ABŞ ın dünyanIn nüfuzlu qurumlarını niyə tərk edir? ŞAHİN CƏFƏRLİ DANIŞIR
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp dünyanı növbəti dəfə təəccübləndirib.
Gununsesi.info xəbər verir ki, ABŞ lideri bu dəfə onlarla beynəlxalq agentlikdə üzvlüyün dayandırıldığını elan edib.
Bunların əksəriyyəti iqlim, bərpa edilən enerji, həmçinin terrorizmə qarşı mübarizə, ətraf mühit, demokratiya, azadlıqlar və başqa qurumlardır.
Siyasi şərhçi Şahin Cəfərli Gununsesi.info-ya açıqlamasında ABŞ liderinin bu qərarını şərh edib:
“Bu qərar Tramp hökumətinin qlobal vizionunu əks etdirir. Tramp administrasiyasının Amerikanı 66 beynəlxalq təşkilatdan çıxarmaq barədə qərarı əslində gözlənilməz deyil. Ötən ilin dekabrında elan olunan Yeni Milli Təhlükəsizlik Strategiyasında bu vizion çox aydın şəkildə ortaya qoyulub.
Orada bildirilir ki, Soyuq müharibənin bitməsindən sonra Amerikanın xarici siyasəti tamamilə yanlış olub və ABŞ bütün dünyada daimi hökmranlıq iddiasında olmamalıdır, bu ambisiyanı həyata keçirməməlidir. Yalnız o halda hansısa beynəlxalq məsələyə və yaxud da hansısa regiona müdaxilə edilə bilər ki, orada Amerikanın bilavasitə maraqlarına hansısa təhdid olsun. Yəni Trampın xarici siyasəti siyasi realizm fəlsəfəsinə əsaslanır”.
Onun fikrincə, bu fəlsəfənin isə təməlində yatan əsas fikir budur ki, beynəlxalq münasibətlərdə güc faktoru ön plandadır:
“Yəni hüququn gücü deyil, güclünün hüququ əsasdır və bu baxımdan siyasi realizmə görə böyük və güclü dövlətlərin iradəsi hər zaman beynəlxalq münasibətlərdə keçərli olur. Tramp hansısa idealist, moralist ideyalara bağlı bir şəxs deyil.
O hesab edir ki, hər hansı bir beynəlxalq və yaxud regional təşkilat Amerika dövlətinə öz dəyərlərini, prinsiplərini, qaydalarını diktə edə bilməz. Bu, Amerikanın milli suverenliyinə ziddir. Amerika öz marağı nəyi tələb edəcəksə, onu edəcək.
Yəni hər hansı bir beynəlxalq qurum və ya beynəlxalq təşkilat Amerikanın fəaliyyətini, siyasətini çərçivəyə sala bilməz. Baxış bundan ibarətdir və bunu Milli Təhlükəsizlik Strategiyasında rəsmi şəkildə ortaya qoyublar. Bu baxımdan uzaqlaşdıqları beynəlxalq qurumlar da Trampın fikrincə Amerikanın maraqlarına uyğun olmayan siyasət yürüdür”.
Tramp administrasiyasının mövqeyinə görə, həmin təşkilatlar hətta anti-Amerika mövqeyindədir və bu səbəbdən də orada qalmağa hər hansı bir gərək görmürlər. Çıxılan təşkilatlar arasında 31-i BMT-nin qurumlarıdır.
Əslində, Tramp administrasiyasının BMT-yə münasibəti də məlumdur. Onlar BMT-ni də əslində lazımsız qurum hesab edirlər və BMT-nin maliyyələşdirilməsini də azaldıblar. Amma hələlik BMT-dən çıxmaq fikri yoxdur.
Yəqin ki, BMT-də qalacaqlar. Ən azı BMT-nin humanitar missiyalarında iştirak edirlər və BMT Təhlükəsizlik Şurasındakı daimi üzvlük rolunu və mövqeyini itirmək istəmirlər. Amma ümumilikdə BMT başda olmaqla, ATƏT də daxil olmaqla və bu təşkilatların alt qurumları da nəzərə alınmaqla Tramp administrasiyasının bu qurumlara münasibəti neqativdir”.
Şahin Cəfərli əlavə edib ki, onlar hər hansı dövlətlərüstü təşkilatların Amerikaya öz prinsiplərini, normalarını, davranış qaydalarını diktə etməsini rədd edirlər və bunu qəbul etməyəcəklərini açıq bildiriblər:
“O ki qaldı Amerikanın beynəlxalq aləmdəki nüfuzuna, qeyd etdiyim kimi, Tramp üçün bu məsələnin mənəvi tərəfi – yəni Amerikaya olan hörmət, simpatiya, sevgi əhəmiyyət daşımır. Məsələnin romantik və mənəvi tərəfləri onları qətiyyən maraqlandırmır.
Onlar açıq şəkildə bildirirlər ki, maraqları nəyi tələb edəcəksə, onu edəcəklər. Yəni dünyaya demokratiya yaymaq niyyətində deyillər. Amma hansı bölgədə, hansı regionda Amerikanın maraqları təhlükə altındadırsa, yalnız o halda həmin ölkələrə və regionlara müdaxilə edəcəklər”.
Elmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 08 Yanvar 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















