Icma.az
close
up
RU
AİB: Azərbaycanın inklüziv və firavan gələcəyinə həmişəkindən daha çox dəstək verməyə sadiqik MÜSAHİBƏ

AİB: Azərbaycanın inklüziv və firavan gələcəyinə həmişəkindən daha çox dəstək verməyə sadiqik MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 12 iyun, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya regionu üzrə vitse-prezidenti Yingming Yang ilə müsahibəni təqdim edir.

- Cənab Yang, 2022-ci ildən etibarən Asiya İnkişaf Bankı özəl sektorla əməliyyatlarının həcmini iki dəfədən çox artırıb və 2030-cu ilədək bu rəqəmi 13 milyard dollara çatdırmağı planlaşdırır. Azərbaycan bu strategiyaya nə dərəcədə daxildir? Ölkədə investisiya baxımından ən perspektivli hesab etdiyiniz özəl iqtisadiyyat sahələri hansılardır?

- Bu fürsət üçün sizə təşəkkür edirəm. Ötən ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana ilk səfərimdən sonra Bakıya yenidən qayıtmaqdan məmnunam. Sualınıza cavab olaraq bildirmək istərdim ki, 1999-cu ildən bəri AİB Azərbaycanla səmərəli tərəfdaşlıq qurub və bu tərəfdaşlıq ölkənin inkişaf prioritetlərinə töhfə verməyə yönəlib. Özəl sektorun inkişafına dəstək bu əməkdaşlığın mühüm tərkib hissəsidir, çünki güclü özəl sektor innovasiyalar və məşğulluq üçün əsasdır. Son dövrlərdə AİB-in Azərbaycanda özəl sektorla bağlı əsas investisiyaları bərpaolunan enerji istehsalı və istixana qazlarının emissiyalarının azaldılmasına yönəlib. Bununla yanaşı, illər ərzində AİB-in özəl sektor əməliyyatları kənd təsərrüfatı və maliyyə xidmətlərini də əhatə edib. Buraya qadın sahibkarlara və mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək, iqlimə uyğun aqrar praktikalara təşviq və bank sektorunun gücləndirilməsi daxildir. Özəl sektor komandamız ölkədəki müxtəlif sahələr üzrə investisiya imkanlarını yaxından izləyir və bu barədə müzakirələr aparır. Həmçinin dövlət-özəl tərəfdaşlığı mexanizmlərindən istifadə imkanlarını da araşdırırıq.

Hazırkı səfər çərçivəsində mən özəl sektor nümayəndələri ilə görüşmək və AİB-in onların inkişafına necə töhfə verə biləcəyi barədə birbaşa fikir mübadiləsi aparmaq fürsəti qazandım. Məqsədimiz ölkədə daha inklüziv və davamlı inkişafı təmin etmək və Azərbaycan xalqının rifahına töhfə verməkdir. Gələcəkdə Azərbaycanda özəl sektorla əməkdaşlığımız çərçivəsində, maliyyə, enerji və kənd təsərrüfatı sahələri ilə yanaşı, infrastrukturun inkişafı, texnologiya və turizm sahələrinə də investisiya imkanlarını nəzərdən keçirə bilərik.

- Azərbaycan Cənubi Qafqaz və Xəzər dənizi vasitəsilə Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin inkişafında əsas rol oynayır. AİB bu marşrut boyunca infrastruktur və logistika layihələrində daha fəal iştirak etməyi nəzərdə tuturmu? Regional inteqrasiya çərçivəsində Azərbaycanın tranzit potensialını artırmaq üçün hansı təşəbbüslər faydalı ola bilər?

- TransXəzər dəhlizi, digər adı ilə Orta Dəhliz, hazırda potensial ticarət dövriyyəsinin yalnız kiçik bir hissəsinə xidmət etsə də, sürətli inkişaf tempi nümayiş etdirir. Orta Dəhliz böyük ölçüdə Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) altı dəhlizindən biri olan 2-ci Dəhlizlə üst-üstə düşür. Bu, CAREC ölkələrini, Asiyanı və Avropanı Xəzər dənizi vasitəsilə birləşdirən multimodal marşrutdur, ölkədaxili və regionlararası ticarəti təşviq edir. AİB Orta Dəhliz boyunca, o cümlədən Azərbaycanda dəmir yolu və avtomobil yolları infrastrukturunun inkişafı proqramları çərçivəsində mühüm investisiyalar yatırmağa davam edir. “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq çərçivəsində son təşəbbüslərimiz – rəqəmsallaşma və kadr hazırlığının təkmilləşdirilməsi layihələri – Azərbaycanın Orta Dəhlizin “yaşıl lokomotivi” kimi mühüm rolunu nümayiş etdirən bariz nümunələrdir. Qlobal qeyri-müəyyənlik fonunda Orta Dəhlizin əhəmiyyəti durmadan artır, lakin onun tam potensialının reallaşdırılması üçün əlavə dəstəyə ehtiyac var. Bu dəstək infrastrukturun inkişafı, multimodal daşımaların genişləndirilməsi, dəhlizin səmərəliliyini və ötürücülük qabiliyyətini artıracaq rəqəmsal həllərin tətbiqini əhatə edir.

CAREC Proqramı vasitəsilə AİB dövlət və özəl sektorlar tərəfindən hədəflənmiş investisiyalar üçün marşrut boyunca prioritet layihələri müəyyən edəcək. Bunlara dəmir yolu və avtomobil yollarının yenidən qurulması və genişləndirilməsi daxildir. Həmçinin, biz dəmir yol daşımalarının əməliyyat səmərəliliyinin artırılması üçün islahatlar və investisiyalar təklif edəcəyik. Bununla yanaşı Xəzər limanlarını, yükdaşımaları alıcılarla, ekspeditorlarla və ticarət şirkətləri ilə birləşdirən logistika mərkəzlərinin güc və məhsuldarlığının artırılmasında özəl sektorun iştirakını təşviq edəcəyik.

Biz, həmçinin, şəhər və turizm inkişafı sahəsində layihələrin həyata keçirilməsi imkanlarını, eləcə də rəqəmsal həllər tətbiq olunmaqla sərhəd keçidlərinin modernləşdirilməsini nəzərdən keçiririk. Bu tədbirlər nəqliyyat dəhlizlərinin iqtisadi dəhlizlərə çevrilməsi üçün vacibdir, gənclər, qadınlar da daxil olmaqla, yeni iş yerləri və biznes imkanları vasitəsilə gəlir mənbələri yaradacaq.

- AİB Azərbaycanın elektrik şəbəkələrinin modernləşdirilməsi və “ağıllı enerji” paylayıcı sistemlərinin inkişafında hansı rolu oynaya bilər?

– İlk növbədə, AİB-in Azərbaycanda elektrik enerjisinin ötürülməsi və paylanması sahəsində uğurla həyata keçirdiyi layihələri vurğulamaq istərdim. Bu layihələr vasitəsilə AİB hökumətin xüsusilə kənd rayonlarında dayanıqlı və səmərəli elektrik təchizatının təmin edilməsi istiqamətindəki səylərinə dəstək göstərib. Layihələr, həmçinin ölkədaxili enerji resurslarından istifadənin optimallaşdırılmasına, fosil yanacaqların istehlakının və elektrik enerjisinin idxalının azaldılmasına töhfə verib. Bu sahədə zəngin təcrübəyə malik olan AİB inkişaf etməkdə olan üzv ölkələrinə daha effektiv dəstək göstərmək üçün enerji siyasətini mütəmadi olaraq yeniləyir. Hazırda bankın yeni enerji siyasəti hazırlanır. Bu sənəd bizə Azərbaycan hökuməti və özəl sektorla əməkdaşlığımızı daha da genişləndirməyə imkan verəcək.

AİB bərpaolunan enerji mənbələrinin milli enerji sisteminə inteqrasiyasını dəstəkləməkdə maraqlıdır. Bu dəstək regional şəbəkə bağlantılarının inkişafı və yaşıl enerji dəhlizlərinin yaradılması vasitəsilə həyata keçiriləcək. Əslində, AİB-in dəstəklədiyi ən iri regional layihələrdən biri Xəzər Yaşıl Enerji Dəhlizidir. Bu strateji layihə Xəzər regionundan Avropaya dəniz boyu çəkiləcək sualtı kabel vasitəsilə bərpaolunan enerjinin ötürülməsi üçün yaşıl marşrut yaradacaq. Layihə regional enerji əməkdaşlığını möhkəmləndirəcək və transsərhəd elektrik enerjisi ticarəti üçün güclü təməl formalaşdıracaq. Bu genişmiqyaslı regional layihənin reallaşdırılması üçün biz dəstəyimizi artırmaqda davam edirik.

Bu il aprelin 4-də AİB, Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB), həmçinin Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın enerji nazirlikləri ilə birlikdə Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması məqsədilə Anlaşma Memorandumu (MoU) imzalanıb. Bu araşdırma sistemin texnoloji və maliyyə baxımından həyata keçirilmə imkanlarını, həmçinin tənzimləyici və ekoloji aspektlərini qiymətləndirəcək. Bu təşəbbüs AİB-in davamlı inkişaf və regional əməkdaşlığı dəstəkləmək, enerji təhlükəsizliyi və dayanıqlığını gücləndirmək, eləcə də regionda iqtisadi artımı təşviq etmək missiyası ilə tam şəkildə uzlaşır.

- AİB-in növbəti 5-10 il üçün strateji baxışında Azərbaycanın rolu nədən ibarətdir? Mövcud əməkdaşlıq proqramlarının genişləndirilməsi planlaşdırılırmı?

- Azərbaycan üçün 2025–2029-cu illəri əhatə edən AİB-in yeni Ölkə üzrə Tərəfdaşlıq Strategiyası (CPS) artıq yekunlaşma mərhələsindədir. Bu fürsətdən istifadə edərək, Azərbaycan hökumətinə, özəl sektora və digər əsas maraqlı tərəflərə dərin təşəkkürümü bildirmək istərdim. Onlarla sıx əməkdaşlıq etməyimiz və onların verdiyi töhfələr bu strategiyanın formalaşmasında mühüm rol oynayıb. Ötən həftə ölkəyə səfərim zamanı Bakıda yüksəkvəzifəli dövlət rəsmiləri ilə mühüm görüşlər keçirdim. Bu görüşlər AİB-in Azərbaycanın davamlı və rəqabətqabiliyyətli iqtisadiyyata, eyni zamanda firavan və ədalətli cəmiyyətə doğru yolunda göstərdiyi dəstəyi bir daha təsdiqlədi. Bu baxımdan, qarşıdakı beş ildə AİB-in dəstəyi əsasən iki strateji istiqamətə cəmlənəcək: “yaşıl” və şaxələndirilmiş iqtisadiyyatın formalaşdırılmasına dəstək, həmçinin aşağıkarbonlu əlaqəlilik və inklüziv inkişafa töhfə. AİB Azərbaycanı hökumətin sosial-iqtisadi prioritetlərində müəyyən edilmiş daha yaşıl, inklüziv və firavan gələcəyinə həmişəkindən daha çox dəstək verməyə sadiqdir. Bu yanaşma hökumətin sosial-iqtisadi prioritetləri ilə üst-üstə düşür. Buraya həmçinin özəl sektorun inkişafı, insan kapitalı və bacarıqların artırılması, rəqəmsal transformasiya, regional əməkdaşlıq və inteqrasiya, iqlim dəyişikliyi ilə mübarizə tədbirləri, eləcə də enerji, nəqliyyat, su təchizatı və kənd təsərrüfatı sahələrində əsas layihələrin dəstəklənməsi daxildir. Bununla yanaşı, biz Azərbaycan Respublikasının 2027–2030-cu illər üzrə gözlənilən Sosial-iqtisadi inkişaf strategiyasını da yaxından izləyirik ki, ehtiyac yarandıqda dəstək istiqamətlərimizi uyğunlaşdıraq.

Mən Azərbaycana növbəti səfərimi səbirsizliklə gözləyirəm və bu səfər çərçivəsində AİB tərəfindən maliyyələşdirilən layihələrlə Bakının hüdudlarından kənarda tanış olmağı arzulayıram.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see207

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see196

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see186

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see186

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see159

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see159

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see157

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see149

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see147

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see141

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri