Analitik qeyd edir ki, Bakıda keçirilən COP29 la bağlı aparılan tənqidlər, kampaniyalar və bəyanatlar bu gün real nəticələrin fonunda tamamilə iflasa uğrayıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Buxarest, 14 noyabr, AZƏRTAC
Rumıniyalı siyasi analitik Vlad Barza Braziliyada keçirilən COP30-un iqlim gündəmini təhlil edərək bildirir ki, dünya ictimaiyyəti bu konfransdan böyük gözləntilərə malik olsa da, hazırkı hazırlıq prosesi ciddi suallar yaradır. Onun sözlərinə görə, Belendə keçiriləcək tədbir nə siyasi dinamizm, nə də liderlərin iştirak səviyyəsi baxımından əvvəlki zirvələrin səviyyəsinə yaxın deyil. Bu isə iqlim məqsədlərinin reallığı, qlobal məsuliyyət və ölkələrin ambisiyaları barədə narahatlıq yaradır.
Vlad Barza xatırladır ki, vaxtilə COP29-un Bakıda keçirilməsi qərarı elan olunanda bəzi dairələr Azərbaycanın rolunu kiçiltməyə, tədbiri “keçici və texniki” səviyyəyə endirməyə çalışırdılar. Hətta konfransa qədər və tədbir müddətində Azərbaycana qarşı məqsədli qarayaxma kampaniyaları aparılır, COP29-un əsas qərarlarının məhz Belen konfransında veriləcəyi iddia edilirdi. Lakin faktlar tam əksini göstərdi. Məhz Bakı konfransı zamanı Zərər və İtki Fondunun əməli fəaliyyətə başlaması, yeni maliyyə mexanizmlərinin formalaşdırılması, inkişaf etməkdə olan ölkələr üçün iqlim dəstəyi alətlərinin genişləndirilməsi kimi həlledici qərarlar qəbul edildi. Təmsilçiliyin genişliyi, qlobal iştirakçılıq və yekun sənədlərin əhatəliliyi COP29-u iqlim diplomatiyasının son illərdəki ən əhəmiyyətli toplantılarından birinə çevirdi.
Vlad Barza vurğulayır ki, COP30-da mənzərə tam fərqlidir. Dünya liderlərinin iştirakı minimaldır, gündəmdə konkret siyasi razılaşmalar yoxdur, konfransdan əvvəl adətən keçirilən yüksəksəviyyəli müzakirələr belə baş tutmayıb.
Analitik müqayisəni davam etdirərək qeyd edir ki, COP29-la bağlı aparılan tənqidlər, kampaniyalar və bəyanatlar bu gün real nəticələrin fonunda tamamilə iflasa uğrayıb.
O, həmçinin qeyd edir ki, Azərbaycanın COP29-dakı fəaliyyəti yalnız texniki təşkilatçılıq deyil, həm də regional liderlik, çoxtərəfli diplomatiya və qlobal iqlim siyasətində yeni nüfuz xəttinin başlanğıcı kimi dəyərləndirilir. Bakı həm inkişaf etmiş, həm inkişaf etməkdə olan ölkələr arasında balans yarada bildi, həm də real iqlim öhdəliklərinin formalaşmasına nail oldu.
Nəticə olaraq, analitik hesab edir ki, COP29-un uğurları qlobal iqlim prosesində Azərbaycanın rolunu gücləndirib, COP30 isə bu dinamikanı davam etdirmək əvəzinə hələlik qeyri-müəyyənliklə yadda qalır. Bu mənzərə Bakının əhəmiyyətini daha da qabardır və iqlim diplomatiyasında Azərbaycana qarşı propaqanda aparanların arqumentlərini tamamilə təkzib edir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Baxış sayı:67
Bu xəbər 14 Noyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















