Alternativsiz yol 27 sentyabra doğru...
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
İkinci Qarabağ müharibəsi ədalətin tələb etdiyi tarixi zərurət idi
İndi 6 il əvvələ boylananda, bizdə doğma yurdu yağı tapdağından xilas etməyin müharibədən savayı yolunun qalmadığına, qurtuluş savaşının qaçılmaz olduğuna tam əminlik yaranır. Azərbaycanın hərbi-siyasi rəhbərliyində və cəmiyyətdə bu qənaət 2016-cı ilin Aprel döyüşlərindən sonra yaranmağa başlamışdı. “Torpaqları yalnız savaşaraq işğaldan azad edə bilərik!” – qənaəti Azərbaycanı Qarabağsız təsəvvür edə bilməyən hər bir azərbaycanlının düşüncəsinə hakim kəslimişdi. Tarixi zərurətə çevrilmiş bu savaşın 28 il əvvəlki birincidən fərqli və qalibiyyətli olacağının bütün şərtləri göz qabağında idi.
Azərbaycan ordusunun 2020-ci il sentyabrın 27-də başlatdığı İkinci Qarabağ müharibəsi – Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi uğrunda genişmiqyaslı hərbi əməliyyat – sonradan Vətən müharibəsi adlandıracağımız, tariximiz qızıl hərflərlə yazılan səhifə oldu. Bu səhifənin yazılması həm də artıq ədalətsizliyə dözümü qalmamış bir xalqın tələbi idi.
34 il bundan əvvəl “Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adı ilə beynəlxalq gündəmə yeridilmiş formulun dəyişmə dinamikasını öyrənməkdən ötrü, ən azı, 2018-cu ildən bu yana ərazimizdə cərəyan edən hadisələrə qısa nəzər yetirməyə ehtiyac var. Həmin il Ermənistanın “Qarabağ klanlı” hakimiyyətini “xalq hərəkatının dalğasında” devirərək prezident seçilən, sonra baş nazir olan, Qərbin dəstəklədiyi “demokrat” Nikol Paşiyanın Azərbaycanla sülhə gələcəyinə, keçmiş DQMV sərhədlərindən kənardakı 7 rayonumuzu geri qaytaracağına müəyyən ümid yaranmışdı. Amma belə olmadı.
Ermənistanın müdafiə naziri David Tonoyan 2019-cu ilin martında ABŞ-a səfəri zamanı erməni diasporası ilə görüşdə Ermənistanın “səngər müdafiəsi” strategiyasından “aktiv əngəlləmə” strategiyasına keçdiyini bəyan etdi. Hay nazır hətta “hücum imkanlarını genişləndirərək” ifadəsini işlədərək, bu strategiyanı “yeni ərazilər uğrunda yeni müharibə” adlandırdı. Ardınca Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndindəki separatçı rejimi danışıqlar masasına oturtmaq niyyətilə sülh danışıqlarının formatını dəyişdirməyə cəhd göstərdi. Fəqət bu cəhdlərin də faydası olmayanda işğal altındakı Dağlıq Qarabağa səfəri zamanı o, “Qarabağ Ermənistandır, nöqtə” söylədi. Paşinyanın bu avantürist-populist bəyanatı nəinki rəsmi Bakı, eləcə də beynəlxalq təşkilatlar, hətta ATƏT-in Minsk qrupunun üzvləri tərəfindən tənqid atəşinə tutuldu, qınanıldı.
***
Baş verənlər sülh danışıqlarına mənfi təsir göstərir, kompromis üçün qurulan siyasi müstəvilərin hamısını bağlayırdı. Hələ ondan əvvəl – 2018-ci ildə Ermənistanın silahlı qüvvələri artilleriya və iriçaplı silahlarla Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan silahli qüvvələrinin Azərbaycan-Ermənistan sərhədindəki mövqelərinə hücum etdilər. Həmin hücum nəticəsində Azərbaycanın 11 hərbçisi həlak oldu, bir neçəsi yaralandı, həmçinin dinc sakinlər həyatlarını itirdilər, mülki obyektlərə, evlərə, xəstəxana binasına zərər yetirildi. Hücum üçün məhz Tovuzun istiqamət kimi seçilməsinin səbəbi o idi ki, Ermənistanla dövlət sərhədi aktiv hərbi münaqişə zonası hesab olunmadığından, orada Azərbaycan hərbi qüvvələrinin əsas hissələri yox idi. Onu da qeyd etməliyik ki, Azərbaycan sərhədinin demilitarizasiyası strategiyasına əsasən, sərhədin bir hissəsinə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti nəzarət edirdi. Hücumun istiqamətini müəyyənləşdirən amillərdən biri də sözügedən bölgənin strateji mövqeyi və Azərbaycanın enerji və nəqliyyat infrastrukturu üçün əhəmiyyət kəsb etməsi idi. Əslində, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın neft infrastrukturunun özünün əsas hərbi hədəflərindən biri olduğunu gizlətmirdi. Onların hərbi qüvvələrinin hələ 2012-ci ilin oktyabrında keçirdiyi təlimlərin təməlində “düşmənin neft insfrastrukturuna hücum” ssenarisi dayanırdı. Bundan başqa, Ermənistanın hərbi-siyasi rəhbərliyinin planlarına bölgədə yeni gərginlik mənbəyi yaratmaqla münaqişənin coğrafiyasını genişləndirmək və bu yolla özünün də üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bölgəyə müdaxiləsinə zəmin hazırlamaq daxil idi. Zəfərimizdən sonra bu məkrli planın konkret detalları üzə çıxacaqdı. Həmin planda öz əksini tapmış “hərbi-siyasi əməliyyatlar” Azərbaycana hücumun xarakterini müəyyənləşdirən bu amillərlə şərtləndirilirdi: Azərbaycan Respublikasının təşəbbüsü ilə Cənub qaz dəhlizinin istifadəyə verilməsi ərəfəsində bölgədə vəziyyəti ağırlaşdırmaq, layihə ilə bağlı beynəlxalq səviyyədə tərəddüdlər yaratmaq və onun reallaşdırılmasına mane olmaq; Dünya bazarlarında neftin qiymətinin dəyişməsi fonunda Azərbaycanın iqtisadi imkanlarının zəiflədiyi təsəvvürünü yaratmaq.
***
İrəvandan fərqli olaraq, Bakı Ermənistanla dövlət sərhədinə heç vaxt mümkün münaqişə ərazisi kimi yanaşmayıb. Ona görə ki, bu coğrafiyada vəziyyətin gərginləşməsi Azərbaycanın yuxarıda haqqında bəhs etdiyimiz strategiyasına zidd idi. Rəsmi İrəvanın ikiüzlü, yalançı, üzdə bir söz deyib, arxada başqa cür hərəkət edən siyasətini izləyən və görən Azərbaycan Prezidenti İlham Əliyev hadisələrin hansı məcrada inkişaf edəcəyini diplomatik fəhmi ilə hesablayır və ordunu və xalqı o gün düşmənlə bütün “cinahlarda” döyüşə hazırlayırmış. 2020-ci ilin məlum iyul hadisələrindən sonra vəziyyətin normallaşmasının gözlənildiyi bir vaxtda – sentyabrın əvvəlində Xankəndindəki separatçı rejimin başçısı Araik Arutyunyan sülhü kökündən baltalayan avantürist bəyanatla çıxış etdi: “Gəlin, realist olaq və danışıqlar mövzusunu müzakirə etmək əvəzinə müharibəyə hazırlaşaq. Heç bir danışıq olmayacaq, mən bunun faydasını görmürəm”. Onun sözlərindən belə məlum olurdu ki, separatçı rejim üçün Ermənistan və Azərbaycan rəsmiləri arasında gedən danışıqlar, o cümlədən “Madrid prinsipləri” əsasında nizamlanma (ilkin mərhələdə 5 rayonun Azərbaycana qaytarılması), yəni münaqişənin tənzimlənməsi məqsədilə ATƏT-in Minsk qrupu tərəfindən İrəvan və Bakıya təklif olunan əsas paket qətiyyən qəbuledilməzdir.
Həm də bütün bunlar 2008-ci il noyabrın 2-də Azərbaycan, Ermənistan və Rusiya prezidentləri tərəfindən imzalanan “Mayendorf deklarasiyası”nın müddəalarına tam zidd olaraq baş verirdi. Həmin deklarasiyada deyilirdi ki, tərəflər “siyasi tənzimləmənin əsas prinsiplərini hazırlamaq məqsədilə ATƏT-in Minsk Qrupu həmsərdlərinin tərəflərlə 2007-ci il noyabrın 29-da və daha sonrakı görüşlərini də nəzərə alaraq, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəşilik səylərinin davam etdirilməsinin vacibliyini təsdiqləyirlər”.
***
İşğalçı Ermənistanın bu davranışları çeşidli vasitəçilərin iştirakı ilə uzun illər davam edən danışıqların heç bir nəticə verməyəcəyini göstərirdi. Bununla yanaşı, işğal etdiyi Azərbaycan ərazilərinin qanunsuz məskunlaşdırılması ilə bağlı İrəvanın həyata keçirdiyi siyasət və Dağlıq Qarabağla Ermənistan arasında yol infrastrukturunun inşası vəziyyəti daha da ağırlaşdırdı.
Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının işğalçı erməni qoşunlarının işğal etdiyi ərazilərdən qeydsiz-şərtsiz çıxarılması ilə bağlı hələ 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə baxmayaraq, beynəlxalq vasitəçilər – ATƏT-in Minsk qrupuna üzv ölkələr – Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məsələsində qəti mövqe sərgiləmək istəmədilər. Artıq belə bir vəziyyətdə rəsmi Bakı üçün danışıqları davam etdirməkdən ötrü nə uyğun siyasi müstəvi, nə də münaqişənin dinc yolla həllinə ümid qalmışdı. Xarici havadarlarına güvənən qarşı tərəf üçün isə “dəyişməyən reallıq” Azərbaycan torpaqlarının işğalı nəticəsində yaratdığı “dqr” adlı qeyri-qanuni qurumun status-kvosu idi. 28 il ərzində sağlam düşüncədən, praqmatizmdən xeyli uzaqlaşan, Ermənistanın siyasi rəhbərliyi “məğlubedilməz”, “qalib ordu” kompleksinə yoluxmuşdu.
2020-ci ilin payızına doğru Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev düşmənlə sonuncu və həlledici döyüşün əməliyyat planı üzərində çalışırmış. Hadisələr isə özünün məntiqi sonluğuna – 27 sentyabra tərəf irəliləyirdi. Mövcud şərtlərdə Ermənistanı siyasi müstəviyə gətirməkdən, mövcud reallığı dəyişməkdən ötrü başqa yol qalmamışdı. Cəmi 44 gündən sonra məlum olacaq ki, Azərbaycan liderinin seçdiyi yolun alternativi yox idi.
İ.HƏSƏNQALA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 25 Sentyabr 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















