Adnan Əhmədzadə Azərbaycana qarşı geostrateji silah kimi
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu günlərdə Səbail Rayon Məhkəməsi iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə kimi cinayət əməllərində ittiham olunan iş adamı Adnan Əhmədzadə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. İstintaq hərəkətləri aparıldığı bir vaxtda müxtəlif mənbələr tərəfindən mediada onun Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş imicinə xələl gətirən hərəkətləri, qanunsuz addımları, xəyanətə bərabər əməlləri barədə məlumatlar tirajlanır. Azərbaycan neftinin xloridlə çirkləndirilməsi də ittihamlar sırasındadır. Onun əməlləri barəsində yayılmış məlumatlar göstərir ki, özünün dəbdəbəli, bahalı həyatını nümayiş etdirməkdən yorulmayan A.Əhmədzadə bütün bu varidatı öz dövlətini zərbə altında qoymaqla, onun maraqlarına qarşı çıxmaqla, imicinə zərər gətirməklə əldə edib.
Azərbaycanın xam neft ehtiyatlarında üzvi xlorid çirklənməsi bu ilin iyul ayında bir sıra Avropa enerji dairələri tərəfindən gündəmə gətirilib. Rusiya mətbuatı və "Qazprom"a bağlı informasiya şəbəkələri hələ ilin əvvəlindən Azərbaycanın enerji tədarükünün etibarlılığına dair mənfi xəbərləri tirajlamağa başlayıb. "Qafqazinfo"nun araşdırmasına görə, bu kampaniya, xüsusən Avropanın Rusiya qazından asılılığını azaltmaq və Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Azərbaycanla əməkdaşlığı gücləndirmək siyasəti fonunda daha da intensivləşib. Azərbaycan neftində üzvi xlorid tapılması isə əsl informasiya savaşı elementinə çevrilib. Analitiklərin fikrincə, bu tip xəbərlər Azərbaycanın artan enerji rolunu zəiflətmək və Avropanın diqqətini etibarlılıq məsələlərinə yönəltmək məqsədi daşıyır.
Məlumat üçün deyək ki, neft məhsullarının üzvi xloridlə çirklənməsi insidenti 2019-cu ildə Rusiyanın "Drujba" kəməri fonunda məşhurlaşmışdı. Bu böhran zamanı Rusiyadan Avropaya nəql olunan 5 milyon tona yaxın xam neftin çirkləndiyi aşkarlanmış, bu isə Rusiya iqtisadiyyatına təqribən 2,5-3 milyard dollar zərər vurmuşdu. Bu presedentin fonunda Azərbaycanın BTC kəməri ilə Avropaya ixrac etdiyi neftə qarşı təxribat anlaşılandır, onun siyasi və iqtisadi motivləri də heç kimə sirr deyil.
Azərbaycan ictimaiyyəti SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadəni neft daşımaları sahəsində fəaliyyəti ilə zənginləşmiş şəxs kimi tanımaqla yanaşı, ara-sıra mediaya sızan məlumatlara əsasən onun sanksiya tətbiq olunmuş ölkələrdən Avropaya neft ixracını həyata keçirən qaranlıq biznesi barədə də kifayət qədər məlumatlıdır. Qərbin sanksiya tətbiq etdiyi İran neftini dünya bazarına daşımaqla o, yüz milyonlarla dollar məbləğində gəlir əldə etdi. 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar Qərbin bu ölkəyə tətbiq etdiyi sanksiyalar Əhmədzadə kimi işbazlara yeni imkanlar açdı. İran nefti sayəsində böyük təcrübə toplamış Adnan Əhmədzadə bu dəfə fəaliyyətini daha da genişləndirərək ofşor zonalarda geniş şirkətlər şəbəkəsi yaradır və saxta sertifikatlarla Rusiya neftini Avropa bazarına satmağa başlayır.
Məsələn, iddia olunur ki, o, bir şirkət vasitəsilə Liviya və Rusiya neftinin daşınmasını və satışını təşkil edib. Bu şirkətin Maltada fəaliyyəti ilə əlaqədar Avropa İttifaqı və Böyük Britaniya hökumətləri araşdırma aparırlar. Analoji araşdırmalar bu yaxınlarda 22.5 min ton Rusiya neftinə həbs qoymuş Albaniyanın hüquq mühafizə orqanları tərəfindən də həyata keçirilir.
Rusiya ilə yaxın əlaqələr onun "Lukoil" şirkətinin sahibi Vahid Ələkbərovla xüsusi əlaqələrində də özünü büruzə verir. Əhmədzadənin Bodrumda Vahid Ələkbərovun ad günündə iştirak etməsi, rusiyalı milyarderə məxsus 108 milyon dollarlıq "Galactica Super Nova" gəmisini öz adına rəsmiləşdirməsi bu əlaqələri aydın göstərən faktlardır.
Görünən odur ki, uzun illər ərzində Rusiya ilə sıx təmaslar və bu ölkənin neftinin satışından əldə olunan milyardlar Adnan Əhmədzadənin Azərbaycana qarşı geostrateji silah kimi istifadə olunmaq üçün tam bir struktur olaraq yetişdirilməsi, formalaşdırılması ilə nəticələnib. Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribatda və xüsusilə külli-miqdarda mənimsəmə əməllərində ittiham olunan bu şəxs dünya bazarına ixrac olunan Azərbaycan neftinin xloridlə çirkləndirilməsində ittiham olunur. Sual oluna bilər ki, uzun illər neft daşımaları ilə məşğul olan, bu sahədə kifayət qədər təcrübə qazanmış şəxs neftə xlorid qatılmasının hansı fəlakətli nəticələrə səbəb olacağını bilmirdi? İctimai fikir budur ki, Adnan Əhmədzadə Rusiya kəşfiyyatının təsiri altına düşərək öz dövlətinə xəyanət edib, Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına zərbə vurub. Təxmini hesablamalara görə, çirklənmə səbəbindən "Azeri Light" markalı neftin qiyməti 75 dollardan 68,31 dollara düşüb. Bu, bir bareldə 6,69 dollar ucuzlaşma deməkdir. Nəticədə Azərbaycanın ixrac gəlirlərində 2,01 milyard dollar azalma baş verib.
Məsələ təkcə maddi itkilərdə deyil. Əhmədzadənin əməli qlobal neft bazarında Azərbaycanın etibarlı tərəfdaş imicini korlayır. Bu fakt artıq Avropa rəsmilərinin dilindən də səslənir. O baxımdan Əhmədzadənin Rusiyanın "maxinasiyalarına boyun əyməsi" təkcə mənimsəmə kimi yox, həm də dövlət maraqlarına qarşı təxribat kimi qəbul edilməlidir.
Azərbaycan sərhədlərini aşan neft fırıldağını Əhmədzadənin təkbaşına həyata keçirməsi ehtimalı yoxdur. Bu prosesdə böyük bir şəbəkənin iştirakı ehtimalı aydınlaşacaq.
Adnan Əhmədzadənin əməllərinin motivləri, bu cinayətin gətirib çıxardığı nəticələr hələ araşdırılacaq və prosesdə iştirak edən oyunçuların tam ifşa olunacağına heç bir şübhə yoxdur. Amma bu məsələdə maraq doğuran məqam təkcə iqtisadi təxribat deyil, həm də Adnan Əhmədzadənin malik olduğu imkanlar hesabına həyata keçirdiyi genişmiqyaslı dezinformasiya fəaliyyətidir. Onun həbsi az qala bütün dünya mediasında əksini tapdı, amma Rusiya mediası bu xəbərə susqun yanaşır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Adnan Əhmədzadə öz nəzarətində media şəbəkəsi yaratmaq istiqamətində də az iş görməyib. Real nəticələr bir yana, Azərbaycanda media ilə işləyən strukturlara nəzarəti ələ götürmək üçün də planlar qurub, addımlar atmağa çalışıb. Ancaq indi bütün bunların heç bir mənası qalmayıb.
Bu gün iddialı, hikkəli, özünü dövlət içində az qala dövlət görən Əhmədzadə dəmir barmaqlıqlar arxasındadır. Hər şeyə görə cavab verməli olacaq.
ELNUR


