Icma.az
close
up
RU
Aran günəşi, dağ havası və zəhmət Göygöldə bolluq göyərdir

Aran günəşi, dağ havası və zəhmət Göygöldə bolluq göyərdir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əməkdaşımız ezamiyyətdən qayıdıb

Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahədə keyfiyyətcə yeni inkişaf mərhələsinin əsas istiqamətlərini müəyyənləşdirən mühüm sənəddir. Yeni Dövlət Proqramı kənd təsərrüfatında məhsuldarlığın, gəlirliliyin və rəqabət qabiliyyətinin artırılmasını, emal imkanlarının və ixrac potensialının genişləndirilməsini, su və torpaq ehtiyatlarından daha səmərəli istifadə olunmasını, müasir suvarma texnologiyalarının tətbiq edilməsini, toxumçuluq və damazlıq bazasının gücləndirilməsini, eləcə də yüksək əlavə dəyər yaradan intensiv inkişaf modelinə keçidin sürətləndirilməsini nəzərdə tutur.

Sənəddə aqrar sahədə məhsuldarlığın və əlavə dəyərin yüksəldilməsi, müasir və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi əsas hədəflər kimi müəyyənləşdirilib. Eyni zamanda, proqram çərçivəsində buğda istehsalında məhsuldarlığın artırılması, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, kənd təsərrüfatı texnikası parkının yenilənməsi, lazer hamarlama texnologiyalarının tətbiqinə xüsusi önəm verilməsi, saxlama və logistika infrastrukturunun gücləndirilməsi, intensiv bağçılıq və heyvandarlığın inkişafı üzrə kompleks layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Fermerlər və sahibkarlar üçün nəzərdə tutulan dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi də proqramın əsas istiqamətlərindən biridir. Bura subsidiya və güzəştli maliyyələşdirmə modellərinin genişləndirilməsi, soyuducu anbar və taxıl silolarının yaradılmasına dəstək göstərilməsi, damazlıq və yem bazasının möhkəmləndirilməsi kimi tədbirlər daxildir. Bu yanaşma aqrar istehsalın təkcə həcminin deyil, həm də keyfiyyətinin, dayanıqlılığının və bazar rəqabətliliyinin artırılmasına xidmət edir.

Dövlət dəstəyi fermerlərə güc verir

Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən sistemli və çoxşaxəli dəstək göstərilir. Aqrar sahəyə müxtəlif istiqamətlər üzrə subsidiyaların ayrılması, güzəştli kredit və lizinq mexanizmlərinin tətbiqinin diqqətdə saxlanılması, texniki təminatın yaxşılaşdırılması, suvarma infrastrukturunun yenilənməsi kənd təsərrüfatı məhsullarının istehsal və ixrac imkanlarının genişlənməsinə ciddi təkan verib.

Konkret inkişaf hədəflərini stimullaşdırmağa yönələn subsidiya siyasəti bir tərəfdən istehsal xərclərinin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanmasına imkan yaradıb, digər tərəfdən isə müasir suvarma sistemlərinin tətbiqi hesabına su və torpaq resurslarından səmərəli istifadəyə, xarici bazarlarda rəqabətədavamlı məhsul istehsalının artmasına müsbət təsir göstərib. Nəticədə, aqrar sahədə çalışan insanların gəlirləri yüksəlib, kənd yerlərində məşğulluq genişlənib, əhalinin rifahı nəzərəçarpacaq dərəcədə artıb.

Bu baxımdan Göygöl rayonu dövlətin aqrar siyasətinin real nəticələrinin aydın müşahidə olunduğu bölgələrdən biridir. Son illər burada kənd təsərrüfatı istehsalının həcmi çoxalıb, intensiv və superintensiv bağçılıq sahələrinin yaradılması sürətlənib, müasir suvarma sistemlərinin tətbiqinin, əkin dövriyyəsinin səmərəliliyinin artırılması və fermerlərin dövlət dəstəyi mexanizmlərindən istifadəsinin genişləndirilməsi istiqamətində ardıcıl layihələr həyata keçirilib. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası ilə bu müsbət dinamikanın daha da güclənəcəyinə, kənd təsərrüfatı istehsalının davamlı şəkildə yüksələcəyinə və ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə böyük əminlik yaranıb.

Göygöl Aqrar İnkişaf Mərkəzinin (AİM) direktoru Azər Hacıyev söhbət zamanı bildirdi ki, dövlətin aqrar siyasətinin əsas istiqamətlərindən biri bölgələrdə məşğulluq səviyyəsinin yüksəldilməsi, kənd təsərrüfatı məhsulları istehsalının artırılması və fermer təsərrüfatlarının iqtisadi dayanıqlılığının gücləndirilməsidir. Onun sözlərinə görə, aqrar sahəyə subsidiyalar şəklində göstərilən dövlət dəstəyi bölgələrin sosial-iqtisadi inkişafını sürətləndirir, kənd yerlərində istehsal fəallığını artırır və yeni təsərrüfat istiqamətlərinin formalaşmasına imkan yaradır.

Azər Hacıyev qeyd etdi ki, Göygölün əlverişli aqroiqlim şəraiti kənd təsərrüfatının müxtəlif istiqamətlərinin, o cümlədən giləmeyvəçiliyin inkişafı üçün geniş imkanlar açır. Onun sözlərinə görə, bu sahəyə subsidiyaların artırılması rayonda moruq, böyürtkən və digər giləmeyvə bitkilərinin becərilməsinə ciddi maraq yaradır.

AİM-nin direktoru vurğuladı ki, aqrar sahəyə dövlət dəstəyi prosesinin tam elektronlaşdırılması, başqa sözlə, subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə verilməsi fermerlərin bu maliyyə imkanlarından istifadəsini xeyli asanlaşdırıb. Payızlıq və yazlıq əkinlərin, eləcə də çoxillik əkmələrin EKTİS-də vaxtında bəyan olunmasının vacibliyini önə çəkən Azər Hacıyev bildirdi ki, bu prosesdə fermerlərə hərtərəfli texniki dəstək göstərilməsi və onların subsidiyalardan yararlanması bu sahədəki mövcud vəziyyəti daha da yaxşılaşdırıb.

Onun sözlərinə görə, fermerlər kənd təsərrüfatı texnikası və müasir suvarma sistemləri alarkən həmin məhsulların gömrük dəyərinin 20 faizi həcmində ilkin ödəniş edirlər, məbləğin 40 faizi dövlət tərəfindən subsidiyalaşdırılır, qalan 40 faizi isə Aqrar Kredit və İnkişaf Agentliyi ilə tərəfdaşlıq edən bank və bank olmayan kredit təşkilatları tərəfindən kreditləşdirilir. Kreditin əsas hissəsi 60 ay ərzində fermerlər tərəfindən ödənilir, faiz yükünü isə dövlət öz üzərinə götürür. Analoji mexanizm müasir suvarma sistemlərinin alınmasına da şamil edilir. Damazlıq heyvan alışı zamanı isə dövlət dəstəyi 60 faizə yüksəlir.

Azər Hacıyev onu da diqqətə çatdırdı ki, rayonda bu dəstək mexanizmlərindən istifadə etməklə texnika və müasir suvarma sistemləri alan, böyük heyvandarlıq təsərrüfatları yaradan fermerlərin sayı artır. O, həmçinin kənd və qəsəbələrdə, eləcə də AİM-in inzibati binasında keçirilən görüşlərdə fermerlərə subsidiyalaşma, güzəştli kreditləşmə və EKTİS-də qeydiyyat prosedurları barədə ətraflı məlumat verildiyini, müvafiq elanların sistem üzərindən yerləşdirildiyini bildirdi.

Torpaq canlı müəssisədir

Göygöl Aqrar İnkişaf Mərkəzinin məlumatına görə, rayonda 13 min hektar əkin təyinatlı torpaq sahəsi mövcuddur. Bunun 9 min hektarı suvarılan, 4 min hektarı isə dəmyə ərazilərdir. Eyni zamanda, 44 min 574 hektar dövlət, 30 min 381 hektar bələdiyyə və 16 min 723 hektar xüsusi mülkiyyətdə torpaq sahəsi var.

Cari təsərrüfat ilinin məhsulu üçün 5 min 303 hektar sahədə taxıl səpini aparılıb. Bunun 3 min 344 hektarı suvarılan, 1959 hektarı isə dəmyə sahələrdir. Əkin sahəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 446 hektar artıb. Ötən il 4 min 857 hektar taxıl sahəsindən 14 min 899 ton məhsul əldə olunub, orta məhsuldarlıq hər hektardan 30,6 sentner təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 4 sentner çoxdur. Son illərin müqayisəli təhlili də rayonda taxılçılıqda məhsuldarlığın artımının davamlı xarakter aldığını və bunun həm aqrotexniki tədbirlərin keyfiyyətinin yüksəlməsi, həm də dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi ilə bağlı olduğunu göstərir.

Rayonun Aşıqlı, Yeni Zod, Toğanalı, Çaykənd, Göyçəkənd, Qarabulaq, Sarısu, Mollacəlilli, Topalhəsənli, Tülallar, Zurnabad, Şəhriyar, Dozular və Pənahlılar inzibati ərazi dairələrini əhatə edən torpaq sahələri, eləcə də Göygöl şəhərinin bir hissəsi dəmyə ərazilərdir. Hacıməlik, Çaylı, Üçtəpə, Qızılqaya, Yeni Qızılca, Quşqara, Qırıqlı, Balçılı, Xaqani, Nadil və Əlimədədli inzibati ərazi dairələrinin torpaqları isə əsasən suvarılan ərazilər hesab olunur.

Göygöldə əkin sahələrinin suvarılması əsasən Gəncəçay, Kürəkçay, Qoşqarçay, Şəmkirçay su anbarı, eləcə də rayonun 20 kəndinin ərazisində mövcud olan subartezian quyuları vasitəsilə həyata keçirilir. Rayonda suvarmada həm ənənəvi, həm də damcı suvarma sistemlərindən istifadə olunur. Müasir suvarma texnologiyalarının genişləndirilməsi isə su itkilərinin azaldılması, məhsuldarlığın yüksəldilməsi və iqlim dəyişikliklərinin təsirlərinə qarşı dayanıqlılığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Üzümçülük və meyvəçilik

Göygöl rayonunun əlverişli təbii-coğrafi şəraiti burada üzümçülüyün inkişafına əlverişli imkan yaradır. Bu təsərrüfat sahəsi həm də sakinlərin il boyu məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Rayon ərazisində 718 hektar suvarılan üzüm bağı mövcuddur. Bunun 706 hektarı “Kaberne-Sovinyon”, “Merlo”, “Şardone”, “Sirah”, “Sovinyon blank”, “Saperavi”, “Mədrəsə”, “Bolqar”, “Bayanşirə” və “Kardinal” kimi texniki sortların, 11,5 hektarı isə “Təbriz” süfrə üzüm sortunun payına düşür. Ötən il üzüm bağlarından 4 min 632 ton məhsul toplanıması da üzümçülüyün rayonda gəlirli və perspektivli sahə olaraq mövqeyini qoruduğunu göstərir.

Göygöldə meyvəçilik də dinamik inkişaf edir. Hazırda rayon ərazisində 799 hektar meyvə bağı var. İntensiv və superintensiv bağçılığa maraq getdikcə artır. Hazırda rayon ərazisində 350 hektar intensiv üsulla becərilən meyvə bağı mövcuddur. Bu bağlarda əsasən xarici ölkələrdən gətirilmiş şaftalının “Bablione”, “Samanta”, “Salami”, “Plane Summer”, “Plane Super”, əriyin “Pricia”, “Santa Rosa” sortları, həmçinin xurmanın “Rojo Brillante” sortu becərilir. Bununla yanaşı, rayonda 59 hektar sahədə müasir üsulla salınmış qoz bağı da mövcuddur. Meyvə bağlarının suvarılmasında əsasən ənənəvi və damcı suvarma sistemlərindən istifadə olunur.

Yüksək məhsuldarlıq əldə etmək məqsədilə suvarılan ərazilərdə kənd təsərrüfatı bitkilərinin əkini zamanı növbəli əkin sisteminin tətbiqinə üstünlük verilir. Bu model torpağın münbitliyinin qorunmasına, xəstəlik və zərərvericilərin yayılma təhlükəsinin azalmasına, məhsuldarlığın yüksəlməsinə şərait yaradır. Rayonda əsasən günəbaxan, qarğıdalı və tərəvəz bitkiləri növbəlilik prinsipi əsasında becərilir.

Bununla yanaşı, rayon ərazisində əkilmiş payızlıq taxıl sahələrində zərərvericilərə, xəstəliklərə və alaq otlarına qarşı mübarizə tədbirlərinin vaxtında və keyfiyyətlə aparılması da diqqət mərkəzində saxlanılır. Bu məqsədlə rayon Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin mütəxəssislərinin iştirakı ilə mütəmadi olaraq əkin sahələrinə baxış keçirilir. Taxıl sahələrində daha çox taxıl böcəyi, gəmiricilər, sarı pas xəstəliyi və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri görülür. Gəmiricilərə qarşı kimyəvi mübarizə isə dövlət vəsaiti hesabına aparılır ki, bu da fermerlərin xərclərinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

Göygöldə aqrar sahənin inkişafı təkcə fərdi fermer təsərrüfatları ilə məhdudlaşmır. Rayonda iri təsərrüfat və emal subyektləri də fəaliyyət göstərir. Bunlar sırasında “Şirinaqro” QSC-nin meyvəçilik, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin bitkiçilik və heyvandarlıq, “Aqri-Azərinvest” MMC-nin üzümçülük, “Göygöl” Şərab Zavodu ASC-nin üzümçülük və şərabçılıq, “Az-Ros Garden” QSC-nin isə meyvəçilik sahəsində fəaliyyəti xüsusi qeyd oluna bilər. Bu müəssisələr rayonda aqrar istehsalın sənaye əsaslı inkişafına, emal imkanlarının genişlənməsinə, məşğulluğun artmasına və məhsulların bazara çıxış imkanlarının güclənməsinə mühüm töhfə verir.

Yüksəlişin astanasında

Fermer Fuad Zalov hesab edir ki, kənd təsərrüfatına marağın daha da artırılması və məhsul istehsalının genişləndirilməsi üçün subsidiya mexanizmləri təkcə əkin sahəsinin həcminə görə deyil, həm də məhsuldarlıq və istehsal göstəricilərinə əsasən təkmilləşdirilməlidir. Onun fikrincə, kiçik torpaq sahələrinə malik fermerlərin də həvəsləndirilməsi vacibdir. Bu baxımdan həyətyanı sahələrdə məhsul becərən ailə təsərrüfatlarına da maddi dəstək göstərilməsi məqsədəuyğun olardı. Bununla yanaşı, fermerlərin əkin işlərinə marağını daha da artırmaq üçün hər hektar əkin sahəsinə görə verilən subsidiyanın məbləğinin çoxaldılması da zəruri addımlardan biridir.

Fuad Zalovun sözlərinə görə, bu gün həm məhsul istehsalının artırılmasına, həm də fermerlərin rifahının yüksəldilməsinə ciddi ehtiyac var. Bunun üçün fermerlərin istehsal etdikləri məhsulun bazarlara çıxarılmasını stimullaşdırmaq məqsədilə satışa yönəldilən məhsulun müəyyən hissəsinə əlavə subsidiyaların tətbiqi nəzərdən keçirilə bilər. Eyni zamanda, müasir dövrdə orqanik məhsul istehsalının genişləndirilməsi də mühüm prioritetlərdəndir. Bu məqsədlə orqanik bağçılığa xüsusi dövlət dəstəyi göstərilməsi, kimyəvi vasitələrdən minimum istifadə edən, ekoloji təmiz məhsul yetişdirən təsərrüfatlar üçün ayrıca subsidiya mexanizminin yaradılması məqsədəuyğun olardı.

Fermerlərin üzləşdiyi əsas problemlərdən biri də məhsul itkisidir. Bu baxımdan iri istehsalçıların məhsullarının saxlanılması, itkilərin minimuma endirilməsi və satış imkanlarının genişləndirilməsi üçün anbarların, soyuducu kameraların və logistika infrastrukturunun yaradılmasına dövlət dəstəyi gücləndirilməlidir. Bununla yanaşı, sıradan çıxmış suvarma sistemlərinin bərpası, meyvə bağlarının genişləndirilməsi üçün tingçilik təsərrüfatlarının yaradılması da birbaşa subsidiya və maliyyə dəstəyi tələb edən istiqamətlərdəndir. Bütün bunlar kənd təsərrüfatında dayanıqlı artımın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Fermer Rəfail Mustafayev isə bildirir ki, iri fermer təsərrüfatlarında texnikadan səmərəli istifadə və gübrənin vaxtında əldə olunması üçün əkin mövsümü başlanmazdan əvvəl ayrılacaq subsidiyanın müəyyən hissəsinin qabaqcadan ödənilməsi vacibdir. Onun fikrincə, identifikasiya edilmiş və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınmış hər baş iri və xırdabuynuzlu heyvana görə subsidiyanın verilməsi də diqqətdə saxlanılmalıdır. Bu, bir tərəfdən fermerlərə əlavə dəstək olar, digər tərəfdən isə heyvandarlıq təsərrüfatlarında yem təminatının yaxşılaşdırılmasına və məhsuldarlığın artmasına müsbət təsir göstərər.

Rəfail Mustafayevin qənaətinə görə, süd istehsalının artırılması məqsədilə fermerlərin emal müəssisələrinə və satış məntəqələrinə təhvil verdikləri hər litr süd üçün əlavə ödəniş mexanizminin tətbiqi də məqsədəuyğundur. Oxşar təşviq mexanizmi qoyunçuluq təsərrüfatlarında da tətbiq oluna bilər. Belə ki, yeni yem tədarükü məntəqələrinin yaradılması, həmin məntəqələrə təhvil verilən hər kiloqram yun üçün subsidiyanın və ya əlavə ödənişin verilməsi bu sahənin inkişafına ciddi təkan verə bilər.

Süni mayalanma fəaliyyətinin genişləndirilməsi, yüksək məhsuldar balaların alınmasının stimullaşdırılması məqsədilə hər sağlam buzova görə verilən subsidiyanın məbləğinin artırılması da vacib məsələlərdəndir. Eyni zamanda, yüksək məhsuldar cins heyvanlara marağın artırılması, onların bəslənmə və saxlanma şəraitinin yaxşılaşdırılması üçün cins heyvanlardan alınan buzovlara görə də dövlət tərəfindən əlavə maddi dəstək göstərilməsi faydalı olardı.

Arıçılıq sahəsinin inkişafı da diqqətdə saxlanılmalıdır. Arı ailələrinin sayının və bal istehsalının artırılması üçün hər arı ailəsinə görə subsidiyanın verilməsi, eləcə də bal istehsalçılarına zəruri avadanlıqların alınması istiqamətində maliyyə dəstəyinin gücləndirilməsi məqsədəuyğundur. Bundan başqa, balıqçılıq və akvakultura sahəsində istehsalın artırılması üçün balıq yetişdirmə təsərrüfatlarının, o cümlədən süni göllərin yaradılması zamanı sənədləşdirmə prosedurlarının sadələşdirilməsi və bu sahəyə investisiya təşviqlərinin artırılması da vacib məsələlərdən biridir.

Beləliklə, bütün bunlar göstərir ki, Göygöl rayonunda kənd təsərrüfatının inkişafı artıq təkcə ənənəvi istehsalın davam etdirilməsi ilə məhdudlaşmır, daha çox məhsuldarlıq, texnoloji yenilənmə, ixracyönümlülük və əlavə dəyər yaradan istehsal modelinə keçid istiqamətində formalaşır. Prezident İlham Əliyevin təsdiq etdiyi 2026–2030-cu illər Dövlət Proqramı da məhz bu keçidin sürətləndirilməsinə xidmət edir.

Proqramın icrası nəticəsində rayonda suvarma infrastrukturunun daha da yaxşılaşdırılması, müasir texnika və texnologiyaların tətbiqinin genişlənməsi, toxumçuluq və damazlıq bazasının gücləndirilməsi, saxlama və emal imkanlarının artırılması, intensiv bağçılıq və heyvandarlığın inkişafı üçün əlavə imkanlar yaranacaq. Bu isə, öz növbəsində, kənd təsərrüfatı istehsalının həcmini və keyfiyyətini artırmaqla yanaşı, fermer gəlirlərinin yüksəlməsinə, kənd yerlərində məşğulluğun genişlənməsinə, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə və qeyri-neft ixracının artmasına xidmət edəcək.

Göygölün timsalında aydın görünür ki, dövlətin aqrar sahəyə göstərdiyi ardıcıl və məqsədyönlü dəstək kənd yerlərinin inkişafında, torpaqdan səmərəli istifadədə, müasir kənd təsərrüfatı modelinin formalaşmasında və regionların iqtisadi potensialının artırılmasında mühüm rol oynayır. Yeni Dövlət Proqramı isə bu inkişafın daha sistemli, daha dayanıqlı və daha yüksək nəticələrə hesablanmış mərhələsinin əsasını qoyur.

Vaqif BAYRAMOV
XQ
Göygöl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyun 2026 02:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri