Icma.az
close
up
RU
Amerikada siyasi böhranın başlanğıcı: texnoloji oliqarxiya hərəkətə keçib

Amerikada siyasi böhranın başlanğıcı: texnoloji oliqarxiya hərəkətə keçib

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ərəstun Oruclu: “Proses ABŞ-da ənənəvi kapitalla yeni kapitalın konfliktinə banzəyir və Tramp, onun komandası, siyasətçilər bu konfliktdə görünən iştirakçılardır”

Kaliforniyanın Los-Anceles şəhərində kütləvi etiraz aksiyaları günlərdir davam edir. Qeyri-qanuni miqrantların saxlanmasına qarşı keçirilən nümayişlər polislə toqquşmalara və yerli hakimiyyət orqanlarının qarşısını ala bilmədiyi iğtişaşlara çevrilib. Belə bir şəraitdə ABŞ Prezidenti Donald Tramp Milli Qvardiya qoşunlarının şəhərə yeridildiyini elan edərək, baş verənləri qanuna və suverenliyə zidd iğtişaş adlandırıb. Kaliforniya qubernatoru, demokrat Qavin Neusom federal hakimiyyətin hərəkətlərini “təxribat” adlandırıb və yalnız böhranı daha da ağırlaşdıran dövlət başçısını məhkəməyə vermək niyyətində olduğunu bəyan edib.

Kaliforniya ştatında kütləvi etirazlara səbəb immiqrasiya siyasətinin sərtləşdirilməsi olub. İyunun 6-da ABŞ-ın Federal İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) Los-Ancelesdə qeyri-qanuni mühacirlərin genişmiqyaslı saxlanmasına başlayıb. ABŞ Daxili Təhlükəsizlik Departamentinin məlumatına görə, saxlanılanlar arasında cinayətkar dəstələrin üzvləri, həmçinin əvvəllər zorlama, quldurluq və narkotik alverinə görə məhkum olunmuş şəxslər də var. Buna cavab dərhal dinc xarakterini itirən kütləvi etirazlar olub. İştirakçılar polislə toqquşub, çoxsaylı vandalizm və talan aktları qeydə alınıb. Etirazçılar avtomobilləri yandırıb, polisə fişəng və daş atıb, yolları bağlayıb.

Ağ Ev administrasiyası rəhbərinin müavini və immiqrasiya siyasətinin baş ideoloqu Stiven Miller deyib ki, etirazları milli təhlükəsizliyə təhdid hesab edir: “Bu, Birləşmiş Ştatların qanunlarına və suverenliyinə qarşı üsyandır”. Bundan əlavə, Miller hətta Kaliforniya hakimiyyətini sərt tədbirlər görməkdən imtina edərək qanunu pozanların tərəfində olmaqda ittiham edib.

Prezident Donald Tramp da vurğulayıb ki, əsas təhlükə miqrantların özləri deyil, iğtişaşları təşkil edən radikal sol qruplardır: “Təhrikçilər tərəfindən təşkil edilən və tez-tez fitnəkarlar tərəfindən həyata keçirilən bu cür solçu radikal etirazlara icazə verilməyəcək”. Tramp mövcud problemi ilk növbədə yerli rəhbərliyi - Kaliforniya qubernatorunu günahlandırıb: “Əgər Kaliforniya qubernatoru, və Los-Anceles bələdiyyə başçısı öz işlərini görə bilmirlərsə və hamı bilir ki, bu, tam olaraq belədir, o zaman federal hökumət işə qarışıb problemini həll edilməli olduğu kimi həll edəcək!”.

"Bir vaxtlar Amerikanın böyük şəhəri Los-Anceles qeyri-qanuni immiqrantlar və cinayətkarlar tərəfindən zəbt edilib. Mən göstəriş verirəm, Los-Ancelesi miqrant işğalından azad etmək və bu miqrant iğtişaşlarını dayandırmaq üçün bütün lazımi tədbirləri görsün", - Tramp bildirib.

Milli Qvardiya şəhərə yerləşdirildikdən sonra iğtişaşlar daha da genişlənib. “Sky News”un məlumatına görə, bundan sonra Los-Anceles "xaos və qanunsuzluq" məkanına dönüb və dinc etirazlar "çirkin iğtişaşlara" çevrilib.

Baş verənlərlə bağlı AYNA.AZ-ın suallarını cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Amerikada yaşayan azərbaycanlı politoloq Ərəstun Oruclu deyib ki, Kaliforniyada baş verənlərin səbəbi odur ki, Trampın deportasiya siyasəti çox eybəcər formada həyata keçirilir:

- Faktiki olaraq, insanları maskalı adamlar heç bir xəbərdarlıq etmədən, hətta bəzən özünü təqdim etmədən saxlayırlar və hara gəldi aparırlar – müxtəlif ölkələrə, o cümlədən, El-Salvadorda qatı cinayətkarların, terrorçuların, narkomanların saxlanılması üçün nəzərdə tutulmuş həbsxanaya. Bu, dünyanın ən böyük və ən amansız qaydaları olan həbsxanasıdır. Təbii ki, buna insanlar etiraz edirlər, xüsusilə də cənub ştatlarda. Məsələ burasındadır ki, ABŞ-ın cənub ştatları əvvəllər Meksikanın tərkibində olub. Kaliforniya da, Texas da, Florida da tarixən Meksikaya aid olub və oranın əhalisinin böyük hissəsi Meksika əsillidir. Bu ştatlara gələn mühacirlərin bir hissəsi də artıq illərdir ABŞ vətəndaşı olan insanların qohumlarıdır. Belə şəraitdə əlbəttə, Trampın eybəcər formada həyata keçirdiyi deportasiya siyasətinə etirazlar olmalı idi və başladı. O başqa məsələdir ki, etirazlar təbii yolla baş verdi, yoxsa hökumət davranışları ilə insanları buna sövq etdi? Burada amerikalı, britaniyalı ekspertlərin, tanınmış siyasətçilərin, hətta hakim Respublikaçılar Partiyasının üzvü olmuş keçmiş konqresmenlərin çox maraqlı mövqeləri var. Məlumdur ki, Kaliforniya ABŞ-ın ən böyük ştatıdır. Dünya iqtisadiyyatında öz iqtisadiyyatının həcminə görə Kaliforniya altıncı yeri tutur. Bu, ciddi göstəricidir. Və ənənəvi olaraq, Kaliforniya hər zaman demokrat ştat olub. Hətta son prezident seçkilərində demokratların düşərgəsindən bir çoxları bildirirdilər ki, məhz indiki qubernator Qevin Neusomun namizədliyini irəli sürmək lazımdır. Çünki kifayət qədər populyar şəxsdir və Kaliforniyada qubernator seçilmiş şəxsin prezident seçkilərində şansları kifayət qədər yüksəkdir. Ekspertlərin bir hissəsi hesab edir ki, Tramp Neusomu gələcək seçkilərdə sıradan çıxarmaq üçün belə təxribatçı addım atdı. Digər kəsimin versiyası ondan ibarətdir ki, əslində bunu edən Tramp deyil, Trampın komandasında arxasında böyük şirkətlərin sahiblərinin, milyarderlərin durduğu şəxslərdir. Məqsəd də ABŞ-da real iqtisadi hakimiyyətin həmin böyük texnoloji şirkətlərin əlinə keçməsi üçün qurulan plandır. Əlbəttə, bu iddialar bir qədər konspiroloji görünə bilər, amma hər halda bu variantların hər birinin öz izahı var.

Trampın immiqrasiya ilə bağlı siyasətinə gəlincə, bu siyasət əslində həmişə olub. Demokratlar da eyni addımları atırdılar. Məsələn, Barak Obama ABŞ Prezidenti olarkən Trampdan daha çox insan deportasiya edib. Amma bunu elə şəkildə edib ki, etirazlara səbəb olmayıb. Tramp deportasiyanı respublikaçıların daha çox olduğu ştatlarda, məsələn, Arizonada, Yeni Meksikada, Texasda etsəydi, bəlkə də bu effekt olmazdı. Amma məhz demokrat ştatda bu addımları atmaq qıcıq yaratdı. Hər halda, hazırda prosesin arxasındakı əsl səbəb görünmür.

- İddialara görə, baş verənlər Trampla milyarder İlon Mask arasındakı qarşıdurma ilə əlaqədardır. Bu ehtimal nə qədər güclüdür?

- Bunun Tramp-Mask qarşıdurması ilə əlaqəsinin olub-olmadığını söyləmək çətindir. Əlbəttə, bəzi iddialara görə bütün bu təxribatların arxasında dediyim kimi, ABŞ-ı dövlət olaraq ələ keçirmək istəyən texnoloji oliqarxların əli var. Bu versiyanın nə qədər doğru olduğunu demək mümkünsüzdür. Burada ola bilsin ki, hansısa dövlət orqanı rol oynayıb. Həmin orqanlara oliqarxların təsirlərinin olub-olmamasını söyləmək çətindir. Bütün hallarda, heç bir variant istisna olunmur. Vəziyyət hələ kifayət qədər mürəkkəbdir və proses təkcə Kaliforniya ilə məhdudlaşmır, iğtişaşlar başqa ştatlara da keçib. Tramp artıq Prezident səlahiyyətini aşaraq qanuna zidd addım atıb. Məsələn, Prezidentin Milli Qvardiyanın Los-Ancelesə yeridilməsi əmrini vermək səlahiyyəti yoxdur. Qanuna görə, buna mütləq qubernator icazə verməlidir. İkincisi, şəhərə 700-ə yaxın dəniz piyadası göndərib ki, bu, ümumiyyətlə, ABŞ Konstitusiyası ilə qadağandır. Çünki Milli Qvardiyadan fərqli olaraq, Dəniz Piyadaları Pentaqonun qurumudur və Pentaqon daxili siyasi məsələlərə cəlb edilə bilməz. Amma məsələ göründüyü qədər sadə deyil. Bu etiraz dalğasının hazırkı vəziyyətə gətirilməsi, təhrik olunmasında üçüncü tərəfin təşəbbüsünün olub-olmadığını demək hələlik çətindir.

- Üçüncü qüvvə demiş, baş verənlərin arxasında Rusiya izi axtaranlar da var. Burada Rusiyanın rolunun olması mümkündürmü?

- Rusiya izi məsələsinə spektik yanaşıram. Əlbəttə, Rusiyanın proseslərdə müəyyən iştirakı ola bilər. Lakin hər bir halda Rusiya bu prosesləri Amerika daxilindəki hansısa siyasi qrupun, oliqarxiyanın vasitəsi ilə edə bilər. Yəni Rusiyanın birbaşa Amerika daxilində belə geniş prosesə başlaması inandırıcı deyil. Birincisi, bunun üçün Rusiyanın resursları yetərli deyil. İkincisi, Trampın Rusiyaya loyal münasibətinə baxmayaraq, ABŞ-ın istər təhlükəsizlik, istərsə də hüquq-mühafizə orqanları olsun, onlar Rusiyanın əsas rəqib olduğunu bilirlər. Ona görə də Moskvanın addımlarını zərərsizləşdirmək istiqamətində ayıq xidmət göstərirlər. Bu mənada, Rusiya ABŞ daxilində belə bir prosesi başlada bilməz. Təbii ki, müəyyən məsələlərə Rusiya kimlərinsə vasitəsilə təsir göstərə bilər ki, bu da  həlledici deyil.

- Los-Ancelesdəki etirazların sonu nə olacaq və bu, ABŞ-da hansı prosesin başlanğıcı sayıla bilər?

- Əslində yaranan vəziyyət ABŞ daxilində siyasi böhrandır. Bu böhranın dərinləşəcəyi də istisna edilmir. Çünki Trampın addımları göstərir ki, onun geri çəkilmək fikri yoxdur. Etirazçılar da geri çəkilmək niyyətində görünmürlər. Nəzərə almaq lazımdır ki, Amerika cəmiyyəti kifayət qədər aktiv cəmiyyətdir. Cəmiyyət özünə qarşı zorakılığı qəbul etmir, zorakılığa müqavimət potensialı yetərincədir. Ona görə də demək olar ki, bu, böhranın başlanğıcıdır. Demək olmaz ki, proses indiki kimi irəliləyəcək. Proses mərhələ-mərhələ, bu fazadan digərinə keçməklə, fasilələrlə davam edəcək. Bu, ciddi siyasi böhrandır. Bu gün ABŞ-da elə hadisələr baş verir ki, belə hadisələr son 50-60 ildə olmayıb. Siyasi böhran demokratlarla respublikaçılar, Trampla onun rəqibləri arasında deyil. Baş verənlər Trampın öz komandası daxilində də ciddi ziddiyyətlər yaradıb. Məsələn, Trampdan ayrılan, ona qarşı çıxan, təhdid edən İlon Mask bu gün israrla təklif edir ki, Tramp impiçment edilməlidir və vitse-prezident J.D.Vens Prezident səlahiyyətlərini götürməlidir. Bu fikirdə olan daha kimlər var, demək çətindir. Amma belə bir ideyanın arxasında dayanan təkcə Mask deyil. Nəzərə almaq lazımdır ki, texnoloji oliqarxların əlində yetərincə resurslar var. İstər ictimai rəyə təsir baxımından, istərsə də proseslərə maliyyə dəstəyi baxımından olsun, oliqarxların resursları kifayət qədərdir. Proses ABŞ-da ənənəvi kapitalla yeni kapitalın konfliktinə banzəyir və Tramp, onun komandası, siyasətçilər bu konfliktdə görünən iştirakçılardır. Görünməyən iştirakçılar arasından görünən hələlik Maskdır. Bir çox ekspertlər də iddia edirlər ki, Mask tək deyil, hələlik görünən aysberqin bir hissəsidir. Demək ki, böhran hələ indi başlayır. Bunun davamı da əlbəttə, olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://ayna.az
archiveBu xəbər 12 İyun 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see259

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see244

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see241

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see216

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see209

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see205

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see200

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see191

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see187

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see143

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see133

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see130

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri