcək.
Bundan başqa, TDC müxtəlif TRIPP layihələri üçün ayrıca şirkətlər yarada bilər. O şirkətlər ki, dəmir yolu, avtomobil yolları, neft və qaz kəmərləri, fiber-optik xətlər, elektrik infrastrukturu kimi layihələri həyata keçirəcəklər. Daha bir məqam TDC-nin bu layihələr üçün konsessionerləri, investorları, operatorları, podratçıları və digər şirkətləri seçmək səlahiyyətinə malik olmasıdır. Ermənistan isə TDC tərəfindən müəyyənləşdirilmiş şirkətlərlə müvafiq konsessiya və digər müqavilələri bağlamağı öhdəsinə götürür.
Ermənistan hökumətinin rəsmi açıqlamasında xüsusi olaraq vurğulanır ki, TDC-yə verilən hüquqlar Ermənistanın dövlət funksiyalarını aradan qaldırmır, ölkə sərhədinə nəzarəti, gömrük administrasiyasını, sərhəd təhlükəsizliyini, miqrasiya nəzarətini, vergi və rüsumların büdcəyə daxil olmasını, dövlət informasiya sistemlərini, mərkəzi inzibati funksiyalarını özündə saxlayır. Yəni Çərçivə Sazişi nəqliyyat dəhlizinin Ermənistanın suverenliyindən çıxarılması modelini hüquqi baxımdan nəzərdə tutmur, əksinə, onu Ermənistan yurisdiksiyası daxilində, lakin ABŞ-ın dominant kommersiya iştirakı ilə yaradılan xüsusi institusional mexanizm kimi görür. Sazişə görə, ABŞ TRIPP layihələri üçün maliyyələşmənin təmin edilməsinə yardımını və ya maliyyə imkanlarının yaradılması istiqamətində addımlar atacaq və bu addımlar mövcud maliyyə imkanlarından, qanunvericilik tələblərindən və kommersiya şərtlərindən asılı olacaq. Kiçik ümumiləşdirmək aparsaq, deyə bilərik ki, sazişin məntiqinə görə, TRIPP Ermənistan ərazisindən keçəcək və layihənin həyata keçirilməsi Ermənistanın hüquqi və konstitusion çərçivəsi daxilində olacaq. Başqa sözlə desək, Ermənistan ərazisindəki kommunikasiyaların layihələndirilməsi və istismarı məsələsi ölkənin dövlət suverenliyi ilə uzlaşdırılacaq.
Sazişdə ən başlıca məqam Azərbaycan və Ermənistan liderlərinin ötən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə imzaladıqları Birgə Bəyannamənin TRIPP üçün ilkin siyasi mandatı müəyyənləşdirdiyinin vurğulanmasıdır. Yəni Çərçivə Sazişi Birgə Bəyannamənin əsasında konkret institusional, kommersiya və hüquqi mexanizmləri formalaşdırır. Elə isə keçək sırf bu zəmindəki “əmma”ya.
Deməli, haqqında söz açdığımız və tam adı “Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamə” olan sənədin 3-cü bəndində bildirilir ki, “Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”.
4-cü bənddə isə “Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik” müddəası yer alır.
Yəni Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantı Ermənistan üçün (də) beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva etməlidir. Həmçinin belə nəticə hasil olur ki, TRIPP üzrə çərçivənin müəyyənləşdirilməsi, başqa sözlə desək, barəsində bəhs etdiyimiz Çərçivə Sazişi həm də özündə Naxçıvana maneəsiz yol məntiqini nəzərdə tutmalıdır. Tuturmu? Xeyr!
Məsələ ondadır ki, Çərçivə Sazişində 8 avqust 2025-ci il Birgə Bəyannaməsindəki “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçid” formulunun eynisi yoxdur. Əksinə, TRIPP Ermənistanın ərazisində həyata keçirilən ABŞ-Ermənistan layihəsi kimi hüquqi çərçivəyə salınır. Bu isə hələlik kommunikasiyalar məsələsi üzrə Bakı ilə İrəvan arasındakı siyasi-hüquqi interpretasiyada mühüm fərqlərdən biri kimi ortaya çıxır və özlüyündə digər fərqli interpretasiyalara yol aça bilər. Güman edirik ki, rəsmi İrəvan və Vaşinqton ilkin mahiyyəti yaddan çıxarmayacaq və ya kənara qoymayacaq.
Sonda yazını nikbin notlarla tamamlamaq üçün Çərçivə Sazişi ilə bağlı bir neçə məqama da diqqət yetirək. Deməli, sənəddə TRIPP-in uğurunun Ermənistan–Azərbaycan barışından asılılığı önə çəkilir və mühüm siyasi bağlantı yaradılır. Yəni ABŞ və Ermənistan hesab edir ki, Bakı-İrəvan sülhünün institusional möhkəmlənməsi, dövlət sərhədlərinin delimitasiya və demarkasiyası, Ermənistan–Türkiyə münasibətlərinin normallaşması, ABŞ-ın davamlı iştirakı, regional əməkdaşlıq və sabitlik TRIPP-in uğuruna töhfə verəcək. Deməli, TRIPP ayrıca iqtisadi layihə kimi təqdim olunsa da, Çərçivə Sazişi onu Cənubi Qafqazda yeni siyasi və təhlükəsizlik düzəninin formalaşması ilə əlaqələndirir. Nikbinliyi və ümidi artıran, başqa intrepretasiyalar və yozumlar pəncərəsini bağlayan məhz budur. Nikbinlik və ümiddən söz düşmüşkən, yekunda onu da bildirək ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarı 2025-ci il Vaşinqton prosesində siyasi zəmində meydana çıxan “Tramp yolu” ideyasınının mexanizm kimi təsbitində mühüm mərhələdir. Ermənistan Parlamentinin də sazişi ratifikasiyası edəcəyi düşüncəsindəyik. İnanırıq ki, gələcəkdə TRIPP-lə bağlı proseslər nikbinliyimizi daha da möhkəmləndirəcək, gözləntilərimizin doğrulacağına olan ümidi artıracaq. Necə deyərlər, yaşayarıq, görərik.
Ə.RÜSTƏMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 19 Sentyabr 2026 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















