Icma.az
close
up
RU
Amerikalıya tar, yapona saz çalmağı öyrədirik...

Amerikalıya tar, yapona saz çalmağı öyrədirik...

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə 14-15 may tarixlərində Şuşada keçirilən “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalının Çıdır düzündəki açılış konserti uzun illər unutmayacağım dərin təəssüratlar yaratdı.

Yəqin tədbir boyu təqdim edilən möhtəşəm musiqilərin, mahir ifaçıların şaqraq səslərinin ovsunundan idi, bir anlıq düşündüm: Şuşa öz mistikası, öz aurası ilə bəlkə də dünyada yeganə şəhərdir ki, onun çəkisini, mənəvi miqyasını sözlərdən daha dolğun, daha sərrast şəkildə məhz səslər ifadə edə bilir. Bu izaholunmaz duyğuların ovqatı altında 5 il öncə mayın 12-də azad Şuşada keçirilən “Xarıbülbül” festivalının açılışında cənab Prezidentin dediyi, mənim də tez-tez xatırladığım bir fikir yenidən yadıma düşdü: “Dünyanın çox gözəl şəhərlərini gəzmişəm, amma Şuşaya bənzər şəhər görməmişəm!”

Bu il bənzərsiz şəhərimizə - mədəniyyət paytaxtımız Şuşaya ABŞ, Yaponiya, Türkiyə, Qazaxıstan, Özbəkistan və Türkmənistandan da incəsənət nümayəndələri, musiqi və rəqs kollektivləri gəlmişdilər. Düşünməyə və qürurlanmağa min bir səbəb vardı açılış konsertində. Yapon Kiyoşi Ohiranın sazda “Ruhani” çalması, aşıq Samirə və aşıq Əli ilə birlikdə oxuması, Qazaxıstanın “Turan” Etno-Folklor qrupunun qədim musiqi alətlərində “Laçın” mahnısını ifa etməsi ecazkar mənzərə yaratmışdı.

Son illər sosial şəbəkələrdə məşhurlaşan, sonralar ölkəmizdə və xarici ölkələrdə keçirilən bir sıra rəsmi tədbirlərin iştirakçısı olan Ağdam rayonu Gülablı kənd Uşaq Musiqi Məktəbinin kollektivinin - səs müəllimi Habil Məmmədovun və tələbələrinin ifasında səslənən, yurd sevgisi, nisgil və əzəmətin ahəngini yaradan məşhur “Qarabağ” mahnısını Cıdır düzündə dinləmək bir başqa aləm idi. Səsin itib-batmadığının, ilahi ədalətə əminliyin təntənəsiydi bu ifa!

***
Violonçel ifaçısı, beynəlxalq müsabiqələr laureatı Camal Əliyevi ilk dəfə Ankarada dinləmişdim. Onu dünyanın 33 məşhur musiqiçisindən biri sayırlar – elə konsertdə də belə təqdim olundu. O, Xalq artisti Fərhad Bədəlbəylinin “Şuşa” əsərini ifa etdi. Kövrək, hüzn və nisgil dolu əsərin ovqatı tamaşaçıları öz tilsiminə salmışdı. Maestronun ifanı bəyəndiyi və ürəkdən alqışladığı da diqqətdən yayınmadı.

Yeri gəlmişkən, dəfələrlə müşahidə etmişəm, Fərhad Bədəlbəyli həmişə musiqiçiləri ürəkdən alqışlayır. Söhbətlərində də musiqiçinin əsas qazancının tamaşaçı, dinləyici alqışı olduğunu söyləyir və bizim tamaşaçılarımızın soyuqluğundan gileylənir.

Maestronun gileyini ilk dəfə eşidəndən sonra bu barədə düşünməyə, çözələyib bunun səbəbini tapmağa çalışmışdım. Bu laqeydliyin kökü haradadır? Niyə biz ifaçıları ürəkdən, coşqu ilə alqışlamağı bacarmırıq? Bu suallar məndə uzun müddət cavabsız qalan bir narahatlığa çevrilmişdi.
***
Xalq artisti, Şuşadan millət vəkili Polad Bülbüloğlunun beynəlxalq festivallarda, xüsusilə də Şuşada keçirilən tədbirlərdə ifalarının dərin mənası, bir başqa anlamı var. Polad müəllim bu torpağın köklü sakini kimi dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqları öz musiqisi ilə salamlayır, onlara “xoş gəldin” deyir.

Bu yerdə bir məqamı qeyd edim: deməli, Şuşada Bülbülün ev muzeyinin həyətində bir ağac var. Uşaq vaxtı Bülbül o ağacın budaqlarına çıxıb oxuyarmış. Belə xatirələr yaddaşlardan heç zaman silinmir. Bu gün Şuşada o köklü nəslin ənənəsini davam etdirən Polad Bülbüloğlunun varlığı bu torpaqların kimə məxsusluğunun möhürüdür, o ağacın dərinliklərə işləyən köklərinin və şaxələnən qanadlarının simvoludur. Mən Polad müəllimə - böyük sənətkarımıza möhkəm cansağlığı arzulayıram. Arzu edirəm ki, bir şuşalı, bir qalalı kimi o bundan sonra da uzun illər belə tədbirlərdə öz şuxluğu, şən ifaları ilə tamaşaçıları heyran qoysun.

***
Xeyli vaxtdır görünməyən Xalq artisti Tünzalə Ağayeva həmişəki kimi bu dəfə də öz fərqli ifa tərzi ilə seçildi, Xalq artisti Yusif Eyvazovun çıxışı məmnunluq və qürur doğurdu, Əməkdar artistlər - Azər Zadə, Elnarə Məmmədova, Elvin Hoca Qəniyev, Təyyar Bayramovun ifaları dinləyənlərin qəlbini oxşadı.

Sevindirici haldır ki, bu gün bizim istedadlı həmvətənlərimiz dünyanın müxtəlif ölkələrinin nüfuzlu musiqi təsisatlarında layiqincə təmsil olunurlar. “Xarıbülbül” Beynəlxalq Musiqi festivalında onları da görmək, dinləmək xoş idi. Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solisti Həmid Abdulov, Düsseldorfda fəaliyyət göstərən “Reyndə Alman Operası” teatrının solisti Mara Hüseynova, eləcə də İsmayıl Zeynalov, Müşfiq Quliyev, Riad Məmmədov öz ifaları ilə festivalın ruhuna yeni çalarlar əlavə etdilər. Türkiyədən Uğur İşılakın ifaları da tədbirə rəng qatdı.

Özbəkistanın “Şodlıq”, Türkmənistanın “Qalkınış” rəqs ansambllarının çıxışları çox yaddaqalan oldu. Özbək rəqqasənin tamaşaçıların alqışları ilə qarşılanan başgicəlləndirici dairəvi rəqsi isə heyrətamiz idi.

Belə rəngarəng, yaddaqalan konsert proqramının ərsəyə gəlməsində əməyi olan hər kəs, şübhəsiz, böyük alqışa və təşəkkürə layiqdir. Azərbaycan Dövlət Rəqs Ansamblının, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xor Kapellasının, Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin təqdimatları, Əməkdar artist Eteri Cəfərovanın Xalq artisti Polad Bülbüloğlunun çıxışına rəng qatan rəqsi də xüsusi qeyd olunmalıdır.

Festivalın ilk günü daha bir tədbirlə yadda qaldı -  Qazaxıstanın “Turan” Etno-Folklor qrupu Xan qızı Natəvanın sarayının qarşısında maraqlı konsert proqramı ilə çıxış etdi.

Təbii ki, tədbirin aparıcılarını da unutmaq olmaz. Konsertin aparıcıları - Leyla Quliyeva və Tural Əsədovun xüsusi şövqlə, ecazkar və təsirli intonasiya ilə çıxışçıları təqdim etmələri çox diqqətçəkən idi.

Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim-tələbə heyətinin “Xarıbülbül” Musiqi Festivalında ayrıca konsert proqramı ilə çıxış etməsi isə xüsusi məna daşıyırdı.

Hələ konsert başlamazdan öncə çoxdan tanıdığım amerikalı musiqiçi Cefri Verbokla səmimi görüşümüz oldu (yeri gəlmişkən, festivalın ilk günü Cefri Şuşa rayonunda xüsusi nümayəndəliyin binasinda “Şuşa, sevgilim” adlı sənədli filmini təqdim etdi). Yapon ifaçı konsertdə saz çalanda gözüm yenə Cefrini axtardı.

Bizim amerikalıya tar, yapona saz çalmağı öyrədəcək gücdə möhtəşəm mədəniyyətimiz var.

***
Festivalın ikinci günü də rəngarəng proqramlarla yadda qaldı. Mayın 15-də Xan qızı Natəvanın sarayının qarşısında keçirilən “Romans və mahnı səhəri” adlı ilk konsertdə gənc musiqiçilərin ifasında görkəmli Azərbaycan bəstəkarlarının - Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Cahangir Cahangirov, Tofiq Quliyev, Oqtay Kazımi, Süleyman Ələsgərov və Vasif Adıgözəlovun əsərlərindən nümunələr səsləndirildi.

Günün ikinci yarısında isə Azərbaycan, Özbəkistan və Türkmənistan Rəqs ansambllarının iştirakı ilə “Cıdır düzündə rəqs” və Xalq artisti Səkinə İsmayılovanın öz tələbələri ilə birlikdə təqdim etdiyi konsert proqramları nümayiş olundu.

***
Təqdimatdan çox şey asılıdır. Planlaşdırılan hər işin ilk uğuru onun təqdimatından başlayır. Bu mənada ilk təqdimat kimi festivalın məlumat kitabçası da olduqca diqqətçəkən idi. Kitabçada 125 il öncə - hələ 1901-ci ildə Şuşa şəhərində böyük yazıçı-dramaturq, teatr xadimi Əbdürrəhim bəy Haqverdiyevin təşkilatçılığı ilə ilk dəfə “Şərq konserti”nin keçirildiyi vurğulanır, görkəmli mütəfəkkir, pedaqoq, dövrünün tanınmış jurnalisti Əhməd bəy Ağayevin o vaxt “Kaspi” qəzetində yazdığı, “Şərq konserti”ni təqdir edən məqaləsindən sitat gətirilir, eyni zamanda bu ilin Azərbaycanın bir sıra tanınmış sənətkarlarının - Aşıq Dirili Qurbanın, Aşıq Ələsgərin, Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin, Şəmsi Bədəlbəylinin, Cahangir Cahangirovun yubileylərinə təsadüf etdiyi göstərilirdi. “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalının təşkilatçılarının incə zövqə malik olduqlarını göstərən bu nüans tədbirin hər addımında hiss olunurdu.

Bu məqamlar Şuşaya gəlmiş xarici qonaqların ölkəmizdən gözəl təəssüratlarla və zəngin xatirələrlə qayıdacaqlarına möhkəm əminlik yaradırdı. Əminik yaradırdı ki, indiki informasiya bolluğunda Şuşanın sehri, Cıdır düzünün sirli cazibəsi, musiqimizin şahanəliyi bundan sonra onların yaddaşında uzun illər dipdiri qalacaq və Şuşanın əbədiliyinə bir daha şahidlik edəcək.

Rəşad Məcid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 May 2026 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri