ABŞ İran qarşıdurması qlobal boğazlara sıçrayır: müharibə riski, neft bazarının verdiyi siqnallar
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ ilə İran arasında gərginlik artıq klassik diplomatik təzyiq mərhələsini keçərək real hərbi ssenarilərin açıq şəkildə müzakirə olunduğu nöqtəyə çatıb. Donald Trampın İrana qarşı mümkün zərbə planı üzərində düşündüyünə dair yayılan məlumatlar Vaşinqtonun bu dəfə ritorika ilə kifayətlənməyə də biləcəyini göstərir.
Bu prosesdə diqqətçəkən məqam ondan ibarətdir ki, qarşıdurma təkcə ABŞ və İran arasında məhdudlaşmır, regiondakı proksi güclər də aktiv mövqe nümayiş etdirir. Yəməndəki husilərin açıq hədələri bu münaqişənin birbaşa regional müharibəyə çevrilmə riskini xeyli artırır. Onlar ABŞ-nin İrana hücum edəcəyi təqdirdə Qırmızı dənizdə, Babəlməndəb və Hörmüz boğazları ətrafında yerləşən dəniz qüvvələrinə və ticarət gəmilərinə zərbələr endirəcəklərini bildirirlər. Bu isə münaqişənin coğrafiyasını genişləndirən və qlobal iqtisadiyyata birbaşa təsir edən təhlükəli mərhələdir.
Boğazlar məsələsi bu qarşıdurmanın ən həssas nöqtəsidir. Hörmüz boğazı dünya üzrə daşınan neftin böyük hissəsinin keçdiyi strateji arteriya sayılır. Babəlməndəb boğazı isə Asiya ilə Avropa arasında enerji və ticarət axınlarının əsas qapısıdır. ABŞ tərəfi isə cavab olaraq İranın bu boğazlardan istifadəsini məhdudlaşdırmaq imkanlarını gündəmə gətirir. Bu, faktiki olaraq enerji təchizatının siyasi və hərbi alətə çevrilməsi deməkdir. Belə bir ssenari təkcə İranı deyil, bütün idxalçı ölkələri, xüsusilə Avropa və Asiya bazarlarını ciddi risk qarşısında qoyur. Hərbi toqquşma baş verməsə belə, bu boğazlar ətrafında gərginliyin artması ticarət gəmilərinin təhlükəsizliyini sual altına salır.
Neft bazarları artıq bu riskləri qiymətə daxil etməyə başlayıb. Trampın İrana zərbə ilə bağlı açıqlamalarından sonra Brent markalı neftin qiyməti son aylarda ilk dəfə 70 dollar səviyyəsinə yüksəlib. Bu artım hələ real hərbi əməliyyat başlamadan bazarların verdiyi xəbərdarlıq siqnalıdır. Burada əsas faktor fiziki neft çatışmazlığı yox, qeyri müəyyənlik və riskin sürətlə artmasıdır. Sığorta haqlarının bahalaşması, tanker marşrutlarının dəyişməsi və daşınma müddətlərinin uzanması qiymətlərə əlavə təzyiq yaradır. Bu proses davam edərsə, enerji qiymətlərində dalğalanma qaçılmaz olacaq və bu da qlobal inflyasiya risklərini yenidən gündəmə gətirəcək.
Bütün bu mənzərə onu göstərir ki, ABŞ İran qarşıdurması artıq sadəcə siyasi mesajlar və diplomatik təzyiq çərçivəsində deyil. Regional aktorların açıq şəkildə münaqişəyə qoşulmaq niyyətini bəyan etməsi vəziyyəti daha da kəskinləşdirir. ABŞ üçün hərbi zərbə planı təzyiq aləti kimi düşünülsə də, bu cür açıqlamalar zəncirvari reaksiyalara yol açır. İranın birbaşa cavabı ilə yanaşı, onun təsir dairəsində olan qüvvələrin də aktivləşməsi ehtimalı artır. Bu səbəbdən hazırkı mərhələdə əsas sual müharibənin olub olmayacağı yox, bu gərginliyin hansı nöqtədə real toqquşmaya çevriləcəyi və onun qlobal iqtisadi nəticələrinin nə qədər ağır olacağıdır.
Ruslan Zəngəzur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 29 Yanvar 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















