Icma.az
close
up
RU
Anar: Üzərində 27 il işlədiyim əsəri axır ki tamamladım MÜSAHİBƏ

Anar: Üzərində 27 il işlədiyim əsəri axır ki tamamladım MÜSAHİBƏ

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Səbirsizliklə fotomüxbirin gəlişini gözləyirəm. Parkda gəzə-gəzə gəlib Azərbaycan Yazıçılar Birliyinin qarşısında dayanıram və bir anlıq fikir məni çox uzaqlara aparır. Elə bil bu binanın divarları illərin səsini içində gizlədib. Buradan keçmiş yazıçıların addım izləri, düşüncələri, söhbətləri, hətta nəfəs kimi ötüb-keçən ilham anları gözümün önündə canlanır. İçimdə qəribə bir sual doğur: Görəsən, buraya qədəm qoyan hər qələm sahibi öz səsini zamanın yaddaşına yazmağa müvəffəq olubmu? Özümü həm keçmişin, həm də yazılmamış gələcəyin astanasında hiss edirəm. Məni fikirdən fotomüxbir İlqarın səsi ayırır. Birlikdə birliyin sədri Xalq yazıçısı Anarla görüşə yollanırıq.

Binanın qapısının ağırlığı da, onun açılıb-bağlanması da mənə bir daha ədəbiyyatın çəkisini, sözün məsuliyyətini xatırladır.

Anar müəllim bizi gözləyir. Qapını yavaşca açırıq.

- Gəlin, - deyir. Səsi sakit, amma qətiyyətlidir.

Otağa daxil olanda masanın üstündə açıq qalmış kitab, kənarda yarımçıq qeydlər gözümə dəyir. Nəyisə xatırlayır və tez bir cəldliklə yerindən qalxıb qarşıdakı rəfdən üzərinə özünün adı yazılmış qalın kitabı götürür, tən ortasındakı səhifəyə baxır, kiçik bir vərəq parçasına qeydlər edir, katibəni çağırıb verir ki, onu kiməsə çatdırsın...

525.az Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarın AZƏRTAC-a müsahibəsini təqdim edir.

- Anar müəllim, 2025-ci ilin sonuna yaxınlaşırıq, bu il sizin yaradıcılığınız üçün hansı əlamətdar hadisələrlə yadda qalacaq?

- Qəribə işdir, demək olar ki, 27 ildir bir roman üzərində işləyirəm. Desəm ki, hər gün işləyirəm, yalan olar. Yəni, hər gün yazmıram - bəzən yay aylarında işləyirəm, sonra əsərin üzərində yaradıcılıq prosesi müəyyən müddət dayanır, bir ildən sonra yenidən ona qayıdıram. Bir sözlə, roman çox uzandı. Romanın adı “Olan oldu, keçən keçdi”dir. Bu əsər bir növ ailə romanıdır. Bizim ailəmizin tarixidir. Eyni zamanda, üç əsri əhatə edir. XIX əsrin sonundan başlayaraq XX və yaşadığımız XXI əsri. Bir ailənin timsalında həmin dövrün ictimai-siyasi hadisələri, insan münasibətləri, dostluqlar, düşmənliklər, Qarabağ məsələsi, ermənilərlə toqquşmalar və bir çox digər məqamlar bədii şəkildə təsvir olunur. Ümid edirəm ki, əsəri ilin sonuna kimi çap etdirəcəyəm, bu da mənim bu il gördüyüm ən böyük işlərdən olacaq.

Bununla yanaşı, son illər bir neçə kitabım nəşr olunub. Buna misal olaraq, “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi”, “Yaşamaq haqqı”, eləcə də xarici ölkələrdə bir sıra kitablarım çap olunub. Qəribəlik odur ki, çoxu oxumur, izləmir, sonra da deyir ki, sən niyə yazmırsan? Deyirəm, necə yazmıram?

Vaxtilə bir pyesim vardı - “Şəhərin yay günləri”. 20 Yanvar faciəsinə ithaf olaraq qələmə aldığım "Şəhərin qış gecələri" pyesinin əsas qəhrəmanları əslində həmin pyesdəki obrazlardır. Mən “Şəhərin yay günləri” pyesindəki qəhrəmanları 1990-cı ilin qanlı qış gecəsinə gətirdim. Yəni, həmin əsərdəki qəhrəmanlar o qanlı gecədə necə hərəkət edib, özlərini necə aparıb. Qanlı Yanvar hadisələrinin 30 illiyinə həsr etdiyim pyesdə forma yeniliyi və janr əlvanlığı ilə yanaşı, ölkəmizdə baş verən ictimai-siyasi proseslərə fəal müdaxilə, insanların cəmiyyətdə qarşılaşdıqları haqsızlıqlar, meydan hərəkatının geniş vüsət alaraq bütün dünyaya səs salması, soyuq qış gecəsində meydana toplaşan əliyalın soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi ürək ağrısı ilə təsvir olunub. Təbii ki, pyesdəki hadisələr 1990-cı ilin yanvarında Bakıda cərəyan edir. Həmin pyes əsasında Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında eyniadlı əsər səhnəyə qoyuldu. Açığı, onun necə qarşılandığını izləyə bilmədim, amma sözümün canı odur ki, izləmədən, oxumadan nəsə fikir yürütmək olmaz.

Eyni zamanda, “Əcəl” povestim “Azərbaycan” jurnalında dərc olundu. İndi də kitab halında çapa hazırlanır. Həmçinin “Söz dünyası” adlı beşcildlik kitabımın dörd cildi işıq üzü görüb. Hazırda beşinci cild çapa hazırlanır. Bu kitaba müxtəlif illərdə yazdığım icmal məqalələr, portret-oçerklər, esselər, xatirələr daxil edilib. “Söz dünyası” beşcildliyinin I, II, III cildləri qədimlərdən bu günə qədər ədəbiyyat tariximizə, klassiklərə və çağdaşlara həsr olunan yazıları əhatə edir. IV və V cildlər isə “Musiqi dünyası”, “Rənglər dünyası”, “Daşlar dünyası”, “Teatr dünyası” və “Kino dünyası” adlı bölmələrdən ibarətdir. Bir sözlə, yaradıcılıq prosesi gedir, işləyirik, yazdıqlarımız var, həm də kifayət qədər.

- Sizin yaradıcılıq mətbəxinizin sirri nədədir? Çoxsaylı oxucu auditoriyasına necə nail olursunuz?

-Hər zaman çalışmışam ki, yazdıqlarım oxunsun. Mənim öz oxucu auditoriyam var və onlardan da narazı deyiləm. Həmişə deyirəm ki, oxucunun keyfiyyəti kəmiyyətindən üstündür. Bəzən deyirlər ki, filankəsin filan qədər oxucusu var. Əslində isə oxucunun sayı yox, onun səviyyəsi ön planda dayanmalıdır. Elə kitablar var ki, oxucular maraq göstərir, alıb oxuyurlar, amma bir ildən sonra unudulur. Elə kitablar da var ki, əsrlər boyu yaşayır. Mən çalışıram elə mövzulara toxunum ki, həm bədii keyfiyyəti yüksək olsun, həm də zamanın sınağından keçə bilsin.

- Əsərlərinizdəki obrazlar real həyatdan götürülüb, yoxsa...

- Yazıçı üçün mənbə həyatdır, gördükləridir. O, öz müşahidələrini qələmə aldığı əsərə gətirir və bu, tamamilə təbiidir. Amma konkret demək olmaz ki, bu Məmməddi, Həsəndi, Fatmadı, Səkinədi, yaxud başqasıdır... Yazıçı həyatda rast gəldiyi müxtəlif insanları müşahidə edir, onlar haqqında təsəvvür toplanır və nəticədə bədii obraz yaranır. Bədii obraz da bədii təxəyyülün nəticəsidir. Söhbət oçerkdən, məqalədən gedirsə, əlbəttə ki, bu, konkret bir adam haqqındadır.. Məsələn, mənim klassiklər haqqında məqalələrim var və onlar konkret adamlardan bəhs edir. Gördüklərin sadəcə material verir, obraz isə sənə məxsus yaradıcılıqdır.

- Əsərlərinizdə keçmiş və indiki zaman çox vaxt üst-üstə düşür. Sizcə, insanın yaddaşını kimliyi, yoxsa yaratdıqları müəyyənləşdirir?

- Bunu dəfələrlə demişəm, bəzən də buna görə mənə irad da tuturlar. Bəzi əsərlərim var ki, sonradan onların davamını yazmışam. Niyə yazmışam? Mən bunu çox aydın izah edirəm. Əsərlərimdə qələmə aldığım qəhrəmanlar mənim üçün canlı insanlardır. Ona görə də mənim üçün maraqlıdır ki, keçən əsrin 60-70-ci illərində yaratdığım qəhrəmanlar XXI əsrdə özlərini necə aparacaqlar. Elə misal üçün keçən əsrin 90-cı illərində olan qəhrəmanlarım. Necə ki, “Şəhərin yay günləri” pyesinin qəhrəmanlarını çox-çox illər sonra 1990-cı ilin Qara Yanvar gecəsinə gətirdim, eyni qayda ilə “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanının qəhrəmanının həyatını sonradan bir hadisə ilə əlaqədar “Təhminənin son sirri” adlı hekayədə davam etdirdim. Romanda bəzi oxucular üçün qaranlıq qalan bir məsələ həmin hekayədə açılır. Elə vaxtı ilə yazdığım “Macal” povestinin qəhrəmanlarını da Xalq Cəbhəsinin hakimiyyəti illərinə gətirərək onların həmin dövrdə yaşam tərzini canlandırmağa çalışmışam. Dediyim odur ki, mənim üçün yaratdığım obrazlar “donmuş” deyil, onlar zaman içində dəyişir, inkişaf edir, hər dövrə uyğun şəkildə öz reaksiyasını verir, yəni, qəhrəmanlarımın taleyini izləmək mənim üçün maraqlıdır.

-Bəzən yazıçı obrazının onunla danışdığını hiss edir. Sizi hansı obraz sürprizlərlə qarşılaşdırıb?

-Əlbəttə! Hər əsərdə belə şeylər yaşanır. Məsələn, Puşkin "Yevgeni Onegin” poemasını bitirəndən sonra bir dostuna məktub yazıb gileylənir ki, görürsən də, Tatyana mənim başıma nə oyun açdı, ərə getdi! Yəni, şair əvvəlcədən süjeti belə düşünmürmüş. Yaradıcılıq prosesində gözlənilməz sürprizlər çox olur. Sənin qəhrəmanların canlı insandırsa, haradasa onlar müəllifin iradəsindən asılı olmayaraq hərəkət edəcəklər. Əsər yekunlaşanda özün də təəccüb edirsən ki, axı mən belə düşünməmişdim. Yazı prosesində qəhrəman artıq müəllifdən asılı olmur, müstəqil davranır. Əlbəttə, bu, yazıçının yaradıcılıq laboratoriyasıdır.

- Yazmaq sizin üçün öyrənməkdir, yoxsa özünü kəşf etmək? Yəni, yazdıqca siz dəyişirsiniz, yoxsa sadəcə dünyanı daha dərindən anlamağa çalışırsınız?

- Şübhəsiz ki, dərk eləmək istəyirəm. Hər əsər yazıçı üçün həyat təcrübəsidir. Yazdıqca müəyyən məsələlər barədə daha dərindən düşünürsən, ağlına yeni fikirlər, yeni ideyalar gəlir, ona görə də yazılan hər əsər yenilik və həyat təcrübəsidir. Yazdıqca həm özündən, həm də obrazlardan yeni nələrsə öyrənirsən, dünyanı daha dərindən dərk etməyə çalışırsan. Hər bir əsər dünyaya gələn övlad kimidir. Dünyaya gələn övlad sonra sənə həyatda nələrisə başa salır və sən ondan nəyisə öyrənirsən.

- Anar müəllim, yunanlar deyirlər ki, “yaşlılar xoşbəxtdir”. Siz necə düşünürsünüz, səhhətiniz necədir?

- Özümü çox yaxşı hiss edirəm. Bir dəfə hava limanında arabaya minmişəm, həmin vəziyyətdə paparatsilər şəklimi çəkiblər və onu haradasa yayaraq vay-şivən salmağa başlayıblar. Mən həmişə arabayla gəzmirəm axı? Sadəcə İstanbul aeroportu böyük olduğuna görə orada belə hərəkət etmək daha rahatdır.

Mənim həm dostlarım var, həm də... düşmən demək istəmirəm, çünki elə adamları heç düşmən də saymıram, sadəcə paxıllıq edənlər olur. Özümü normal hiss edirəm. Yaşın artmağının bircə ağır tərəfi var: Dostların bir-bir dünyadan köçüb gedir, onların sayı azalır, sırası seyrəlir. Mənim yaşıdım olan dostların demək olar ki, böyük əksəriyyəti həyatda yoxdur. Bu,məni çox kədərləndirir. Mən onların da əvəzinə yaşayıram. Düzdür, cavan dostlarım da var, Allah onlara cansağlığı versin. Həyat davam edir və nə qədər Allahın verdiyi ömür payı var, gərək qələm əldən düşməsin, yazaq-yaradaq.

Söhbətimiz yekunlaşır və biz sağollaşıb ayrılırıq. Nədənsə yaddaşımda Anarın Ramiz Həsənoğlunun çəkdiyi "Anarla üz-üzə" filmində verdiyi müsahibədə dediyi bu fikir dolaşır: "Onu deyə bilərəm ki, mən bütün ömrüm boyu bir əsər yazmışam...”. Bəli, bu əsərin adı ANAR-dır.

Abdulla Suvar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Dekabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see188

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see170

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see153

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see150

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see140

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see137

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see135

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see135

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see134

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see132

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see131

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see130

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see129

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see128

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see126

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see124

Rusiya FTX nin Əli Kərimliyə sifarişi: Saleh Rüstəmli vasitəçillik edib

30 Noyabr 2025 14:41see123

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see123

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see122

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri