Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Ağdamın dirçəlişi: tarixi zəfərdən Qarabağın yeni inkişaf mərkəzinə doğru ŞƏRH

Ağdamın dirçəlişi: tarixi zəfərdən Qarabağın yeni inkişaf mərkəzinə doğru ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev

Azərbaycanın müasir tarixində elə şəhərlər var ki, onların taleyi xalqın milli yaddaşı, dövlətçilik iradəsi və mübarizə əzmi ilə sıx bağlıdır. Qarabağın qədim yaşayış məskənlərindən biri olan Ağdam da belə şəhərlərdəndir. Zəngin tarixi, mədəni irsi, iqtisadi potensialı və strateji mövqeyi ilə seçilən Ağdam uzun illər işğalın ağır nəticələrini yaşasa da, milli ruhunu və gələcəyə inamını itirmədi. 20 Noyabr – Ağdam Şəhəri Günü yalnız tarixi hadisənin ildönümü deyil, həm də xalqımızın milli iradəsinin, dövlətimizin gücünün, tarixi ədalətin bərpasının və quruculuq əzminin təcəssümüdür. Bu gün Ağdamın yenidən qurulması Azərbaycanın tarixi Zəfərdən sonra həyata keçirdiyi genişmiqyaslı bərpa siyasətinin, Böyük Qayıdış strategiyasının və Qarabağın iqtisadi dirçəlişinin mühüm istiqamətlərindən birinə çevrilib.

Ağdamın tarixi kökləri qədim dövrlərə gedib çıxır. Şəhərin keçmişi Qarabağın çoxəsrlik dövlətçilik, mədəniyyət və təsərrüfat ənənələri ilə sıx bağlıdır. “Ağdam” sözünün etimologiyası da şəhərin tarixi keçmişi ilə bağlı maraqlı məqamları özündə əks etdirir. Qədim türk dilində “kiçik qala” mənasını verən bu sözün yaranması ərazidə yaşamış türkdilli qəbilələrin müdafiə məqsədilə kiçik qalalar tikməsi ilə əlaqələndirilir. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xanın bu ərazidə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verməsi, həmin imarətin uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ istiqamət göstəricisinə çevrilməsi də “Ağdam” adının izahında mühüm yer tutur. Bu mənada Ağdam günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev anlamı ilə də əlaqələndirilir.

Rayon ərazisindəki tarixi-memarlıq abidələri, qədim yaşayış məskənləri və arxeoloji tapıntılar bu torpağın zəngin keçmişindən xəbər verir. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilib ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə yiyələnmişlər. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqların Üzərriktəpədə aparılan arxeoloji qazıntılar zamanı aşkar etdikləri maddi-mədəniyyət qalıqları isə bu ərazinin Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyanın ən zəngin abidələrə malik məkanlarından olduğunu təsdiqləyir. Pənahəli xanın imarəti, türbələr, qədim qəbirüstü abidələr və digər tarixi nümunələr isə şəhərin Qarabağın mədəni yaddaşında tutduğu yeri müəyyənləşdirir. 1930-cu ildə rayon statusu alan Ağdam sonrakı dövrlərdə kənd təsərrüfatı, sənaye, ticarət və mədəniyyət sahələrində inkişaf edərək Qarabağın mühüm iqtisadi və ictimai mərkəzlərindən birinə çevrilmişdi.

Lakin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Ağdamın inkişafına ağır zərbə vurdu. Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal edilmiş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

İşğalın ağır nəticələri yalnız insan tələfatı və məcburi köçkünlük problemi ilə məhdudlaşmadı. Ağdamın tarixi-mədəni irsinə, dini abidələrinə, yaşayış və təsərrüfat obyektlərinə də ciddi ziyan vuruldu. İşğalçı Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq rayon ərazisində coğrafi adları dəyişdirdi, mülkiyyəti talan etdi, əraziləri yandırdı. İşğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi Ermənistanın hərbi təcavüz və işğal yolu ilə ərazi əldə etmək niyyətini açıq şəkildə nümayiş etdirirdi. Bir vaxtlar həyatın qaynadığı, zəngin mədəni və iqtisadi infrastruktura malik Ağdamın xarabalığa çevrilməsi, tarixi və dini abidələrin təhqir və qarət edilməsi şəhərin “Qafqazın Xirosiması” adlandırılmasına səbəb olmuşdu.

Beynəlxalq hüququn norma və prinsipləri də Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyirdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü il iyulun 29-da qəbul etdiyi 853 saylı qətnamədə işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu hücum qətiyyətlə pislənmiş, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdi. Ermənistan tərəfi isə beynəlxalq qərarlara tabe olmaqdan yayındı. Lakin bu tələblərin uzun illər yerinə yetirilməməsi işğalın davam etməsinə və humanitar fəlakətin dərinləşməsinə səbəb oldu. Ağdamın taleyi beynəlxalq hüququn prinsiplərinə əməl edilməməsinin və təcavüzkar siyasətin ağır nəticələrini əks etdirən tarixi nümunələrdən birinə çevrildi.

Azərbaycan xalqı bütün bu illər ərzində doğma torpaqlarının azad olunacağına inamını itirmədi. Dövlətimizin güclənməsi, iqtisadi potensialın artırılması, müasir ordu quruculuğu və beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi ölkənin qarşısında duran əsas strateji vəzifələr idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz gücünə arxalanan, milli maraqlarını qətiyyətlə müdafiə edən dövlətə çevrildi.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi xalqımızın tarixi arzusunun gerçəkləşməsində həlledici mərhələ oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər Ermənistanın işğalçılıq siyasətinə son qoydu və regionda yeni reallıqlar yaratdı. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi. Beləliklə, rayonun azad edilməsi hərbi əməliyyat aparılmadan və əlavə insan tələfatı olmadan təmin edildi. Bu hadisə Vətən müharibəsinin siyasi-diplomatik nəticələrinin və Azərbaycan dövlətinin qətiyyətli mövqeyinin mühüm təzahürü idi.

Ağdamın azad olunması uğrunda döyüşlərdə iştirak edən hərbi qulluqçuların xidmətlərinin qiymətləndirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Prezidentin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu bu medalla təltif olundu. Bu, Ağdamın azadlığı uğrunda mübarizə aparan hərbçilərin qəhrəmanlığına verilən dövlət qiymətinin ifadəsidir.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi. Həmin Sərəncama əsasən noyabrın 20-si Ağdam şəhəri günü kimi müəyyənləşdirildi. Bu əlamətdar tarix şəhərin azad olunması gününün milli yaddaşda əbədiləşdirilməsi, tarixi Zəfərin əhəmiyyətinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi məna daşıyır.

Ağdamın azad edilməsindən sonra qarşıda duran əsas vəzifə dağıdılmış şəhərin və kəndlərin bərpası, əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi və bölgənin iqtisadi potensialının yenidən hərəkətə gətirilməsi idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiqlənməsi bərpa prosesinin sistemli və uzunmüddətli inkişaf strategiyası əsasında həyata keçirilməsinə imkan yaradıb. Baş Planda müasir memarlıq prinsipləri, ekoloji tələblər, sosial infrastruktur və iqtisadi inkişaf prioritetləri nəzərə alınıb. Gələcəkdə 100 min nəfər əhalinin yaşaması nəzərdə tutulan Ağdamın Qarabağın ən böyük və müasir şəhərlərindən birinə çevrilməsi hədəflənir. Yaşayış məhəllələrinin, ictimai məkanların, yolların, mühəndis-kommunikasiya sistemlərinin və yaşıllıq zonalarının vahid konsepsiya əsasında qurulması şəhərin gələcək simasını müəyyənləşdirir.

Şəhərin və kəndlərin bərpası Böyük Qayıdış proqramının əsas istiqamətlərindən biri kimi davam etdirilir. Ağdam şəhərində, eləcə də Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində yaşayış məntəqələrinin yenidən qurulması, sosial infrastrukturun yaradılması keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına real imkan yaradır. Şəhərdə beş məhəllənin yaradılması nəzərdə tutulub. Onlardan ikisinin açılışı olub, digər üç məhəllənin və Qiyaslı, Salahlı Kəngərli, Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şoltanlı və Eyvazxanbəyli kəndlərinin isə təməli qoyulub. Bu layihələr Ağdamın şəhər və kənd infrastrukturunun kompleks şəkildə yenidən qurulmasına, sakinlərin doğma yurdlarına qayıdışı üçün şəraitin yaradılmasına xidmət edir.

Ağdamın dirçəlişinin ən mühüm göstəricilərindən biri də məhz keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışıdır. 2026-cı ilin noyabr ayına olan məlumata əsasən, Ağdam şəhərində 1002 ailə olmaqla 3604 nəfər, Xıdırlı kəndində 659 ailə olmaqla 2621 nəfər, Kəngərli kəndində 292 ailə olmaqla 1261 nəfər, Sarıcalı kəndində isə 193 ailə olmaqla 814 nəfər məskunlaşıb. Ümumilikdə, Ağdam şəhəri və qeyd olunan kəndlərdə 2146 ailə, 8300 nəfər yaşayır. Bu rəqəmlər Böyük Qayıdış prosesinin real nəticələrini, illərlə doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanların yeni həyat qurmağa başlamasını əks etdirir.

Yeni Ağdamın qurulması yalnız yaşayış binalarının inşası ilə məhdudlaşmır. Müasir şəhər mühitinin formalaşdırılması, nəqliyyat və kommunal infrastrukturun yaradılması, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətə başlaması vahid yanaşma əsasında həyata keçirilir. Məqsəd insanların rahat yaşayışı üçün zəruri şərait yaratmaqla yanaşı, Ağdamı iqtisadi fəallığın, investisiyaların və innovativ inkişafın mühüm mərkəzinə çevirməkdir.

Bu baxımdan, Ağdam Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevin imzaladığı Fərmanla yaradılan və 190 hektar ərazini əhatə edən sənaye parkı işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə, Qarabağın sənaye potensialının reallaşdırılmasına, sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına və yerli istehsalın genişləndirilməsinə xidmət edir. Burada yaradılan əlverişli investisiya mühiti, dövlət dəstəyi mexanizmləri, vergi və gömrük güzəştləri özəl sektorun bölgəyə marağını artırır.

Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi isə davam etdirilir. Sahibkarlar tərəfindən görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb və 964 nəfər daimi işlə təmin edilib. Bu göstəricilər sənaye parkının Ağdamın iqtisadi həyatında tutduğu yeri, yerli istehsalın inkişafı və yeni məşğulluq imkanlarının yaradılması baxımından əhəmiyyətini nümayiş etdirir.

Ağdamın yenidən qurulmasında nəqliyyat infrastrukturunun inkişafı da mühüm istiqamətlərdəndir. Bərdə–Ağdam dəmir yolu xətti layihəsinin ikinci mərhələsi çərçivəsində inşa edilən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi 2025-ci il mayın 10-da istifadəyə verilib. Təxminən 8 hektar ərazini əhatə edən kompleksdə zəruri otaqlar, gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb. Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz bu kompleksdə inşa edilib və onun uzunluğu 350 metrdir.

Kompleksin ərazisində fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb. Dəmir yolu vağzalı gündəlik 800–1000 nəfər sərnişinin daşınmasına, avtovağzal isə gündəlik 1300–1500 nəfər sərnişinə xidmət göstərməyə imkan verəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi Ağdamın ölkənin digər bölgələri ilə əlaqələrinin genişlənməsinə, şəhərin regional nəqliyyat sisteminə inteqrasiyasına xidmət edəcək.

Ağdamın dirçəlişinin mühüm istiqamətlərindən biri də mədəni həyatın bərpası, milli-mənəvi dəyərlərin qorunması və zəngin sənət ənənələrinin yaşadılmasıdır. 2025-ci il mayın 10-da açılışı olan Ağdam Muğam Mərkəzi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Mərkəzdə 474 yerlik konsert zalı yaradılıb. Burada müxtəlif mədəni tədbirlərin, o cümlədən muğam konsertlərinin təşkili üçün hərtərəfli şərait mövcuddur. Müasir memarlıq üslubunda inşa edilmiş mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər zəruri otaqlar fəaliyyət göstərir. Mərkəzin ərazisində 615 tamaşaçı tutumuna malik açıq amfiteatr da inşa edilib. Bu mədəniyyət ocağı Qarabağın zəngin musiqi ənənələrinin, xüsusilə muğam sənətinin yaşadılmasına, təbliği və gələcək nəsillərə ötürülməsinə və gənc nəslə muğam sevgisinin aşılanmasına mühüm töhfə verəcək.

Rayonun gələcək inkişafında turizm infrastrukturunun formalaşdırılması da mühüm yer tutur. Ağdamın zəngin tarixi, mədəni irsi və coğrafi imkanları bu sahənin inkişafı üçün geniş perspektivlər yaradır. Bərpa və yenidənqurma işləri çərçivəsində müasir tələblərə cavab verən hotel və mehmanxana komplekslərinin yaradılmasına xüsusi diqqət yetirilir. Artıq “Aghdam City Hotel”in və “Hilton Garden Inn Agdam” hotelinin açılışı olub. Bu obyektlər Ağdamın turizm potensialının reallaşdırılmasına, xidmət sektorunun inkişafına və yeni iqtisadi imkanların yaranmasına şərait yaradır.

Bütün bu layihələr göstərir ki, Ağdamın bərpası ayrı-ayrı tikinti və infrastruktur işlərinin həyata keçirilməsi ilə məhdudlaşmır. Burada şəhərin tarixi simasının qorunması, müasir yaşayış mühitinin yaradılması, iqtisadi potensialın bərpası, nəqliyyat əlaqələrinin genişləndirilməsi, mədəni həyatın canlandırılması və əhalinin doğma torpaqlarında məskunlaşması vahid inkişaf strategiyasının tərkib hissələri kimi reallaşdırılır. Sənaye Parkının fəaliyyəti, nəqliyyat kompleksinin istifadəyə verilməsi, Muğam Mərkəzinin açılması, yeni yaşayış məhəllələrinin və kəndlərin qurulması Ağdamın gələcək inkişafının möhkəm əsaslarını formalaşdırır.

Bu gün Ağdamın simasında Azərbaycanın müharibədən sonrakı inkişaf strategiyasının mühüm istiqamətləri aydın görünür: tarixi ədalətin bərpası, dağıdılmış ərazilərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, iqtisadi potensialın hərəkətə gətirilməsi və müasir yaşayış mühitinin formalaşdırılması. Ağdamın inkişafı Qarabağın ümumi dirçəlişinə yeni məzmun verir, regionun iqtisadi xəritəsində şəhərin rolunu gücləndirir. Burada yaradılan sənaye, nəqliyyat, sosial və mədəni infrastruktur gələcəkdə yalnız rayonun deyil, bütövlükdə Qarabağın inkişafına xidmət edəcək.

20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın Zəfər iradəsinin, dövlətimizin quruculuq əzminin və doğma torpaqlara qayıdışın təntənəsidir. Bir zamanlar dağıntıları ilə yadda qalan Ağdam bu gün yeni yaşayış məhəllələri, istehsal müəssisələri, nəqliyyat infrastrukturu və mədəniyyət ocaqları ilə gələcəyə doğru irəliləyir. Ağdamın dirçəlişi tarixi Zəfərin quruculuq mərhələsində davam edən məntiqi nəticəsi olmaqla yanaşı, Qarabağın yeni inkişaf mərhələsinin də mühüm göstəricisidir. Bu qədim şəhərin yenidən canlanması Azərbaycanın güclü dövlətçilik iradəsini, xalqımızın torpağa bağlılığını və gələcəyə inamını təcəssüm etdirir.

Ağdamın dirçəlişi gələcək nəsillərə də mühüm mesaj verir: tarixi yaddaşını qoruyan, milli iradəsinə güvənən və dövlət müstəqilliyini hər şeydən üstün tutan xalq öz taleyini özü müəyyənləşdirir. Bu gün Ağdamda ucalan hər bir yeni bina, fəaliyyətə başlayan hər bir müəssisə, doğma evinə qayıdan hər bir ailə tarixi Zəfərimizin quruculuq salnaməsinə yazılan yeni səhifədir.

Ağdam artıq yalnız işğalın və dağıntıların xatirəsi ilə deyil, dirçəlişin, qayıdışın, iqtisadi inkişafın və gələcəyə inamın rəmzi kimi yaşayır. Onun yenidən qurulması tarixi Zəfərin quruculuqla davam edən məntiqi nəticəsi, müstəqil Azərbaycanın dövlətçilik iradəsinin, milli həmrəyliyinin və tarixi ədalətin bərpasının parlaq ifadəsidir.

Bəhruz Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, dosent, ƏPT sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see369

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see308

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see288

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see283

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see283

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see278

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see261

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see256

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see251

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see250

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see246

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see246

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see240

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see237

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see232

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see229

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see223

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see200

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri