Ağ Ev yeni müstəmləkəçilik modeli yaradır: ABŞ ın qabaqlayıcı işğal planı dünya xəritəsini dəyişəcək
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Qlobal məkanda indiyə qədər ehtimal olunması belə, sensasion iddialar sırasına daxil edilə biləcək gözlənilməz və qəliz proseslər cərəyan edir. Bir tərəfdən, ABŞ və Rusiya arasında yaxınlaşma əlamətləri müşahidə olunur. Ağ Ev Ukraynanı Kremlə "hədiyyə etməyə" hazır olduğunu biruzə verir. Digər tərəfdən isə bunun əksinə ABŞ hərbi donanması Rusiyaya aid olduğu şübhə doğurmayan neft tankerlərini ələ keçirir. Bununla da Ağ Ev qlobal məkanda geopolitik xəritələri təkbaşına yenidən çəkməkdə israrlı olduğunu sezdirir. Və Ağ Evin son davranışları ABŞ-ın bütün dünyanı yeni "açıq güc erası"na sürüklədiyini göstərir.
Ona görə də, indi müasir dünyanın artıq ənənəvi siyasi-ideoloji illüziyalarla idarə olunmadığı qətiyyən şübhə doğurmur. Belə ki, “qaydalara bağlı beynəlxalq nizam”, “azad ticarət”, “suverenlik” və s. bu kimi anlayışlar indi artıq formal xarakter daşıyır. Əsl reallıqda isə müasir dünya neft tankerlərinin hərbi güc yolu ələ keçirilməsi, diktatorların oğurlanması, Arktikada ərazilərin zorakılıqla açıq-aşkar mənimsənilmə planları və dövlətlərin taleyinin cəmisi bir neçə paytaxtda cızılması və s. ilə müşayiət olunan dövrdən keçir.
Bütün bunları nəzərə aldıqda, Rusiyaya məxsus neft tankerlərinin ABŞ hərbi gəmiləri tərəfdən ələ keçirilməsi, prezident Donald Trampın Danimarkaya aid Qrenlandiya ilə bağlı təhdidləri və Ağ Ev sahibinin Rusiya-Çin tandemini real təhlükə qaynağı kimi təqdim etməsi mövcud qlobal prosesləri daha dəqiq anlamağa imkan açır. Belə ki, bütün bunlar hələlik etiraf olunmasa da, ümumi beynəlxalq prosesin tərkib hissəsi olmaqla yanaşı, həm də ABŞ-ın yeni "qlobal güc doktrinası"nın dolayısı ilə elan edilməsi anlamını daşıyır. Və belə anlaşılır ki, Ağ Ev artıq ənənəvi qlobal nizamın keşikçisi rolundan imtina edərək, ABŞ-ın dünyada şəriksiz jandarma çevrilməsinə can atır.
Maraqlıdır ki, ABŞ-ın Rusiyaya aid və Kremli beynəlxalq sanksiyalardan yayındıran neft tankerlərini ələ keçirməsi olduqca maraqlı geopolitik ssenariləri ortaya çıxarır. Belə anlaşılır ki, ABŞ və Rusiya arasında yaxınlaşma təsəvvür edilən əhatə dairəsindən çox uzaqdır və Ukrayna savaşının dayandırılması üzrə "sülh prosesi" ilə məhdudlaşır. Həmin Rusiya tankerlərinin saxlanılması üçün ön plana çəkilən Venesuela nefti, Rusiyanın “kölgə donanması” və Kremlin sanksiyalardan yayınması ilə bağlı açıqlamalar isə reallığa bağlı olsa da, Ağ Evin tamamilə fərqli istiqamətlər üzrə strateji hədəflərini ört-basdır etmək məqsədi daşıyır.
Məsələ ondadır ki, indi qlobal məkanda hökm sürən əsl reallıq artıq daha təhlükəli və qorxulu məzmunla yüklənib. Belə ki, son proseslər - ABŞ-ın atdığı addımlar, beynəlxalq sanksiya sisteminin artıq iqtisadi təzyiq mexanizm olmaqdan uzaqlaşdığını göstərir. Hətta dənizlər və okeanlar belə, neytral məkan sayılmır. Və beynəlxalq iqtisadi-ticari münasibətlər isə Ağ Evin icazə verdiyi qədər “azad” hesab oluna bilər.
Müşahidələr onu göstərir ki, ABŞ faktiki olaraq, “enerji haradan çıxacaq, hara gedəcək və kimə çatacaqsa, buna biz qərar verəcəyik” demək istəyir. Bu önəmli və dolayısı mesajın əsas ünvanları sırasına daxil olan Rusiyaya isə üstüörtülü şəkildə hədələyici xəbərdarlıq da göndərilir. Hər halda, Ağ Ev sahibi Donald Trampın “Rusiya prezidenti Vladimir Putini həbs etməyə ehtiyac olmayacaq” açıqlaması qətiyyən siyasi-diplomatik jest hesab olunmur. Çünki bu, daha çox soyuqqanlı şəkildə dəqiq hesablanmış təhdid mesajıdır.
Böyük ehtimalla Ağ Ev sahibi Donald Tramp həm Rusiyaya, həm də ABŞ-ın beynəlxalq rəqibi olan digər dövlətlərə dolayısı ilə xəbərdarlıq edir ki, yaxın vaxtlarda müharibə də, sülh də, cəzalar da, güzəştlər də artıq ölkə liderləri arasında "siyasi bazarlıq" predmetinə çevrilə bilər. Halbuki, bu, beynəlxalq hüququn deyil, məhz təhdid və zorakılıq diplomatiyasının ifadə modelidir. Ona görə də, yeni hesab edilən belə bir təhlükəli dünyada daha beynəlxalq qanunlar və prinsiplər deyil, yalnız güclü ölkələrin təhdidkar iradəsi həlledici olacaq. Və bu isə kiçik və daha zəif dövlətlər üçün tam bir "təhlükəsizlik boşluğu" deməkdir.
Bütün bunları nəzərə aldıqda, prezident Donald Trampın Qrenlandiya ilə bağlı son açıqlaması isə artıq siyasi ritorikadan uzaq təhdid məzmunu daşıyır. Belə ki, Ağ Evin Qrenlandiyanı ələ keçirmək niyyətinə qarşı çıxanlara, o cümlədən də, Avropa Birliyinə və həmin adanın hüquqi sahibi Danimarkaya “əgər, ABŞ sahib çıxmasa, onu Rusiya və ya Çin işğal edəcək” mesajı verilir. Ağ Ev sahibinin “ərazi müqavilə ilə yox, mülkiyyətlə qorunur” tezisi isə XXI əsrdə dilə gətirilmıli olan cümlə deyil. Çünki bu, birmənalı şəkildə orta əsrlərin müstəmləkə leksikonuna daha yaxındır.
Belə anlaşılır ki, ABŞ faktiki olaraq, müasir dünyanı suverenlik şərti olduğu, zəif dövlətlərin hüquqlarınln qorunmadığı, müqavimət gücü yetərsiz ölkələrin ərazilərinin satıla, alına və yaxud da zorla ələ keçirilə biləcəyi qlobal sistemə doğru sürükləyir. Bu isə BMT Nizamnaməsinin, beynəlxalq hüquq normalarının və Qərbin özünün onilliklər boyu israrla təbliğ edərək, şüara çevirdiyi qlobal dəyərlərin tamamilə iflasa uğraması anlamını daşıyır. Və bu baxımdan, Qrenlandiya əslində, artıq sadəcə, ada olmaqdan çıxaraq, Ağ Evin ssenariləşdirdiyi, gücün hüququ əvəz edəcəyi yeni qlobal sistemin test poliqonudur.
Göründüyü kimi, Ağ Ev müasir dünyanı “başqası ələ keçirtmədən biz ondan əvvəl ələ keçirək” prinsipi üzrə preventiv işğal məntiqinə təslim etdirir. Çünki Ağ Evin onilliklər boyu təbliğ etdiyi “beynəlxalq qaydalara əsaslanan nizam” artıq ABŞ-ın işinə yaramır. Ona görə də, ABŞ vaxtilə özünün bütün dünyaya qəbul etdirdiyi qlobal qaydaları indi özü pozaraq, ləğv edir. Və bu, o deməkdir ki, yeni müstəmləkəçilik prinsiplərinin ön plana keçirildiyi müasir dünyada tezliklə bir çox dövlətin coğrafi xəritəsi belə, zorla dəyişdirilə bilər.(musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 10 Yanvar 2026 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















