Aİ Ermənistan: tərəfdaşlıq, yoxsa təxribat gündəliyi?
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Rəsmi İrəvan nəticə çıxarmalıdır
Əlbəttə, Aİ-nin Ermənistanı anti-Rusiya cəbhəsinin səngərinə çevirmək niyyətindən xəbərdarıq. Dekabrın 2-də bu niyyətin “Avropa İttifaqı-Ermənistan tərəfdaşlığı üçün strateji gündəlik” adlı təzahürünü gördük. Əvvəl elə sandıq ki, sənəd yalnız İrəvanı müxtəlif səviyyələrdə dəstəkləmək və Paşinyan iqtidarını 2026-cı ilin parlament seçkilərinin qalibinə çevirmək məqsədi güdür. Yəni mövcud hay hakimiyyəti qalib gəlməlidir ki, Ermənistan yenidən Rusiyanın peykinə çevrilməsin. Anlaşılandır.
Amma Avropa İttifaqının Genişlənmə Siyasəti üzrə Ali Komissarı Marta Kos təmsil olunduğu qurumun TRIPP layihəsində mümkün iştirakı ilə bağlı ABŞ, Azərbaycan və Türkiyə ilə danışıqlar apardığını bildirəndə şübhələnmişdik. O, “Aİ-nin öz təklifləri var və blok Türkiyə və Azərbaycanla məsləhətləşmələrini davam etdirir. ABŞ-ın iştirakı xüsusilə önəmlidir, çünki layihə yalnız bir dəmir yolu seqmentini əhatə edir” deyəndə şübhəmiz daha da artmış və düşünmüşdük ki, kimlərsə özündə Cənubi Qafqaz müstəvisində hələ çox kövrək olan reallıqlara meydan oxumaq cəsarətini tapır.
Bəli, Aİ Ermənistanı təkcə Rusiyaya deyil, eyni zamanda, Azərbaycana qarşı da istifadə etmək istəyir və nəticə etibarilə 2020-ci ilin 44 günlük müharibəsindən sonra rəsmi İrəvanın Bakı ilə sülhə gəlməsinə imkan verməyən xətti aktivləşdirir.
Təsəvvür edin, Azərbaycan və Ermənistan bu il avqustun 8-də Vaşinqtonda Birgə Bəyannamə imzalayır, ölkələr bir çox məqamları dəqiqləşdirirr, sülh sazişini paraflayır, yekun barış müqaviləsi yolunda əzm göstərirlər, Aİ-dəkilər isə yenidən qızışdırıcı mövqe tuturlar. Hesab edirik ki, burada təkcə anti-Rusiya və anti-Azərbaycan deyil, eyni zamanda anti-Amerika xətti də gündəmdədir. Sanki Ukrayna müharibəsi fonunda ABŞ-la baxışları kəsişən Avropa Birləşmiş Ştatları, bir növ, Cənubi Qafqazda durumu qəlizləşdirməklə hədələyir. Hədələyir və Ermənistanı alətə çevirmək məqsədi güdür. Bunun hansı nəticələr doğura biləcəyi barədə sonda söz açacağıq. Hələlik isə...
Bəli, Azərbaycan Xarici İşlər Nazirliyi Aİ və Ermənistan arasında Brüsseldə keçirilən Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənədin postmünaqişə dövründəki reallıqları təhrif etdiyini, bütövlükdə Bakı ilə İrəvan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələləri prioritetləşdirdiyini bildirir. Bütün bunlar isə narahatlıq doğurur: “Növbəti 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir edir”.
Əlbəttə, gündəlik Aİ-Azərbaycan münasibətlərindəki etimadı sarsıldır. Ancaq ölkəmizin baş xarici siyasət idarəsinin narahatlığı təkcə bununla məhdudlaşmır. XİN bildirir ki, “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəliy”in giriş hissəsində və bir sıra digər bölmələrində “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsi və bu məsələnin Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyənləşdirilməsi, eləcə də bu kateqoriyaya məxsus insanların “qaçqın” statusunda vurğulanması ölkəmizə qarşı açıq-aydın qərəz nümunəsidir.
Məlumdur ki, Qarabağın erməni sakinləri Azərbaycanın reinteqrasiya planından imtina edərək, Ermənistana getmiş, respublikamızın heç bir strukturu onları evlərindən çıxarmamışdı. Əksinə, Qarabağın haylardan boşaldılması bilavasitə rəsmi İrəvan tərəfindən planlı şəkildə reallaşdırılmışdı. Məqsəd anti-Azərbaycan siyasət aparmaq idi. Nəzərə alaq ki, erməni iqtidarı 2023-cü ilin uğurlu antiterror tədbirlərindən, daha dəqiq desək, barəsində bəhs etdiyimiz hay köçünə strat verdikdən sonra Qarabağ erməniləri üçün beynəlxalq təminat oyununa girişmişdi. Bu oyun ölkəmizin ərazi bütövlüyünü və suverenliyini şübhələndirmək, separatçılığı fərqli şəkildə yaşatmaq məramı daşımışdı. İndi nə düşünək? Düşünək ki, Aİ yeni erməni separatizmi üçün zəmin hazırlayır?
Hazırda Ermənistan rəhbərliyi, eləcə də baş nazir Nikol Paşinyan çıxışlarında Qarabağı tərk etmiş ermənilərin geridönüşünün mümkünsüzlüyündən söz açır, Aİ isə İrəvan üçün bununla bağlı “gündəlik” müəyyənləşdirir. Heç şübhəsiz, yanaşma 44 günlük müharibədən və lokal xarakterli antiterror tədbirlərindən sonra formalaşmış və regionda real sülhə maneçilik törədən klişelərin yenidən gündəmə gətirilməsidir. Belə təəssürat yaranır ki, sözügedən gündəliyi hazırlayanlar keçmişdə qalıblar. Halbuki, elə deyil. Onlar nə etdiklərini gözəl anlayırlar. Amma nəticəni hesablamırlar. Necə deyərlər, mal özgənin, can özgənin.
Qeyd edək ki, “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəliy”ini regionda normallaşma proseslərinə Aİ-nin mümkün töhfələri bölməsində Beynəlxalq Ədalət Məhkəməsinin bütün müvafiq qərarlarının tam, dərhal və effektiv həyata keçirilməsinin dəstəklənməsi müddəası yer alır. Ölkəmizin Xarici İşlər Nazirliyi bu məqamı Ermənistan tərəfindən Azərbaycana qarşı irəli sürülmüş məlum iddiaların gündəmə gətirilməsi kimi dəyərləndirir. Əslində, başqa cür düşünmək üçün əsas yoxdur. Deməli, sülh prosesinə zidd təmayül var.
Haşiyə çıxaq ki, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş”in mətninin XV maddəsində bildirilir ki, tərəflər “XIV Maddəyə xələl gətirmədən, Tərəflər hər hansı bir hüquqi müstəvidə onlar arasında bu Sazişin imzalanmasından əvvəl mövcud olan bütün dövlətlərarası iddiaları, şikayətləri, etirazları, iradları, icraatları və mübahisələri bu Sazişin qüvvəyə mindiyi gündən bir ay ərzində geri çəkəcək, xitam verəcək və ya hər hansı bir formada həll edəcəklər və bir-birinə qarşı bu cür iddiaları, şikayətləri, etirazları, iradları və icraatları başlatmayacaq və tərəflərdən hər hansı birinə qarşı hər hansı digər üçüncü tərəfin başlatdığı bu kimi iddia, şikayət, etiraz, irad və icraatlara hər hansı bir formada cəlb olunmayacaqlar; Tərəflər bu Sazişin ziddinə bir-birinə qarşı diplomatik, informasiya və digər sahələrdə düşmən addımlar atmayacaq, bu addımları həvəsləndirməyəcək və ya hər hansı bir formada bu fəaliyyətlərə cəlb edilməyəcək və bu məqsədlə bir-biriləri ilə müntəzəm məsləhətləşmələr həyata keçirəcəklər”.
Yəni, sülh yolunda belə bir niyyət, üstəlik barış sazişinin imzalanmasının tezliklə reallaşdırılmasına dair gözlənti varkən, Aİ strateji gündəliyinə haqqında söz açdığımız məsələni daxil edir. Ona görə də Azərbaycan XİN vurğulayır: “Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda paraflanmış sülh sazişində bu iddiaların aradan qaldırılmasına dair müddəa nəzərə alındıqda, Aİ-Ermənistan sənədində həmin məsələyə toxunulması sülh prosesi ilə birbaşa ziddiyyət təşkil edir və Ermənistan tərəfinin bəyan etdiyi niyyətlə bağlı ciddi suallar yaradır”.
Deməli, Aİ Azərbaycan və Ermənistan arasında sülhün formalaşmasında maraqlı deyil. Həmçinin qurum nəzərə almır ki, Bakının da İrəvana qarşı legitim məhkəmə iddiaları var. O iddialar ki, onların hüquqi qüvvəyə malikliyi şəraitində Ermənistanın düşəcəyi zərərin altından çıxması qeyri-mümkündür. O zaman heç bir gündəlik və bu kimi mənasız sənədlər köməyə gəlməyəcək. İnsanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməniəsilli şəxslərin “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəliy”ində “əsir” statusunda qeyd edilmələri və onların azadlığa buraxılmalarının ayrıca prioritet kimi müəyyənləşdirilməsi də reallıqların ciddi şəkildə təhrifinə yönəlmiş qəbuledilməz haldır və İrəvan üçün qətiyyən faydalı deyil.
Aİ-Ermənistan sənədində digər məqamlar da var. Təsəvvür edin, rəsmi İrəvan bir neçə ildir “Dünyanın kəsişməsi” təşəbbüsünü irəli sürməkdədir. Elə indi də mövqeyində qalır. Məlumdur ki, bu təşəbbüs Azərbaycanın Zəngəzur dəhlizi ideyasına zidd mahiyyət daşıyır. Avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamədə TRIPP marşrutundan söz açılır ki, onun məğzində Naxçıvana yolun maneəsizliyi, faktiki olaraq, dəhliz məntiqi dayanır. O da məlumdur ki, “Dünyanın kəsişməsi” sözügedən maneəsizliyi nəzərdə tutmurdu.
Beləliklə, Aİ-nin sənədində TRIPP marşrutunun heç adı çəkilmir. Deməli, əsas mahiyyət arxa plana atılır. Halbuki, Aİ də zamanında bu marşruta dəstəyini ifadə etmişdi. Deməli, hazırda ortada riyakarlıq əməli var. Yeri gəlmişkən, əvvəldə fikirlərini diqqətə çatdırdığımız xanım Kos da məhz riyakarlığın anonsunu vermişdi. Sən demə, Aİ ABŞ-la dəmir yolu seqmenti ilə bağlı danışacaqmış. Yəni Ermənistanın vaxtilə “Dünyanın kəsişməsi” ideyası çərçivəsində irəli sürdüyü “mahiyyəti” qabardacaqmış.
Qeyd edək ki, həmin mahiyyətə əsasən Naxçıvana yol ancaq dəmir yolu şəklində olmalı, eyni zamanda, şərt əsasında açılmalı idi. Şərtə görə, ölkəmizin əsas hissəsindən Naxçıvana qatarlar gedəcəkdisə, Ermənistanın Mehrisindən ölkənin Arazdəyən bölgəsinə də Naxçıvandan keçməklə qatarlar hərəkət etməli imiş. Axı Mehri ilə Yerasx arasında əlaqə onsuz da var, yəni bölgələr bir-birindən Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı düşdüyü kimi ayrı düşməyiblər. Deməli, ortada qərəz rüşeymli məntiqsizlik var və Aİ bu məntiqsizliyə lobbiçiliklə məşğuldur.
Gündəlikdə yer alan başqa bir narahataverici məqam Aİ-nin Ermənistandakı EUMA adlandırılan mülki müşahidə missiyasının fəaliyyətinin, bir növ, ilahiləşdirilməsidir. Halbuki, Azərbaycanla Ermənistan arasında paraflanmış saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəliklərinə dair müddəa yer alır. Axı EUMA-nın Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə olunduğu birmənalıdır. O da birmənalıdır ki, Aİ-Ermənistan sənədində açıqlanmış prioritetlər sırasında hərbi və müdafiə məsələlərinin vurğulanması Ermənistanın hərbiləşməsinə xidmətdir. Aİ-də bunun nə demək olduğunun, ölkə üçün hansı fəlakət yaşadacağının fərqindədirlərmi?
Sonda bildirək ki, Azərbaycan XİN məlum şərhində Aİ-nin keçmiş münaqişənin elementlərini gündəmə gətirdiyini, bunun həm də Ermənistanın niyyətləri barədə ciddi şübhələr yaratdığını açıqlayıb. Qurum vurğulayıb ki, ölkəmiz həm Aİ-nin, həm də Ermənistanın mövcud reallıqları əks etdirməyən zərərli müddəaların aradan qaldırılması istiqamətində addımlar atacağını gözləyir. Əslində, konkret cavab verməli, qətiyyət göstərməli olan rəsmi İrəvandır. Erməni rəhbərliyi 2020-ci ildən sonra regionda yaşananları nəzərə alaraq dərk etməlidir ki, şirin vədlər və pafoslu təqdimatlar ona heç bir xeyir gətirməyib, əksinə ziyan verib.
Ən sonda onu da deyək ki, Aİ-Ermənistan gündəliyi hay avantürizminin dəstəklənməsinə yönəlib. Azərbaycan XİN həm dolayısı ilə bunu vurğulayır, həm də açıq şəkildə bəyan edir ki, gündəlikdəki ayrı-ayrı məqamlar Ermənistanın TRIPP layihəsi üzrə öhdəlikləri yerinə yetirmək niyyətinin ciddiliyi və Aİ-nin bu layihəyə bəyan etdiyi dəstəyi barədə suallar yaradır. Suallar şübhə doğurur, şübhələr etimad və inam mühitini zədələyir. Böyük anlamda sülh prosesi zərər görür. Sülhsüzlüyün ən böyük ziyanını isə Ermənistanın çəkəcəyi dəqiqdir. Sullar yaranır: Sıravi ermənilərin çəkdikləri azdırmı? Onların rahat yaşamalarına imkan vermək beləmi çətindir? Cavablar barədə Ermənistan rəhbərliyi düşünsün. Özü də təkcə düşünməsin...
Ə.CAHANGİROĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 11 Dekabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















