Amala sadiqlik nümunəsi Eldar İbrahimov 80
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Həyatda elə adamlar var ki, onların keçdiyi həyat yolu başqaları üçün bir nümunə, örnəkdir. Belə şəxsiyyətlərdən biri də Eldar Rza oğlu İbrahimovdur. Mənim Eldar müəllimlə tanışlığım ötən əsrin 90-cı illərinin əvvəlində, onun Naxçıvan Muxtar Respublikası Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrə təsadüf edir. O vaxtlar mən, “Azərittifaq”ın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdım və blokadada olan Naxçıvana müəyyən köməklik göstərmək üçün tez-tez Naxçıvana gedirdim. Eldar Rza oğlu İbrahimov həmin vaxt həm də Azərbaycan Respublikası Ali Sovetinin deputatı idi və Ali Sovetin televiziyada birbaşa yayımlanan sessiya iclaslarında hamı görürdü ki, Eldar müəllim özünün cəsarətli çıxışları, məsələyə obyektiv yanaşması qorxmaz bir şəxsiyyət olmasından xəbər verir.
O dövrdə Naxçıvandan Azərbaycan Ali Sovetinə deputat seçilmiş Heydər Əliyevlə sessiya iclaslarında ən çox ünsiyyət saxlayan, həmişə onunla birlikdə olan da Eldar İbrahimov idi. Çünki, həmin dövrdə Heydər Əliyevin adını çəkmək, ona yaxın olmaq, ünsiyyət saxlamaq mövcud iqtidar və Xalq Cəbhəsi üzvləri tərəfindən çox sərt qarşılanır, hətta həmin adamı ölümlə hədələyirdilər. Eldar müəllim isə öz həyatını riskə ataraq heç kimdən və heç nədən çəkinmədən Heydər Əliyevə olan isti münasibətini açıqdan-açığa nümayiş etdirməkdə davam edir, müstəqil Azərbaycan Respublikasının gələcək taleyinin Heydər Əliyevlə bağlı olacağını israrla bildirirdi.
Bu, xüsusilə, 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Anchor(o vaxtlar indiki Milli Məclis Ali Sovet adlanırdı) sədri Yaqub Məmmədov vəzifəsindən istefa verəndən sonra həmin vəzifəni tutmaq üçün namizədlərin irəli sürülməsində özünü daha qabarıq formada biruzə verdi. Belə ki, Xalq Cəbhəsini təmsil edən deputatlar hərəkatın liderlərindın olan İsa Qənbərin namizədliyini irəli sürmüşdülər. Eldar İbrahimov isə bu vəzifəyə ən layiqli namizədin Azərbaycan Respublikasına 1969-1982-ci illərdə rəhbərlik etmiş, 1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü işləmiş, hazırda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən görkəmli siyasi və dövlət xadimi olan Heydər Əlirza oğlu Əliyevin olduğunu bildirdi. Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyevin namizədliyini bir çox deputatlar da dəstəklədikdən sonra dövlət idarəçiliyində böyük təcrübəsi olan Heydər Əliyevin Ali Sovetə sədr seçiləcəyindən qorxuya düşən qara qüvvələr onun iclasda iştirak etməməsini və bu məsələyə razılıq verib-verməməsini bəhanə gətirməklə bu təklifi qəbul etmək istəmədilər. Belə olan halda Eldar müəliim Heydər Əliyevlə telefon əlaqəsi saxlayıb onun razılığını almağı məsləhət gördü və Ali Sovetin sədrinin birinci müavini Ziyad Səmədzadənin kabinetindən Naxçıvana zəng edib Heydər Əliyevlə danışmağa cəhd edildi. Lakin Xalq Cəbhəsinin rəhbərliyinin müdaxiləsi nəticəsində Naxçıvanla telefon əlaqəsi qurmaq baş tutmadı. Bundan istifadə edərək İsa Qənbərin namizədliyi tələsik səsverməyə çıxarıldı və o, Ali Sovetin sədri seçildi. Sonralar Ulu öndər Heydər Əliyev tədbirlərin birində o dövrkü hadisələri xatırlayaraq deyirdi ki, öz prinsipial çıxışları ilə məni müdafiə edən şəxslərin, o cümlədən Eldar İbrahimovun həyatı üçün çox narahat idim. Bir il tamam olmamış idarəçilik təcrübəsi olmayan və respublikada rəhbərliyi qeyri-qanuni yollarla ələ keçirən xalq cəbhəsi və müsavat partiyası üzvləri ölkədə yaratdıqları xaos və özbaşınalıq nəticəsində vətəndaş müharibəsinin başlanmasından qorxuya düşərək bir-birinin ardınca vəzifələrini donduraraq istefa verməklə canlarını qurtarmağa çalışdılar. Bu məqsədlə onlar Heydər Əliyevi hakimiyyətə dəvət etməyə başladılar. Ancaq Heydər Əliyev onların dəvətini qəbul etmirdi və vəziyyət isə getdikcə pisləşir, ermənilər Qarabağda yeni ərazilər işğal edirdi. Yaranmış çox acınacaqlı vəziyyətdən çıxış yolunu Heydər Əliyevin hakimiyyətə gəlməsində görən Azərbaycan xalqı özünün dünya şöhrətli oğlu Heydər Əlirza oğlu Əliyevi müstəqil Azərbaycan Respublikasına rəhbərliyə dəvət etdi. Xalqın təkidli tələbini nəzərə alaraq Heydər Əliyev əvvəlcə Azərbaycan Respublikası Ali Sovetinə sədr, bir qədər sonra isə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi ilə ölkəmizə və xalqımıza zidd olan qruplaşmalar ləğv edilərək qayda-qanun yaradıldı. Bundan sonra Heydər Əliyevin rəhbərliyi, təşəbbüsü və birbaşa iştirakı ilə hazırlanan və formalaşan siyasi və iqtisadi inkişaf strategiyası həyata keçirilməyə başladı. Nəticədə 1993-2003-cü illərdə ölkəmiz Heydər Əliyevin rəhbərliyi altında ardıcıl olaraq uğurlar əldə etməklə yeni inkişaf yoluna qədəm qoydu. Bununla da Eldar İbrahimov Heydər Əliyevin hakimiyyətə gəlməsinin zəruriliyinin ölkəmiz və xalqımız üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini çox düzgün təhlil etdiyini və uzaqgörən nəticəyə gəldiyini bir daha sübut etmiş oldu. Bu da Eldar müəllimin hələ 33 il bundan öncə çoxlarından fərqli olaraq həyati vacib məsələlərdə öz mənafeyi üçün yox, dövlətin və xalqın mənafeyindən çıxış etdiyini, haqqın və ədalətin müdafiəsində heç nədən qorxub-çəkinmədən israrla mübarizə aparmaq qabiliyyətinə malik olduğunu göstərir. Heydər Əliyevin namizədliyini irəli sürməsi ilə bağlı həmin çıxışı hazırda da Eldar müəllimə yalnız yaşlı nəslin deyil, həm də cavan nəslin böyük rəğbət və hörmətini qazandırıb.
Eldar İbrahimovun Milli Məclisdə Heydər Əliyevi dəstəkləyən və televiziya ilə birbaşa yayımlanan o tarixi çıxışı bütün tamaşaçılarda olduğu kimi məndə də böyük təəsürat və Eldar müəllimə qarşı rəğbət yaratmışdı. Ona görə də mən, 2004-cü ildə Milli Məclisə deputat seçiləndə tərəddüd etmədən Eldar müəllimin rəhbərlik etdiyi Aqrar siyasət komitəsinin üzvü olmaq istədiyimi bildirdim və 2005-ci ildə III çağırış Milli Məclisin deputatı kimi Aqrar siyasət komitəsinin sədr müavini seçilərək 2020-ci ilə kimi Eldar müəllimlə birlikdə bu komitədə fəaliyyət göstərdim.
Eldar müəllimin həyatda və cəmiyyətdə belə mübariz olması, ictimai mənafei öz mənafeindən üstün tutması, obyektivliyi, dövlətinə və xalqına sədaqətlə qulluq etməsi onun tərcümeyi-halına nəzər saldıqda da özünü bütünlüklə biruzə verir. Atasını erkən (13 yaşında) itirib çoxuşaqlı ailədə (7 qardaş, bir bacı) böyüyən Eldar İbrahimov tezliklə ailə qayğılarını öz üzərinə götürmüşdir. O, əmək fəaliyyətinə fəhləlikdən başlayaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti sədrinin birinci müavini kimi məsul vəzifəyə yüksəlmiş, 1985-cı ildə Naxçıvan MSSR Ali Sovetinin deputatı, 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin və 1995-2025-ci illərdə I-VII-ci çağırış müstəqil Azərbaycan Respublikası Milli Məclisinin deputatı, həm də komitə və komissiya sədri vəzifələrinə seçilməsi dediklərimizi sübut edir. Onu da qeyd etmək lazımdır ki, belə parlaq həyat yolu keçmək heç də hamıya qismət olmur. Eldar müəllimin əldə etdiyi bu böyük nailiyyətlərin əsasında onun əməksevərliyi, tutduğu vəzifədən asılı olmayaraq işə vicdanla və məsuliyyətlə yanaşması, əhatəsində olduğu adamlardan və iş yoldaşlarından daim nəsə öyrənməyə can atması, öz bilik və bacarığını müntəzəm olaraq başqaları ilə bölüşməsi dayanır.
Onu da qeyd edim ki, Eldar İbrahimovla deputat kimi ilk görüşümüzdən onun haqqında məndə olan xoş təəsurat və ona qarşı rəğbət daha da möhkəmləndi. Mən yəqin etdim ki, komitə sədri olan Eldar İbrahimov müstəqillik yolunda yeni addımlayan respublikamızda aqrar qanunvericiliyin möhkəm hüquqi bazasının yaradılması istiqamətində konkret proqramı olan və bu proqramın yüksək səviyyədə icra olunması üçün əlindən gələni etməyə hazır bir adamdır. Mən də “Azərittifaq”da işlədiyim vaxtlar məşğul olduğum sahələrdən birinin əhalinin ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin edilməsi olduğundan kənd təsərrüfatı məhsulları istehsalı, tədarükü, emalı və satışında mövcud problemlərin olduğundan və onların aradan qaldırılması üçün hansı qanunvericilik aktlarının qəbul edilməsinə ehtiyac olmasından xəbərdar idim.
Onu da bildirim ki, mən Milli Məclisdə deputat kimi fəaliyyətə başlayana kimi 1995-2004-cü illərdə Eldar müəllimin rəhbərliyi ilə Aqrar siyasət komitəsində aqrar məsələlərə dair xeyli sayda qanunlar hazırlanaraq Milli Məclis tərəfindən qəbul edilmişdi. Bunlardan “Torpaq islahatı haqqında”, “Aqrar islahatların əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” qanunları göstərmək olar. Bu qanunlar demək olar ki, bazar münasibətlərinə keçidlə bağlı aqrar sahədə inqilabi dəyişikliklər yaradan tarixi qanunlardır. Belə ki, bu qanunlar müstəqillik əldə etmiş Azərbaycanda, 1995-ci ildə qəbul edilmiş Konstitusiyaya uyğun olaraq ölkə iqtisadiyyatını bazar münasibətləri əsasında qurmaq istiqamətində qəbul edilən ilk hüquqi sənədlərdir. Məhz bu qanunlar və onların icrası ilə bağlı qəbul edilmiş digər hüquqi aktların əsasında sovxozlar və kolxozlar ləğv edilərək onların əmlakı və torpağı kolxoz üzvlərinə, habelə kənddə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına pulsuz olaraq paylandı. Keçmiş SSRİ-də Heydər Əliyevin təşəbbüsü ilə baş tutan bu hadisə - torpaq islahatı, Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq Azərbaycanda həyata keçirildi və bu, tezliklə öz müsbət nəticələrini verdi. Bununla da respublikamızda iqtisadiyyat sahəsində ilk dəfə olaraq kənd təsərrüfatında islahatlar başladı və özəl sektorun təməli qoyularaq sahibkarlıq inkişaf etməyə başladı. Bu qanunlar ölkəmizin siyasi rəhbərliyinin böyük dəstəyi ilə çox qısa bir vaxtda həyata keçirildi və hazırda kənd təsərrüfatı məhsulları istehsalının 98 faizi özəl sektorun payına düşür. Onu da qeyd etmək lazımdır ki, Eldar müəllimin xüsusilə “Torpaq islahatı haqqında” qanunun icrası ilə əlaqədar müxtəlif ünvanlara göndərdiyi müraciət və təkliflər, televiziya kanallarında çıxışları və mətbuatda dərc edilən yazıları başqa postsovet respublikalarından fərqli olaraq respublikamızda aqrar islahatların tezliklə başa çatmasına təkan vermişdir. Bu prosesin sürətlənməsində Eldar İbrahimovun təklifi əsasında torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin dövlət hesabına hazırlanması da mühüm rol oynadı və torpaq mülkiyyətçilərinin fəallığını artırdı.
Eldar müəllimin qanun yaradıcılığı fəaliyyətində diqqət çəkən məqamlardan biri qanunlara onun mahiyyətinə uyğun olaraq hərtərəfli araşdırılmış, elmi cəhətdən əsaslandırılmış və ölkə iqtisadiyyatına verəcəyi töhfəni dəqiqləşdirərək, özündə hüquqi norma daşıyan müddəaların daxil edilməsinə böyük əhəmiyyət verməsidir. O, bu barədə özünün təklif və tövsiyələrini bildirərək komitədə müvafiq dövlət orqanlarının və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə geniş müzakirələrin təşkilinə xüsusi önəm verirdi. Eldar İbrahimov həm də Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi qanunlarda nəzərdə tutulan maddələrin yerinə yetirilməsinə də böyük diqqət yetirir və qanunlara əsassız dəyişikliyin aparılmasına yol vermirdi. Yadımdadır, bir dəfə “Taxıl haqqında” Qanunun taxıl fondunun yaradılması haqqında maddəsinin qanundan çıxarılması haqqında Milli Məclisə qanun layihəsi daxil olmuşdu. Layihə müəllifləri bunu ölkəmizdə taxıl istehsalının az olması və fonda toplanacaq məhsulun saxlanması üçün müəyyən vəsait xərclənməsi ilə əsaslandırmağa çalışırdılar. Layihə Aqrar siyasət komitəsinin iclasında müzakirə ediləndə Eldar müəllim bunun əleyhinə çıxış etdi və bildirdi ki, aparılan aqrar islahatlar nəticəsində ölkəmizdə özəl sektorda məhsuldarlığın yüksəlməsi hesabına taxıl istehsalı ildən-ilə artır və eyni zamanda ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət sayəsində respublikamızın büdcəsinə neft və qaz ixracından böyük həcmdə vəsait daxil olmağa başlayıb. Bu vəsait hesabına xarici bazarlarda taxıl ucuz olanda bizə lazım olan qədər taxilı idxal edib onu saxlaya bilərik. Bununla da dövlət qarşısında duran ən ümdə vəzifə olan ölkə əhalisinin əsas ərzaq məhsulu olan taxıla təlabatını təmin edər və əhalimiz çörəkdən əziyyət çəkməz. Komitə üzvləri də Eldar müəllimin bu fikrini dəstəklədilər və layihə qəbul olunmadı.
Qeyd etmək lazımdır ki, Eldar İbrahimov bu məsələ ilə bağlı əvvəllər də Ulu öndər Heydər Əliyevə məruzə etmiş və taxıl fondunun qanunda saxlanılmsının və tezliklə istifadəsinin vacibliyi haqqında razılıq əldə etmişdir. Bunun nəticəsidir ki, artıq uzun illərdir ki, taxıl fondu fəaliyyət göstərir və lazım gəldikdə ehtiyatında olan taxılı istehlaka yönəltməklə çörəyin bahalaşmasının qarşısını almaq üçün dövlətin həyata keçirdiyi əsas tədbirə çevrilmişdir. Hadisələrin sonrakı gedişi Eldar İbrahimovun uzaqgörən siyasət yeritdiyini və xalqın mənafeinə xidmət edən mövqe tutduğunu bir daha təsdiq etdi. O. həmişə bizə deyirdi ki, hər bir dövlət sənədinin hazırlanma qaydası olduğu kimi qanunların da öz yazılış qaydası var. Qanunda yazılan hər bir cümlə çox qısa, aydın və hamı üçün anlaşılan olmaqla özündə hüquqi norma əks etdirməlidir. Elə etmək lazımdır ki, cümlədə işlədilən sözlər müxtəlif mənalar ifadə etməsin və nəzərdə tutulan məna tam və konkret əhatə olunsun. Əks halda qnunun maddələri üzrə xalqın ziyanına subyektiv fikirlər formalaşar ki, bu da yolverilməzdir. Eldar müəllimin bu tövsiyələrinə əməl edərək qanun layihəsi hazırlayarkən bəzən eyni məna daşıyan bir neçə sözdən hansının seçimində saatlarla mübahisə edər və son nəticədə maddənin mahiyyətini tam əhatə edən sözü müəyyən edib onun üzərində dayanardıq. Onu da qeyd etmək lazımdır ki, aqrar məsələlərə dair qanun layihələrinin əhəmiyyətli bir hissəsi Eldar İbrahimovun təşəbbüsü, bilavasitə iştirakı və rəhbərliyi altında Aqrar siyasət komitəsində hazırlanırdı. Çünki, Eldar müəllim komitə üzvləri ilə birlikdə hansı məsələyə dair qanun layihəsinin hazırlanmasına zərurət yarandığını müəyyən edərək başqa təşkilatları gözləmədən layihə üzərində işə başlanılırdı. O, həm də qeyd edirdi ki, müəyyən məsələlərə dair qanunlar qanun xatirinə deyil, yalnız o halda hazırlanmalıdır ki, həmin məsələ dövlətdə və ictimaiyyətdə narahatlıq doğursun və məsələnin hüquqi baza əsasında tənzimlənməsinə ehtiyac yaransın. İşçi qrupunun hazırladığı qanun layihələri Aqrar siyasət komitəsinin üzvləri olan deputatların iştirakı ilə işçi qaydasında komitədə Eldar İbrahimovun rəhbərliyi ilə maddə-maddə müzakirə edilib deputatların təklif və tövsiyələri əsasında təkmilləşdirilirdi. Ona görə də elə olurdu ki, il ərzində Aqrar siyasət komitəsi 3-4 qanun layihəsi hazırlayıb Milli Məclisin plenar iclasında müzakirəyə çıxarırdı.
Eldar İbrahimov qanun layihələrinin hazırlanmasına və müzakirəsinə çox böyük məsuliyyət və tələbkarlıqla yanaşırdı. O, tövsiyə edirdi ki, istər qanun layihəsi hazırlanarkən və istərsə də müzakirə edilərkən daha çox və müxtəlif düşüncə tərzinə malik mütəxəssislərin iştirakına imkan yaratmaq lazımdır. Çünki, fikirlər nə qədər çox və müxtəlif olarsa, Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim edəcəyimiz qanun layihəsi bir o qədər mükəmməl və təkmil olar. Bu, həqiqətən də belə idi. Yadımdadır, mənim təşəbbüsüm və komitə sədrinin dəstəyi ilə işçi qrupu tərəfindən hazırlanmış “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi Eldar İbrahimovun tapşırığı əsasında müxalif yönümlü qeyri-hökumət təşkilatlarının da iştirakı ilə ictimai müzakirəyə çıxarıldı. Bu təşkilatların nümayəndələri qanun layihəsi Aqrar siyasət komitəsində müzakirə edilərkən də dəvət olundular və onların verdikləri bəzi təkliflər nəzərə alındı.
Eyni zamanda Eldar İbrahimovun qanun layihəsi hazırlanarkən irəli sürdüyü tələblərdən biri də həmin məsələyə dair başqa ölkələrin təcrübəsini öyrənmək və respublikamızın şəraitinə uyğun tətbiqini nəzərdə tutmaq idi. Bu məqsədlə internetin imkanlarından və layihənin məzmununa dair digər mənbələrdən toplanılan materiallardan geniş istifadə edilirdi. Bəzi hallarda isə hazırlanacaq qanun layihəsinin həsr olunduğu məsələnin yüksək inkişaf etdiyi ölkələrə ezamiyyətlər təşkil olunurdu. “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunun respublikamızda aqrar sahənin yeni texnika və texnologiyalar əsasında inkişaf etdirilməsində böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq deputatlardan mən və Milli Məclisin əməkdaşlarından ibarət bir qrup Eldar İbrahimovun rəhbərliyi ilə Almaniya Federativ Respublikasına ezam olundu. Almaniyanın seçilməsi isə təsadüfi deyildi. Çünki, kənd təsərrüfatı kooperasiyasının inkişafı ilk dəfə Almaniyada vüsət almış və hazırda çox geniş yayılmışdır. Onların bu təcrübəsindən qanun layihəsinin təkmilləşdirilməsində istifadə olundu.
Eldar müəllim qanun layihələri hazırlanarkən onların müasir şəraitin və beynəlxalq təşkilatların tələblərinə uyğun olmasına və ölkəmizin mülli maraqlarının müdafiəsinə də xüsusi fikir verir və komitə üzvlərindən bunları nəzərə almağı tələb edirdi. Belə ki, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanun layihələri hazərlanarkən bu məsələlərə çox həssaslıqla yanaşıldı və xüsusi diqqət yetirildi. Bunun nəticəsi idi ki, “Baytarlıq haqqında” və “Fitosanitar nəzarəti haqqında” qanun layihələri qüvvəyə mindikdən sonra ingilis dilinə tərcümə edilərək müvafiq beynəlxalq təşkilatlara göndərildi və həmin təşkilatlar tərəfindən yüksək qiymətləndirildi. Məhz ölkəmizdə kənd təsərrüfatı məhsullarının idxalı və ixracı bu qanunlar əsasında tənzimlənir və xarici ölkələrlə qanunvericilik baxımından heç bir problem yaşanmır. Eldar İbrahimov ölkəmizdə turizmin inkişafının iqtisadiyyatın prioritet sahələrindən biri olduğunu nəzərə alaraq respublikamıza daha çox turistin gəlməsinə əlverişli şəraitin yaradılması üçün “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunun qəbul edilməsini məsləhət görmüşdür. Çünki, insanlar hazırda ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehlak etməyə üstünlük verdiklərinə görə turistlər əsasən bu məhsulları istehsal edən ölkələrə üz tuturlar. Ona görə də bu qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə öyrənilməklə ekoloji təmiz kənd təsərrüfatı obyektlərinin yaradılması, fəaliyyəti, onlara olan tələblər və hüquqi normalar layihədə öz əksini tapmışdır. Hazırda ölkəmizin turistləri özünə cəlb etməsinin əsas səbəblərindən biri də bu qanunun mövcudluğu və ona ciddi əməl olunmasıdır. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanun layihəsi Aqrar siyasət komitəsində müzakirə ediləndə Eldar müəllimin təklifi ilə layihəyə iki yeni maddə əlavə olunması qərara alındı. Onlardan biri genetik modifikasiya olunmuş (GMO) bitkilərin genetik ehtiyatlarının ölkəmizə idxalının, respublikamızda yetişdirilməsinin və istifadəsinin qadağan edilməsinə həsr olunmuşdur. Bu maddənin əlavə edilməsində məqsəd geni dəyişdirilmiş bitkilərin və onların məhsullarının ölkəmizdə mövcudluğuna və yayılmasına imkan verməmək və bununla da ölkə əhalisinin sağlamlığını qorumaq və turizmin inkişafına təkan verməkdir. İkinci maddə isə Azərbaycan Respublikasına və azərbaycan xalqına məxsus mədəni bitki sortlarının mənfur qonşumuz Ermənistan tərəfindən başqa sahələrdə olduğu kimi oğurlayıb öz adına çıxmasının qarşısını almağa yönəlmişdir. Belə ki, Azərbaycana məxsus brend mədəni bitki sortları adlanan həmin maddədə bu bitkilərin normativ hüquqi aktlarla siyahısının təsdiq edilməsi, onların mühafizəsi, istifadə qaydaları və digər məsələlər öz əksini tapmışdır. Məlumdur ki, ermənilər Azərbaycan xalqının çoxəsirlik tarixi boyunca yaradıb nəsildən-nəslə ötürdüyü bir çox mədəni-məişət məhsullarını – “Sarı gəlin” mahnısını, “Yarpaq dolması”nı, “Lavaş”ı və digər məhsulları özününküləşdirib bu ərazilərdə qədimdən yaşadıqlarını bütün dünyada dəridən-qabıqdan çıxaraq “sübut” etməyə çalışırlar. Onlar istənilən vaxt Azərbaycan xalqına məxsus yüksək göstəricilərə malik mədəni bitki sortları barədə də eyni iyrənc iddia qaldıra bilərlər. Lakin bu qanuna uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti həmin brend mədəni bitki sortlarının siyahısını rəsmi qaydada təsdiq etməklə erməniləri bu yaramaz xislətlərindən məhrum etmişdir.
Eldar Rza oğlu İbrahimovun uzun müddətli deputatlıq və komitə sədri fəaliyyətində belə hallar çox olmuşdur. Bütün bunlar onu göstərir ki, Eldar müəllim tutduğu vəzifənin öhdəsindən layiqincə gəlməyi bacaran bir şəxsiyyətdir. O, tapşırılan işə böyük diqqət və məsuliyyətlə yanaşır, gördüyü işin məzmununa və keyfiyyətinə böyük önəm verir. Heç də təsadüfi deyildir ki, Aqrar siyasət komitəsinin hazırladığı qanun layihələri öz məzmunu və mahiyyətinə, sadə və anlaşılan dildə yazıldığına görə Milli Məclisin plenar iclaslarında deputatlar tərəfindən həmişə rəğbətlə qarşılanır, müzakirələr səmimi və müsbət ruhda keçirdi. Məhz buna görə başqa qanun layihələri plenar iclaslarda üç oxunuşdan keçdiyi halda Eldar İbrahimovun rəhbərlik etdiyi Aqrar siyasət komitəsinin təqdim etdiyi layihələr (1995-2019-cu illər) adətən Milli Məclis üzvlərinin böyük əksəriyyətinin təklifi əsasında elə ikinci oxunuşda qəbul olunurdu. Bu səbəbdən də Milli Məclisin rəhbərliyi Eldar müəllimi və onun rəhbərlik etdiyi komitəni başqa komitə sədrlərinə və komitələrə nümunə göstərirdi.
Eldar İbrahimovun işə məsuliyyətlə yanaşması, Milli Məclisin işinin təşkilində və deputatlıq fəaliyyətində əldə etdiyi nailiyyətlər, Milli Məclis üzvləri və Aparatın əməkdaşları arasında böyük hörmət və nüfuz sahibi olması 40 illik deputatlıq təcrübəsi (1985-2025-ci illər), seçicilərinə göstərdiyi diqqət və qayğı onun belə uzun müddət ərzində seçkilərdə böyük səs çoxluğu ilə qələbə qazanmasına möhkəm zəmin yaratmışdır. Onun bu şəxsi və mənəvi keyfiyyətləri nəzərə alınaraq 2020-ci və 2024-cü illərdə VI-cı və VII-ci çağırış Milli Məclisə keçirilən seçkilərdən sonra Eldar Rza oğlu İbrahimov yekdilliklə Milli Məclisin İntizam komissiyasına sədr seçilmişdir. Eldar müəllim bu komissiyaya rəhbərliyə başladığı ilk gündən komissiyanın nüfuzunu qaldırmaq, Milli Məclis üzvlərinin deputatlıq fəaliyyətini daha da yüksəltmək üçün bir sıra təkliflər hazırlamağa başladı. Onun verdiyi təklif əsasında İntizam komissiyasının Əsasnaməsi hazırlanıb qəbul edildi (Əvvəllər belə bir əsasnamə olmamışdır). Komissiyanın işinin daha da yaxşılaşdırmaq, qəbul etdiyi qərarların qanunauyğunluğunu möhkəmləndirmək üçün bu komissiyanın fəaliyyətini tənzimləyən müvafiq qanunlarda əsaslandırılmış dəyişikliyin aparılmasına zərurət olması barədə Milli Məclisin rəhbərliyinə ətraflı məlumat təqdim etmişdir. Eyni zamanda Milli Məclis üzvləri arasında deputatların statusu, etik davranış qaydaları və onlara əməl olunması, habelə deputatlıq fəaliyyəti ilə bir araya sığmayan hərəkətlər və digər məsələlər barədə geniş izahat işlərinin aparılmasına başlandı. Hazırda Milli Məclisin deputatları İntizam komissiyasının üzvlərinə və onun rəhbəri Eldar İbrahimova daha böyük hörmət və ehtiramla yanaşır, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa çalışırlar.
Eldar İbrahimov Milli Məclisin deputatı olaraq, həm də ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Parlament Assambleyasında 1996-2020-ci illərdə Azərbaycan parlament nümayəndə heyəti sədrinin müavini kimi də fəaliyyət göstərib. O, bütün bu illər ərzində ATƏT-in ildə 2-3 dəfə keçirilən bütün iclaslarında müzakirə olunan məsələlərə dair daim çıxışlar edərək respublikamızın mənafeyini müdafiə etməkdə fəal iştirak etmişdir. Xüsusilə, ermənilərin ölkəmizə qarşı heç bir əsası olmayan uydurma və böhtan xarakterli çıxışlarına tutarlı və müvafiq rəsmi sənədlərlə təsdiq olunan konkret faktlar əsasında cavablar verərək Avropanın müxtəlif ölkələrindən olan parlament nümayəndələrinin nəzərinə çatdırmışdır. Eldar müəllim ölkəmizdə müxtəlif dinə, dilə və ənənələrə malik bir çox millətlərdən olan insanların uzun müddətdir ki, Azərbaycan Konstitusiyasının onlara verdiyi bütün hüquqlardan azərbaycanlılarla eyni səviyyədə istifadə edərək dinc və sərbəst yaşadıqlarını, respublikamızda multikulturalizmin əsrlər boyu və hazırda da bərqərar olduğunu təsdiq edən xarici mətbuatda dərc olunan sənədləri bu iclaslarda dəfələrlə nümayiş etdirmişdir. O, eyni zamanda ermənilərin daim apardıqları etnik təmizləmə nəticəsində Ermənistanın monoetnik ölkəyə çevrildiyini, işğal etdikləri Azərbaycan ərazilərində yüzlərlə tarixi-mədəniyyət abidələrini yerlə-yeksan edərək məhv etdiklərini, tam dağıdılmamış qalan 2-3 məsciddə donuz saxlamaqla qəsdən azərbaycanlıların hissiyatına toxunduqlarını da dəfələrlə iclas iştirakçılarının diqqətinə çatdırmışdır. Eldar İbrahimov ermənilərin bütün bu barbarlıq hərəkətlərini heç nədən çəkinmədən internetdə yaydıqlarını və bununla da onların multikulturalizmə yox, vandalizmə xidmət etdiklərini sübut edən sənədləri avropalı deputatlar arasında yaymaqla onları ermənilərin dediklərinə yox, törətdikləri vəhşiliklərə qiymət verməyə çağırırdı. O, ermənilərə qarşı kəskin çıxışları ilə yanaşı, həm də özünün başqalarına xoş münasibət göstərmək qabiliyyəti ilə fərqləndiyindən bir çox ölkələrdən olan nümayəndələrlə dostluq əlaqələri quraraq ölkəmizi müdafiə edən ictimai-siyasi xadimlərin əhatə dairəsini daim genişləndirirdi. Bu səbəbdən də ATƏT Parlament Assambleyasında müxtəlif ölkələri təmsil edən bir çox deputatlar onun ölkəmizin mənafeyini müdafiə edən təkliflərini daim dəstəkləyirdilər.
Eldar müəllim hal-hazırda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin tərkibində müzakirə olunan məsələlərə dair ölkəmizin mövqeyini əks etdirən çıxışları ilə fəal iştirak edir.
Eldar Rza oğlu İbrahimov deputat olduğu bütün bu illər ərzində qanunvericilik fəaliyyəti ilə yanaşı həm də seçildiyi Naxçıvan şəhəri 4 nömrəli seçki dairəsindən olan seçicilərin problemlərinə də diqqət və qayğı ilə yanaşmışdır. O, ünvanına daxil olan məktubları əlaqədar təşkilatlara göndərərək məsələnin həllinə nail olmaq üçün onu nəzarətə götürür, haqqın və ədalətin bərqərar olması naminə əlindən gələni heç vaxt əsirgəmir. Bir çox hallarda isə problemin həlli üçün şikayət olunan təşkilatın rəhbərinə telefon açaraq məsələnin qanunauyğun araşdırılıb müvafiq tədbir görülməsini xahiş edir. Eldar müəllimə ərizə və şikayətlər yalnız özünün deputat seçildiyi dairədə yaşayan seçicilərdən yox, həm də Azərbaycanın istənilən bölgəsindən ünvanlanır və o, heç bir ayrıseçkilik salmadan onların hamısına eyni diqqət və həssaslıqla yanaşır.
Eldar Rza oğlu İbrahimov 2015-ci ildən indiyə kimi Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi də deputatlıq fəaliyyətini davam etdirir. Ötən dövr ərzində bu işçi qrupları arasında müntəzəm olaraq Bakıda və Daşkənddə görüşlər keçirilir, hər iki ölkəni maraqlandıran məsələlər müzakirə edilir, ölkələrarası münasibətlərin daha da yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülür.
Eldar müəllim həm də yarandığı 2002-ci ildən indiyə kimi Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədridir. Bu cəmiyyət Eldar İbrahimovun rəhbərliyi və təşəbbüsü ilə iki dost və qardaş xalq arasında mədəni əlaqələrin gücləndirilməsi istiqamətində xeyli işlər görüb. Belə ki, Bakıda hər iki xalqın görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılğına həsr olunmuş ədəbi-bədii gecələr keçirilmişdir. Nəvai və Füzuli poeziya gecələri, Şah İsmayıl Xətai və Zahirəddin Məhəmməd Baburun həyat və yaradıcılığından bəhs edən “İki sərkərdə, iki şair” adlı tamaşa, əslən azərbaycanlı olan özbək şairi və dramaturqu Maqsud Şeyxzadənin 90 və 95 illik yubileylərinə həsr olunmuş tədbirlər və digərləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Bütün bu xidmətlərinə görə Eldar İbrahimov Özbəkistan Respublikası Prezidentinin fərmanı ilə Özbəkistanın müstəqilliyinin 30 illiyi medalı ilə təltif olunmuşdur.
Eldar müəllim deputatlıq fəaliyyəti dövründə həm ATƏT-in və həm də Azərbaycan Respublikası Milli Məclisin xətti ilə bir çox Avropa və MDB ölkələrində Parlament və Prezident seçkilərində müşahidəçi qismində iştirak etmişdir. Ən çox isə qardaş Özbəkistan Respublikasdında 2004-cü ildən indiyə kimi 6 dəfə Prezident və Parlament seçkilərində iştirak etməklə orada yaşayan azərbaycanlılarla tanış olub, onların problemləri ilə maraqlanıb və lazımi köməkliklər göstərib.
Eldar Rza oğlu İbrahimov tutduğu vəzifənin böyük və kiçikliyindən asılı olmayaraq işlədiyi bütün kollektivlərdə özünün işgüzarlığı, tapşırılan işə böyük məsuliyyətlə yanaşması, bütün bilik və təcrübəsini gördüyü işin yüksək səviyyədə icra olunmasına həsr etmək bacarığı ilə seçildiyindən həmişə həmkarları arasında böyük nüfuz və hörmət sahibi olmuşdur. Elə bu səbəbdən də Eldar müəllim Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sonra sədri işləyəndə Ulu öndərin diqqətini cəlb etmişdir. Heydər Əliyev Naxçıvanda işlədiyi müddətdə Muxtar Respublikanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında, Ali Məclisdə qərarların qəbul edilməsində, Azərbaycanda ilk dəfə kənd təsərrüfatında islahatların Naxçıvan Muxtar Respublikasında aparılmasında və digər vacib məsələlərin həll edilməsində ən çox etibar etdiyi və etimad göstərdiyi şəxs məhz Eldar Rza oğlu İbrahimov olmuşdur. Eldar müəllim bu qısa müddət ərzində Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirdiyi heyrətamiz işlərdən, onun Azərbaycan xalqı və dövləti üçün çox cəsarətli addımlar atmasından, Ümummilli liderin həyat və yaradıcılığına həsr olunan televiziya verlişlərində, konfrans və görüşlərdə bu gün də böyük həvəslə danışır, qəzet və jurnallarda əhatəli məqalələrlə çıxış edir. Onu da qeyd etmək lazımdır ki, Eldar İbrahimov Heydər Əliyevin ona verdiyi bütün tapşırıqların, o cümlədən Azərbaycan Respublikasdında xaos və özbaşınalığın hökm sürdüyü və xalq cəbhəsinin yalançı nüfuzunun pik həddə çatdığı vaxtlarda Naxçıvan üçün böyük əhəmiyyət kəsb edən və həm də həyati təhlükə yaradan tapşırıqları da çox yüksək səviyyədə icra etmişdir. Yeni partiya yaratmağın vacib olduğunu Heydər Əliyevə bildirərək, 1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılmasına həsr olunan təsis konfransının Naxçıvan şəhərində keçirilməsinin bütün məsuliyyətini Ulu öndərin tapşırığına uyğun olaraq öz üzərinə götürən və onu uğurla yerinə yetirən də məhz Eldar İbrahimov olmuşdur. Ona görə Eldar müəllim bu gün də Heydər Əliyevin ən sadiq silahdaşlarından biridir və Ulu öndərin Eldar İbrahimova olan xoş münasibəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən davam etdirilir.
Eldar müəllimin Heydər Əliyev ideyalarına daimi və möhkəm sadiqliyinin bariz nümunəsisidir ki, Ulu öndərimiz və möhtərəm Prezidentimiz İlham Əliyev cənabları xarici ölkələrə səfərləri zamanı Eldar İbrahimovun da nümayəndə heyətinin tərkibində olmasına xüsusi diqqət yetiriblər. Eldar müəllim Ümummilli liderlə Çin, Pakistan və digər ölkələrdə səfərdə olub. İlham Əliyev cənabları 2011-ci ildə Serbiyada səfərdə olarkən “Atamın ən yaxın silahdaşlarından biridir” deyərək Eldar İbrahimovu Serbiya Prezidenti Boris Tadiçə təqdim etməsi dediklərimizi bir daha təsdiq edir.
Bununla belə onu da qeyd etmək lazımdır ki, Eldar İbrahimov ölkə rəhbərliyinə olan bu yaxın münasibətindən hüç vaxt sui istifadə etməmişdir. Ona yüksək vəzifə təklif ediləndə təklifə görə təşəkkür edərək Milli Məclisin Aqrar siyasət komitəsinin sədri vəzifəsində işləməklə daha çox faydalı iş görə biləcəyini və başqa vəzifəyə keçmək arzusunda olmadığını bildirib. Bu da onu göstərir ki, Eldar müəllim vəzifəpərəst adam deyil , tapşırılan işi böyük vəzifə tutmaq naminə yox, öz vicdanının səsinə, səmimiliyinə və təbiətən işgüzarlığna görə yüksək səviyyədə yerinə yetirən bir şəxsdir.
Eldar İbrahimovun heç vaxt əldə etdiyi nailiyyətlə kifayətlənmir, yeni uğurlar qazanmaq üçün daim çalışır. Onun təhsilini daim artırmağa can atması və elmə olan marağı da elə yuxarıda qeyd etdiyimiz xüsusiyyətlərə malik olması, yiyələndiyi peşəni mükəmməl bilməklə dövlətinə və xalqına daha çox xeyir verməyə çalışmasıdır. O, bu məqsədlə Azərbaycan Kənd Təsərrüfatı İnstitunun “indiki Azərbaycan Dövlət Aqrar Universiteti) bitirərək mühəndis-mexanik ixtisasına yiyələnməklə kifayətlənməyərək Bakı Sosial İdarəetmə və Siyasi Elmlər İnstitutuna (indiki Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) daxil olaraq politoloq ixtisası üzrə ikinci ali təhsil alır. Bu ixtisasa yiyələnməsi onun Milli Məclisin deputatı kimi fəaliyyətində çox əhəmiyyətli rol oynamış, bir çox beynəlxalq təşkilatlarda, xarici ölkələrdə və respublikamızda təşkil olunan konfranslarda, görüşlərdə və qəbullarda üstün mövqe tutmağa kömək etmişdir. Eyni zamanda ölkəmizdə baş verən inkişafı düzgün və hərtərəfli təhlil edərək onu müxtəlif media vasitələri ilə geniş xalq kütləsinə aydın və səlist formada çatdırmaq bacarığı aşılamışdır.
Yuxarıda qeyd etdiyimiz kimi, Eldar müəllim həmişə yüksək nəticələr əldə etmək üçün daim çalışır və hazırda da bu istiqamətdə yorulmaq bilmədən işləyir. Onun bu əməksevərliyi onu daim müşaiyət edir və uğur gətirir. Eldar İbrahimov Aqrar siyasət komitəsinin sədri olduğu müddətdə kənd təsərrüfatı üzrə 45 qanunun qəbul olunmasına, 27 beynəlxalq sazişin və qanunlara 182 dəyişiklik və əlavələrin edilməsinə nail olmuşdur. Buna baxmayaraq o. ölkədə dövlətin qarşısında duran əsas vəzifələrdən birinin - əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin vacibliyini nəzərə alaraq kənd təsərrüfatının elmi əsaslarla inkişafına və bu sahədə möhkəm iqtisadi təməlin yaradılmasına töhfə verməyi özünə borc bilmişdir. Bu məqsədlə o, geniş elmi araşdırmalar, iqtisadi təhlillər, hesablamalar və digər xarakterli tədqiqatlar apararaq əvvəlcə “Bazar münasibətləri şəraitində kənd təsərrüfatında texniki xidmətin təşkilinin təkmilləşdirilməsi” mövzusunda 1997-ci ildə namizədlik dissertasiyası, 2011-ci ildə isə “Aqrar sahibkarlığın inkişafının iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. Hazırda professor elmi adı vardır.
Eldar İbrahimov ona xas olan xüsusiyyətlərinə görə başqa iş yerlərində olduğu kimi Milli Məclisin kollektivində - istər müxtəlif çağırış Milli Məclisin üzvü olan deputatlar, istərsə də Milli Məclisin aparatı və İşlər İdarəsinin kollektivində həmişə böyük hörmət və nüfuza sahib olmaqla bu gün də kollektiv tərəfindən müdrik ağsaqqal kimi qəbul olunur.
Ulu öndər Heydər Əliyev və hörmətli Prezidentimiz İlham Əliyev cənablarının ideyalarına həmişə sadiq olan Eldar Rza oğlu İbrahimov əməksevər, yüksək insani keyfiyyətlərə malik, tapşırılan işə böyük diqqət və məsuliyyətlə yanaşan, dövlətinə və xalqına daim sədaqətlə xidmət edən, həmkarları və əməkdaşları ilə səmimi ünsiyyət saxlayan böyük dövlət və ictimai xadimdir. Eldar müəllim istər Azərbaycan vətəndaşlarının və istərsə də ünsiyyətdə olduğu xarici vətəndaşların xatirində xoş təəsüratlar yaradan bir şəxsdir. Buna görə də Eldar İbrahimov ölkəmizdə və bir çox beynəlxalq təşkilatların üzvləri və Azərbaycan cəmiyyətinin bütün təbəqələri tərəfindən görkəmli dövlət və ictimai xadim kimi səmimiyyətlə qəbul edilən şəxsiyyətdir. Eldar müəllim 2020-ci ildən Azərbaycan Ağsaqqallar Şurasının sədrinin müavini kimi də şuranın işində çox fəal iştirak edir, xüsusilə gənc nəslin azərbaycançılıq və vətənpərvərlik ruhunda böyüməsinə dəyərli töhfələr verir.
Eldar Rza oğlu İbrahimov Azərbaycan Respublikasında aqrar sektorun inkişafındakı xüsusi xidmətlərinə görə Şöhrət ordeni, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şərəf” ordeni, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibəti ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə və bir çox medallarla təltif edilmişdir.
Eldar müəllim həm də gözəl ailə başçısı və babadır. Böyük oğlunun çox cavan ikən vəzifə borcunu yerinə yetirərkən şəhid olması onu ruhdan salmamış və ən ümdə vəzifəsi olan övladlarını və nəvələrini dövlətinə, xalqına layiqli vətəndaş kimi böyüdüb tərbiyə etmək üçün çalışmış və bu istəyinə nail olmuşdur. Eldar müəllimin övladları və böyük nəvələri ali təhsil almaqla atalarına və babalarına xas olan əsl insanlıq xüsusiyyətlərini əxz etmiş və Azərbaycan cəmiyyətində özlərinə layiqli yer tutaraq xalqımıza və dövlətimizə sədaqətlə xidmət edirlər.
Eldar Rza oğlu İbrahimov 1945-ci il martın 12-də Naxçıvan Muxtar Respublikasının Babək rayonun Cəhri kəndində adi kəndli ailəsində anadan olmaqla çox şərəfli bir həyat yolu keçmişdir. O, mənim düşüncəmə heç də hamısını yazıya köçürə bilmədiyim əsl insanlıq və dostluq simvoluna malik, amalına sadiq, elini-obasını və vətənini sevən, xalqı və dövləti üçün yorulmaq bilmədən çalışan, ölkəsinə layiqli övladlar və gənclər tərbiyə edən, yüksək intellektə sahib bir şəxsiyyət kimi həkk olunmuşdur. Mən, Eldar müəllimi 80 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, bundan sonrakı fəaliyyətində də yeni nailiyyətlər əldə etməyi, Azərbaycan xalqına və dövlətinə ləyaqətli xidmətini uğurla davam etdirməyi arzu edirəm.
Eldar Quliyev
Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor

